Məhkəmə qərarları › İş №3(060)-328/2022

Sumqayıt Şəhər Məhkəməsi Qərar — İş №3(060)-328/2022

25.04.2022 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Sumqayıt şəhəri İş № 3(060)-328/2022 25.04.2022 SUMQAYIT ŞƏHƏR MƏHKƏMƏSİ Hakim Məmmədov Elçin Qüdrət oğlunun sədrliyi, Məhkəmə iclas katibi X1 katibliyilə, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs iştirakı ilə, xx.xx.1987-ci ildə Sumqayıt şəhərində doğulmuş, Azərbaycan Respublikasının vətəndaşı, fərdi əməklə məşğul olan, ünvan 1 ünvanında qeydiyyatda olan və yaşayan Şəxs Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 329.3 və 343.1-ci maddələri ilə təqsirləndirilməsinə dair Sumqayıt şəhər Polis İdarəsi Dövlət yol polis şöbəsindən daxil olmuş inzibati xəta haqqında protokol və ona əlavə olunmuş sənədlərə Sumqayıt Şəhər Məhkəməsinin binasında açıq məhkəmə iclasında baxaraq, müəyyən etdi: Şəxs barəsində Sumqayıt şəhər Polis İdarəsinin Dövlət yol polisi şöbəsinin YPX-nin inspekroru, polis baş serjantı X2 tərəfindən Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin (bundan sonra mətndə İXM) 329.3 və 343.1-ci maddələrinə əsasən 13.01.2022-ci il tarixdə inzibati xəta haqqında AP № ******* saylı protokol tərtib olunmuşdur ona görə ki, Bakı-Quba yolunun 3-cü mk-də sürücü xarici işıq cihazlarından düzgün istifadə etmədiyi üçün saxlanılmışdır. Yoxlama zamanı həkim müayinəsindən sonra müəyyən olundu ki, sürücü spirtli içki içərək avtimobili idarə etmişdir. Sürücü tibbi müayinədən imtina etmişdir. Sumqayıt Şəhər Məhkəməsinin 3(060)-328/2022 saylı, 15.02.2022-ci il tarixli qərarı ilə Şəxs İXM-nin 343.1-ci maddəsində nəzərdə tutulmuş inzibati xətanın törədilməsində təqsirli bilinmiş və 400,00 manat məbləğində cərimə olunmuşdur. Sumqayıt Şəhər Məhkəməsinin 3(060)-328/2022 saylı, 15.02.2022-ci il tarixli qərarından Şəxs tərəfindən apellyasiya şikayəti verilmiş və Sumqayıt Apelyasiya Məhkəməsinin 3(105)-183/2022 saylı, 16.03.2022-ci il tarixli qərarı ilə apellyasiya şikayəti qismən təmin olunaraq Sumqayıt Şəhər Məhkəməsinin 3(060)-328/2022 saylı, 15.02.2022-ci il tarixli qərarı ləğv edilmiş və işə yenidən baxılması üçün materiallar 31 mart 2022-ci il tarixdə Sumqayıt Şəhər Məhkəməsinə yeni məhkəmə baxışına göndərilmişdir. İXM-nin 111.1-ci maddəsinə görə inzibati xəta haqqında işə baxmağa səlahiyyəti olan hakim, orqan (vəzifəli şəxs) bu cür işlərə inzibati xəta haqqında protokolu və işin digər materiallarını aldığı vaxtdan on beş gün müddətində baxır. İnzibati xəta haqqında işə baxılması 13 aprel 2022-ci il tarixə təyin edilmişdir. Lakin inzibati xəta haqqında protokol tərtib etmiş şəxs məhkəmə iclasına gəlmədiyindən işin baxılması 25 aprel 2022-ci il tarixə təxirə salınmışdır. Məhkəmə iclasının vaxtı və yeri barədə xəbərdar edilmiş Sumqayıt şəhər Polis İdarəsi Dövlət yol polis şöbəsinin nümayəndəsi təkrarən məhkəmə iclasına gəlmədiyindən, məhkəmə işə onların iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Məhkəmə iclasında iştirak edən barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs İXM-nin 343.1-ci maddəsində nəzərdə tutulmuş inzibati xətanın törədilməsində özünü təqsirli bilməyərək izahatında qeyd etdi ki, 13.01.2022-ci il tarixdə saat 00:10 radələrində Bakı-Quba yolunda etibarnamə əsasında idarə etdiyi “Opel” markalı, **-GT-*** dövlət qeydiyyat nişanlı avtomobil ilə hərəkətdə olan zaman heç bir səbəb olmadan YPX əməkdaşları onu saxlamışlar. O avtomobili saxlamış, bundan sonra YPX əməkdaşlarından biri ona yaxınlaşaraq özünü təqdim etməyib xidməti avtomobilinə əyləşməyini bildirmiş, o da etiraz etməyib YPX əməkdaşının xidməti avtomobilinə əyləşmiş, dostu isə onun avtomobilində qalmışdır. O, YPX əməkdaşının xidməti avtomobilinə əyləşdikdən sonra heç bir səbəb olmadan onu öz avtomobili ilə Sumqayıt şəhər RND-ə aparmış, digər əməkdaş isə onun avtomobilini dostu ilə birlikdə cərimə meydançasına aparmışdır. RND-də tibbi müayinə həkimi və YPX əməkdaşından başqa heç kim olmadığı üçün sərxoşluq müayinəsinin video çəkilişlə keçirilməsini xahiş etmiş, orada bunun mümkün olmamasını bildirmişlər və o polis əməkdaşının göstərişi ilə evinə getmişdir. Bundan sonra isə videoçəkiliş və ya hal şahidi tələbini qeyd etməyərək, sərxoşluq müayinəsindən imtina etməyi barədə akt, daha sonra inzibati protokol tərtib etmişlər. Belə ki, Sumqayıt şəhər YPX əməkdaşları onu əsassız olaraq saxlamışlar, saxlama səbəblərini inzibati xəta haqqında protokolda yanlış göstərərək, Sumqayıt Şəhər Məhkəməsinə yanlış məlumat vermişlər, bu səbəbdən YPX avtomobilində yerləşən video müşahidə kamerasının görüntülərini, eyni zamanda səs müşahidə cihazının yazısını sübut qismində məhkəmə orqanına təqdim etməmişlər. Sumqayıt YPX-nin əməkdaşı və Sumqayıt şəhər RND-nin müayinə həkimi sərxoşluq vəziyyətinin müayinəsi zamanı İXMnin 69.2-ci maddəsinin tələblərini qərəzli şəkildə pozmuşlar, bütün bunlara baxmayaraq hal şahidlərinin iştirakı olmadığına görə müayinənin video çəkilişlə keçirilməsinə öz şəxsi maraqlarına görə etiraz etmiş, onun barəsində sərxoşluq müayinəsindən imtina etməyi barədə akt və protokol tərtib etmişlər. Qeyd olunanların nəzərə alınmaqla barəsində tərtib edilmiş 13.01.2022-ci il tarixdə inzibati xəta haqqında AP № ******* saylı protokola inzibati xəta tərkibi olmdığından xitam verilməsini məhkəmədən xahiş etdi. Məhkəmə İXM-nin 43-cü maddəsinə əsasən qeyd edir ki, Şəxs əməli 343.1-ci maddədən əlavə İXM-nin 329.3-cü maddəsi ilə də tövsif edilmiş və həmin növ inzibati xətaya baxılması məhkəmənin səlahiyyətinə deyil, müvafiq icra hakimiyyəti orqanının səlahiyyətinə aid olduğundan hazırkı iş üzrə onun İXM-nin 329.3-cü maddəsi ilə məsuliyyət məsələsinə baxıla bilməz. Məhkəmə iş materiallarını araşdıraraq hesab edir ki, Sumqayıt şəhər Polis İdarəsi Dövlət yol polis şöbəsi tərəfindən Şəxs barəsində 13.01.2022-ci il tarixli AP № ******* saylı protokolla İXM-nin 343.1-ci maddəsi ilə başlanmış inzibati xəta haqqında iş üzrə icraata xitam verilməlidir. İş materialına əlavə olunmuş Sumqayıt şəhər Səhiyyə şöbəsi Narkoloji Dispanserinin 122 №li 13.01.2022-ci il tarixli sərxoşluq vəziyyətinin tibbi müayinəsi aktına görə Şəxs müayinə vaxtı (13.01.2022-ci il tarixdə, saat 00:40-da) tibbi müayinədən imtina etmişdir. Məhkəmə qeyd edir ki, inzibati xəta haqqında protokol qanunvericiliyin tələblərini pozaraq tərtib edilmiş, sərxoşluq vəziyyətinin müəyyən edilməsi üçün hal şahidlərinin iştirakı olmadan tərtib edilmişdir. Halbuki İXM-nin 69.2-ci maddəsində imperativ norma kimi nəzərdə tutulmuşdur ki, şəxsi axtarış, əşyaların yoxlanılması, nəqliyyat vasitəsinə baxış, əşyaları və sənədləri götürmə, eləcə də sərxoşluq vəziyyətinin müayinəsi aparılarkən hal şahidlərinin iştirakı məcburidir. Hal şahidləri onların iştirakı ilə həyata keçirilən prosessual hərəkətləri, onların məzmununu və nəticəsini protokolda öz imzası ilə təsdiq edirlər. Qeyd olunanlara əsasən həmin protokol sübut kimi qəbul edilə bilməz. Beləliklə, Şəxs İXM-in 343.1-ci maddəsində nəzərdə tutulan inzibati xətanı törətməsi iş materialları ilə öz təsdiqini tapmamışdır, ona görə də məhkəmə belə qənaətə gəlir ki, inzibati xəta haqqında iş üzrə icraata xitam verilməlidir. İXM-nin 8.1-ci maddəsinə əsasən, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsin təqsiri bu Məcəllə ilə nəzərdə tutulmuş qaydada sübuta yetmədikdə və bu, inzibati xəta haqqında iş üzrə icraata baxmış hakimin, səlahiyyətli orqanın (vəzifəli şəxsin) qüvvəyə minmiş qərarı ilə müəyyən edilmədikdə o, təqsiri olmayan hesab edilir. Həmin Məcəllənin 8.2-ci maddəsinə əsasən inzibati məsuliyyətə cəlb olunmuş şəxs öz təqsirsizliyini sübut etməyə borclu deyildir. Həmin Məcəllənin 8.3-cü maddəsinə əsasən inzibati məsuliyyətə cəlb olunan şəxsin təqsirli olması barəsində olan şübhələr onun xeyrinə həll olunur. Həmin Məcəllənin 53.1.2-ci maddəsinə əsasən, inzibati xəta tərkibi olmadıqda inzibati xətalar haqqında işlər üzrə icraat başlanıla bilməz, başlanmış icraata isə xitam verilir. Məhkəmə hesab edir ki, Şəxs əməlində İXM-nin 333.1-ci maddəsində nəzərdə tutulmuş inzibati xəta tərkibi müəyyən edilmədiyinə görə inzibati xəta haqqında iş üzrə icraata xitam verilməlidir. İXM-nin 114.1.4-cü maddəsinə əsasən inzibati xəta haqqında işə baxılarkən inzibati xəta haqqında iş üzrə icraata xitam verilməsi haqqında qərar çıxarılır. Yuxarıdakılara əsasən və İXM-nin 53.1.2, 114.1.4, 115, 129 və 130-cu maddələrini rəhbər tutaraq məhkəmə, qərara aldı: Şəxs barəsində 13.01.2022-ci il tarixli inzibati xəta haqqında AP № ******* saylı protokolla Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 343.1-ci maddəsi ilə başlanmış inzibati xəta haqqında iş üzrə icraata inzibati xəta tərkibi olmadığına görə xitam verilsin. Qərarın surəti rəsmi qaydada verildiyi gündən 10 gün müddətində qərardan Sumqayıt Şəhər Məhkəməsi vasitəsi ilə və ya birbaşa Sumqayıt Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Hakim: Elçin Məmmədov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar