Azərbaycan Respublikası adından QƏRAR Sumqayıt şəhəri İş № 3(060)-326/2025 05.02.2025 SUMQAYIT ŞƏHƏR MƏHKƏMƏSİ X8 Yadigar qızının sədrliyi, Məmmədov Oruc Fəxrəddin oğlunun katibliyi, Sumqayıt şəhəri üzrə İcra idarəsinin böyük icra məmuru – X2, Barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs - Şəxs iştirakları ilə, xx.xx.1970-ci ildə Keşişkənd kəndində anadan olmuş, Azərbaycan Respublikası vətəndaşı, Sumqayıt şəhəri, İnşaatçılar qəsəbəsi, yat-10, məhəllə 9 ünvanında qeydiyyatda olan və Sumqayıt şəhəri, 1-ci mikrorayon, ev 50 ünvanında yaşayan Şəxs barəsində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 528.1-1-ci maddəsi ilə inzibati xətaya dair protokola açıq məhkəmə iclasında baxaraq, Məhkəmə MÜƏYYƏN ETDİ: Sumqayıt şəhəri üzrə İcra idarəsinin böyük icra məmuru X4 tərəfindən xx.xx.2025-ci il tarixdə Şəxs barəsində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 528.1-1-ci maddəsi ilə MN seriyalı ******* №-li inzibati xəta haqqında protokol tərtib olunmuşdur, ona görə ki, Sumqayıt şəhər Məhkəməsinin 2(060)-832/2023 saylı, xx.xx.2023-cü il tarixli icra vərəqəsi üzrə üzrlü səbəb olmadan icra məmurunun qanuni tələblərini yerinə yetirməmiş və nəticədə məhkəmə qərarı üzrə borcu qərəzli şəkildə ödəməmişdir. Tərtib olunmuş inzibati xəta haqqında protokol Sumqayıt şəhər Məhkəməsinə daxil olmuş və məhkəmə baxışına təyin edilmişdir. Məhkəmə iclasında çıxış edən Sumqayıt şəhəri üzrə İcra İdarəsinin böyük icra məmuru X4 bildirdi ki, Sumqayıt şəhər Məhkəməsinin 2(060)-832/2023 saylı, xx.xx.2023cü il tarixli icra vərəqəsinə əsasən Şəxs 7000 dollar və ödənilmiş dövlət rüsumu 222,06 manat yarısı tutulub tələbkar X3 ödənilməlidir. İcra sənədi xx.xx.2023-cü il tarixdə Sumqayıt şəhəri üzrə İcra İdarəsinin icraatına daxil olmuş, borclu Şəxs xx.xx.2023-cü il tarixdə Sumqayıt şəhəri üzrə İcra İdarəsində icraata başlama haqqında qərarla və bildirişlə tanış olmuş, müxtəlif vaxtlarda Sumqayıt şəhəri üzrə İcra İdarəsinə dəvət olunaraq ondan icra sənədi üzrə izahatlar alınmışdır. Eyni zamanda Şəxs Sumqayıt şəhər Məhkəməsinin müvafiq qərarı ilə ölkədən getmək hüququ müvəqqəti məhdudlaşdırılmışdır. Şəxs üzərində olan 7000 dollar borcdan hissə-hissə 2000 manat ödəniş etmişdir, hal-hazırda borclu üzərində olan borcu tam şəkildə birdəfəlik ödəməsi tələb olunsa da o, izahatında üzərində olan borcu tam şəkildə birdəfəlik tələbkarın xeyrinə ödəyə bilməyəcəyini bildirmişdir. Eyni zamanda xx.xx.2024-cü il tarixdə Şəxs barəsində Azərbaycan Respublikası İXM-nin 528.1-ci maddəsi ilə protokol tərtib olunmuş, Sumqayıt şəhər Məhkəməsinin müvafiq qərarına əsasən 500 manat məbləğində cərimə olunmuşdur və cərimə dövlət büdcəsinə tam şəkildə ödənilmişdir. Şəxs X1 əmlakına və gəlirlərinə baxış keçirilmiş, borcluda tələbin yönəldilə biləcəyi şəxsi əmlakı aşkar olunmamışdır. Borclunun hal-hazırda iş yeri mövcuddur, lakin tələbin borclunun əmək haqqına yönəldilməsi ona görə mümkün olmamışdır ki, borclunun hal-hazırda əmək haqqından tutulmalı məbləğdə olan məhkəmə qərarı vardır. Borclu Şəxs Sumqayıt şəhər Məhkəməsinin müvafiq qərarına əsasən icra vərəqəsinə əsasən Sultan kredit təşkilatına borcu olmuş və həmin borcun ödənilməsi üzrə borclunun əmək haqqından 50 faiz tutulma aparılması üçün icra vərəqəsi və müşayiət məktubu onun iş yerinə göndərilmişdir. Hal-hazırda borclunun əmək haqqının 50 faizinin məhkəmə qərarı əsasında tutulması həyata keçirildiyi üçün Sumqayıt şəhər Məhkəməsinin 2(060)-832/2023 saylı icra vərəqəsinin icrası üzrə Şəxs məxsus olan borcun onun əmək haqqına yönəldilməsi mümkün olmamışdır. Borclu Şəxs xx.xx.2025-ci il tarixdə Sumqayıt şəhəri üzrə İcra İdarəsinə dəvət olunmuş, ondan üzərində olan qalıq borcun ödənilməsi tələb olunmuş və o, üzərində olan borcu tam şəkildə ödəyə bilmədiyi üçün və üzrlü səbəb olmadan icra məmurunun qanuni tələblərini yerinə yetirmədiyi üçün barəsində İXM-nin 528.1-1-ci maddəsi ilə protokol tərtib olunub və Sumqayıt şəhər Məhkəməsinə təqdim edilmişdir. Odur ki, Məhkəmədən qanunamüvafiq qərar qəbul edilməsini xahiş edir. Məhkəmə iclasında izahat verən barəsində protokol tərtib edilmiş şəxs Şəxs bildirdi ki, ödəniş etməyə imkanı olmamışdır. Həm banka, həm də bu iş üzrə pul ödəyir, 350 manat əmək haqqı alır. İcra sənədi üzrə sonuncu dəfə bu gün 100 manat ödəniş etmişdir. Əgər həbs olunarsa işini itirəcəkdir və ümumiyyətlə ödəniş edə bilməyəcəkdir. Ayda 200 manat olmaqla hissə-hissə ödəniş edə bilər. Məhkəmədən nəzərə alınmasını xahiş edir. Məhkəmə iclasının vaxtı və yeri barədə lazımi qaydada məlumatlandırılmasına baxmayaraq zərərçəkmiş şəxs X5 məhkəmə iclasında iştirak etməmiş, məhkəmə işə onun iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Məhkəmə icra məmurunu, barəsində protokol tərtib edilmiş şəxsi dinləyib, iş materiallarını araşdıraraq belə hesab edir ki, Şəxs əməlində inzibati xəta tərkibi vardır və o, inzibati məsuliyyətə cəlb olunmalıdır. Belə ki, iş materiallarında olan və məhkəmə iclasında tədqiq edilmiş: - Sumqayıt şəhər Məhkəməsinin 2(060)-832/2023 saylı, xx.xx.2023-cü il tarixli icra sənədinə əsasən Şəxs 7000 ABŞ dolları məbləğində pul qətnamənin icra olunduğu günə olan Azərbaycan manatı məzənnəsi ilə tutularaq X3 ödənilməlidir. - Sumqayıt şəhər Məhkəməsinin 3(060)-553/2024 saylı, xx.xx.2024-cü il tarixli qərarına əsasən Şəxs Azərbaycan Respublikası İXM-nin 528.1-ci maddəsi ilə təqsirli bilinərək 500 manat məbləğində inzibati cərimə edilmişdir. - ödəniş qəbzlərinin surətindən görünür ki, Şəxs tərəfindən müxtəlif vaxtlarda müxtəlif ödənişlər edilmişdir. İşin bütün hallarının məcmusuna hərtərəfli, tam və obyektiv surətdə baxaraq və iş üzrə olan sübutları qiymətləndirərək, Məhkəmə belə nəticəyə gəlir ki, Şəxs tərəfindən məhkəmə qərarlarının lazımi qaydada icra edilməməsi, inzibati tənbeh vermə haqqında qərar qanuni qüvvəyə mindiyi gündən bir il ərzində eyni icra sənədinə münasibətdə təkrar törədilməsi Şəxs əməlində Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 528.1-1-ci maddəsində nəzərdə tutulmuş inzibati xətanın tərkibini yaratmış və o, həmin maddənin sanksiyası həddində tənbeh edilməlidir. «İcra Haqqında» Azərbaycan Respublikasının Qanununun 3-cü maddəsindən görünür ki, məhkəmə və digər orqanların qərarlarının icrası ilə əlaqədar icra məmurunun tələbləri Azərbaycan Respublikasının ərazisində bütün orqanlar, hüquqi şəxslər, onların vəzifəli şəxsləri və fiziki şəxslər üçün məcburidir. Məhkəmə və digər orqanların qərarlarının icrası ilə əlaqədar icra məmurlarının tələblərini yerinə yetirməyən, onlara həvalə edilmiş vəzifələrin icrasına mane olan şəxslər Azərbaycan Respublikasının qanunvericiliyi ilə nəzərdə tutulmuş qaydada məsuliyyət daşıyırlar. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin: - 528.1-1-ci maddəsindən görünür ki, bu Məcəllənin 528.1-ci maddəsində nəzərdə tutulmuş xətanın inzibati tənbeh almış şəxs tərəfindən inzibati tənbeh vermə haqqında qərarın qanuni qüvvəyə mindiyi gündən bir il ərzində eyni icra sənədinə münasibətdə təkrar törədilməsinə görə - fiziki şəxslər min manatdan min beş yüz manatadək məbləğdə cərimə edilir və ya işin hallarına görə, pozuntunu törədənin şəxsiyyəti nəzərə alınmaqla iki ayadək müddətə inzibati həbs tətbiq olunur, vəzifəli şəxslər iki min beş yüz manatdan dörd min manatadək məbləğdə, hüquqi şəxslər beş min manatdan yeddi min manatadək məbləğdə cərimə edilir. - 31.2-ci maddəsinə əsasən fiziki və ya vəzifəli şəxslər barəsində inzibati tənbeh tətbiq edilərkən xətanın xarakteri, inzibati xəta törədən şəxsin şəxsiyyəti, onun təqsirinin dərəcəsi, əmlak vəziyyəti, habelə məsuliyyəti yüngülləşdirən və ağırlaşdırılan hallar nəzərə alınır. Şəxsnın məsuliyyətini ağırlaşdıran və yüngülləşdirən hallar müəyyən olunmadı. Məhkəmə, Şəxs hansı növ inzibati tənbeh tətbiq edilməsi məsələsini həll edərkən, xətanın xarakterini, inzibati xəta törədən şəxsin şəxsiyyətini, ailə vəziyyətini, təqsirinin dərəcəsini nəzərə alaraq belə nəticəyə gəlir ki, ona cərimə növündə inzibati tənbeh tədbiri tətbiq edilməlidir. «Azərbaycan Respublikasında İnsan hüquq və azadlıqlarının həyata keçirilməsinin tənzimlənməsi haqqında» Azərbaycan Respublikasının Konstitusiya Qanununun 4.6-cı maddəsinə əsasən heç kəs yalnız hansısa mülki müqavilə öhdəliyini yerinə yetirməyə qadir olmadığına görə tutula, həbsə alına və ya azadlıqdan məhrum edilə bilməz. Azərbaycan Respublikasının Konstitusiyasının 129-cu maddəsinə əsasən məhkəmənin qəbul etdiyi qərarlar dövlətin adından çıxarılır və onların icrası məcburidir. Məhkəmə qərarının icra olunmaması qanunla müəyyən edilmiş məsuliyyətə səbəb olur. Məhkəmə vurğulayır ki, ədalət mühakiməsinin məqsədlərinə nail olunması üçün məhkəmə qərarlarının qanunla müəyyən edilmiş müddətdə və tam icrası zəruridir. Odur ki, məhkəmə qərarının icrası Azərbaycan Respublikasının da qoşulduğu «İnsan hüquqlarının və əsas azadlıqlarının müdafiəsi haqqında» Avropa Konvensiyasının 6-cı maddəsində təsbit olunmuş ədalətli məhkəmə araşdırması hüququnun tərkib hissəsidir. İnsan hüquqları üzrə Avropa Məhkəməsi «Hornsbi Yunanıstana qarşı» işdə qeyd etmişdir ki, «....Razılığa gələn Dövlətlərin daxili hüquq sistemləri məcburi qüvvəyə malik yekun məhkəmə qərarının tərəflərdən birinin ziyanına olaraq icra olunmadan qalmasına yol versəydi, 6-cı maddə ilə təmin olunan məhkəməyə müraciət hüququ xəyali hüquq olardı». Avropa Məhkəməsi «Əfəndiyeva Azərbaycana qarşı» və “Tarıverdiyev Azərbaycana qarşı” qərarlarında vurğulamışdır ki, məhkəmə qərarının icra olunması İnsan hüquqları haqqında Avropa Konvensiyasının 6-cı maddəsində təsbit olunmuş ədalətli məhkəmə araşdırması hüququnun ayrılmaz tərkib hissəsi kimi nəzərdən keçirilməlidir. Məhkəmənin mövqeyi belə olmuşdur ki, dövlətin daxili hüquq sistemi qüvvəyə minmiş və hüquqi cəhətdən məcburi olan məhkəmə qərarlarının tərəflərdən birinin ziyanına icra olunmamış qalmasına imkan verirsə, o halda ədalətli məhkəmə araşdırması hüququ yalnız kağız üzərində qalır”. Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 21-ci maddəsindən görünür ki, inzibati tənbeh məsuliyyət tədbiridir və inzibati xəta törədən şəxsi qanunlara əməl edilməsi ruhunda tərbiyələndirmək, habelə həm inzibati xəta törətmiş şəxs, həm də başqa şəxslər tərəfindən yeni inzibati xəta törədilməsinin qarşısını almaq məqsədi daşıyır. Yuxarıda göstərilənlərə əsasən və İXM-nin 43, 114,115 və 130-cu maddələrini rəhbər tutaraq, məhkəmə, QƏRARA ALDİ : Şəxs Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 528.1-1-ci maddəsi ilə təqsirli bilinib 1000 (bir min) manat məbləğində cərimə edilsin. Qərarın icrası Sumqayıt şəhəri üzrə İcra İdarəsinə həvalə edilsin. Qərarın surəti təqdim edildiyi və ya alındığı gündən 10 (on) gün müddətində Sumqayıt Şəhər Məhkəməsi vasitəsi ilə və ya birbaşa Sumqayıt Apelyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. HAKİM: Vüsalə Qasımova
Məhkəmə qərarları › İş №3(060)-326/2025
Sumqayıt Şəhər Məhkəməsi Qərar — İş №3(060)-326/2025
05.02.2025 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver