Məhkəmə qərarları › İş №3(060)-3265/2025

Sumqayıt Şəhər Məhkəməsi Qərar — İş №3(060)-3265/2025

18.12.2025 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Sumqayıt şəhəri İş № 3(060)-3265/2025 18.12.2025 SUMQAYIT ŞƏHƏR MƏHKƏMƏSİ Hakim İsmayılova Günel Rza qızının sədrliyi, Əhmədli Amid Yusif qızının katibliyi, Barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs iştirakı ilə, xx.xx.1995-ci il tarixdə, Bakı şəhərində doğulmuş, Azərbaycan Respublikasının vətəndaşı, evli, ali təhsilli, Sumqayıt TTYX-da həkim işləyən, ünvan 1i ünvanında qeydiyyatda olmaqla ünvan 2ayan (FİN: xxxxxxx) Şəxs barəsində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 327.8-ci maddəsi ilə tərtib edilmiş xx.xx.2025-ci il tarixli, İXP76255406 nömrəli inzibati xəta haqqında protokola və ona əlavə edilmiş materiallara açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: Şəxs barəsində Sumqayıt şəhər DYPŞ tərəfindən Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 327.8-ci maddəsi ilə tərtib edilmiş xx.xx.2025-ci il tarixli, İXP76255406 nömrəli inzibati xəta haqqında protokol baxılması üçün aidiyyəti üzrə məhkəməyə göndərilmişdir. Məhkəmə iclasının vaxtı və yeri barədə xəbərdar edilmiş inzibati xəta haqqında protokol tərtib etmiş Sumqayıt ŞPİ-nin X6 Şöbəsinin nümayəndəsi və zərərçəkmiş şəxs məhkəmə iclasına gəlməmişlər və gəlməmələrinin səbəbləri barədə məlumat verilməmişdir. Məhkəmə Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 62.4 və 112.1.4-cü maddələrində işə zərər çəkmiş şəxsin və inzibati xəta haqqında protokol tərtib etmiş Sumqayıt ŞPİ-nin X6 Şöbəsinin nümayəndəsinin iştirakları olmadan baxılmasını mümkün hesab etmişdir. Məhkəmə iclasında iştirak edən barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs inzibati xətanın törədilməsində özünü təqsirli bilərək, izahatında qeyd etmişdir ki, hadisə 03 noyabr 2025-ci il tarixində baş vermişdir. Öz şəxsi avtomobili ilə hərəkət edərkən yol nəqliyyatı hadisəsi baş vermiş və nəticədə digər avtomobilin sürücüsü və 2 nəfər sərnişin xəsarət almışdır. Hadisə baş verdikdən sonra avtomobilindən düşərək xəsarət alan şəxslərə yaxınlaşmışdır. Onları öz şəxsi avtomobili ilə X5 Xəstəxanasına çatdırmışdır. Həm TTYX-da, həm də onların evində zərər çəkmiş şəxslərə baş çəkmişdir. Barəsində ədalətli qərar qəbul edilməsini xahiş etmişdir. Məhkəmə hesab edir ki, Şəxs Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 327.8-ci maddəsində nəzərdə tutulan əməli törətməsi öz etirafedici izahatı ilə yanaşı, zərərçəkmiş şəxslərin Sumqayıt ŞPİ-də verdikləri izahatları, inzibati xəta haqqında protokol, cinayət işinin başlanmasının rədd edilməsi barədə qərar, ekspert rəyləri və digər iş materialları ilə tam sübuta yetirilir. İş materiallarında olan və məhkəmə iclasında tədqiq edilmiş: Sumqayıt şəhər DYPŞ tərəfindən tərtib edilmiş xx.xx.2025-ci il tarixli, İXP76255406 nömrəli inzibati xəta haqqında protokoldan görünür ki, Şəxs idarə etdiyi “KİA CERATO MİNİK” markalı **-NY-*** dövlət qeydiyyat nömrə nişanlı avtomobil ilə 1971-ci il təvəllüdlü Paşayev Rafiq Abdulrəhman oğluna və X1 yüngül dərəcəli bədən xəsarəti dəymişdir. Bununla da, o, Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 327.8-ci maddəsi ilə nəzərdə tutulan inzibati xətanı törətmişdir. Azərbaycan Respublikası Səhiyyə Nazirliyi “Məhkəmə-Tibbi Ekspertiza və X3” X4 xx.xx.2025-ci il tarixli, 1713 nömrəli rəyindən görünür ki, Paşayev Rafiq Abdulrəhman oğlunun bədəni üzərində aşağıdakı xəsarətlər vardır: döş qəfəsinin sol yarısının və sol bazu oynağının yuxarı 1/3-nin bazu oynağını tutan və hərəkətin çətinliyinə səbəb olan yumşaq toxumalarının əzilməsi-qançırı, sol əlin 3 ədəd sıyrığı. Qeyd olunan xəsarətlər küt əşya təsirindən törənmişdir, qərarın təsviri hissəsində göstərilən şəraitdə yol nəqliyyat hadisəsi nəticəsində əmələ gələ bilər, müddəti zərərçəkənin Sumqayıt şəhər TTYX-nın zədə məntəqəsinə müraciət etdiyi vaxtdan bir qədər əvvəl olmaqla xx.xx.2025-ci il tarixə uyğun gələ bilər və dərəcəsinə görə sağlamlığın qısa müddətə pozulmasına səbəb olan sağlamlığa yüngül zərərvurmaya aid edilir. Azərbaycan Respublikası Səhiyyə Nazirliyi “Məhkəmə-Tibbi Ekspertiza və X3” X4 xx.xx.2025-ci il tarixli, 1756 nömrəli rəyindən görünür ki, İbrahimova Aynurə Fəaliyyət qızının bədəni üzərində aşağıdakı xəsarətlər vardır: Alnın sağ hissəsinin hematoması, döş qəfəsinin, sağ diz oynağının yumşaq toxumalarının şişkinlik fonunda əziyi, sağ budun orta 1/3-nin bayır səthinin qançırı. Qeyd olunan xəsarətlər küt əşyanın (əşyaların) təsirindən törənmişdirlər, törənmə müddəti zərərçəkənin Sumqayıt şəhər TTYX -nın zədə məntəqəsinə müraciət etdiyi vaxtdan az əvvəl olmaqla qərarda göstərilən vaxtda və şəraitdə yəni 03.11.25-ci il tarixdə YNH-si zamanı əmələ gələ bilərdi və dərəcəsinə görə sağlamlığın qısa müddətə pozulmasına səbəb olmuş sağlamlığa yüngül zərərvurmaya aiddir. Cinayət işinin başlanmasının rədd edilməsi haqqında xx.xx.2025-ci il tarixli qərardan görünür ki, toplanmış material üzrə cinayət işinin başlanması rədd edilmiş, Şəxs barəsində Azərbaycan Respublikasının İXM-nin 327.8-ci maddələri ilə nəzərdə tutulan inzibati tənbeh tədbirlərinin görülməsindən ötrü qəbul edilmiş qərarın surəti Sumqayıt ŞPİ-nin DYPŞ-yə göndərilmişdir. Zərər çəkmiş şəxs İbrahimova Aynurə Fəaliyyət qızı Sumqayıt ŞPİ-də izahatında bildirmişdir ki, xx.xx.2025-ci il tarixdə saat 09:15 radələrində VAZ21070 markalı **-CC-*** dövlət qeydiyyat nişanlı taksi avtomobilində qabaq oturacaqda sərnişin qismində əyləşməklə Sumqayıt şəhəri, S.Vurğun küçəsi ilə üzü Sumqayıt şəhəri istiqamətində hərəkətdə olduğu zaman, Socarın Etilen-Polietilen zavoduna çatdıqda qarşı əks hərəkət yolu ilə düzünə hərəkət edən KİA markalı avtomobilin qarşısında sola dönmə manevri etməsi səbəbindən avtomobillər arasında toqquşma baş vermişdir. Hadisə nəticəsində alın nahiyəsinin avtomobilin şitinə dəyməsi və bədənin digər nahiyələri avtomobilin salonunun hissələrinə dəyməsi nəticəsində müxtəlif dərəcəli xəsarətləri almış, hadisə yerinə gələn X5 maşını vasitəsilə ilə xəstəxanaya çatdırılmışdır. Xəsarət alması ilə bağlı təqsirkar sürücü barəsində şikayətçi deyil. Zərər çəkmiş şəxs Paşayev Rafiq Abdulrəhman oğlu Sumqayıt ŞPİ-də izahatında bildirmişdir ki, xx.xx.2025-ci il tarixdə saat 09:15 radələrində etibarnamə əsasında idarə etdiyi və taksi kimi fəaliyyət göstərdiyi VAZ21070 markalı **-CC-*** dövlət qeydiyyat nişanlı avtomobillə Sumqayıt şəhəri, S.Vurğun küçəsi ilə üzü Sumqayıt şəhəri istiqamətində təxminən 50-60 km/saat surətlə düzünə hərəkət etdiyi zaman, Socarın Etilen-Polietilen zavoduna çatdıqda qarşı əks hərəkət yolu ilə düzünə hərəkət edən KİA markalı avtomobilin sürücüsü aralarında təxminən 1 metr ara məsafəsi olduğu zaman qarşısında sola zavod istiqamətində dönmə manevri etməyə başlamış, Həmin an o, dərhal tormoz əyləcinə təzyiq etsə də, aralarında olan məsafə kiçik olduğundan avtomobilinin qabaq hissəsi həmin avtomobilin sağ yan hissəsindən toqquşmuş, hadisə nəticəsində özü, avtomobildə sərnişin qismində olmuş Türkan və Aynurə adlı qadınlar müxtəlif dərəcəli bədən xəsarətləri almış, hadisə yerinə gələn X5 maşını vasitəsilə ilə xəstəxanaya çatdırılmışlar. Hadisə vaxtı ayıq vəziyyətdə olmuş, spirtli içkinin və narkotik vasitənin təsiri altında olmamışdır. “Yol hərəkəti haqqında” Azərbaycan Respublikası Qanununun 36-cı maddəsinin 1-ci hissəsinin 3-cü bəndinə əsasən yol hərəkətinin iştirakçıları yol hərəkəti üçün təhlükəsiz şərait yaratmalı, öz hərəkətləri və ya hərəkətsizliyi ilə digər hərəkət iştirakçılarına, onların nəqliyyat vasitələrinə və başqa əmlakına zərər vurmamalıdırlar. Həmin Qanununun 50-ci maddəsinin 1-ci hissəsinə əsasən sürücü hərəkətin intensivliyini, nəqliyyat vasitəsinin, yükün xüsusiyyətlərini və vəziyyətini, yol və meteoroloji şərati, xüsusən hərəkət istiqamətində görmə şəraitini nəzərə almaqla, nəqliyyat vasitəsini müəyyən olunmuş sürət məhdudiyyətindən çox olmayan sürətlə sürməlidir. Sürücü hərəkət üçün təhlükə yarandığını gördükdə, nəqliyyat vasitəsinin sürətini tam dayanma həddinə qədər azaltmaq üçün mümkün olan tədbirləri görməlidir. Göründüyü kimi iş üzrə ilkin araşdırma zamanı sürücünün təqsiri müəyyən edilmiş və Şəxs təqsirli hesab edilərək barəsində protokol tərtib edilmişdir. Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin: 3-cü maddəsinə əsasən, yalnız bu Məcəllə ilə nəzərdə tutulmuş inzibati xətanın törədilməsində təqsirli hesab edilən və inzibati xəta tərkibinin bütün digər əlamətlərini daşıyan əməli (hərəkət və ya hərəkətsizliyi) törətmiş şəxs inzibati məsuliyyətə cəlb olunur. 9.1-ci maddəsinin tələbinə görə, inzibati xəta törətmiş şəxs haqqında tətbiq edilən tənbeh ədalətli olmalıdır, yəni inzibati xətaların xarakterinə, onun törədilməsi hallarına və inzibati xətanı törətməkdə təqsirli bilinənin şəxsiyyətinə uyğun olmalıdır. 76.1-ci maddəsinə əsasən İnzibati xətanın olub-olmamasını, inzibati xəta törədən şəxsin təqsirini və işin düzgün həlli üçün əhəmiyyətli olan digər halları müəyyən etmək üçün hakimin, səlahiyyətli orqanın (vəzifəli şəxsin) əsaslana bildiyi hər cür faktik məlumatlar inzibati xətalar haqqında işlər üzrə sübutlar sayılır. Bu məlumatlar maddi sübutlarla, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsin, zərər çəkmiş şəxsin, şahidlərin izahatları ilə, digər sənədlərlə, xüsusi texniki vasitələrin göstəriciləri ilə, dövlət informasiya sistemlərində (ehtiyatlarında) aşkar olunan məlumatlarla, ekspertin rəyi ilə, inzibati xəta haqqında protokolla, bu Məcəllə ilə müəyyən edilmiş digər protokollarla müəyyən edilir. 84.1-ci maddəsinə əsasən inzibati xətalar haqqında işlərə baxan hakim, səlahiyyətli orqan (vəzifəli şəxs) işin bütün hallarının məcmusunun hərtərəfli, tam və obyektiv surətdə baxılmasına əsaslanan öz daxili inamı ilə sübutları qiymətləndirir. 327.8-ci maddəsinə əsasən bu Məcəllənin 327.1 - 327.6, 328 və 330-cu maddələrində nəzərdə tutulmuş xətalar nəticəsində zərər çəkmiş şəxsin sağlamlığına yüngül bədən xəsarətinin yetirilməsinə görə - üç yüz manat məbləğində cərimə edilir və ya nəqliyyat vasitəsini idarə etmək hüququ аltı аydаn bir ilədək müddətə məhdudlaşdırılır. Məhkəmə Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 32-ci maddəsinə əsasən barəsində icraat aparılan şəxsin əməlini səmimi etiraf edərək təqsirini boynuna almasını, zərər çəkmiş şəxslərin şikayətlərinin olmamasını məsuliyyətini yüngülləşdirən hal kimi nəzərə alır. Məhkəmə iclasında Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 33-cü maddəsinə əsasən barəsində icraat aparılan şəxsin məsuliyyətini ağırlaşdıran hallar müəyyən edilməmişdir. Məhkəmə inzibati tənbeh tətbiq edərkən məhkəmə xətanın xarakterini, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsin şəxsiyyətini, təqsirinin dərəcəsini, məsuliyyətini yüngülləşdirən halları, məsuliyyətini ağırlaşdıran halların olmamasını nəzərə alır və hesab edir ki, onun barəsində Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 327.8-ci maddəsinin sanksiyasında nəzrədə tutulmuş cərimə növündə inzibati tənbeh tədbirinin tətbiq edilməsi məqsədə müvafiqdir. Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 21-ci maddəsinə əsasən inzibati tənbeh məsuliyyət tədbiridir və inzibati xəta törədən şəxsi qanunlara əməl edilməsi ruhunda tərbiyələndirmək, habelə həm inzibati xəta törətmiş şəxs, həm də başqa şəxslər tərəfindən yeni inzibati xəta törədilməsinin qarşısını almaq məqsədi daşıyır. Yuxarıdakılara əsasən və Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 40, 43, 114.1.4, 115, 128-130-cu maddələrini rəhbər tutaraq, məhkəmə QƏRARA ALDİ: Şəxs Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 327.8-ci maddəsində nəzərdə tutulmuş inzibati xətanı törətməkdə təqsirli bilinərək 300 (üç yüz) manat məbləğində cərimə edilsin. Qərarın surəti təqdim edildiyi və ya alındığı gündən 10 (on) gün müddətində Sumqayıt Şəhər Məhkəməsi vasitəsi ilə və ya birbaşa Sumqayıt Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Hakim: Günel İsmayılova

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar