Azərbaycan Respublikası adından QƏRAR Sumqayıt şəhəri İş № 3(060)-3220/2025 04.12.2025 SUMQAYIT ŞƏHƏR MƏHKƏMƏSİ Hakim İsmayılova Günel Rza qızının sədrliyi, Əhmədli Amid Yusif oğlunun katibliyi, Protokol tərtib etmiş şəxs Sumqayıt Şəhər Polis İdarəsinin 3-cü PB-nin sahə rəisi, polis leytenantı X3, Zərər çəkmiş şəxs Zərərçəkmiş şəxs, Barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs və onun müdafiəçisi Sumqayıt şəhəri 1 saylı Vəkil Bürosunun vəkili X2 iştirakları ilə, xx.xx.1985-ci il tarixdə Sumqayıt şəhərində doğulmuş, Azərbaycan Respublikasının vətəndaşı, subay, ali təhsilli, işləməyən, ünvan 1 ünvanında qeydiyyatda olmaqla, həmin ünvanda yaşayan (FİN: xxxxxxx) Şəxs barəsində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 227-ci maddəsi ilə tərtib edilmiş inzibati xəta haqqında protokola və ona əlavə edilmiş materiallara açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: Şəxs barəsində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 227-ci maddəsi ilə xx.xx.2025-ci il tarixli, MN2401947 nömrəli inzibati xəta haqqında protokol tərtib edilərək baxılması üçün aidiyyəti üzrə məhkəməyə təqdim edilmişdir. Şəxs barəsində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 227-ci maddəsi ilə xx.xx.2025-ci il tarixli, MN2401947 nömrəli protokol tərtib olunmuşdur ona görə ki, o, Sumqayıt şəhəri, 3-cü mikrorayon ərazisində, xx.xx.2025-ci il tarixdə əvvəllər tanıdığı Zərərçəkmiş şəxs 500 manat kredit götürülməsində köməklik göstərəcəyini vəd etmiş, lakin sonradan vədinə əməl etməmiş və sonuncunun 100 manatını qaytarmışdır. Nəticədə Şəxs tərəfindən Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 227-ci maddəsində nəzərdə tutulmuş inzibati xəta törədilmişdir. Protokol tərtib etmiş şəxs Sumqayıt Şəhər Polis İdarəsinin 3-cü PB-nin sahə rəisi, polis leytenantı X6 tərtib etdiyi protokolun məzmununa uyğun olaraq izahat vermiş və qərarı məhkəmənin mülahizəsinə buraxdığını bildirmişdir. Məhkəmə iclasında barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs inzibati xətaların törədilməsində özünü təqsirli bilərək izahatında göstərmişdir ki, 4-5 ay olar ki, bank işinə görə Zərərçəkmiş şəxs 500 manat almışdır. Lakin Zərərçəkmiş şəxs digər kredit ödəmələrində gecikməsi olduğu üçün köməklik edə bilməmişdir. O, Zərərçəkmiş şəxs 300 manat geri qaytardığını və qalan 200 manatı dekabr ayı 100 manat, yanvar ayı 100 manat olmaqla ödəyə biləcəyini bildirmişdir. Məhkəmə iclasında Zərərçəkmiş şəxs izahatında göstərmişdir ki, uşağının gözündə problem olduğu üçün ona görə pul lazım idi, Şəxs ona gecikmələrin silinəcəyini deyib, bankla bağlı məsələlərdə ona kömək etmək üçün 500 manat pul almışdır. Sumqayıt şəhəri, 3-cü mikrorayon ərazisində Şəxs ondan 500 manat pul almış, 300 manat məbləğinin qaytarsa da, 200 manatını qaytarmamışdır.O, 200 manat məbləği ödəyəcəyi halda Şəxs ilə barışacağını, onun tutulmasını istəmədiyini və qərar qəbul edilməsini məhkəməyə həvalə etdiyini bildirmişdir. Müdafiəçi Sumqayıt şəhəri 1 saylı Vəkil Bürosunun vəkili X1 Mehman Telman oğlunun əməlini etiraf etməsini, anasının xəstə olmasını və 300 manat ödəməsini nəzərə alaraq barəsində həbslə bağlı olmayan yüngül inzibati tənbeh tətbiq edilməsini xahiş etmişdir. Belə ki, iş materiallarında olan və məhkəmə iclası zamanı tədqiq edilmiş: “Cinayət işinin başlanmasının rədd edilməsi barədə” xx.xx.2025-ci il tarixli qərardan görünür ki, material üzrə cinayət işinin başlanması rədd edilmiş, həmin fakt üzrə Azərbaycan Respublikası İXM-nin 227-ci maddəsinin tərkibi olduğundan, inzibati xəta törətmiş Şəxs barəsində inzibati tənbeh tətbiq edilməsindən ötrü Sumqayıt ŞPİ-nin 3-cü PB-yə göndərilməsi qərara alınmışdır. Sumqayıt ŞPİ-nin 3-cü PB tərəfindən tərtib edilmiş xx.xx.2025-ci il tarixli MN2401947 nömrəli protokoldan görünür ki, Şəxs Sumqayıt şəhəri, 3-cü mikrorayon ərazisində, xx.xx.2025-ci il tarixdə əvvəllər tanıdığı Zərərçəkmiş şəxs 500 manat kredit götürülməsində köməklik göstərəcəyini vəd etmiş, lakin sonradan vədinə əməl etməmiş və sonuncunun 100 manatını qaytarmışdır. Məhkəmə barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsi, zərərçəkmiş şəxsi, və protokolu tərtib etmiş şəxsi dinləyib, işdə olan materialları tədqiq edərək hesab edir ki, Şəxs Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 227-ci maddəsində nəzərdə tutulmuş inzibati xətanı törətməsi sübuta yetirilir və ona qeyd olunan maddə üzrə inzibati tənbeh tətbiq olunmalıdır. Məhkəmə hərtərəfli araşdırma apardı və müəyyən etdi ki, inzibati xəta haqqında protokollarda göstərilənlər işin hallarına uyğundur. Qeyd edilən əməlin inzibati xəta olmasını aradan qaldıran hallar, həmçinin inzibati məsuliyyətdən azad edilməsi üçün əsaslar yoxdur. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin: 227-ci maddəsinə əsasən xırda talama, yəni oğurlama, mənimsəmə, israfçılıq, qulluq mövqeyindən sui-istifadə və ya dələduzluq yolu ilə özgəsinin əmlakını talamağa görə - yüz altmış saatdan iki yüz qırx saatadək ictimai işlər və ya işin hallarına görə, xətanı törədənin şəxsiyyəti nəzərə alınmaqla, bu tədbirlərin tətbiqi kifayət sayılmadıqda isə üç ayadək müddətə inzibati həbs tətbiq edilir. 76.1-ci maddəsinə əsasən inzibati xətanın olub-olmamasını, inzibati xəta törədən şəxsin təqsirini və işin düzgün həlli üçün əhəmiyyətli olan digər halları müəyyən etmək üçün hakimin, səlahiyyətli orqanın (vəzifəli şəxsin) əsaslana bildiyi hər cür faktik məlumatlar inzibati xətalar haqqında işlər üzrə sübutlar sayılır. Bu məlumatlar maddi sübutlarla, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsin, zərər çəkmiş şəxsin, şahidlərin izahatları ilə, digər sənədlərlə, xüsusi texniki vasitələrin göstəriciləri ilə, dövlət informasiya sistemlərində (ehtiyatlarında) aşkar olunan məlumatlarla, ekspertin rəyi ilə, inzibati xəta haqqında protokolla, bu Məcəllə ilə müəyyən edilmiş digər protokollarla müəyyən edilir. 84.1-ci maddəsinə əsasən inzibati xətalar haqqında işlərə baxan hakim, səlahiyyətli orqan (vəzifəli şəxs) işin bütün hallarının məcmusunun hərtərəfli, tam və obyektiv surətdə baxılmasına əsaslanan öz daxili inamı ilə sübutları qiymətləndirir. Məhkəmə barəsində inzibati xəta haqqında iş üzrə icaat aparılan şəxsə inzibati tənbeh tətbiq edərkən inzibati Azərbaycan Respublikasının Xətalar Məcəlləsinin aşağıdakı prinsip və müddəalarını rəhbər tutur. İXM-nin 3-cü maddəsinə əsasən, yalnız bu Məcəllə ilə nəzərdə tutulmuş inzibati xətanın törədilməsində təqsirli hesab edilən və inzibati xəta tərkibinin bütün digər əlamətlərini daşıyan əməli (hərəkət və ya hərəkətsizliyi) törətmiş şəxs inzibati məsuliyyətə cəlb olunur. Həmin Məcəllənin 9.1-ci maddəsinə əsasən inzibati xəta törətmiş şəxs haqqında tətbiq edilən tənbeh ədalətli olmalıdır, yəni inzibati xətaların xarakterinə, onun törədilməsi hallarına və inzibati xətanı törətməkdə təqsirli bilinənin şəxsiyyətinə uyğun olmalıdır. Həmin Məcəllənin 21-ci maddəsinə əsasən inzibati tənbeh məsuliyyət tədbiridir və inzibati xəta törədən şəxsi qanunlara əməl edilməsi ruhunda tərbiyələndirmək, habelə həm inzibati xəta törətmiş şəxs, həm də başqa şəxslər tərəfindən yeni inzibati xəta törədilməsinin qarşısını almaq məqsədi daşıyır. Məhkəmə inzibati xətaya görə tənbeh tətbiq edərkən Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 31.2-ci maddəsinin tələblərinə uyğun olaraq xətanın xarakterini, inzibati xəta törətmiş şəxsin şəxsiyyətini, onun təqsirinin dərəcəsini, əmlak vəziyyətini, habelə məsuliyyəti yüngülləşdirən və ağırlaşdıran halları nəzərə alır. Məhkəmə Azərbaycan Respublikasının İXM-nin 32-ci maddəsinə əsasən Şəxs əməlini etiraf etməsini və vurulmuş ziyandan 300 manat ödəniş etməsini məsuliyyətini yüngülləşdirilən hal kimi nəzərə alır. Məhkəmə iclasında Azərbaycan Respublikasının İXM-nin 33-cü maddəsinə əsasən Şəxs məsuliyyətini ağırlaşdıran hallar müəyyən olunmamışdır. Beləliklə, məhkəmə barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsin şəxsiyyətini və onun təqsirinin dərəcəsini, törədilən inzibati xətanın xarakterini, məsuliyyətini yüngülləşdirən halları, yəni, əməlini etiraf etməsini və zərərçəkmiş şəxsə vurulmuş ziyanın məbləğindən 300 manat ödəniş etməsini, məsuliyyətini ağırlaşdıran halların olmamasını nəzərə alaraq hesab edir ki, Şəxs barəsində təqsirli bilindiyi İXM-nin 227-ci maddəsinin sanksiyasında nəzərdə tutulmuş ictimai işlər növündə tənbeh tətbiq edilməli, onun üzərinə ictimai işlərin yerinə yetirildiyi yerlərdə elektron nəzarət vasitəsi gəzdirmək və həmin vasitənin işlək vəziyyətdə saxlanılması üçün ona xidmət etmək vəzifələri qoyulmalıdır. Məhkəmə həmçinin hesab edir ki, vəkil X5 tərəfindən göstərilmiş hüquqi yardıma görə cəmi 33 (otuz üç) manat məbləğində pul vəsaiti dövlət büdcəsinin vəsaiti hesabına Sumqayıt şəhəri 1 saylı Vəkil Bürosunun hesabına köçürülməlidir. Belə ki, “Müdafiəçilərə, tərcüməçilərə, mütəxəssislərə və ekspertlərə ödənilməli olan məbləğlərin miqdarı haqqında” Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2001-ci il 1 fevral tarixli 31 nömrəli qərarının 1-ci, 4-cü və 5-ci hissələrinə əsasən hüquqi yardım göstərilməsinə görə müdafiəçiyə ödənilən haqq hər iş saatı üçün 11 manat məbləğində müəyyən edilmişdir. Yuxarıdakılara əsasən və Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 36, 114.1.1, 115, 128-130-cu maddələrini rəhbər tutaraq, məhkəmə QƏRARA ALDİ: Şəxs Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 227-ci maddəsi ilə nəzərdə tutulmuş inzibati xətaların törədilməsində təqsirli bilinərək onun barəsində 240 (iki yüz qırx) saat ictimai işlər növündə inzibati tənbeh tədbiri tətbiq edilsin. Şəxs üzərinə ictimai işlərin yerinə yetirildiyi yerlərdə elektron nəzarət vasitəsi gəzdirmək və həmin vasitənin işlək vəziyyətdə saxlanılması üçün ona xidmət etmək vəzifəsi qoyulsun. Qərarın icrası Sumqayıt şəhər Probasiya Şöbəsinə həvalə edilsin. Vəkil X5 tərəfindən göstərilmiş hüquqi yardıma görə cəmi 33 (otuz üç) manat məbləğində pul vəsaiti dövlət büdcəsinin vəsaiti hesabına Sumqayıt şəhəri 1 saylı Vəkil Bürosununun hesabına köçürülsün. Qərarın surəti rəsmi qaydada verildiyi gündən 10 gün müddətində qərardan Sumqayıt Şəhər Məhkəməsi vasitəsi ilə və ya birbaşa Sumqayıt Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Hakim: Günel İsmayılova
Məhkəmə qərarları › İş №3(060)-3220/2025
Sumqayıt Şəhər Məhkəməsi Qərar — İş №3(060)-3220/2025
04.12.2025 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver