Azərbaycan Respublikası adından QƏRAR Sumqayıt şəhəri İş № 3(060)-3219/2022 28.12.2022 SUMQAYIT ŞƏHƏR MƏHKƏMƏSİ Hakim Hacıyev Zaur Arif oğlunun sədrliyi, X1 məhkəmə iclas katibliyi, İnzibati xəta haqqında protokolu tərtib etmiş şəxs – Sumqayıt ŞPİ-nin 5-ci Polis Bölməsinin sahə rəisi, polis leytenantı X2, Barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs – Şəxs və onun müdafiəçisi Sumqayıt Şəhər 1 Saylı Vəkil Bürosunun vəkili Vəkil, Zərərçəkmiş şəxs – Zərərçəkmiş şəxs iştirakları ilə, xx.xx.1996-cı ildə Türkmənistan, Balkoş vilayəti, Bekdaş şəhərində anadan olmuş Azərbaycan Respublikası vətəndaşı, ünvan 1 ünvanında qeydiyyatda olan və ünvan 2 yaşayan Şəxs Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 157-ci maddəsi ilə təqsirləndirilməsinə dair inzibati xəta haqqında işə açıq məhkəmə iclasında baxaraq, müəyyən etdi: Şəxs barəsində xx.xx.2022-ci il tarixdə Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 157-ci maddəsi ilə MN 11460921 №li inzibati xəta haqqında protokol tərtib olunmuşdur, ona görə ki, o, xx.xx.2022-ci il tarixdə saat 21:00 radələrində Sumqayıt şəhəri dairəsinin yaxınlığında Zərərçəkmiş şəxs döyərək ona dərəcəsi təyin edilməyən bədən xəsarəti yetirmişdir. Azərbaycan Respublikası Daxili İşlər Nazirliyi Sumqayıt şəhər Polis İdarəsinin 5-ci Polis Bölməsi tərəfindən Şəxs barəsində tərtib olunmuş inzibati xəta haqqında protokol və ona əlavə edilmiş sənədlər baxılmaq üçün aidiyyəti üzrə Sumqayıt şəhər Məhkəməsinə göndərilmişdir. Məhkəmə iclasında çıxış edən inzibati xəta haqqında protokolu tərtib etmiş şəxs X4 izahatında göstərdi ki, Sumqayıt şəhəri 5-ci PB-nin təhqiqatçısı, polis kapitanı X3 tərəfindən cinayət işinin başlanmasının rədd edilməsi haqqında 21 dekabr 2022-ci il tarixli qərar qəbul edilmiş və Şəxs barəsində onun əməlində Azərbaycan Respublikası İXM-nin 157-ci maddəsinin tərkib əlamətləri olduğundan onun barəsində inzibati qaydada tədbir görülməsi üçün aidiyyəti üzrə göndərilmişdir. Belə ki, Şəxs xx.xx.2022-ci il tarixdə saat 21:00 radələrində Sumqayıt şəhəri dairəsinin yaxınlığında Zərərçəkmiş şəxs döyərək ona dərəcəsi təyin edilməyən bədən xəsarəti yetirmişdir. Buna görə də qeyd olunan faktla əlaqədar vətəndaş Şəxs barəsində Azərbaycan Respublikası İXM-nin 157-ci maddəsi ilə inzibati xəta haqqında protokol tərtib edilmişdir. Odur inzibati xətaya dair iş üzrə qanunamüvafiq qərar qəbul edilməsini Məhkəmədən xahiş edir. Barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs izahatında bildimişdir ki, bir müddət əvvəl Güllü ilə münasibəti olmuş, xx.xx.2022-ci il tarixdə anası ona zəng edərək Güllü və anasının onların evinə gəldiyindən evə gəlməsini bildirmişdir. O da evə gələ bilmədiyini deyərək Güllü və anasına Sumqayıt şəhəri dairəsinə gəlmələrini demişdir. Güllü və anası oraya gələn zaman Güllü ona bildirmişdir ki, həyat yoldaşı onu boşayır, bu səbəbdən onunla ailə qurmalıdır, o, razılıq vermədikdə Güllü onu söyərək təhqir etmişdir. Bundan əsəbləşərək Güllünü və anasını vurmuşdur. Əməlindən peşmandır. Həmin vaxt əsəbi olmuşdur. İİ Qarabağ müharibəsi iştirakçısıdır, medalları vardır, yaralandığı üçün İİİ dərəcəli əllik ona verilmişdir. Hazırda əsəbdən müalicə alır. Nəzərə alınmasını Məhkəmədən xahiş edir. Vəkili Vəkil hüquqlarını müdafiə etdiyi Şəxs müharibə iştirakçısı olmasını nəzərə alaraq barəsində yüngül cəza təyin edilməsini xahiş etdi. İnzibati xətaya dair iş üzrə Zərərçəkmiş şəxs izahatında göstərdi ki, Şəxs ilə 6 ay münasibətləri olmuşdur. Sonra o, Nizamidən ayrılmaq istəmiş, Nizami ondan əl çəkməmişdir. Onun şəkillərini sosial şəbəkədə yayır. Onu təhqir edir. Həmin gün Nizamiyə ondan əl çəkməsini demək üçün gəlmiş, Nizami isə onu vurmuşdur. Məhkəmədən qanunauyğun qərar qəbul edilməsini xahiş etdi. İnzibati işin materiallarında olan 21 dekabr 2022-ci il tarixli qərardan görünür ki, Şəxs barəsində cinayət işinin başlanması rədd olunmuş və əməlində İXM-nin 157-ci maddəsinin tərkibi olduğundan onun barəsində inzibati qaydada tədbir görülməsi üçün qərar aidiyyəti üzrə xidmət sahəsinə həvalə edilmişdir. İnzibati işin materiallarında olan “Məhkəmə Tibbi Ekspertiza və Pataloji Anatomiya Birliyi” PHŞ-nin 1902 saylı, xx.xx.2022-ci il tarixli rəyində qeyd edilmişdir ki, Zərərçəkmiş şəxs bədəni üzərində “sağ bazunun və sol budun qançırları” xəsarətləri aşkar edilmişdir. Qeyd olunan xəsarətlər küt əşyanın (əşyaların) təsirindən yaranmışdır, müayinədən bir günə qədər əvvəl olmaqla qərarda göstərilən vaxtda və şəraitdə, yəni xx.xx.2022-ci il tarixdə yumruqla və təpiklə yetirilə bilərdi və sağlamlığa zərərvurmayan xəsarətlərə aid olduğundan dərəcəsi müəyyən edilmir. Xəsarətlərin xarakterinə və lokalizasiyasına əsasən demək olar ki, həmin xəsarətlərin vət.Zərərçəkmiş şəxs öz-özünə yetirməsi az inandırıcıdır. Elektron Məhkəmə İnformasiya Sistemindən əldə edilmiş məlumatdan görünür ki, Şəxs xx.xx.2020-ci il tarixdən xx.xx.2021-ci il tarixədək Azərbaycan Respublikası Silahlı Qüvvələrində həqiqi hərbi xidmətdə olmuşdur. Elektron Məhkəmə İnformasiya Sistemindən əldə edilmiş məlumatdan görünür ki, Şəxs İİİ dərəcə əlilliyi vardır. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 157-ci maddəsinə əsasən döymə və ya sair zorakı hərəkətlərlə qəsdən fiziki ağrı yetirməyə görə - üç yüz manatdan beş yüz manatadək miqdarda cərimə edilir və ya işin hallarına görə, xətanı törədənin şəxsiyyəti nəzərə alınmaqla, iki ayadək müddətə inzibati həbs tətbiq olunur. Həmin Məcəllənin 3-cü maddəsinə əsasən, yalnız bu Məcəllə ilə nəzərdə tutulmuş inzibati xətaların törədilməsində təqsirli hesab edilən və inzibati xəta tərkibinin bütün digər əlamətlərini daşıyan əməli (hərəkət və ya hərəkətsizlik) törətmiş şəxs inzibati məsuliyyətə cəlb olunur və tənbeh edilir. Həmin Məcəllənin 12-ci maddəsinə görə bu Məcəllə ilə qorunan ictimai münasibətlərə qəsd edən, hüquqazidd olan, təqsirli sayılan (qəsdən və ehtiyatsızlıqdan törədilən) və inzibati məsuliyyətə səbəb olan əməl (hərəkət və hərəkətsizlik) inzibati xəta hesab olunur. Bu Məcəllənin Xüsusi hissəsində nəzərdə tutulan əməllərə görə inzibati məsuliyyət o halda yaranır ki, bu əməllər cinayət məsuliyyətinə səbəb olmasın. Həmin Məcəllənin 22-ci maddəsinə əsasən inzibati tənbeh məsuliyyət tədbiridir və inzibati xəta törədən şəxsi qanunlara əməl edilməsi ruhunda tərbiyələndirmək, habelə həm inzibati xəta törətmiş şəxs, həm də başqa şəxslər tərəfindən yeni inzibati xəta törədilməsinin qarşısını alma məqsədi daşıyır. Həmin Məcəllənin 31.2-ci maddəsinə əsasən fiziki və ya vəzifəli şəxslər barəsində inzibati tənbeh tətbiq edilərkən xətanın xarakteri, inzibati xəta törədən şəxsin şəxsiyyəti, onun təqsirinin dərəcəsi, əmlak vəziyyəti, habelə məsuliyyəti yüngülləşdirən və ağırlaşdırılan hallar nəzərə alınır. Şəxs məsuliyyətini yüngülləşdirən hal Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 32.2-ci maddəsinə əsasən İİİ dərəcə əlilliyinin olmasıdır. İş üzrə Şəxs məsuliyyətini ağırlaşdıran hallar müəyyən edilmədi. İnzibati tənbeh tətbiq edərkən məhkəmə xətanın xarakterini, Şəxs məsuliyyətini ağırlaşdıran halların olmamasını, şəxsiyyətini, təqsirinin dərəcəsini, törədilmə şəraitini, əvvələr məhkəmə qaydasında inzibati məsuliyyətə cəlb olunmamasını, müharibə iştirakçısı olmasını, məişət zəminində inzibati xətanın törədilməsini nəzərə alır. Məhkəmə hesab edir ki, Şəxs Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 157-ci maddəsinin sanksiyası həddində cərimə növündə inzibati tənbeh tətbiq edilməsi məqsədəuyğundur. Azərbaycan Respublikası İXM-nin 66.2-ci maddəsinə əsasən barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs tərəfindən seçilmiş vəkilin gəlməsi mümkün olmadıqda, hakim, səlahiyyətli orqan (vəzifəli şəxs) həmin şəxsi vəkil ilə təmin edir. Azərbaycan Respublikası İXM-nin 66.3-ci maddəsinə əsasən maddi vəziyyətinə görə öz hesabına vəkil tutmaq imkanı olmadıqda, inzibati qaydada tutulmuş şəxsə hüquqi yardım dövlətin vəsaiti hesabına göstərilir. Belə halda vəkil öz vəzifələrini yerinə yetirməkdən imtina edə bilməz. “Müdafiəçilərə, tərcüməçilərə, mütəxəssislərə və ekspertlərə ödənilməli olan məbləğlərin miqdarı haqqında” Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2001-ci il 1 fevral tarixli 31 nömrəli qərarında dəyişiklik edilməsi barədə 03 may 2018-ci il tarixli, 202 saylı qərarına əsasən Azərbaycan Respublikası CPM-nin 193.2-ci maddəsində nəzərdə tutulmuş hallarda hüquqi yardım göstərilməsinə görə müdafiəçiyə ödənilən haqq hər iş saatı üçün 06 (altı) manat məbləğində müəyyən edilmişdir. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 114-115, 117, 128-130-cu maddələrini rəhbər tutaraq, məhkəmə qərara aldı: Şəxs Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 157-ci maddəsi ilə nəzərdə tutulmuş inzibati xətanın törədilməsində təqsirli bilinsin və ona 300,00 (üç yüz) manat cərimə növündə inzibati tənbeh tətbiq edilsin. Qərarın icrası Sumqayıt şəhəri üzrə İcra İdarəsinə həvalə edilsin. Vəkil tərəfindən göstərilmiş 03 saat hüquqi yardıma görə cəmi 18 (on səkkiz) manat məbləğində pul vəsaitinin dövlət büdcəsinin vəsaiti hesabına Sumqayıt şəhər 1 saylı Vəkil Bürosunun hesabına köçürülməsi Azərbaycan Respublikası Vəkilllər Kollegiyasına həvalə edilsin. Qərarın surəti təqdim edildiyi və ya alındığı gündən 10 (on) gün müddətində Sumqayıt Şəhər Məhkəməsi vasitəsi ilə və ya birbaşa Sumqayıt Apelyasiya Məhkəməsinə şikayəti verilə bilər. HAKİM: Zaur Hacıyev
Məhkəmə qərarları › İş №3(060)-3219/2022
Sumqayıt Şəhər Məhkəməsi Qərar — İş №3(060)-3219/2022
28.12.2022 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver