Məhkəmə qərarları › İş №3(060)-3225/2021

Sumqayıt Şəhər Məhkəməsi Qərar — İş №3(060)-3225/2021

05.10.2021 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Sumqayıt şəhəri İş № 3(060)-3225/2021 05.10.2021 SUMQAYIT ŞƏHƏR MƏHKƏMƏSİ Hakim Məmmədov Elçin Qüdrət oğlunun sədrliyi, Məhkəmə iclas katibi X1 katibliyilə, Sumqayıt şəhər polis idarəsinin 4-cü polis bölməsinin sahə rəisi X2, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs iştirakları ilə, xx.xx.1994-cü ildə Bakı şəhərində doğulmuş, Azərbaycan Respublikasının vətəndaşı, evli, orta təhsilli, işləməyən, ünvan 1 ünvanında qeydiyyatda olan və yaşayan Şəxs Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 535.1-ci maddəsi ilə təqsirləndirilməsinə dair Sumqayıt şəhər polis idarəsinin 4-cü polis bölməsindən daxil olmuş inzibati xəta haqqında protokol və ona əlavə olunmuş sənədlərə Sumqayıt Şəhər Məhkəməsinin binasında açıq məhkəmə iclasında baxaraq, məhkəmə müəyyən etdi: Şəxs barəsində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin (bundan sonra mətndə İXM-nin) 535.1-ci maddəsi ilə 05 oktyabr 2021-ci il tarixli MN seriyalı ******* №li inzibati xəta haqqında protokol tərtib olunmuşdur ona görə ki, o 22.09.2021-ci il tarixdə Sumqayıt şəhəri, Sülh küçəsində YPX əməkdaşlarının qanuni tələbinə əməl etməmişdir. İXM-nin 111.3-cü maddəsinə görə inzibati həbs tənbeh növü nəzərdə tutan inzibati xətalar haqqında işlərə inzibati xəta haqqında protokol daxil olduğu gün baxılır. Məhkəmə iclasında protokolu tərtib etmiş şəxs Sumqayıt şəhər polis idarəsinin 4-cü polis bölməsinin sahə rəisi X3 tərtib etdiyi inzibati protokola uyğun izahat verdi. Sahə rəisi X3 inzibati xəta törədən Şəxs YPX əməkdaşlarının qanuni tələbinə qəsdən tabe olmamasının hansı hərəkətdən ibarət olmasını məhkəməyə izah edə bilməyərək qeyd etdi ki, Şəxs sürücülük vəsiqəsini təqdim etməmişdir. Sahə rəisi məhkəmədən qanuna müvafiq qərar qəbul edilməsini xahiş etdi. Məhkəmə iclasında barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs özünü təqsirli bilməyərək izahatında göstərdi ki, 22.09.2021-ci il tarixdə Sumqayıt şəhəri, Sülh küçəsi ərazisində yol polis əməkdaşı tərəfindən saxlanılmışdır. Polis əməkdaşı ondan sürücülük vəsiqəsinin təqdim olunmasını tələb edən zaman o polis əməkdaşına sürücülük vəsiqəsinin üzərində olmamasını bildirərək ad, ata adını və soadını əyani formada polis əmədaşına bildirmişdir. Polis əməkdaşı qayda pozuntusuna görə ona inzibati xəta haqqında protokol lərtib edəcəyini bildirdikdə o, polis əməkdaşından qayda pozuntusu ilə əlaqədar olaraq görüntü tələb etmiş və qərarsız protokolu yazılmasımı istəmiş, protokoldan şikayət verəcəyini bildirmişdir. O, şikayət edəcəyini bildirdiyi halda polis əməkdaşı ona ailəsinin yanında “adam kişi olar” deyərək təhqir etmişdir. O polis əməkdaşının hərəkətindən DİN-nə şikayət etdiyinə görə onun barəsində əsassız olaraq hazırki protokol tərtib edilmişdir. Qeyd olunanlara əsasən barəsində inzibati xəta haqqında iş üzrə icraata xitam verilməsini xahiş etdi. Məhkəmədə şahid qismində izahat vermiş X5 izahatında bildirdi ki, 22.09.2021-ci il tarixdə xidmətdə olarkən Sülh və Nərimanov küçələrinin kəsişməsində “Chevrolet minik” markalı **-RU-*** dövlət qeydiyyat nişanlı avtomaşının sürücüsü işıqforun yaşıl işığında düzünə və sağa oxlu, tələbini pozaraq sola döndüyü üçün **-YP-*** nömrə nişanlı avto patrulla avtomaşını saxladıb sürücüyə yaxınlaşıb özünü təqdim edib, qayda pozuntusunu izah edib, sənədləri təqdim etməsini xahiş etmişdir. Sürücü qayda pozmadığını bildirib görüntü tələb etmiş, sürücülük vəsiqəsini təqdim etməyib ad və soyadını bildirmişdir. Daha sonra bort kampyuter vasitəsi ilə sürücünün sürücülük vəsiqəsini müəyyən edib İXM-nin 327.2-ci maddəsi ilə inzibati xəta haqqında protokol tərtib etmişdir. Protokolu tərtib etdikdən sonra qeyd olunan protokolun surətini sürücüyə təqdim etdikdə o 102 xidmətinə zəng edib səs küy salaraq ona şər böhtan atmağa başlamışdır. Məhkəmə barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsin, şahidin, sahə müvəkkilinin izahatlarını dinləyib, iş materialına əlavə olunmuş DVD video görüntüyə baxış keçirib və işdə olan materialları tədqiq edərək hesab edir ki, Şəxs barəsində başlanmış inzibati xəta haqqında iş üzrə icraata xitam verilməlidir. İXM-nin 535.1-ci maddəsində polis işçisi və ya hərbi qulluqçu ictimai qaydanın mühafizə vəzifələrini icra edərkən, onların qanuni tələblərinə qəsdən tabe olmamağa görə - fiziki şəxslər iki yüz manat məbləğində cərimə edilir və ya işin halları və pozuntu törədənin şəxsiyyəti nəzərə alınmaqla, bu tədbirlərin tətbiqi kifayət hesab edilmədikdə bir ayadək müddətə inzibati həbs tətbiq olunur. Həmin Məcəllənin 3-cü maddəsinə əsasən yalnız bu Məcəllə ilə nəzərdə tutulmuş inzibati xətaların törədilməsində təqsirli hesab edilən və inzibati xəta tərkiblərinin bütün digər əlamətlərini daşıyan əməli (hərəkət və hərəkətsizlik) törətmiş şəxs inzibati məsuliyyətə cəlb olunur və tənbeh edilir. Həmin Məcəllənin 8.1-ci maddəsinə əsasən, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsin təqsiri bu Məcəllə ilə nəzərdə tutulmuş qaydada sübuta yetmədikdə və bu inzibati xəta haqqında iş üzrə icraata baxmış hakimin, səlahiyyətli orqanın (vəzifəli şəxsin) qüvvəyə minmiş qərarı ilə müəyyən edilmədikdə o, təqsiri olmayan hesab edilir. Həmin Məcəllənin 12-ci maddəsinə əsasən, bu Məcəllə ilə qorunan ictimai münasibətlərə qəsd edən, hüquqazidd olan, təqsirli sayılan (qəsdən və ya ehtiyatsızlıq üzündən törədilən) və inzibati məsuliyyətə səbəb olan əməl (hərəkət və ya hərəkətsizlik) inzibati xəta hesab olunur. Həmin Məcəllənin 53.1.2-ci maddəsinə əsasən, inzibati xəta tərkibi olmadıqda inzibati xətalar haqqında işlər üzrə icraat başlanıla bilməz, başlanmış icraata isə xitam verilir. Məhkəmə hesab edir ki, İXM-nin 535.1-ci maddəsində nəzərdə tutulan polis işçisi və ya hərbi qulluqçu ictimai qaydanın mühafizə vəzifələrini icra edərkən, onların qanuni tələblərinə qəsdən tabe olmaması ilə əlaqədar Şəxs əməlində hər hansı bir hal aşkar edilmədiyindən onun əməli polisin qanuni tələblərinə qəsdən tabe olmaması kimi qiymətləndirilə bilməz. Belə ki, məhkəmə iclasında DVD video görüntüyə baxış zamanı Şəxs əməlində polisin qanuni tələblərinə qəsdən tabe olmaması öz təsdiqini tapmamışdır. Məhkəmə onu da qeyd edir ki, polis işçisinin qanuni tələblərinə yalnız qəsdən tabe olmama İXM-nin 535.1-ci maddəsinin tərkibini yaradır. Şəxs barəsində tərtib edilmiş inzibati xəta haqqında protokolda isə 22.09.2021-ci il tarixdə onun Sumqayıt şəhəri, Sülh küçəsində YPX əməkdaşlarının qanuni tələbinə əməl etməməsi qeyd edilmişdir. Bütün göstərilənlər məhkəməyə o nəticəyə gəlməyə əsas verir ki, Şəxs əməlində İXM-nin 535.1-ci maddəsində nəzərdə tutulmuş inzibati xəta tərkibi müəyyən edilmədiyinə görə onun barəsində başlanılmış inzibati xəta haqqında iş üzrə icraata xitam verilməlidir. İXM-nin 114.1.4-cü maddəsinə əsasən inzibati xəta haqqında işə baxılarkən inzibati xəta haqqında iş üzrə icraata xitam verilməsi haqqında qərar çıxarılır. Yuxarıdakılara əsasən və İXM-nin 53.1.2 və 114.1.4-cü maddələrini rəhbər tutaraq məhkəmə, qərara aldı: Şəxs əməlində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 535.1-ci maddəsində nəzərdə tutulmuş inzibati xəta tərkibi olmadığı üçün və İXM-nin 53.1.2-ci maddəsinə əsasən inzibati xəta haqqında iş üzrə icraata xitam verilsin. Qərarın surəti rəsmi qaydada verildiyi gündən 10 gün müddətində qərardan Sumqayıt Şəhər Məhkəməsi vasitəsi ilə və ya birbaşa Sumqayıt Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Hakim: Elçin Məmmədov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar