Məhkəmə qərarları › İş №3(060)-3201/2021

Sumqayıt Şəhər Məhkəməsi Qərar — İş №3(060)-3201/2021

01.10.2021 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Sumqayıt şəhəri İş № 3(060)-3201/2021 01.10.2021 SUMQAYIT ŞƏHƏR MƏHKƏMƏSİ Hakim Hacıyev Pərviz Əhməd oğlunun sədrliyi, Oruczadə Urfan Eynur oğlunun katibliyi, İnzibati xəta haqqında protokolu tərtib etmiş şəxs - Sumqayıt ŞPİ-nin 1-ci PB-nin sahə rəisi, polis kapitanı X4, Zərərçəkmiş şəxs – X1, Barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs - Şəxs oğlunun və onun müdafiəçisi Sumqayıt Regional Vəkil Bürosunun vəkili Vəkil iştirakları ilə, xx.xx.1978-ci ildə Xaçmaz rayonunda anadan olmuş, Azərbaycan Respublikasının vətəndaşı, Sumqayıt şəhəri 17-ci mikrorayon, ev 12, mənzil 8-də qeydiyyatda olan Şəxs oğlunun Azərbaycan Respublikası İXM-nin 227-ci maddəsində nəzərdə tutulmuş inzibati xətanı törətməsinə dair Sumqayıt şəhəri Pİ-nin 1-ci PB -dən daxil olmuş inzibati xəta haqqında materiala açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ : Vətəndaş Şəxs barəsində 01 oktyabr 2021-ci il tarixdə MN seriyalı ******* saylı inzibati xəta haqqında protokol tərtib olunmuşdur, ondan ötrü ki, Şəxs 29.09.2021-ci il tarixdə Sumqayıt şəhəri, 13-cü mikrorayon, 61 saylı binanın 3-cü girişindən X2 məxsus 01 ədəd 50 (əlli) manat dəyərində dəmir çarpayını oğurlamışdır. İnzibati xəta haqqında protokol və ona əlavə edilmiş sənədlər baxılması üçün aidiyyəti üzrə Sumqayıt şəhər Məhkəməsinə göndərilmişdir. İnzibati xəta haqqında protokol tərtib etmiş şəxs X7 məhkəmə iclasında bildirdi ki, Sumqayıt Şəhər Polis İdarəsinin 1-ci PB-nin təhqiqatçısı, polis mayoru X6 tərəfindən qəbul edilmiş 30 sentyabr 2021-ci il tarixli qərarla cinayət işinin başlanması rədd edilmiş və Şəxs oğlunun barəsində inzibati tədbir görülməsindən ötrü qərar 1-ci PB-nə göndərilmişdir. Buna görə də həmin qərar əsasında Şəxs barəsində 01 oktyabr 2021-ci il tarixdə MN seriyalı ******* saylı inzibati xəta haqqında protokol tərtib olunmuşdur. Belə ki, Şəxs oğlu 29.09.2021-ci il tarixdə Sumqayıt şəhəri, 13-cü mikrorayon, 61 saylı binanın 3-cü girişindən X2 məxsus 01 ədəd 50 (əlli) manat dəyərində dəmir çarpayını oğurlamışdır. Odur ki, inzibati xəta törətmiş şəxs barəsində qanunamüvafiq qərar qəbul edilməsini Məhkəmədən xahiş edir. Barəsində inzibati xəta haqqında protokol tərtib edilmiş şəxs Şəxs özünü təqsirli bilərək izahatında göstərdi ki, 29.09.2021-ci il tarixdə Sumqayıt şəhəri, 13-cü mikrorayon, 61 saylı binanın 3-cü girişinə daxil olarkən binanın girişində bir ədəd dəmir çarpayının olduğunu görüb çarpayını oğurlamaq qərarına gəlmiş və çarpayını oğurlayıb binadan çıxaran zaman bir nəfər şəxs onun arxasınca qaçmağa başlamış, həmin vaxt oğurladığı çarpayını yerə atıb qaçsa da çarpayının sahibi onu tutub saxlamış və polis əməkdaşlarına təhvil vermişdir. Əməlindən peşmandır. Hazırda inzibati xəta nəticəsində dəymiş maddi ziyanı ödəmişdir, zərərçəkmiş şəxslə barışmışdır və odur ki, barəsində olan inzibati xətaya dair iş üzrə icraata xitam verilməsini Məhkəmədən xahiş edir. Məhkəmədə zərərçəkmiş şəxs X3 izahatında göstərdi ki, oğurlanan dəmir çarpayının dəyəri 50 manatdır. Hazırda inzibati xəta törətmiş şəxslə barışmışdır. Ona dəymiş maddi ziyan ödənilmişdir. Şəxs şikayətçi deyildir. Odur ki, onun barəsində inzibati xətaya dair iş üzrə icraata xitam verilməsini Məhkəmədən xahiş edir. Məhkəmə iclasında çıxış edən müdafiəçi Vəkil hüquqlarını müdafiə etdiyi Şəxs törətdiyi əməldən səmimi peşman olduğunu, inzibati xəta nəticəsində dəymiş ziyanın tam ödənildiyini nəzərə alaraq onun barəsində inzibati xətaya dair iş üzrə icraata xitam verilməsini Məhkəmədən xahiş edir. İş materiallarına əlavə olunmuş zərərçəkmiş şəxs X1 məhkəmə iclas zalında təqdim etdiyi 01.10.2021-ci il tarixli ərizəsindən görünür ki, ona dəymiş maddi ziyan ödənilmişdir. Şəxs şikayətçi deyildir. Odur ki, Şəxs barəsində iş üzrə icraata xitam verilməsini Məhkəmədən xahiş edir. İnzibati xətaya dair iş materiallarından görünür ki, Şəxs tərəfindən Azərbaycan Respublikası İXM-nin 227-ci maddəsində nəzərdə tutulmuş inzibati xətanın törədilməsi iş materialları və inzibati xəta haqqında protokolu tərtib etmiş şəxsin, barəsində inzibati xətaya dair iş üzrə icraata aparılan şəxsin, zərəçəkmiş şəxsin izahatları ilə tam təsdiq olunur. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 227-ci maddəsinə əsasən xırda talama, yəni oğurlama, mənimsəmə, israfçılıq, qulluq mövqeyindən sui-istifadə və ya dələduzluq yolu ilə özgəsinin əmlakını talamağa görə yüz altmış saatdan iki yüz qırx saatadək ictimai işlər və ya işin hallarına görə, xətanı törədənin şəxsiyyəti nəzərə alınmaqla, bu tədbirlərin tətbiqi kifayət sayılmadıqda isə üç ayadək müddətə inzibati həbs tətbiq edilir. Həmin Məcəllənin 227-ci maddəsi həmin maddədə göstərilən əməllər Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin müvafiq maddələrinə əsasən cinayət məsuliyyətinə səbəb olmadıqda tətbiq edilir. Həmin Məcəllənin 3-cü maddəsinə əsasən, yalnız bu Məcəllə ilə nəzərdə tutulmuş inzibati xətaların törədilməsində təqsirli hesab edilən və inzibati xəta tərkibinin bütün digər əlamətlərini daşıyan əməli (hərəkət və ya hərəkətsizlik) törətmiş şəxs inzibati məsuliyyətə cəlb olunur və tənbeh edilir. Həmin Məcəllənin 39.2-ci maddəsinə əsasən İXM-nin 227-ci maddəsində nəzərdə tutulmuş inzibati xəta haqqında iş üzrə icraat zamanı inzibati xəta törətmiş şəxs vurulmuş ziyanı tamamilə ödədikdə və zərər çəkmiş şəxslə barışdıqda inzibati iş üzrə icraata xitam verilir. Beləliklə, yuxarıda şərh olunanlara əsasən, məhkəmə hesab edir ki, Şəxs oğlunun barəsində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 227-ci maddəsi ilə başlanmış inzibati xəta haqqında iş üzrə icraata İXM-nin 39.2-ci maddəsinə əsasən xitam verilməlidir. Azərbaycan Respublikası İXM-nin 66.2-ci maddəsinə əsasən barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs tərəfindən seçilmiş vəkilin gəlməsi mümkün olmadıqda, hakim, səlahiyyətli orqan (vəzifəli şəxs) həmin şəxsi vəkil ilə təmin edir. Azərbaycan Respublikası İXM-nin 66.3-cü maddəsinə əsasən maddi vəziyyətinə görə öz hesabına vəkil tutmaq imkanı olmadıqda, inzibati qaydada tutulmuş şəxsə hüquqi yardım dövlətin vəsaiti hesabına göstərilir. Belə halda vəkil öz vəzifələrini yerinə yetirməkdən imtina edə bilməz. “Müdafiəçilərə, tərcüməçilərə, mütəxəssislərə və ekspertlərə ödənilməli olan məbləğlərin miqdarı haqqında” Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2001-ci il 1 fevral tarixli 31 nömrəli qərarında dəyişiklik edilməsi barədə 03 may 2018-ci il tarixli, 202 saylı qərarına əsasən Azərbaycan Respublikası CPM-nin 193.2-ci maddəsində nəzərdə tutulmuş hallarda hüquqi yardım göstərilməsinə görə müdafiəçiyə ödənilən haqq hər iş saatı üçün 06 (altı) manat məbləğində müəyyən edilmişdir. Yuxarıdakılara əsasən və Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 53.0.2, 114.1.4, 115, 129-130-cu maddələrini rəhbər tutaraq məhkəmə, qərara aldı: Şəxs barəsində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 227-ci maddəsi ilə başlanmış inzibati xəta haqqında iş üzrə icraata İXM-nin 39.2-ci maddəsinə əsasən xitam verilsin. Şəxs göstərilmiş hüquqi yardıma görə vəkilin əmək haqqının ödənilməsi Azərbaycan Respublikasının dövlət büdcəsinin vəsaiti hesabına həyata keçirilsin. Müdafiəçi Vəkil tərəfindən göstərilmiş 05 saat hüquqi yardıma görə cəmi 30 (otuz) manat məbləğində pul vəsaitinin dövlət büdcəsinin vəsaiti hesabına Sumqayıt şəhər Regional Vəkil Bürosunun "xxxx" ASC-nin Sumqayıt filialında olan hesabına köçürülməsi Azərbaycan Respublikası Vəkilllər Kollegiyasına həvalə edilsin. "xxxx" ASC-nin Sumqayıt filialı, hesab AZ03TURA **********10 00102944 VÖEN ********** Qərarın surəti təqdim olunduğu və ya alındığı gündən 10 gün müddətində Sumqayıt şəhər Məhkəməsin vasitəsi ilə və ya birbaşa Sumqayıt Apelyasiya Məhkəməsinə apelyasiya şikayəti verilə bilər. HAKİM: Pərviz Hacıyev

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar