Məhkəmə qərarları › İş №3(060)-3207/2021

Sumqayıt Şəhər Məhkəməsi Qərar — İş №3(060)-3207/2021

04.10.2021 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Sumqayıt şəhəri İş № 3(060)-3207/2021 04.10.2021 SUMQAYIT ŞƏHƏR MƏHKƏMƏSİ Hakim Xəlilov Rövşən Elbrus qızınun sədrliyi, İslamova Süsənbər Fariz qızının katibliyi, Barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs - Şəxs, Onun müdafiəçisi Sumqayıt Regional Vəkil Bürosunun vəkili X6, Zərərçəkmiş şəxs X3, onun qanuni nümayəndəsi və eyni zamanda zərərçəkmiş şəxs X4 iştirakları ilə, xx.xx.1976-cı ildə Ağsu rayonunda anadan olmuş, Azərbaycan Respublikası vətəndaşı, ünvan 1 ünvanında yaşayan Şəxs Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 157-ci maddəsi ilə inzibati xəta törətməsinə dair inzibati xəta haqqında işə açıq məhkəmə iclasında baxaraq, müəyyən etdi: Şəxs barəsində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 157-ci maddəsi ilə 01.10.2021-ci il tarixdə MN ******* №-li inzibati xəta haqqında protokol tərtib olunmuşdur. Protokolda göstərilmişdir ki, Şəxs 15.08.2021-ci il tarixdə saat 22:30 radələrində Sumqayıt şəhəri, 14-cü məhəllə, ev 6/19 №-li binanın qarşısında X5 və onun 2010-cu il təvəllüdlü qızı X2 döyərək xəsarət yetirmişdir. Barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs özünü qismən təqsirli bilərək bildirdi ki, 15.08.2021-ci il tarixdə təxminən saat 22:30 radələrində Aytəkin adlı qadın onun həyat yoldaşı Vidadinin avtomobilinin şəklini çəkdiyi üçün ona öz iradını bildirmiş, orada həmin qadının hərəkətlərinə mane olmaq üçün onu itələmiş, bu zaman Aytəkinin qızı ona təpik atmış, özü isə Aytəkini vurmuş, qızını vurmamışdır. Onu hər ikisi nalayiq küçə söyüşləri ilə söyərək təhqir etmiş, daha sonra oradan çıxıb getmişdirlər. Bütün bunları nəzərə alaraq barəsində olan inzibati xəta haqqında iş üzrə icraata xitam verilməsini məhkəmədən xahiş etdi. Məhkəmə iclasında zərərçəkmiş şəxs X7 izahat verərək bildirdi ki, hazırda yaşadığı ünvan rəsmi sənədlər ilə X8 məxsusdur, lakin həmin evə görə ona 24.000 manat pul ödəmişdir, Vidadi bununla bağlı olaraq ona heç bir sənəd verməmişdir. O, bu barədə Sumqayıt şəhər Məhkəməsinə müraciət etmiş və bununla bağlı olaraq qətnamə qəbul edilimişdir. Hüquqlarını müdafiə edən vəkili ondan Vidadinin avtomobilinin şəklini çəkməyini istəmiş bu məqsədlə 15.08.2021-ci il tarixdə təxminən saat 22:30 radələrində Sumqayıt şəhəri 14-cü məhəllə 6/19 saylı yaşayış binasının qarşısına getmişdir. Orada Vidadin avtomobilinin şəklini çəkən zaman həyat yoldaşı Gültəkin eyvandan onu söyməyə başlamışdır. Daha sonra binanın həyətinə enmiş, onun üzərinə hücüm çəkərək onu və qızını əl zərbələri ilə döymüşdür. Həmin vaxt yanında olan azyaşlı qızı Fatimə söhbətə müdaxilə etmək istəmiş, Gültəkin təpiklə onu da vurmuşdur. Daha sonra Vidadi də oraya gəlmiş, Vidadi də təpiklə onun ayaq nahiyəsinə vurmuşdur. Aralarındakı münaqişə təxminən 4-5 dəqiqə davam etmiş, hadisə vaxtı binanın həyətində bina sakinləri olmuşdur. Bütün bunları nəzərə alaraq məhkəmədən Şəxs barəsində qanuna müvafiq qərar çıxarılmasını xahiş etdi. Məhkəmə iclasında zərərçəkmiş şəxs X3 valideyni - anası X4 iştirakı ilə izahat verərək bildirdi ki, 15.08.2021-ci il tarixdə təxminən saat 22:30 radələrində anası ilə birlikdə Vidadinin avtomobilinin şəklini çəkən zaman Gültəkin eyvandan anasını söyməyə başlamış, daha sonra binanın həyətinə enmiş, anasının üzərinə hücum çəkərək onu əl zərbələri ilə döymüş, söhbətə müdaxilə etmək istəmiş, Gültəkin təpiklə onu vurmuşdur. İş materiallarından olan 1055 saylı ekspertiza rəyindən müəyyən olunur ki, X1 bədəni üzərində - sol baldırın və sağ saidin sıyrıqları xəsarətləri aşkar edilmişdir. Qeyd olunan xəsarətlər bərk küt əşyanın təsirindən yaranması, müddəti zərərçəkmişin müayinəsindən 1 gün əvvəl olmaqla 15.08.2021-ci il tarixdə əmələ gələ bilməsi və dərəcəsinə görə sağlamlığa zərərvurmayan xəsarətlərə aid olduğu üçün dərəcəsi təyin edilməyən bədən xəsarəti olması müəyyən edilmişdir. İş materiallarından olan 1054 saylı ekspertiza rəyindən müəyyən olunur ki, X4 bədəni üzərində - sol baldırın qançırı xəsarətləri aşkar edilmişdir. Qeyd olunan xəsarətlər bərk küt əşyanın təsirindən yaranması, müddəti zərərçəkmişin müayinəsindən 1 gün əvvəl olmaqla 15.08.2021-ci il tarixdə əmələ gələ bilməsi və dərəcəsinə görə sağlamlığa zərərvurmayan xəsarətlərə aid olduğu üçün dərəcəsi təyin edilməyən bədən xəsarəti olması müəyyən edilmişdir. İş materiallarından olan 25.09.2021-ci il tarixli “cinayət işinin başlanmasının rədd edilməsi barədə” qərardan görünür ki, Şəxs əməlində AR İXM-nin 157-ci maddəsinin tərkib əlamətləri vardır. Məhkəmə zərərçəkmiş şəxslərin, barəsində inzibati xəta haqqında icraat aparılan şəxsin izahatlarını, vəkilin çıxışını dinləyib inzibati xətaya dair materialları araşdıraraq hesab edir ki, Şəxs tərəfindən Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 157-ci maddəsində nəzərdə tutulan inzibati xəta törədilmişdir. Bu, iş materialları ilə tam təsdiq edilir. Ona görə də, Şəxs həmin maddə ilə təqsirli bilinib tənbeh edilməlidir. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 157-ci maddəsinə əsasən döymə və ya sair zorakı hərəkətlərlə qəsdən fiziki ağrı yetirməyə görə - üç yüz manatdan beş yüz manatadək miqdarda cərimə edilir və ya işin hallarına görə, xətanı törədənin şəxsiyyəti nəzərə alınmaqla, iki ayadək müddətə inzibati həbs tətbiq olunur. Həmin Məcəllənin 3-cü maddəsinə əsasən, yalnız bu Məcəllə ilə nəzərdə tutulmuş inzibati xətaların törədilməsində təqsirli hesab edilən və inzibati xəta tərkibinin bütün digər əlamətlərini daşıyan əməli (hərəkət və ya hərəkətsizlik) törətmiş şəxs inzibati məsuliyyətə cəlb olunur və tənbeh edilir. Həmin Məcəllənin 12-ci maddəsinə görə bu Məcəllə ilə qorunan ictimai münasibətlərə qəsd edən, hüquqazidd olan, təqsirli sayılan (qəsdən və ehtiyatsızlıqdan törədilən) və inzibati məsuliyyətə səbəb olan əməl (hərəkət və hərəkətsizlik) inzibati xəta hesab olunur. Bu Məcəllənin Xüsusi hissəsində nəzərdə tutulan əməllərə görə inzibati məsuliyyət o halda yaranır ki, bu əməllər cinayət məsuliyyətinə səbəb olmasın. Həmin Məcəllənin 33.1.4-cü maddəsinə əsasən inzibati xətanın yetkinlik yaşına çatmayanlara qarşı törədilməsi inzibati tənbeh tətbiq edilərkən, məsuliyyəti ağırlaşdıran hal hesab edilir. İnzibati tənbeh tətbiq edərkən məhkəmə xətanın xarakterini, inzibati xətanın yetkinlik yaşına çatmayan şəxsə qarşı törədilməsinin ağırlaşdırıcı hal kimi nəzərə alınmasını, yüngüllədirici halların olmamasını, şəxsiyyətini və təqsirinin dərəcəsini nəzərə alır və hesab edir ki, Şəxs Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 157-ci maddəsinin sanksiyası həddində cərimə növündə inzibati tənbeh tətbiq edilməsi məqsədə uyğundur. “Müdafiəçilərə, tərcüməçilərə, mütəxəssislərə və ekspertlərə ödənilməli olan məbləğlərin miqdarı haqqında” Azərbaycan Respublikası Nazirlər Kabinetinin 01 fevral 2001-ci il tarixli 31 saylı qərarına (03.05.2018-ci il tarixli 202 saylı qərarı ilə edilmiş dəyişikliklərlə) müvafiq olaraq Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin 193.2-ci maddələri ndə nəzərdə tutulmuş hallarda hüquqi yardımın göstərilməsinə görə müdafiəçiyə ödənilən haqq hər iş saatı üçün 6 (altı) manat miqdarında müəyyən edilmişdir. Göstərilən hüquqi yardıma görə cəmi 24 manat pul dövlət büdcəsindən tutularaq Sumqayıt Regional Vəkil Bürosunun hesabına köçürülməlidir. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 114-115, 117, 128-130-cu maddələrini rəhbər tutaraq, məhkəmə qərara aldı: Şəxs Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 157-ci maddəsi ilə nəzərdə tutulmuş inzibati xətanın törədilməsində təqsirli bilinsin və ona 500 (beş yüz) manat cərimə növündə inzibati tənbeh tətbiq edilsin. Qərarın icrası Sumqayıt şəhəri üzrə İcra İdarəsinə həvalə edilsin. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 528.1-ci maddəsi ilə təqsirləndirilən Şəxs Sumqayıt Regional Vəkil Bürosunun vəkili X6 göstərdiyi 04 saat hüquqi yardımın ödənilməsi Azərbaycan Respublikası dövlət büdcəsi vəsaiti hesabına həyata keçirilsin. Göstərilən hüquqi yardıma görə cəmi 24 manat dövlət büdcəsindən tutularaq Sumqayıt Regional Vəkil Bürosunun hesabına köçürülsün. Qərarın surəti təqdim edildiyi və ya alındığı gündən 10 (on) gün müddətində Sumqayıt Şəhər Məhkəməsi vasitəsi ilə Sumqayıt Apellyasiya Məhkəməsinə şikayət və ya protest verilə bilər. HAKİM RÖVŞƏN XƏLİLOV

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar