Məhkəmə qərarları › İş №3(060)-3254/2021

Sumqayıt Şəhər Məhkəməsi Qərar — İş №3(060)-3254/2021

25.10.2021 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Sumqayıt şəhəri İş № 3(060)-3254/2021 25.10.2021 SUMQAYIT ŞƏHƏR MƏHKƏMƏSİ X2 Məmmədovun sədrliyi, məhkəmə iclas katibi X1 katibliyilə, "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyətinin Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 447.0.4-ci maddəsi ilə təqsirləndirilməsinə dair Azərbaycan Respublikasının Qida Təhlükəsizliyi Agentliyi Bakı Regional bölməsindən daxil olmuş inzibati xəta haqqında protokola və materiallara Sumqayıt Şəhər Məhkəməsinin inzibati binasında açıq məhkəmə iclasında baxaraq, müəyyən etdi: Azərbaycan Respublikasının Qida Təhlükəsizliyi Agentliyi Bakı Regional bölməsi tərəfindən hüquqi ünvanı ünvan 2 Məhdud Məsuliyyətli Cəmiyyətinin (bundan sonra mətndə "xxxx" MMC) (VÖEN **********) barəsində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin (bundan sonra mətndə İXM-nin) 447.0.4-ci maddəsi ilə 07 oktyabr 2021-ci il tarixdə MN № ******* saylı protokol tərtib edilmişdir ona görə ki, **********21 nömrəli 10.06.2021-ci il tarixli müraciət əsasında idxal etdiyi qida məhsullarını 03.08.2021ci il tarixdə Sumqayıt şəhəri, İsmət Qayıbov küçəsi 18-də satmışdır. Azərbaycan Respublikasının Qida Təhlükəsizliyi Agentliyi Bakı Regional bölməsi tərəfindən "xxxx" MMC barəsində tərtib olunmuş MN № ******* saylı inzibati xəta haqqında protokol baxılmaq üçün Sumqayıt Şəhər Məhkəməsinə göndərilmiş və qeyd olunan material 11.10.2021-ci il tarixdə məhkəməyə daxil olmuşdur. İXM-nin 111.1-ci maddəsinə görə inzibati xəta haqqında işə baxmağa səlahiyyəti olan hakim, orqan (vəzifəli şəxs) bu cür işlərə inzibati xəta haqqında protokolu və işin digər materiallarını aldığı vaxtdan on beş gün müddətində baxır. İnzibati xəta haqqında işə baxılması 25 oktyabr 2021-ci il tarixə təyin edilmişdir. Barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan "xxxx" MMC və ptotokol tərtib etmiş orqan məhkəmə iclasının vaxtı və yeri barədə lazımi qaydada xəbərdar edilmələrinə baxmayaraq nümayəndələrinin iştirakını təmin etmədiklərindən məhkəmə işə onların iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. İş materiallarında olan Kommersiya qurumunun dövlət reyestrindən çıxarışdan görünür ki, "xxxx" MMC ********** VÖEN əsasında 2 saylı Ərazi Vergilər idarəsinin hüquqi şəxslərin qeydiyyat idarəsi kimi qeydiyyatına alınmışdır. İş materiallarında olan Azərbaycan Respublikasının Qida Təhlükəsizliyi Agentliyi Bakı Regional bölməsi tərəfindən "xxxx" MMC-yə ünvanlanmış 17 sentyabr 2021-ci il tarixli bildirişindən görünür ki, inzibati xəta haqqında iş üzrə icraata başlanması ilə bağlı səbəblər olduğu üçün səlahiyyətli nümayəndənin şəxsiyyət vəsiqəsi və səlahiyyətinin olmasını təsdiq edən sənədlə 07 oktyabr 2021-ci il tarixdə, saat 11:00-da Bakı şəhəri, Nizami rayonu, Heydər Əliyev prospekti 185B ünvanında yerləşən Azərbaycan Respublikasının Qida Təhlükəsizliyi Agentliyi Bakı Regional bölməsinə gəlməsi qeyd olunmuşdur. İş materiallarında olan Azərbaycan Respublikasının Qida Təhlükəsizliyi Agentliyi Bakı Regional bölməsi tərəfindən 30.07.2021-ci il tarixli, İD********** №-li qida təhlükəsizliyi sertifikatının ləğv edilməsi haqqında qərarından görünür ki, 10.06.2020-ci il tarixli, İD********** nömrə müraciət əsasında idxal olunan yeyinti məhsullarına verilmiş qida təhlükəsizliyi sertifikatının ləğv edilməsi qərara alınmışdır. “Lisenziyalar və icazələr haqqında” Azərbaycan Respublikasının 2016-cı il 15 mart tarixli 176-VQ nömrəli Qanununun 3 nömrəli əlavəsinə əsasən qida təhlükəsizliyi setifikatı sahibkarlıq fəaliyyətinə verilən icazələrin siyahısına aid edilmişdir. “Yeyinti məhsulları haqqında” Azərbaycan Respublikasının Qanununun 6-cı maddəsinə əsasən Azərbaycan Respublikasına idxal olunan qida məhsulları müvafiq qaydada tanınmış və ya müvafiq icra hakimiyyəti orqanı tərəfindən verilmiş qida təhlükəsizliyi (sağlamlıq) sertifikatına malik olmalıdır. İdxal olunan yeyinti məhsulunun istehsalçısı qida təhlükəsizliyi qeydiyyatından keçdiyi halda həmin istehsalçının məhsullarına qida təhlükəsizliyi sertifikatı tələb olunmur. “Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin təsdiq edilməsi haqqında” Azərbaycan Respublikasının 29 dekabr 2015-ci il tarixli 96-VQ nömrəli Qanununun tətbiqi barədə Azərbaycan Respublikasi Prezidentinin 15 fevral 2016-cı il tarixli, 795 saylı Fərmanının 5.44-1-ci bəndinə görə Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 40.0.3-cü maddəsinə müvafiq olaraq müəyyən edilmişdir ki, həmin Məcəllənin 428.1, 444, 447.0.1 (malın (xidmətin) istehlak xüsusiyyətinə və ya keyfiyyətinə dair istehlakçıların aldadılmasına münasibətdə), 447.0.2– 447.0.6, 447.0.9, 453 və 544.2-ci maddələrində nəzərdə tutulmuş inzibati xətalar haqqında işlərə həmin işlər qida məhsulları ilə, həmçinin baytarlıq və fitosanitar nəzarətində olan yüklərlə bağlı olduqda Azərbaycan Respublikasının Qida Təhlükəsizliyi Agentliyi baxır Qeyd olunanlara əsasən məhkəmə hesab edir ki, Azərbaycan Respublikasının Qida Təhlükəsizliyi Agentliyi Bakı Regional bölməsi tərəfindən tərtib edilmiş 07 oktyabr 2021-ci il tarixli MN № ******* saylı inzibati xəta haqqında protokol qanunvericiliyə uyğun olaraq tərtib edilmişdir. Belə ki, **********21 nömrəli 10.06.2021-ci il tarixli müraciət əsasında idxal etdiyi qida məhsullarını 03.08.2021-ci il tarixdə Sumqayıt şəhəri, İsmət Qayıbov küçəsi 18də satmışdır. Lakin, Azərbaycan Respublikasının Qida Təhlükəsizliyi Agentliyi Bakı Regional bölməsi tərəfindən 30.07.2021-ci il tarixli, İD********** №-li qida təhlükəsizliyi sertifikatının ləğv edilməsi haqqında qərarından görünür ki, 10.06.2020-ci il tarixli, İD********** nömrəli müraciət əsasında idaxal olunan yeyinti məhsullarına verilmiş qida təhlükəsizliyi sertifikatı ləğv edilmişdir. Bu səbəblə də MMC tərəfindən qanunvericiliyin tələbi pozulmuş və nəticədə İXM-nin 447.0.4-ci maddəsinə əsasən inzibati xəta törətməsi faktı aşkarlanmışdır. İXM-nin 447.0.4-cü maddəsinə əsasən qanunvericiliyə əsasən məcburi sertifikatlaşdırılmalı olan, lakin sertifikatlaşdırılmamış malların istehsalına, satılmasına, işlərin yerinə yetirilməsinə, xidmətlərin göstərilməsinə görə - fiziki şəxslər üç yüz əlli manatdan beş yüz manatadək məbləğdə, vəzifəli şəxslər min beş yüz manatdan iki min manatadək məbləğdə, hüquqi şəxslər dörd min manatdan altı min manatadək məbləğdə cərimə edilir. Həmin Məcəllənin 18.5-ci maddəsinə əsasən hüquqi şəxs barəsində inzibati tənbeh yalnız hakim tərəfindən tətbiq edilir. Həmin Məcəllənin 25.4-cü maddəsinə əsasən manatla hesablanan və inzibati xətaya görə fiziki şəxsdən alınan inzibati cərimənin məbləği beş min manatdan, vəzifəli şəxsdən alınan inzibati cərimənin məbləği on min manatdan, hüquqi şəxsdən alınan inzibati cərimənin məbləği əlli min manatdan artıq ola bilməz. Məsuliyyəti yüngülləşdirən və ağırlaşdıran hallar müəyyən olunmadı. İnzibati xətanın xarakterini nəzərə alaraq məhkəmə hesab edir ki, inzibati xəta törətmiş hüquqi şəxs "xxxx" MMC barəsində inzibati tənbeh növü cərimə tətbiq edilməklə inzibati tənbeh öz məqsədinə nail ola bilər. İXM-nin 114.1.1-ci maddəsinə əsasən inzibati xəta haqqında işə baxılarkən inzibati tənbeh vermə haqqında qərar çıxarılır. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 114, 115, 128-130-cu maddəllərini rəhbər tutaraq məhkəmə, qərara aldı: Hüquqi ünvanı ünvan 2 Məhdud Məsuliyyətli Cəmiyyəti (VÖEN **********) Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 447.0.4-ci maddəsində nəzərdə tutulmuş inzibati xətanın törədilməsində təqsirli bilinsin və 5.000,00 (beş min) manat məbləğində cərimə olunsun. Qərarın surəti rəsmi qaydada verildiyi gündən 10 gün müddətində qərardan Sumqayıt Şəhər Məhkəməsi vasitəsi ilə və ya birbaşa Sumqayıt Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Hakim: Elçin Məmmədov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar