Məhkəmə qərarları › İş №3(060)-3215/2025

Sumqayıt Şəhər Məhkəməsi Qərar — İş №3(060)-3215/2025

03.12.2025 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Sumqayıt şəhəri İş № 3(060)-3215/2025 03.12.2025 SUMQAYIT ŞƏHƏR MƏHKƏMƏSİ Hakim Əliyev Elşad İbiş oğlunun sədrliyi, Cəfərova Süsənbər Fariz qızının katibliyi, İnzibati xəta haqqında protokol tərtib etmiş şəxs Sumqayıt ŞPİ-nin 3-cü Polis Bölməsinin sahə rəisi X1, Barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs iştirakları ilə, xx.xx.1984-cü ildə Gədəbəy rayonunda anadan olmuş, Azərbaycan Respublikasının vətəndaşı, subay, orta təhsilli, ünvan 1 ünvanında qeydiyyatda olan və Sumqayıt şəhəri, Betonzavod ərazisi, fərdi evdə yaşayan (Ş/V: AA*******) Şəxs barəsində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 227-ci maddəsi ilə tərtib edilmiş inzibati xəta haqqında protokola və ona əlavə edilmiş materiallara açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: Sumqayıt ŞPİ-nin 3-cü Polis Bölməsinin sahə rəisi X2 tərəfindən Şəxs barəsində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 227-ci maddəsi ilə 03 dekabr 2025ci il tarixli, MN seriyalı ******* nömrəli inzibati xəta haqqında protokol tərtib olunaraq baxılması üçün məhkəməyə təqdim edilmişdir. Protokoldan görünür ki, Şəxs xx.xx.2025-ci il tarixdə saat 10:00 radələrində Sumqayıt şəhəri, 3-cü mikrorayonda Zərərçəkmiş şəxs məxsus ABB kartını götürərək kartdan 50 manat civarında alış-veriş edərək oğurluq etmişdir. Bununla da Şəxs tərəfindən Azərbaycan Respublikası İXM-in 227-ci maddəsində nəzərdə tutulmuş inzibati xəta törədilmişdir. Məhkəmə iclasında iştirak edən 3-cü Polis Bölməsinin sahə rəisi X2 bildirmişdir ki, xx.xx.2025-ci il tarixdə ünvan 3 ünvanında yaşayan Zərərçəkmiş şəxs Azərbaycan Respublikası DİN-nin 102 xidmətinə zəng edərək və Sumqayıt ŞPİ-nin 3-cü PB-nə ərizə ilə müraciət edərək xx.xx.2025-ci il tarixdə saat 10 radələrində özünə məxsus “ABB”-yə aid 5522 0993 7295 6482 nömrəli kartından təmassız yolla 350 manat pul çıxartdığını və daha sonra bankomatdan uzaqlaşıb və kartı bankomatda unutduğunu bildirmişdir. Daha sonra həmin gün axşam saatlarında mağazada alış veriş edərkən ödəniş etmək üçün çantasına baxdıqda kartının olmadığını və oğurlandığını aşkar etmiş telefonuna daxil olub “ABB” proqramına baxdıqda kartından həmin gün “Zeytun aptek”, “Oba Sumqayıt-18” və “Oba Sumqayıt-9”-dan ümumilikdə 49 manat 14 qəpik pulun naməlum şəxs tərəfindən çıxarılmasını aşkar etdiyini bildirmişdir. Tərəflərindən aparılmış araşdırma zamanı həmin şəxs Şəxs olduğu müəyyən edilərək PPX-nin əməkdaşları tərəfindən saxlanılaraq bölməyə gətirilmişdir. Qeyd edilən faktla bağlı təhqiqat araşdırması aparılmış və cinayət işinin başlanmasının rədd edilməsi barədə qərar qəbul edilmişdir. Həmin qərar Şəxs barəsində İXM-in 227-ci maddəsi ilə araşdırma aparılması üçün aiddiyəti üzrə göndərilmiş və tərəfindən müvafiq protokol tərtib edilmişdir. Hazırda zərərçəkmiş şəxs şikayətçi deyildir. Qeyd olunanları nəzərə almağı məhkəmədən xahiş etmişdir. Məhkəmə iclasında barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs bildirmişdir ki, xx.xx.2025-ci il tarixdə saat 09:50 radələrində Sumqayıt şəhəri, 3-cü mikrorayonda yerləşən “ABB” bankın bankomatına yaxınlaşmışdır. Gözdən əlil olduğu üçün təqaüd alır və onu çıxartmaq istəyirdi. Bankomata yaxınşalıb öz kartını daxil etmişdir. Bu zaman yerdə “ABB”-yə məxsus “tamkart” olduğunu görmüşdür. Kartı götürüb biraz gözləmiş və daha sonra Sumqayıt şəhəri, 3-cü mikrorayonda yerləşən aptekə daxil olmuş və ordan 1 ədəd ağrıkəsici almış, daha sonra 3-cü mikrorayonda yerləşən “Oba” marketə getmişdir. “Oba” marketdən 4 ədəd “Kent 8” markalı siqarət almışdır. Daha sonra 45-ci məhəllədə yerləşən “Oba” marketə daxil olaraq oradan 9 ədəd “Kent 8” markalı siqarət, 01 ədəd “Go” markalı spirtli içki və 01 ədəd “Snickers” markalı şokalad almışdır. Maddi vəziyyəti zəif olduğu üçün kartı götürüb kartdan pulu oğrulamışdır. Hazırda zərərçəkmiş şəxs ona qarşı şikayətçi deyildir. Qeyd olunanları nəzərə alaraq, barəsində yüngül cəza verilməsini xahiş etmişdir. İş materiallarında olan “cinayət işinin başlanmasının rədd edilməsi barədə” 03 dekabr 2025-ci il tarixli qərardan görünür ki, qərarın təsviri hissəsində göstərilənlərə əsasən toplanmış materiallar üzrə cinayət işinin başlanması rədd edilmiş, fakt üzrə Azərbaycan Respublikası İXM-nin 227-ci maddəsinin (xırda talama) tərkibi olduğundan, inzibati xəta törətmiş naməlum şəxs müəyyən edilib inzibati tənbeh tətbiq edilməsindən ötrü Sumqayıt ŞPİ-nin 3-cü Polis Bölməsinə göndərilmişdir. Məhkəmə proses iştirakçılarını dinləyib, işdə olan materialları tədqiq edərək hesab edir ki, Şəxs Azərbaycan Respublikası İXM-in 227-ci maddəsində nəzərdə tutulmuş inzibati xətanı törətməsi sübuta yetirilir. Qeyd edilən inzibati xətanının törədilməsi barəsində icraat aparılan şəxsin öz etirafı, həmçinin zərərçəkmiş şəxsin və protokol tərtib etmiş şəxsin izahatları, eyni zamanda digər iş materialları ilə tam sübuta yetirilmişdir. Şəxs barəsində başlanmış inzibati xəta haqqında iş üzrə icraata xitam verilməsi üçün və məsuliyyətdən azad edilməsi üçün əsaslar yoxdur. Ona görə də Şəxs Azərbaycan Respublikası İXM-in 227-ci maddəsi ilə təqsirli bilinərək barəsində müvafiq tənbeh tətbiq etmə barədə qərar qəbul edilməlidir. Məhkəmə qeyd edir ki, hazırda zərərçəkmiş şəxslə barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs arasında dəymiş ziyan ödənilsədə barışıq əldə edilməmişdir. Ona görə də bu hal iş üzrə icraata xitam verilməsi üçün əsas ola bilməz. Belə ki, İXM-in 39.2-ci maddəsində həmin Məcəllənin 227-ci maddəsində nəzərdə tutulmuş inzibati xəta haqqında iş üzrə icraat zamanı inzibati xəta törətmiş şəxs vurulmuş ziyanı tamamilə ödədikdə və zərər çəkmiş şəxslə barışdıqda inzibati iş üzrə icraata xitam verilməsi nəzərdə tutulmuşdur. İndiki halda isə barışıq əldə edilməmişdir. Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 3-cü maddəsinə əsasən, yalnız bu Məcəllə ilə nəzərdə tutulmuş inzibati xətanın törədilməsində təqsirli hesab edilən və inzibati xəta tərkibinin bütün digər əlamətlərini daşıyan əməli (hərəkət və ya hərəkətsizliyi) törətmiş şəxs inzibati məsuliyyətə cəlb olunur. Həmin Məcəllənin 76.1-ci maddəsinə əsasən inzibati xətanın olub-olmamasını, inzibati xəta törədən şəxsin təqsirini və işin düzgün həlli üçün əhəmiyyətli olan digər halları müəyyən etmək üçün hakimin, səlahiyyətli orqanın (vəzifəli şəxsin) əsaslana bildiyi hər cür faktik məlumatlar inzibati xətalar haqqında işlər üzrə sübutlar sayılır. Bu məlumatlar maddi sübutlarla, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsin, zərər çəkmiş şəxsin, şahidlərin izahatları ilə, digər sənədlərlə, xüsusi texniki vasitələrin göstəriciləri ilə, ekspertin rəyi ilə, inzibati xəta haqqında protokolla, bu Məcəllə ilə müəyyən edilmiş digər protokollarla müəyyən edilir. Həmin Məcəllənin 84.1-ci maddəsinə əsasən inzibati xətalar haqqında işlərə baxan hakim, səlahiyyətli orqan (vəzifəli şəxs) işin bütün hallarının məcmusunun hərtərəfli, tam və obyektiv surətdə baxılmasına əsaslanan öz daxili inamı ilə sübutları qiymətləndirir. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 227-ci maddəsinə əsasən xırda talama, yəni oğurlama, mənimsəmə, israfçılıq, qulluq mövqeyindən sui-istifadə və ya dələduzluq yolu ilə özgəsinin əmlakını talamağa görə - yüz altmış saatdan iki yüz qırx saatadək ictimai işlər və ya işin hallarına görə, xətanı törədənin şəxsiyyəti nəzərə alınmaqla, bu tədbirlərin tətbiqi kifayət sayılmadıqda isə üç ayadək müddətə inzibati həbs nəzərdə tutulur. Məhkəmə inzibati tənbeh tətbiq edərkən Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin aşağıdakı prinsip və müddəalarını nəzərə alır. Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 9.1-ci maddəsinin tələbinə görə, inzibati xəta törətmiş şəxs haqqında tətbiq edilən tənbeh ədalətli olmalıdır, yəni inzibati xətaların xarakterinə, onun törədilməsi hallarına və inzibati xətanı törətməkdə təqsirli bilinənin şəxsiyyətinə uyğun olmalıdır. Həmin Məcəllənin 22-ci maddəsinə əsasən inzibati tənbeh məsuliyyət tədbiridir və inzibati xəta törədən şəxsi qanunlara əməl edilməsi ruhunda tərbiyələndirmək, habelə həm inzibati xəta törətmiş şəxs, həm də başqa şəxslər tərəfindən yeni inzibati xəta törədilməsinin qarşısını almaq məqsədi daşıyır. Həmin Məcəllənin 31.2-ci maddəsinə əsasən fiziki və ya vəzifəli şəxslər barəsində inzibati tənbeh tətbiq edilərkən, xətanın xarakteri, inzibati xəta törədən şəxsin şəxsiyyətini xarakretizə edən hallar, onun təqsirinin dərəcəsi, əmlak vəziyyəti, habelə məsuliyyəti yüngülləşdirən və ağırlaşdıran hallar nəzərə alınır. Məhkəmə Azərbaycan Respublikası İXM-nin 32-ci maddəsinə əsasən barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs gözdən əlil olması və zərərçəkmiş şəxsin şikayətçi olmaması məsuliyətini yüngülləşdirən hal kimi qitmətləndirir. Azərbaycan Respublikası İXM-nin 33-cü maddəsinə əsasən barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs məsuliyyətini ağırlaşdıran hallar müəyyən edilməmişdir. Beləliklə, məhkəmə barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs şəxsiyyətini və onun təqsirinin dərəcəsini, törədilən inzibati xətanın xarakterini, yüngülləşdirən halın olmasını, eləcə də işin digər hallarını nəzərə alaraq hesab edir ki, onun barəsində Azərbaycan Respublikası İXM-in 227-ci maddəsinin sanksiyasında nəzərdə tutulmuş ictimai işlər növündə inzibati tənbeh tədbirinin tətbiq edilməli, onun üzərinə ictimai işlərin yerinə yetirildiyi yerlərdə elektron nəzarət vasitəsi gəzdirmək və həmin vasitənin işlək vəziyyətdə saxlanılması üçün ona xidmət etmək vəzifələri qoyulmalıdır. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 114.1.2-ci maddəsinə əsasən inzibati xəta haqqında işə baxılarkən inzibati tənbeh vermə haqqında qərar çıxarılır. Yuxarıda göstərilənlərə və Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 40, 43, 48-51, 114 və 128-130-cu maddərini rəhbər tutaraq, məhkəmə QƏRARA ALDİ: Şəxs Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 227-ci maddəsi ilə nəzərdə tutulmuş inzibati xətanın törədilməsində təqsirli barəsində 160 (yüz altmış) saat ictimai işlər növündə inzibati tənbeh tədbiri tətbiq edilsin. Şəxs üzərinə ictimai işlərin yerinə yetirildiyi yerlərdə elektron nəzarət vasitəsi gəzdirmək və həmin vasitənin işlək vəziyyətdə saxlanılması üçün ona xidmət etmək vəzifəsi qoyulsun. Qərarın icrası Sumqayıt şəhər Probasiya İdarəsinə həvalə edilsin. Qərarın surəti təqdim edildiyi və ya alındığı gündən 10 (on) gün müddətində Sumqayıt şəhər Məhkəməsi vasitəsi ilə və ya birbaşa Sumqayıt Apellyasiya Məhkəməsinə şikayət verilə bilər. Hakim: Elşad Əliyev

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar