Azərbaycan Respublikası adından QƏRAR Sumqayıt şəhəri İş № 3(060)-326/2024 12.02.2024 SUMQAYIT ŞƏHƏR MƏHKƏMƏSİ Hakim Quliyev Ramiz Mübariz oğlunun sədrliyi, Əkbərli Nicat Mais oğlunun katibliyi ilə, Protokolu tərtib etmiş şəxs Sumqayıt ŞPİ DYPŞ-nin yol patrul xidməti inspektoru, polis serjantı X1 Barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs iştirakı ilə xx.xx.1989-cu ildə Şuşa şəhərinə doğulmuş, Azərbaycan Respublikasının vətəndaşı, evli, ünvan 1 ünvanında qeydiyyatda olmaqla, ünvan 2anında yaşayan Şəxs Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 342.9-cu maddəsi ilə təqsirləndirilməsinə dair inzibati xəta haqqında işə açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: Şəxs barəsində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin (bundan sonra İXM-nın) 342.9-cu maddəsi ilə inzibati xəta haqqında xx.xx.2023-cü il tarixli, İXP seriyalı, ******* №-li protokol tərtib olunmuşdur. Protokoldan görünür ki, sürücü Şəxs xx.xx.2023-cü il tarixdə, saat 12:00 radələrində Sumqayıt şəhəri, Sülh küçəsi ərazisində nəqliyyat vasitəsini müvafiq icazə olmadan xüsusi (çoxavazlı) səs siqnalından istifadə edərək idarə etmişdir. Sumqayıt ŞPİ X4 Şöbəsi tərəfindən Şəxs barəsində toplanmış material baxılmaq üçün Sumqayıt Şəhər Məhkəməsinə göndərilmişdir. Protokolu tərtib etmiş şəxs Sumqayıt ŞPİ DYPŞ-nin yol patrul xidməti inspektoru, polis serjantı X2 bildirdi ki, xx.xx.2023-cü il tarixdə, saat 12:00 radələrində Sumqayıt şəhəri Sülh küçəsi ərazisində xidmətdə olarkən “Vaz 21214” minik markalı, **-DH-*** dövlət qeydiyyat nişanlı avtomobilin sürücüsünün təkərin yuva hissəsinə yerləşdirmiş olduğu zəncirlərin trayektoriyasından qırağa çıxaraq sallandığını görmüş, hər hansı bədbaxt hadisənin qarşısının alınması məqsədi ilə bu barədə məlumat vermək üçün sürücüyə yaxınlaşmışdır. Söhbət əsnasında nəqliyyat vasitəsini idarə edən şəxsin məlumatları portal vasitəsi ilə yoxlanılan zaman sonuncunun sürücülük vəsiqəsinin olmadığı məlum olmuş, bu barədə sürücüdən soruşduqda o, Vətən müharibəsi iştirakçısı olduğunu, döyüşlər zamanı aldığı xəsarətin nəticəsində İ qrup əlil olduğunu, bu səbəbdən ona sürücülük vəsiqəsinin verilmədiyini bildirmişdir. Bundan sonra o, nəqliyyat vasitəsinin içərisində, qol altında uzaqdan idarə edici qurğunu görmüş, nəyə görə nəqliyyat vasitəsində həmin qurğunu saxladığını bildirmişdir. Sürücü isə nəqliyyat vasitəsində xüsusi (çoxavazlı) səs siqnalının olduğunu bildirmişdir. Nəqliyyat vasitəsinin sürücüsünün şəxsiyyətini nəzərə alaraq hadisə yerinə daha təcrübəli əməkdaş olan Sumqayıt ŞPİ DYPŞ-nin taqım komandiri, polis kapitanı Fariz Ramazandəni çağırmışlar. Sürücü ilə komandir arasında söhbətdən sonra həm nəqliyyat vasitəsini sürücülük vəsiqəsi olmadan həm də müvafiq icazə olmadan xüsusi (çoxavazlı) səs siqnalından istifadə edərək idarə etdiyi üçün “Vaz 21214” minik markalı, **-DH-*** dövlət qeydiyyat nişanlı avtomobil duracağa təmin edilmiş, duracaqda nəqliyyat vasitəsinin mühərrikinin yerləşdiyi hissədən xüsusi (çoxavazlı) səs siqnalı aşkar edilərək götürülmüşdür. Bu barədə sosial şəbəkələrdə məlumat da paylaşılmışdır. Qeyd olunanlara əsasən Şəxs şəxsiyyətini nəzərə alaraq barəsində yüngül tənbeh verilməsini məhkəmədən xahiş etdi. Barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs məhkəmə iclasında özünü inzibati xətanın törədilməsində təqsirli bilərək göstərdi ki, xx.xx.2023-cü il tarixdə, saat 12:00 radələrində idarə etdiyi “Vaz 21214” minik markalı, **-DH-*** dövlət qeydiyyat nişanlı avtomobil ilə Sumqayıt şəhəri Sülh küçəsi ərazisində Sumqayıt Məhkəmə Kompleksinin yanında olan zaman yol polis inspektorları ona yaxınlaşmışlar. Bildirir ki, həqiqətən də onun idarə etdiyi nəqliyyat vasitəsində xüsusi (çoxavazlı) səs siqnalı olmuşdur. Belə ki, o, həmin avtomobili Vətən Müharibəsindən öncə almış, müharibədə zamanı hətta həmin avtomobillə Şuşa şəhərinə təminat da aparmışdır. Nəqliyyat vasitəsinin onun üçün mənəvi bir dəyəri var. Döyüşlərdən sonra ağır travma keçirdiyindən yolda nəqliyyat vasitəsi ilə hərəkətdə olan zaman qarşısında hər hansı avtomobilin qeyri-qanuni hərəkətləri onu tez özündən çıxarmış, qarşısında olan nəqliyyat vasitəsinin kənara tez çəkilməsi üçün həmin səs siqnalından müxtəlif vaxtlarda istifadə etmişdir. Nəqliyyat vasitəsinə quraşdırılmış həmin xüsusi (çoxavazlı) səs siqnalının 150 manata tanımadığı şəxsdən almış, özü şəxsən quraşdırmışdır. Avtomobil onun mülkiyyətində olmamışdır. O, nəqliyyat vasitəsini 5 ildir ki, bu formada idarə etmiş, ona Yol Patrul Xidməti inspektorları tərəfindən Vətən müharibəsində iştirakı və xidməti nəzərə alınmaqla indiyədək çox hörmət olunmuşdur. O, “Vaz 21214” minik markalı, **-DH-*** dövlət qeydiyyat nişanlı avtomobil ilə heç bir avtoxuliqanlıq etməmiş, sadəcə şəhid övladlarının xeyir iş məclislərində toy karvanında istifadə etmişdir. Hazırda nəqliyyat vasitə ona qaytarılmış, xüsusi (çoxavazlı) səs siqnalı isə götürülmüşdür. O, 2008-ci ildən Xüsusi Təyinatlı Qüvvələrdə xidmət etmiş, Vətən müharibəsi iştirakçısıdır. Döyüşlərdə yaralandığı üçün ona əlillik dərəcəsi təyin edilmişdir. “Cəbrayılın azad olunmasına görə” medalı ilə təltif edilmişdir. Evlidir, himayəsində üç övladı var. Təqsirini etiraf edir, əməlindən peşmandır. Məhkəmə təqsirli biləcəyi halda minimum həddə inzibati cərimə növündə tənbeh tədbirinin tətbiq edilməsini məhkəmədən xahiş edir. İş materiallarında olan və məhkəmə iclasında tədqiq edilmiş sənədlərdən görünür ki: xx.xx.2023-cü il tarixli “Akt”dan görünür ki, “Vaz 21214” minik markalı, **-DH-*** dövlət qeydiyyat nişanlı avtomobilə təchiz edilmiş xüsusi (çoxavazlı) səs siqnalı saxlanılması üçün Sumqayıt ŞPİ-nin xüsusi saxlama məntəqəsinə təhvil verilmişdir. Elektron-məhkəmə informasiya sistemindən əldə edilmiş çıxarışdan görünür ki, Şəxs evlidir, himayəsində xx.xx.2014-cu il təvəllüdlü Dəniz Abdullazadə, xx.xx.2015-ci il təvəllüdlü Adəm Abdullayev və xx.xx.2021-ci il təvəllüdlü Həvva Abdullazadə adlı övladları var. Elektron-məhkəmə informasiya sistemindən əldə edilmiş çıxarışdan görünür ki, Şəxs xx.xx.2007-ci il tarixdən xx.xx.2022-ci il tarixədən Azərbaycan Respublikası Silahlı Qüvvələrində həqiq hərbi xidmətdə olub. Elektron-məhkəmə informasiya sistemindən əldə edilmiş çıxarışdan görünür ki, Şəxs İİ qrup əlildir. “Polis haqqında” AR Qanununun 3.2.2-ci maddəsinə əsasən “Cinayətlərin və digər xətaların qarşısının alınması üçün tədbirlər görmək polisin əsas vəzifələrindəndir.” Həmin Qanunun 3.2.16-cı maddəsinə əsasən “Yol hərəkəti təhlükəsizliyinin təmin edilməsi üçün tədbirlər görmək polisin əsas vəzifələrindəndir.” “Yol hərəkəti haqqında” Azərbaycan Respublikası Qanununun 2-ci maddəsinə əsasən “Yol hərəkəti haqqında Qanun yollarda nəqliyyat vasitələrinin və piyadaların təhlükəsiz və rahat hərəkətini təşkil etmək məqsədi ilə kompleks tədbirlər həyata keçirilməsi, yol hərəkəti ilə bağlı insanların həyatının və sağlamlığının qorunması, ətraf mühitin, xüsusi, bələdiyyə və dövlət əmlakının mühafizəsi, yol-nəqliyyat hadisələrinin qarşısının alınması və onların ağırlıq dərəcəsinin aşağı salınması üçün tədbirlər görülməsinin hüquqi əsaslarını və bu sahədə dövlətin, habelə yol hərəkəti iştirakçılarının hüquqlarını və vəzifələrini müəyyən edir.” Həmin Qanunun 6.2.1-ci maddəsinə əsasən “Yol hərəkəti sahəsində fiziki şəxslərin yol hərəkətinin təşkili, onun təhlükəsizliyini təmin etmək, ətraf mühitin mühafizəsi ilə bağlı tələblərə və yol hərəkəti qaydalarına əməl etmək vəzifəsi vardır.” İXM-nin 3-cü maddəsinə əsasən “Yalnız bu Məcəllə ilə nəzərdə tutulmuş inzibati xətanın törədilməsində təqsirli hesab edilən və inzibati xəta tərkibinin bütün digər əlamətlərini daşıyan əməli (hərəkət və ya hərəkətsizliyi) törətmiş şəxs inzibati məsuliyyətə cəlb olunur.” Həmin Məcəllənin 7.1-ci maddəsinə əsasən inzibati xəta törətmiş şəxslər irqindən, milliyyətindən, dinindən, dilindən, cinsindən, mənşəyindən, əmlak vəziyyətindən, qulluq mövqeyindən, əqidəsindən və digər hallardan asılı olmayaraq qanun qarşısında bərabərdirlər. Bu maddədə nəzərdə tutulmuş əsaslara görə heç kəs inzibati məsuliyyətə cəlb oluna və inzibati məsuliyyətdən azad oluna bilməz. Həmin Məcəllənin 12.1-ci maddəsinə əsasən “Bu Məcəllə ilə qorunan ictimai münasibətlərə qəsd edən, hüquqazidd olan, təqsirli sayılan (qəsdən və ya ehtiyatsızlıqdan törədilən) və inzibati məsuliyyətə səbəb olan əməl (hərəkət və ya hərəkətsizlik) inzibati xəta hesab olunur.” Hüquq normaları ictimai münasibətlərdən irəli gələn hüquq münasibətlərinin tənzimlənməsinin əsasını təşkil edir. Belə münasibətlərin reallaşdırılmasının özülü kimi qiymətləndirilən hüquq normaları özundə dövlətin iradəsini əks etdirir və hüquq subyektlərinin qarşılıqlı hüquq və vəzifələrini müəyyənləşdirir. Qeyd edilməlidir ki, fərdin hüquq normalarında nəzərdə tutulan tələb və göstərişlərə zidd davranışı ictimai zəruri və faydalı hesab edilməyən hərəkəti kimi hüquq pozuntusu olmaqla cəmiyyət və dövlət qarşısında muvafiq məsuliyyətin yaranması ilə nəticələnir. Azərbaycan Respublikası Konstitusiyasının 80-ci maddəsinə görə Konstitusiyanın və qanunların pozulması, o cümlədən Konstitusiyada və qanunlarda nəzərdə tutulan hüquqlardan sui-istifadə və ya vəzifələrin yerinə yetirilməməsi qanunla müəyyən edilən məsuliyyətə səbəb olur . Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun “Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 53.8-ci maddəsinin Azərbaycan Respublikasının Konstitusiyasına uyğunluğunun yoxlanılmasına dair” xx.xx.2010-cu il tarixli qərarında göstərilmişdir ki, “Hüquqi müəyyənliyə dair tələblər hüququn üstünlüyü, normativ-hüquqi aktların hüquqa və haqq-ədalətə əsaslanmasına dair konstitusiya prinsiplərindən irəli gəlir. Konstitusiya Məhkəməsinin hüquqi müəyyənlik prinsipinin mahiyyəti və əhəmiyyəti barədə formalaşdırdığı hüquqi mövqeyinə görə hüquqi müəyyənlik prinsipi hüququn aliliyinin əsas aspektlərindən biri kimi çıxış edir. Hər bir qanunun və ya onun hər hansı bir müddəasının hüquqi müəyyənlik prinsipinə cavab verməsi olduqca vacibdir. Konstitusiya Məhkəməsinin Plenumu bir daha vurğulayır ki, qanunverici orqan tərəfindən hər hansı bir inzibati xətaya görə inzibati tənbeh növü müəyyən edilərkən Konstitusiyada öz əksini tapan qanunun aliliyinin tərkib hissəsi olan mütənasiblik və tarazlıq prinsipləri də nəzərə alınmalıdır.” Məhkəmə araşdırması zamanı müəyyən edilmişdir ki, xx.xx.2023-cü il tarixdə, saat 12:00 radələrində “Vaz 21214” minik markalı, **-DH-*** dövlət qeydiyyat nişanlı avtomobilin Şəxs tərəfindən müvafiq icazə olmadan xüsusi (çoxavazlı) səs siqnalından istifadə edərək idarə edildiyi aşkar olunmuşdur. İXM-nin 342.9-cu maddəsinə əsasən nəqliyyat vasitələrinin müvafiq icazə olmadan xüsusi (çoxavazlı) səs və ya sayrışan işıq siqnalları və ya operativ nəqliyyat vasitələri üçün müəyyən edilmiş rənglənmə sxemləri, yazılar və tanınma nişanları ilə təchiz edilməsinə, yaxud nəqliyyat vasitəsinin dövlət qeydiyyat nişanının görünüşünü çətinləşdirən örtüklərdən və ya qurğulardan, nəqliyyat vasitəsinin sürətini ölçməyə maneçilik törədən və ya ölçmə cihazlarının işinə mane olan antiradar və digər texniki vasitələrdən, yaxud əhalinin dincliyini nümayişkaranə şəkildə pozan səs siqnallarından istifadə edilməsinə görə - inzibati xətanın törədilməsində alət və ya inzibati xətanın bilavasitə obyekti olmuş predmet müsadirə edilməklə, beş yüz manatdan səkkiz yüz manatadək məbləğdə cərimə edilir. İXM-nin 9.1-ci maddəsinə əsasən “İnzibati xəta törətmiş şəxs haqqında tətbiq edilən tənbeh ədalətli olmalıdır, yəni inzibati xətaların xarakterinə, onun törədilməsi hallarına və inzibati xətanı törətməkdə təqsirli bilinənin şəxsiyyətinə uyğun olmalıdır.” Məhkəmə inzibati xətaya görə tənbeh tətbiq edərkən İXM-nin 31.2-ci maddəsinin tələblərinə uyğun olaraq xətanın xarakterini, inzibati xəta törətmiş şəxsin şəxsiyyətini, onun təqsirinin dərəcəsini, əmlak vəziyyətini, habelə məsuliyyəti yüngülləşdirən və ağırlaşdıran halları nəzərə alır. Məhkəmə Şəxs əməlindən peşman olmasını, himayəsində üç övladının olmasını, Vətən Müharibəsi iştirakçısı olmaqla, “Cəbrayılın azad olunması uğurunda” medalı ilə təltif edilməsini məsuliyyətini yüngülləşdirilən hal kimi nəzərə alır. Məhkəmədə Şəxs əməlini ağırlaşdıran hallar müəyyən olunmadı. İXM-nin 43.1-ci maddəsinə əsasən İXM-nin 342.9-cu maddəsi ilə tərtib edilmiş protokola baxmaq rayon (şəhər) məhkəmələrinin səlahiyyətindədir. Məhkəmə qeyd olunanları, törədilmiş inzibati xətanın xarakterini, Şəxs şəxsiyyətini xarakterizə edən halları, təqsirinin dərəcəsini, əmlak vəziyyətini, məsuliyyəti yüngülləşdirən halları-xüsusən himayəsində azyaşlı övladlarının olmasını və Vətən Müharibəsi iştirakçısı olmasını nəzərə alaraq Şəxs İXM-nin 342.9-cu maddəsində nəzərdə tutulmuş inzibati xətanın bilavasitə obyekti olmuş predmet müsadirə edilməklə minimum həddə inzibati cərimə növündə tənbeh edilməsini məqsədəmüvafiq hesab edir. İXM-nin 22.1.3-cü maddəsinə əsasən inzibati xətanın törədilməsində alət və ya inzibati xətanın bilavasitə obyekti olmuş predmetin müsadirəsi inzibati tənbeh növlərinə aiddir. Həmin Məcəllənin 23.2-ci maddəsinə əsasən inzibati xətanın törədilməsində alət və ya inzibati xətanın bilavasitə obyekti olmuş predmetin müsadirəsi, fiziki şəxsə verilmiş xüsusi hüququn məhdudlaşdırılması, AR hüdudlarından kənara inzibati qaydada çıxarma həm əsas, həm də əlavə inzibati tənbeh növləri kimi tətbiq edilə bilər. Həmin Məcəllənin 26.1-ci maddəsinə əsasən inzibati xəta törətmiş şəxsin xüsusi mülkiyyətində olan, inzibati xətanın törədilməsində alət və ya inzibati xətanın bilavasitə obyekti olmuş predmetin müsadirəsi bu Məcəllənin Xüsusi hissəsində nəzərdə tutulmuş hallarda həmin predmetin məcburi qaydada və ödənişsiz dövlətin mülkiyyətinə keçməsindən ibarətdir. Həmin Məcəllənin 26.2-ci maddəsinə əsasən inzibati xətanın törədilməsində alət və ya inzibati xətanın bilavasitə obyekti olmuş predmetin müsadirəsi yalnız hakim tərəfindən tətbiq edilir. İXM-nin 114.1.1-ci maddəsinə əsasən inzibati xəta haqqında işə baxılarkən inzibati tənbeh vermə haqqında qərar çıxarılır. Yuxarıdakılara əsasən və İXM-nin 114.1.1, 115, 128-130-cu maddələrini rəhbər tutaraq, məhkəmə QƏRARA ALDİ: Şəxs Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 342.9-cu maddəsində nəzərdə tutulmuş inzibati xətanı törətməkdə təqsirli bilinib, barəsində inzibati xətanın bilavasitə obyekti olmuş xüsusi (çoxavazlı) səs siqnalı müsadirə edilməklə 500 (beş yüz) manat məbləğində cərimə növündə inzibati tənbeh tədbiri tətbiq edilsin. Qərarın surəti təqdim edildiyi və ya alındığı gündən 10 gün müddətində Sumqayıt Apelyasiya Məhkəməsinə şikayət verilə bilər. Hakim Ramiz Quliyev
Məhkəmə qərarları › İş №3(060)-326/2024
Sumqayıt Şəhər Məhkəməsi Qərar — İş №3(060)-326/2024
12.02.2024 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver