Azərbaycan Respublikası adından QƏRAR Sumqayıt şəhəri İş № 3(060)-3273/2025 07.01.2026 SUMQAYIT ŞƏHƏR MƏHKƏMƏSİ Hakim İsmayılov Samir Bəyistan oğlunun sədrliyi, Əkbərli Nicat Mais oğlunun katibliyi, İnzibati xəta haqqında protokol tərtib etmiş şəxs Azərbaycan Respublikası Ekologiya və Təbii Sərvətlər Nazirliyi 4 saylı Regional Ekologiya və Təbii Sərvətlər idarəsinin baş məsləhətçi müfəttişi Nümayəndə, Barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan hüquqi şəxs Şəxs nümayəndəsi və vəkili “Lider” Vəkil Bürosunun vəkili Vəkil iştirakları ilə, Şəxs (VÖEN: **********) barəsində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 233.1-ci maddəsi ilə tərtib edilmiş inzibati xəta haqqında protokola və olan əlavə edilmiş materiallara açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: Azərbaycan Respublikası Ekologiya və Təbii Sərvətlər Nazirliyi 4 saylı Regional Ekologiya və Təbii Sərvətlər İdarəsi tərəfindən Şəxs MMC-nin (VÖEN: **********) barəsində Azərbaycan Respublikası İXM-in 233.1-ci maddəsi ilə xx.xx.2025-ci il tarixli, MN seriyalı ******* nömrəli inzibati xəta haqqında protokol tərtib edilərək baxılması üçün məhkəməyə göndərilmişdir. Məhkəmə iclasında iştirak edən inzibati xəta haqqında protokol tərtib etmiş şəxs Azərbaycan Respublikası Ekologiya və Təbii Sərvətlər Nazirliyi 4 saylı Regional Ekologiya və Təbii Sərvətlər idarəsinin baş məsləhətçi müfəttişi Nümayəndə izahatında bildirmişdir ki, Sumqayıt şəhərində fəaliyyət göstərən müəssisələrədən atmosferə zərrəli maddəlrin atılması barədə Azərbaycan Respublikası Ekologiya və Təbii Sərvətlər Nazirliyinin “Qaynar xətt mərkəzi”nə daxil olmuş müraciətlə əlaqədar Sumqayıt şəhəri, Y.Məmmədov küçəsində yerləşən "xxxx" MMC-yə məxsus metaləritmə müəssisəsinin ətrafında Ekologiya və Təbii Sərvətlər Nazirliyinin X1 Monitorinq İdarəsinin əməkdaşları tərəfindən aparılan monitorinq-ölçmə zamanı atmosferə atılan zərərli maddələrin miqdarının yol verilə bilən norma həddindən artıq olması faktı müəyyən müəyyən olunmuş, bu barədə 28 noyabr 2025-ci il tarixli akt tərtib olunmuşdur. Monitorinq zamanı atmosferə qara tüstünün buraxılması müşahidə olunmuş və monitorinq "xxxx" MMC-nin direktorunun iştirak ilə aparılmışdır. Lakin, direktor MMC barəsində tərtib olunmuş aktı imzalamaqdan imtina etmişdir. Həmçinin bildirmişdir ki, ölçmə işləri hasarın kənarından aparılmış, hasarın içərisində "xxxx" MMC-dən başqa digər müəssisələrin olub-olmaması barədə dəqiq bilmir. Lakin, onu deyə bilər ki, həmin hasarın içərisində tüstü borusu məhz "xxxx" MMC-yə məxsusdur. Bu barədə hər hansı təsdiq edici sübutu olmasa da, bu barədə məlumatlıdırlar və MMC-nin direktoru da bunu şifahi şəkildə etiraf etmişdir. Həmçinin bildirmişdir ki, onlar müəssisədə yoxlama keçirilməsi ilə reyestrdən çıxarış əldə etməmişlər, heç buna zərurət də yoxdur, çünki onlar konkret müəssisədə yoxlama aparmamışlar, ümumi monitorinq həyata keçirmişlər və monitrinq zamanı xəta aşkar edilmişdir. Real vəziyyət monitorinqölçmə zamanı müəyyən edilmiş və bu səbəbdən də inzibati xəta haqqında protokol tərtib edilmişdir. Atmosferə atılan zərərli maddələrin miqdarı “Ankat-64M3-03” cihazı vasitəsi ilə aparılmışdır. Ərazinin fotoşəkilləri çəkilmiş və iş materiallarına əlavə olunmuşdur. Qeyd edilən səbəbdən də Şəxs MMC-nin barəsində Azərbaycan Respublikası İXM-in 233.1-ci maddəsi ilə inzibati xəta haqqında protokol tərtib edilmişdir. Göstərilən halları nəzərə alaraq Şəxs MMC-nin Azərbaycan Respublikası İXM-in 233.1-ci maddəsi ilə təqsirli bilinərək barəsində müvafiq inzibati tənbeh tədbirinin tətbiq edilməsini xahiş etmişdir. Məhkəmə iclasında iştirak edən barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan hüquqi şəxs Şəxs MMC-nin nümayəndəsi və vəkili “Lider” Vəkil Bürosunun vəkili Vəkil bildirmişdir ki, 4 saylı Regional Ekologiya və Təbii Sərvətlər İdarəsinə daxil olmuş vətəndaş müraciətini araşdırmaq üçün əməkdaşlar müəssisəyə gəlmiş və ekologiya sahəsi üzrə qanunvericiliyin tələbinə riayət edilib-edillməməsi halının yoxlanılması məqsədilə müəssisədə monitorinq aparılmışdır. Qanunvericiliyin tələbinə əsasən monitorinq özü bir yoxlama tədbiri hesab edilir və bu səbəbdən də belə bir monitorinq yalnız yoxlamaların vahid reyestrində qeydiyyata alınmaqla həyata keçirilə bilər. İş materiallarına əlavə olunmuş xx.xx.2025-ci il tarixli, 00394 nömrəli aktda monitorinqin keçirilməsi məqsədilə müəssisənin sahibkarlıq fəaliyyəti göstərildiyi yerə gəldiyi və müəssisənin ərazisinə baxış keçirilməsi barədə qərar və bu qərarın yoxlamaların dövlət reyestrində qeydiyyata alınması ilə bağlı məhkəməyə hər hansı çıxarış təqdim edilməmişdir. Bu isə həmin yoxlamanın qanunsuz aparıldığını sübut edir. Qanunsuz aparılmış yoxlamanın hüquqi nəticəsi yoxdur və belə yoxlamanın gedişində hətta hüquq pozuntusu aşkar edilsə belə sahibkar barəsində hər hansı məsuliyyət tədbiri tətbiq edilə bilməz. Beləliklə, yoxlamaların vahid resyestrində qeydiyyata alınmadan atmosfer havasının mühafizəsi ilə bağlı vətəndaş müraciəti əsasında müəssisədə aparılmış monitorinq və baxış qanunsuz sayıldığına görə bu yoxlama gedişində əldə edilmiş sübutlar da qanunazidd olaraq əldə edilmiş hesab edilir və belə sübutlar əsasında müəssisənin barəsində inzibati tənbeh tətbiq edilə bilməz. Hazırki məsələ ilə bağlı vahid məhkəmə təcrübəsinə dair müxtəlif apellyasiya məhkəmələrinin 27-dən çox qərarları nəzərə alınması üçün məhkəməyə təqdim edilmişdir. Buna görə də inzibati xəta haqqında protokol qanunsuzdur və icraata xitam verilməlidir. Müəssisə icarə müqaviləsi əsasıda ünvan 1 ünvanında anbar xidməti və satış fəaliyyəti ilə məşğul olmuşdur. Müəssisənin icarə götürdüyü əmlak Sumqayıt şəhər İH-nin xx.xx.1997-ci il arixli, 275 nömrəli sərəncamı ilə "xxxx" MMC-yə məxsusdur. Həmin əmlakın ərazisi 33 ha təşkil edir. "xxxx" MMC-nin təqdim etdiyi xx.xx.2025-ci il tarixli məktubuna və müvafiq sənədlərə əsasən həmin sahibkarlıq obyektində onların hər hansı istehsalat ilə məşğul olmadığı, istehsal ilə məşğul olan müəssisələrin isə müvafiq ekoloji sənədlərə malik olduğu tam təsdiqini tapır. Belə olan halda MMC-nin hər hansı təqsiri və baş verən hadisəyə hər hansı hadisəyə hər hansı aidiyyəti yoxdur. Buna görə də iş üzrə icraata xitam verilməlidir. Qaynar xəttə müraciət etmiş vətəndaş Telman Xanlarovun iştirakı ilə onun hansı müəssisədən şikayət etməsi, zərərli maddələrin havaya hansı istiqamətdən buraxılması halları araşdırılmamış və vətəndaşın bu hallarla bağlı izahatı alınmamışdır. Çünki, vətəndaşın yaşayış ünvanı ətrafında məhz "xxxx" MMC fəaliyyət göstərir. MMC-nin vətəndaşın yaşayış yerinə aidiyyəti yoxdur. Əgər onların müəssisəsinin yaşayış məskənlərindən narazılıq olsaydı, məhz müəssisənin ətrafında yerləşən yaşayış məskənlərindən şikayət daxil olardı. Aydın olduğu kimi vətəndaş şikayəti tamamilə süni səbəb yaratmaq üçün ekologiya qurumunun özünün sifarişi əsasında tərtib edilmişdir. Nəzərə almaq lazımdır ki, müəssisə ünvan 2 ünvanında fəaliyyət göstərir. Şikayətçi vətəndaş isə ünvan 3 ünvanında yaşayır. Aydın olduğu kimi bu ünvanlar Sumqayıt şəhərinin tamamilə əks hissələrində yerləşir və onlar arasında onlarla kilometr məsafə mövcuddur. Müəssisənin ətrafında yaşayan yüzlərlə sakin iy-qoxunu və kimyəvi maddələrin buraxılışını hiss etməmiş və bundan şikayətlənməmişdir. Amma şəhərin tam əks istiqamətində onlarla kilometr aralıda yaşayan vətəndaş iy-qoxunu hiss etməsi və müəsisədən zəhərli maddələrin atıldığını görməsi reallığı əks etdirmir. Bu tamamilə gülünc və absurd haldır. Müəssisəni həmin vətəndaş fiziki ərazi baxımından ümumiyyətlə, görə bilməzdi. Digər diqqət çəkən məqam vətəndaş müraciətində qeyd edilən halların monitorinqin gəldiyi nəticə ilə ziddiyyət təşkil etməsidir. Belə ki, vətəndaş öz müraciətində havaya kimyəvi maddələr buraxıldığını qeyd edir. Lakin, aparılmış monitorinqin nəticəsinə əsasən guya müəssisə tərəfindən atmosfer havasına normadan artıq CO-nun (dəm qazının) buraxıldığı müəyyən edilib. Məlum olduğu kimi kimyəvi adı karbon-monooksid olan dəm qazı gözlə görünməyən, rəngsiz, iysiz, dadsız, havadan yüngül, suda pis həll olunan qazdır. Yəni, vətəndaşın şikayəti gözlə görünən və qoxu-iyə səbəb olan kimyəvi maddələr olduğuna görə həmin çirklənmənin mənbəyini heç bir halda dəm qazının miqdarının artıq olması təşkil edə bilməzdi. Bu bir daha sifariş əsasında formal əsaslı şikayət yazıldığını və bu vasitə ilə müəssisələrin fəaliyyətinə qanunsuz müdaxilə üçün süni zəmin yaradıldığını sübut etmiş olur. Hazırkı iş üzrə pozuntu hallarından biri də yoxlamanın birtərəfli qayadada aparılmasıdır. Belə ki, yoxlama aktlarında müəssisənin nümayəndəsinin iştirak etdiyi yalandan qeyd edilsə də, aktlar onun iştirakı ilə tərtib edilməmiş və öz qeydlərini əlavə etmək, habelə imzalamaq üçün ona təklif edilməmişdir. Əks halda bütün qanunsuzluqlar barədə həmin aktlara müvafiq qeydlər əlavə edilə bilərdi. İnzibati orqan yerləşmə yeri və kimliyi məlum olmayan şəxslərin yer aldığı bəzi foto şəkilləri məhkəmə bildirişindən sonra onlara təqdim etsələr də, həmin görüntülərin hansı şəraitdə çəkildiyi və görüntülərdə olanların şəxsiyyəti MMC-yə məlum deyildir. Həmçinin həmin görüntülərdə hər hansı aktın tərtib edildiyi də öz əksini tapmır. Bu isə aktları MMC-yə məlum olmayan şəraitdə tərtib edildiyini təsdiq edir. Digər tərəfdən həmin aktlarda CO göstəricisi qeyd edilsə də, həmin göstəricinin normadan artıq olmasına dair əsaslandırma normativ sənəd və sübut məhkəməyə təqdim edilməmişdir. Bu isə normadan artıq çirklənmənin mövculuğunu şübhə altına alır. Həmçinin, ölçmə zamanı atmosfer havasının tərkibinin ANKAT 64 M3-04 markalı ölçmə vasitəsi ilə yoxlanıldığı qeyd edilir. Bəhs edilən cihaz Rusiya Federasiyasında istehsal edilir. İstehsalçının təsdiq etdiyi istifadəçi təlimatına əsasən həmin cihazın təyinatı magistral neft kəmərlərinin istismarı ilə bağlı sahələrdə müvafiq ölçmələrin aparılması işlərinin təşkilidir. Belə olan halda bu cihazdan qeyri təyinatı üzrə istifadə etmək və onun nəticəsini də inzibati məsuliyyətə cəlb etmək üçün istifadə etmək tamamilə qanunsuzdur. Beləliklə, iddia edilən pozuntuya müəssisənin hər hansı aidiyyətının, hər hansı inzibati xəta hadisəsinin olmamasını və aparılmış qanunsuz yoxlamanın nəticəsində tərtib edildiyini nəzərə alaarq inzibati xəta haqqında protokol tamamilə qanunsuzdur və bu səbəbdən iş üzrə icraata xitam verilməlidir. Göstərilənləri nəzərə alaraq Şəxs MMC-nin barəsində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 233.1-ci maddəsi ilə başlanmış inzibati xəta haqqında iş üzrə icraata xitam verilməsini xahiş etmişdir. Məhkəmə proses iştirakçılarını dinləyib, iş materiallarını araşdıraraq hesab edir ki, Şəxs MMC-nin Azərbaycan Respublikası İXM-in 233.1-ci maddəsi ilə nəzərdə tutulmuş inzibati xətanı törətməsi sübuta yetirilməmiş, o cümlədən təqsirliliyin sübuta yetirilməsində qanuna zidd olaraq əldə edilmiş sübutlar məhkəməyə təqdim edilmişdir. Belə ki, iş materiallarına əlavə edilmiş Azərbaycan Respublikası Ekologiya və Təbii Sərvətlər Nazirliyi X1 Monitorinq İdarəsinin əməkdaşları tərəfindən tərtib olunmuş 28 noyabr 2025-ci il tarixli, 91619 №li aktın surətindən görünür ki, Ekologiya və Təbii Sərvətlər Nazirliyinin qaynar xətt xidmətindən daxil olan xx.xx.2025-ci il tarixli, İD32687 və digər müraciətlərin icrası ilə əlaqədar Sumqayıt şəhəri, Y.Məmmədov küçəsində yerləşən "xxxx" MMC-yə məxsus metaləritmə müəssisəsinin ətraf ərazisində monitorinq keçirilmişdir. Monitorinq zamanı ərazidə tüstü və qoxu müşahidə olunmuş, monitorinq ölçmə işləri “Ankat-64M3-03” cihazı vasitəsi ilə aparılmış və ölçmənin nəticələrinə görə həmin ərazidə CO (dəm qazı) – 45,7 mq/m3 (norma 20 mq/m3) təşkil etmişdir ki, bu da ətraf mühit üçün yol yol verilə bilən normadan artıqdır. İş materiallarına əlavə edilmiş Azərbaycan Respublikası Ekologiya və Təbii Sərvətlər Nazirliyi 4 saylı Regional Ekologiya və Təbii Sərvətlər İdarəsinin əməkdaşları tərəfindən tərtib olunmuş 14 noyabr 2025-ci il tarixli, 003934 nömrəli aktdan görünür ki, 4 saylı Regional Ekologiya və Təbii Sərvətlər İdarəsindən daxil olan xx.xx.2025-ci il tarixli, 982/4RETSİ-43 qeydiyyat nömrəli məktubun icrası ilə əlaqədar Sumqayıt şəhəri, Y.Məmmədov küçəsində yerləşən "xxxx" MMC ətrafında mpnitorinq seçilmiş və monitorinq zamanı atmosferdə qara tüstü müşahidə edilmişdir. Hadisənin fotoşəkilləri çəkilmiş və akta əlavə olunmuşdur. İş materiallarında olan xx.xx.2025-ci il tarixli MN seriyalı ******* nömrəli inzibati xəta haqqında protokoldan görünür ki, xx.xx.2025-ci il tarixdə monitorinq-ölçmə zamanı Sumqayıt şəhəri, Y.Məmmədov küçəsində yerləşən "xxxx" MMC-yə məxsus metaləritmə müəssisəsindən atmosferə atılan zərərli maddələrin miqdarı yol verilə bilən normativdən artıq olması müəyyən edilmişdir. Bununla da Şəxs MMC tərəfindən Azərbaycan Respublikası İXM-in 233.1-ci maddəsində nəzərdə tutulmuş inzibati xəta törədilmişdir. İş materiallarına əlavə olunmuş xx.xx.2024-cü il tarixli icarə müqaviləsindən görünür ki, "xxxx" MMC-yə məxsus 110 kv.m anbar saxlama sahəsi "xxxx" MMC tərəfindən icarəyə götürülmüşdür. İş materiallarına əlavə edilmiş Ekologiya və Təbii Sərvətlər Nazirliyi Dövlət Ekspertiza İdarəsi ilə razılaşdırılaraq xx.xx.2008-ci ildə təsdiq edilmiş "xxxx" MMC-yə aid ekoloji pasportun 4-cü səhifəsində göstərilmişdir ki, "xxxx" MMC-də 2 istehsal sahəsi var.1-ci sahədə (Kimyaçılar küçəsi, 28) mis, paslanmayan metal külçələri, 2-ci sahədə (Sumqayıt şəhər zibilxanası) qurğusuş və alüminiüm külçələr istehsal olunur. İş materiallarına əlavə edilmiş “Tex-Eko Mərkəz” ilə razılaşdırılaraq xx.xx.2005-ci ildə təsdiq edilmiş "xxxx" MMC-yə aid yol verilən tullantı həddi normativləri laiyhəsini ekoloji pasportun 9-cu və 25-ci səhifələrində göstərilmişdir ki, müəssisə yaşayış massivlərindən uzaqda yerləşir. Yaşayış zonasında uzaqda yerləşməsi ilə əlaqədar obyektin yaşayış rayonu atmosferinə təsiri azdır. Müəssisədə istehsal zamanı sobada yanacaq kimi təbii qazdan istifadə olunur. Yanma prosesi zamanı əmələ gələn qazlar müvafiq olaraq borular vasitəsilə atmosferə atılır. İl ərzində istifadə olunan 360 min kub.m-dir. Bu rəqəm istehsala uyğun olaraq işçi müddəti ilə xarakterizə olunur. Yanacağın miqdarı və qurğunun əsas texniki parametrləri hər ilin yekuna görə 2 tip statistik (atmosfer havası üzrə) hesabatında yanacağın miqdarına görə nəzərə alınır. Soba istifadə olunan təbii qazın yanması zamanı atmosferə əsas etibarı ilə karbon və azot oksidlər ayrılır. İş materiallarına əlavə edilmiş "xxxx" MMC-nin məhkəməyə ünvanlanmış ərizəsindən görünür ki, ünvan 5şən istehsalat fabriki və anbar sahələri Sumqayıt şəhər İH-nin xx.xx.1997-ci il tarixli 275 nömrəli sərəncamı əsasən müəssisənin xüsusi mülkiyyətindədir. Müxtəlif müəssisələr (Xəzər -2019, Azmetal -2020 , Kainat -2022 , Niton -2023 , Steel - 2024 , Metsan 2024 MMC və s. ) icarə müqavilələri əsasında onlardan əmlak sahələri icarəyə götürmüş və anbar-satış istiqaməti üzrə sahibkarlıq fəaliyyəti ilə məşğul olmuşdur. Müəssisə, yəni "xxxx" MMC həm anbar sahələrini icarəyə verməklə icarə fəaliyyəti ilə, həm də metal əritməsi üzrə istehsal fəaliyyəti ilə məşğul olur. Şəxs MMC tərəfindən yalnız anbar sahəsi icarəyə götürülmüşdür. Sözügedən müəssisə istehsal fəaliyyəti ilə məşğul olmamışdır. 2025-ci ilin noyabr ayında sözügedən zavodda onlar istehsal fəaliyyəti ilə məşğul olmuşlar. Müəssisənin isə ekoloji pasportu, tullantıların normativləri, uyğunluq sertifikatı və digər müvafiq sənədləri mövcud olmuşdur. Lakin, Şəxs MMC istehsal fəaliyyəti ilə məşğul olmadığı üçün onun fəaliyyəti üçün ekoloji sənədlər tələb edilməmişdir. Müəssisəyə məxsus ərazidə ETSN-nin 4 saylı Regional Ekologiya və Təbii Sərvətlər İdarəsinin əməkdaşları tərəfindən 2025-ci ilin noyabr ayında yoxlama keçirilmiş və Şəxs MMC barəsində inzibati xəta haqqında protokol tərtib edilmişdir. Ümumiyyətlə, yoxlamanın keçirilməsi barədə müəssisəyə hər hansı sənəd təqdim edilməmiş, yoxlamada onların iştirakları təmin edilməmiş və istehsal fəaliyyətinə aidiyyəti olmayan şəxs, yəni icarəçi Şəxs MMC barəsində qanunsuz inzibati xəta haqqında protokol tərtib edilmişdir. Bu hal isə təqsiri olmayan həmin müəssisənin haqlı narazılığına səbəb olmuşdur. Müəssisənin istehsal fəaliyyəti ilə əlaqədar olaraq ətraf mühitə zərərli təsiri yoxdur, standartlara cavab verən və sertifikatlaşdırılmış hava təmziləyici qurğulardan istifadə edilir, lazımi ekoloji sənədləri mövcuddur, zəruri olanlar isə yenilənir. Lakin, bu sənədlərə baxmadan və müəssisəni araşdırmaya cəlb etmədən istehsal fəaliyyətinə aidiyyəti olmayan şirkət barəsində qanunsuz inzibati xəta haqqında protokol tərtib edilmişdir. Ərizəyə əlavə edilmiş sənədlərin İXM-nin 76-ci və 80-ci maddələrinə uyğun olaraq yazılı sübut kimi nəzərə alınmasını məhkəmədən xahiş edilmişdir. Beləliklə də, məhkəmə araşdırması zamanı, təqdim edilmiş sübutlarla Şəxs MMC-nin istehsal fəaliyyəti ilə məşğul olması, o cümlədən Şəxs MMC tərəfindən atmosfer havasına zərərli maddələrin buraxılması sübuta yetirilməmişdir. Belə ki, protokol tərtib etmiş orqan əvvəla Şəxs MMC-nin konkret hansı fəaliyyətlə məşğul olmasını müəyyən etməmiş, bundan əlavə MMC-nin yerləşdiyi ərazinin kimə məxsus olması və həmin ərazidə hasar daxilində hansı müəssisələrin olub-olmamasını müəyyən etməmişdir. İnzibati xəta haqqında protokol tərtib etmiş şəxs məhkəmə iclasında bununla bağlı hər hansı sübut təqdim edə bilməmiş, yalnız ümumi şəkildə bu barədə məlumatlı olduqlarını qeyd etmiş və MMC-nin direktorunun şifahi formada onlara etirafının olmasını bildirmişdir. Lakin, qeyd edilən sonuncu halı təsdiq edən hər hansı sübutu da məhkəməyə təqdim etməmişdir. Qeyd edilənlərlə yanaşı məhkəmə hesab edir ki, sahibkarlıq subyektində aparılmış monitorinq zamanı “Sahibkarlıq sahəsində aparılan yoxlamaların tənzimlənməsi və sahibkarların maraqlarının müdafiəsi haqqında” Azərbaycan Respublikası Qanununun tələblərinə də riayət edilməmişdir. Belə ki, həmin Qanunun 2.1-ci maddəsinə əsasən bu Qanun yoxlayıcı orqanlar tərəfindən sahibkarlıq fəaliyyətinin həyata keçirildiyi yerlərə gəlməklə aparılan bütün növ yoxlama tədbirlərinə, o cümlədən araşdırmalar, müayinələr, monitorinqlər, müşahidələr, təftişlər, nəzarətlər, xronometrajlar, reydlər, baxışlar və digər bu cür tədbirlərə şamil edilir. Qanunun 2.2-ci maddəsində isə bu Qanunun şamil edilmədiyi yoxlamaların siyahısı verilmişdir. Qeyd olunan normadan aydın olduğu kimi hazırki iş üzrə aparılan monitorinq “Sahibkarlıq sahəsində aparılan yoxlamaların tənzimlənməsi və sahibkarların maraqlarının müdafiəsi haqqında” Azərbaycan Respublikası Qanununun 2.1-ci maddəsinin təsiri altına düşür. Həmin Qanunun 3.1-ci maddəsinə əsasən yoxlamalar Azərbaycan Respublikası Rəqabət Məcəlləsinin tələbləri nəzərə alınmaqla yalnız bu Qanunda nəzərdə tutulmuş hallarda və qaydada aparılır. Həmin Qanunun 3.2-ci maddəsinə əsasən bu Qanun və onun əsasında qəbul edilmiş digər normativ hüquqi aktların tələblərinin pozulması ilə, o cümlədən yoxlamaların vahid məlumat reyestrində qeydə alınmadan aparılan yoxlamaların hüquqi nəticəsi yoxdur. Bu cür yoxlamaların gedişində aşkar edilmiş sahibkarlıq fəaliyyətinə dair məcburi tələblər müəyyən edən Azərbaycan Respublikası qanunlarının və onlara uyğun qəbul olunmuş digər normativ hüquqi aktların pozulması (bundan sonra – qanun pozuntusu) faktları ilə bağlı məsuliyyət tədbirləri tətbiq edilə bilməz. “Sahibkarlıq sahəsində aparılan yoxlamaların dayandırılması haqqında” Qanunun 2.1-ci maddəsində göstərilmişdir ki, Bu Qanunun 1-ci maddəsində nəzərdə tutulmuş müddətdə (xx.xx.2026-cı ilədək) yalnız vergi yoxlamaları, maliyyə bazarları sahəsində aparılan yoxlamalar, gömrük auditi, müvafiq icra hakimiyyəti orqanı tərəfindən özəl tibb fəaliyyətinin subyektlərində aparılan yoxlamalar, eləcə də dərman vasitələrinin keyfiyyəti, təhlükəsizliyi qaydalarına riayət edilməsi və qida və yem məhsullarının təhlükəsizliyinə nəzarətin həyata keçirilməsi ilə bağlı yoxlamalar, yanğın nəzarəti, tikintiyə dövlət nəzarəti, təhlükə potensiallı obyektlərin və dağ-mədən sahələrinin təhlükəsiz istismarına nəzarət və radiasiya təhlükəsizliyinə nəzarət sahəsində yoxlamalar, enerji, su, kanalizasiya və qaz təchizatı müəssisələrinin səlahiyyətli nümayəndələri tərəfindən sahibkarlıq subyektlərinin elektrik, su, istilik və qaz sayğaclarının göstəricilərinin oxunması zamanı müəyyən edilən həmin sayğaclara müdaxilə, habelə sayğacdan kənar paylayıcı şəbəkəyə və ya istilik şəbəkəsinə qanunsuz qoşulma (təchizat müəssisəsinin razılığı olmadan şəbəkəyə qoşulma) hallarının araşdırılması ilə bağlı yoxlamalara, “Cinayət yolu ilə əldə edilmiş əmlakın leqallaşdırılmasına və terrorçuluğun maliyyələşdirilməsinə qarşı mübarizə haqqında” və “Hədəfli maliyyə sanksiyaları haqqında” Azərbaycan Respublikası qanunlarının tələblərinə əməl edilməsinə nəzarətin həyata keçirilməsi ilə bağlı “Cinayət yolu ilə əldə edilmiş əmlakın leqallaşdırılmasına və terrorçuluğun maliyyələşdirilməsinə qarşı mübarizə haqqında” Azərbaycan Respublikasının Qanunu ilə müəyyən edilmiş nəzarət orqanları tərəfindən həyata keçirilən yoxlamalar, habelə insanların həyat və sağlamlığına, dövlətin təhlükəsizliyinə və iqtisadi maraqlarına mühüm təhlükə yaradan hallar üzrə siyahısı müvafiq icra hakimiyyəti orqanı tərəfindən müəyyən edilən yoxlamalar aparıla bilər. Həmin yoxlamalar müvafiq icra hakimiyyəti orqanı tərəfindən müəyyən edilən məhdudiyyətlər nəzərə alınmaqla aparılır. “Sahibkarlıq sahəsində aparılan yoxlamaların dayandırılması haqqında” Azərbaycan Respublikasının 2015-ci il 20 oktyabr tarixli 1410-İVQ nömrəli Qanununun tətbiqi və sahibkarlıq sahəsində aparılan yoxlamaların dövlət tənzimlənməsinə dair əlavə tədbirlər barədə” 26 oktyabr 2015-ci iltarixli 660 saylı Azərbaycan Respublikası Prezidentinin Fərmanı ilə təsdiq edilmiş əlavədə “Sahibkarlıq sahəsində aparılan yoxlamaların dayandırılması haqqında” Azərbaycan Respublikası Qanununun 1-ci maddəsində nəzərdə tutulan müddətdə sahibkarlıq fəaliyyəti ilə məşğul olan fiziki şəxslər, dövlət mülkiyyətində olmayan və paylarının (səhmlərinin) nəzarət zərfi dövlətə məxsus olmayan hüquqi şəxslər barəsində aparıla bilən yoxlamaların siyahısı göstərilir. Həmin Fərmanla təsdiq edilmiş əlavədə qeyd edilir ki, Siyahının 1-ci hissəsində nəzərdə tutulmamış, lakin insanların həyat və sağlamlığına, dövlətin təhlükəsizliyinə və iqtisadi maraqlarına mühüm təhlükə yaradan təxirəsalınmaz hallarda yoxlamalar müstəsna qaydada aidiyyəti yoxlayıcı orqanın əsaslandırılmış müraciəti əsasında Azərbaycan Respublikasının İqtisadiyyat və Sənaye Nazirliyinin razılığı ilə aparılır. Bu halda Azərbaycan Respublikasının İqtisadiyyat və Sənaye Nazirliyi sahibkarların hüquqlarının müdafiəsi üçün zəruri hesab etdikdə yoxlama həmin Nazirliyin əməkdaşının iştirakı ilə aparılır. Yuxarıda qeyd edilən normativ hüquqi aktların tələblərindən də göründüyü kimi, sahibkarlıq subyektində yoxlamaların aparılması müvafiq qanunla tənzimlənir. Həmin Qanuna və tətbiqi barədə Fərmana nəzər saldıqda məlum olur ki, Azərbaycan Respublikası Ekologiya və Təbii Sərvətlər Nazirliyi orada qeyd edilməmişdir. Belə olan halda hazırkı iş üzrə yoxlayıcı orqan “Sahibkarlıq sahəsində aparılan yoxlamaların dayandırılması haqqında” Azərbaycan Respublikasının 2015-ci il 20 oktyabr tarixli 1410İVQ nömrəli Qanununun tətbiqi və sahibkarlıq sahəsində aparılan yoxlamaların dövlət tənzimlənməsinə dair əlavə tədbirlər barədə” 26 oktyabr 2015-ci iltarixli 660 saylı Azərbaycan Respublikası Prezidentinin Fərmanına uyğun olaraq əsaslandırılmış müraciəti əsasında Azərbaycan Respublikasının İqtisadiyyat və Sənaye Nazirliyinin razılığı ilə sahibkarlıq subyektində yoxlamanı həyata keçirməli idi. Məhkəmə araşdırması zamanı həmin razılığın olmasını təsdiq edən sübut müəyyən edilməmişdir. “Sahibkarlıq sahəsində aparılan yoxlamaların tənzimlənməsi və sahibkarların maraqlarının müdafiəsi haqqında” Azərbaycan Respublikası Qanununun 13.1-ci maddəsinə əsasən Sahibkarlarda yoxlamaların aparılmasının dövriliyi, ardıcıllığı, təkrarlanması və nəticələri haqqında tam və operativ məlumatın əldə olunması məqsədi ilə müvafiq icra hakimiyyəti orqanı tərəfindən yoxlamaların vahid məlumat reyestri aparılır. Həmin qanunun 13.2-ci maddəsinə əsasən Sahibkarlıq sahəsində aparılan yoxlamaların vahid məlumat reyestrinin forması və aparılması qaydası müvafiq icra hakimiyyəti orqanı tərəfindən təsdiq edilir. Həmin qanunun 13.3-cü maddəsinə əsasən yoxlayıcı orqanlar apardıqları hər bir yoxlama barədə məlumatı bu Qanunun 13.2-ci maddəsində nəzərdə tutulmuş qaydaya uyğun olaraq müvafiq icra hakimiyyəti orqanına verməyə borcludurlar. Həmin qanunun 13.4-cü maddəsinə əsasən Yoxlayıcı orqanlar sahibkarlıq sahəsində aparılan yoxlamaların vahid məlumat reyestrində qeydiyyata alınmış və hər hansı səbəbdən aparılmamış yoxlama barədə məlumatı həmin səbəblər göstərilməklə, yoxlamanın aparılması nəzərdə tutulan tarixdən beş iş günü müddətində müvafiq icra hakimiyyəti orqanına verməlidirlər. Həmin qanunun 13.5-ci maddəsinə əsasən Yoxlamaların vahid məlumat reyestrini aparan müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqan (qurum) bu Qanunun tələblərinə uyğun olaraq təqdim edilmiş yoxlamaları reyestrdə qeydiyyata almalıdır. Belə olan halda məhkəmə hesab edir ki, yoxlayıcı orqan tərəfindən aparılmış yoxlama “Sahibkarlıq sahəsində aparılan yoxlamaların tənzimlənməsi və sahibkarların maraqlarının müdafiəsi haqqında” Azərbaycan Respublikası Qanununun tələblərinə riayət edilməməklə aparıldığından bu cür yoxlamanın və ya monitorinqin gedişində aşkar edilmiş sahibkarlıq fəaliyyətinə dair məcburi tələblər müəyyən edən Azərbaycan Respublikası qanunlarının və onlara uyğun qəbul olunmuş digər normativ hüquqi aktların pozulması faktları ilə bağlı məsuliyyət tədbirləri tətbiq edilə bilməz o, cümlədən yoxlamaların vahid məlumat reyestrində qeydə alınmadan aparılan yoxlamaların və monitorinqlərin hüquqi nəticəsi yoxdur. Bundan əlavə məhkəmə hesab edir ki, monitorinq zamanı aparılmış ölçmələr də qanunvericiliyin tələbləri pozulmaqla həyata keçirilmişdir. Belə ki, “Ölçmələrin vəhdətinin təmin edilməsi haqqında” Azərbaycan Respublikası qanununun 10.8-ci maddəsinə əsasən Ölçmə vasitələrinin dövlət reyestrinə daxil edilməmiş ölçmə vasitələrinin istismarı qadağandır. “Ətraf mühitin və təbii ehtiyatların dövlət monitorinqinin aparılması qaydaları haqqında” Əsasnaməyə əsasən, ətraf mühitin monitorinqi- təbii və antropogen təsirlər nəticəsində ətraf mühitə yayılan zərərli qaz, maye və bərk haldakı tullantılara kəmiyyət və keyfiyyət cəhətdən nəzarətin elmi əsaslarla həyata keçirilməsi olub, hava, su, torpaq mühitlərinin vəziyyətlərinin qiymətləndirilməsi və proqnozlaşdırılması məqsədilə onların kimyəvi tərkibini, çirklənmə dərəcəsini, radioaktiv, hidrobioloji xüsusiyyətlərini, fiziki xassələrini müəyyən edən müntəzəm müşahidə və tədqiqatlar sistemindən ibarətdir. Atmosfer havasının çirklənməsinin monitorinqi - təbii proseslər və antropogen fəaliyyət nəticəsində atmosferə atılan zərərli qaz, maye və bərk tullantılara kəmiyyət və keyfiyyət cəhətdən nəzarətin elmi əsaslarla həyata keçirilməsindən ibarətdir. Atmosfer havasında kükürd, karbon və azot oksidləri, toz, qurum, fenol, freon və digər zərərli maddələrin qatılığını müəyyənləşdirmək üçün üç kateqoriyadan ibarət müşahidə və nəzarət məntəqələri təşkil edilir: stasionar müşahidə məntəqələri sistematik və uzun müddətli müşahidələr aparılması üçün nəzərdə tutulur. Bu məntəqələr hava nümunələrinin götürülməsi, atmosferə atılan tullantıların fasiləsiz qeydiyyatının aparılması və meteoroloji parametrlərin müəyyənləşdirilməsi üçün zəruri olan cihaz və avadanlıqlarla təchiz olunur; səyyar məntəqələr tələb olunan yerlərdə və istənilən vaxtlarda ölçü cihazları vasitəsilə müntəzəm olaraq müşahidələr aparmaq, hava nümunələri götürmək və meteoroloji müşahidələr aparılması üçün nəzərdə tutulur; məşəlaltı postlar tüstü və qaz məşəlləri altında birdəfəlik müşahidələr aparmaq üçün nəzərdə tutulur. Atmosfer havasının çirklənməsi üzərində müşahidələr stasionar və səyyar məntəqələrdə aparılır. Stasionar və səyyar məntəqələr hər bir şəhərin (yaşayış məntəqəsinin) sahəsi, relyefi, sənayenin inkişafı, səyyar tullantı mənbələri və əhalinin sayı nəzərə alınmaqla aşağıdakı qaydada təşkil olunur: - əhalinin sayı - 50 minə qədər olduqda, 1 məntəqə - 50-100 min olduqda, 2 məntəqə - 100-200 min olduqda, 2-3 məntəqə - 200-500 min olduqda, 3-5 məntəqə - 0,5-1,0 mln. olduqda, 5-10 məntəqə - 1,0-2,0 mln. olduqda, 10-15 məntəqə - 2,0 mln. və çox olduqda, 15-20 məntəqə Sumqayıt şəhərində əhalinin sayının 500-dən çox olduğunu, müşahidə aparılan ərazinin Sumqayıt şəhərində Kimya Sənayesi ərazisi olduğunu nəzərə alsaq, sözügedən məntəqələrin sayı 5-10 arasında olmalıdır. Göründüyü kimi Ekologiya və Təbii Sərvətlər Nazirliyi X1 Monitorinq İdarəsinin əməkdaşları qanununun bu tələbini pozaraq ərazinin müqayisəli monitorinqini təmin etməmişdirlər. Digər tərəfdən məhkəmə qeyd etməyi zəruri hesab edir ki, hər hansı bir şəxsin əməlində Azərbaycan Respublikası İXM-in 233.1-ci maddəsində nəzərdə tutulmuş inzibati xətanın tərkibinin yaranması üçün mütləq şəkildə ətraf mühitə atılan zərərli maddələrin miqdarının yol verilə bilən normativlərdən artıq olması halı sübut ediməlidir. Həmçinin, nəzərə alınmalıdır ki, həmin inzibati xətanın baş verməsini təsdiq edən, sübut edən bu mühüm halı yalnız xüsusi texniki vasitədən istifadə edilməklə müəyyən edilə bilər. Lakin, inzibati orqan tərəfindən monitorinq aparılarkən istifadə olunan ölçmə vasitəsinin fotoşəkili də məhkəməyə təqdim edilməmişdir. Eyni zamanda, iş materiallarından görünür ki, həmin ölçmə əməliyyatı aparılarkən video çəkiliş də qeydə alınmamışdır. Beləliklə məhkəmə hesab edir ki, monitorinq zamanı toplanmış materiallar Şəxs MMC-nin inzibati məsuliyyətə cəlb edilməsi üçün əsas ola bilməz. Göstərilən səbəblərdən də, inzibati xəta haqqında protokol və toplanmış digər materiallar qanunvericiliyin tələblərinə cavab verməyən sübut növü olmaqla ondan, inzibati icraat üzrə sübut edilməli olan halların sübuta yetirilməsində istifadə edilə bilməz. Azərbaycan Respublikası İXM-in 3-cü maddəsinə əsasən, yalnız bu Məcəllə ilə nəzərdə tutulmuş inzibati xətanın törədilməsində təqsirli hesab edilən və inzibati xəta tərkibinin bütün digər əlamətlərini daşıyan əməli (hərəkət və ya hərəkətsizliyi) törətmiş şəxs inzibati məsuliyyətə cəlb olunur. Həmin Məcəllənin 8.1-ci maddəsinə əsasən, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsin təqsiri bu Məcəllədə nəzərdə tutulmuş qaydada sübuta yetmədikdə və bu, inzibati xəta haqqında iş üzrə icraata baxmış hakimin, səlahiyyətli orqanın (vəzifəli şəxsin) qüvvəyə minmiş qərarı ilə müəyyən edilmədikdə o, təqsirsiz hesab edilir. Həmin Məcəllənin 8.2-ci maddəsinə əsasən, inzibati məsuliyyətə cəlb olunmuş şəxs öz təqsirsizliyini sübut etməyə borclu deyildir. Həmin Məcəllənin 8.3-cü maddəsinə əsasən, inzibati məsuliyyətə cəlb olunan şəxsin təqsirli olması barəsində şübhələr onun xeyrinə həll edilir. Həmin Məcəllənin 53.2-ci maddəsinə əsasən hər hansı şəxs barəsində başlanılmış inzibati xətalar haqqında işlər üzrə icraata, həmçinin onun inzibati xəta törədilməsinə aidiyyəti olmadıqda və ya təqsirliliyi sübuta yetirilmədikdə, o cümlədən təqsirliliyin sübuta yetirilməsində qanuna zidd olaraq əldə edilmiş sübutlardan istifadə edildikdə xitam verilir. Həmin Məcəllənin 76.1-ci maddəsinə əsasən inzibati xətanın olub-olmamasını, inzibati xəta törədən şəxsin təqsirini və işin düzgün həlli üçün əhəmiyyətli olan digər halları müəyyən etmək üçün hakimin, səlahiyyətli orqanın (vəzifəli şəxsin) əsaslana bildiyi hər cür faktik məlumatlar inzibati xətalar haqqında işlər üzrə sübutlar sayılır. Bu məlumatlar maddi sübutlarla, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsin, zərər çəkmiş şəxsin, şahidlərin izahatları ilə, digər sənədlərlə, xüsusi texniki vasitələrin göstəriciləri ilə, ekspertin rəyi ilə, inzibati xəta haqqında protokolla, bu Məcəllə ilə müəyyən edilmiş digər protokollarla müəyyən edilir. Həmin Məcəllənin 84.1-ci maddəsinə əsasən inzibati xətalar haqqında işlərə baxan hakim, səlahiyyətli orqan (vəzifəli şəxs) işin bütün hallarının məcmusunun hərtərəfli, tam və obyektiv surətdə baxılmasına əsaslanan öz daxili inamı ilə sübutları qiymətləndirir. Həmin Məcəllənin 105.1-ci maddəsinə əsasən həmin Məcəllənin 53-cü maddəsində nəzərdə tutulmuş hallardan hər hansı biri olduqda, icraatında inzibati xəta haqqında işolan hakim və ya səlahiyyətli orqan (vəzifəli şəxs) inzibati xəta haqqında işin icraatına xitam verilməsi haqqında qərar qəbul edir. Həmin Məcəllənin 109.2-ci maddəsinə əsasən, bu Məcəllənin 53 və 104.1-ci maddələrində nəzərdə tutulmuş hallar olduqda inzibati xəta haqqında iş üzrə icraata xitam verilməsi və ya inzibati xəta haqqında iş üzrə icraatın dayandırılması barədə qərar qəbul edilir. Beləliklə, məhkəmə hesab edir ki, hazırkı iş üzrə barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan hüquqi şəxsin ona istinad edilən inzibati xətanın törədilməsində təqsiri sübuta yetirilmədiyindən, o cümlədən təqsirliliyin sübuta yetirilməsində qanuna zidd olaraq əldə edilmiş sübutlar məhkəməyə təqdim edildiyindən Şəxs MMC-nin barəsində Azərbaycan Respublikası İXM-in 233.1-ci maddəsi ilə başlanılmış inzibati xəta haqqında iş üzrə icraata xitam verilməlidir. Yuxarıda göstərilənləri və Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 40, 43, 48-51, 53, 114-117 və 128-130-cu maddələrini rəhbər tutaraq, məhkəmə QƏRARA ALDİ: Şəxs (VÖEN: **********) barəsində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 233.1-ci maddəsi ilə başlanmış inzibati xəta haqqında iş üzrə icraata xitam verilsin Qərarın surəti rəsmi qaydada verildiyi gündən 10 gün müddətində qərardan Sumqayıt Şəhər Məhkəməsi vasitəsi ilə və ya birbaşa Sumqayıt Apellyasiya Məhkəməsinə şikayət verilə bilər. Hakim: Samir İsmayılov
Məhkəmə qərarları › İş №3(060)-3273/2025
Sumqayıt Şəhər Məhkəməsi Qərar — İş №3(060)-3273/2025
07.01.2026 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver