Məhkəmə qərarları › İş №3(060)-3282/2021

Sumqayıt Şəhər Məhkəməsi Qərar — İş №3(060)-3282/2021

14.10.2021 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Sumqayıt şəhəri İş № 3(060)-3282/2021 14.10.2021 SUMQAYIT ŞƏHƏR MƏHKƏMƏSİ Hakim Hacıyev Pərviz Əhməd oğlunun sədrliyi, X2 məhkəmə iclas katibliyi, Barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs - Şəxs, Müdafiəçi - Sumqayıt Regional vəkil bürosunun vəkili Vəkil oğlunun, İcra sənədi üzrə tələbkar - Bayramova X4, Sumqayıt şəhəri üzrə İcra idarəsinin böyük icra məmuru - Şirəli Piriyevin iştirakları ilə, xx.xx.1981-ci ildə Sumqayıt şəhərində anadan olmuş, ünvan 1 ünvanında qeydiyyatda olan Şəxs Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 528.1-ci maddəsi ilə təqsirləndirilməsinə dair inzibati xəta haqqında işə açıq məhkəmə iclasında baxaraq, Məhkəmə Müəyyən etdi: Şəxs barəsində Sumqayıt şəhəri üzrə İcra idarəsinin icra məmuru Şirəli Piriyev tərəfindən 12 oktyabr 2021-ci il tarixdə Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 528.1-ci maddəsi ilə inzibati xəta haqqında MN ******* saylı protokol tərtib olunmuşdur ona görə ki, o, Sumqayıt şəhər Məhkəməsinin 2 (060)-2971/2020 saylı, 16.09.2020-ci il tarixli icra sənədini üzrsüz səbəbdən icra etməyərək icra məmurunun qanuni tələblərini yerinə yetirməmiş və nəticədə 5800 manat borcu yaranmışdır. Sumqayıt şəhər İcra İdarəsinin icra məmuru Şirəli Piriyev tərəfindən Şəxs barəsində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 528.1-ci maddəsi ilə tərtib olunmuş inzibati xəta haqqında protokol və həmin protokolla bağlı inzibati materiallar 12.10.2021-ci ildə məhkəməyə daxil olmuşdur. İnzibati xəta haqqında protokolu tərtib etmiş şəxs Sumqayıt şəhəri üzrə İcra İdarəsinin icra məmuru Şirəli Piriyev Məhkəmə iclasında çıxış edərək bildirdi ki, Sumqayıt şəhər Məhkəməsinin 2 (060)-2971/2020 saylı, 16.09.2020-ci il tarixli icra sənədinə əsasən 06 aprel 2020-ci il tarixdən başlayaraq 24.03.2008-ci il təvəllüdlü X8 oğlunun, 24.06.2009cu il təvəllüdlü Bayramov Hilal Ağa oğlunun və 20.12.2013-cü il təvəllüdlü X7 oğlunun yetkinlik yaşına çatanadək saxlanılmaları üçün hər ay hər uşağa görə 120 manat olmaqla, ümumilikdə 360 (üç yüz altmış) manat sabit pul məbləğində aliment Şəxs Zərərçəkmiş şəxs xeyrinə tutulmalıdır. Borclu şəxs tərəfindən icra sənədi üzrsüz səbəbdən icra edilməmiş və nəticədə 5800 manat borcu yaranmışdır. Buna görə də icra sənədi üzrə tələbkar şəxs şikayətçi olduğundan Şəxs barəsində Azərbaycan Respublikası İXM-nin 528.1-ci maddəsi ilə inzibati xəta haqqında protokol tərtib edilmişdir. Odur ki, onun barəsində qanunamüvafiq qərar qəbul edilməsini Məhkəmədən xahiş edir. İcra sənədi üzrə borclu Şəxs məhkəmə iclasında izahatında bildirdi ki, Sumqayıt şəhər Məhkəməsinin 2 (060)-2971/2020 saylı, 16.09.2020-ci il tarixli icra sənədi üzrə yığılmış 5800 manat aliment borcunu ödəyə bilməməyinin səbəbi işsizlik olmuşdur. Buna baxmayaraq hər ay ödənişlər etməyə çalışmışdır. Borcunu ödəməkdən yayınmır. Odur ki, barəsində inzibati xətaya dair iş üzrə icraata xitam verilməsini Məhkəmədən xahiş edir. İcra sənədi üzrə tələbkar Bayramova X5 məhkəmə iclasında izahatında bildirdi ki, borclu Şəxs oğlu Sumqayıt şəhər Məhkəməsinin 2 (060)-2971/2020 saylı, 16.09.2020-ci il tarixli icra sənədi üzrə yaranmış 5800 manat aliment borcunu ödəmir. Ödəniş etdiyi aylarda da aliment ödənişini tam etməmişdir. Hazırda borclu şəxsdən şikayətçidir və onun barəsində inzibati tənbeh tədbiri tətbiq edilməsini Məhkəmədən xahiş edir. Müdafiəçi Vəkil hüquqlarını müdafiə etdiyi şəxs barəsində inzibati xətaya dair iş üzrə icraata xitam verilməsini Məhkəmədən xahiş edir. Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 15.2-ci maddəsinə əsasən məhkəmələrin qanuni qüvvəyə minmiş qətnaməsi, qərardadı, qərarı, əmri bütün dövlət hakimiyyəti, yerli özünü idarə orqanları, onların vəzifəli şəxsləri, ictimai birliklər, siyasi partiyalar, həmkarlar ittifaqları, onların vəzifəli şəxsləri, həmçinin fiziki və hüquqi şəxslər üçün məcburidir və Azərbaycan Respublikasının bütün ərazisində hökmən icra olunmalıdır. “İcra haqqında” Azərbaycan Respublikası Qanununun 3-cü maddəsinə əsasən məhkəmə və digər orqanların qərarlarının icrası ilə əlaqədar icra məmurunun tələbləri Azərbaycan Respublikasının ərazisində bütün orqanlar, hüquqi şəxslər, onların vəzifəli şəxsləri və fiziki şəxslər üçün məcburidir. Məhkəmə və digər orqanların qərarlarının icrası ilə əlaqədar icra məmurlarının tələblərini yerinə yetirməyən, onlara həvalə edilmiş vəzifələrin icrasına mane olan şəxslər Azərbaycan Respublikasının qanunvericiliyi ilə nəzərdə tutulmuş qaydada məsuliyyət daşıyırlar. Məhkəmə inzibati işin materiallarını araşdıraraq, barəsində protokol tərtib olunmuş şəxsin, icra sənədi üzrə tələbkarın və protokolu tərtib etmiş şəxsin izahatlarını, müdafiəçinin çıxışını dinləyərək hesab edir ki, borclu şəxs Şəxs oğlu tərəfindən indiyə qədər borcundan tam ödəniş etməməsi onun qərəzli olaraq Məhkəmənin qanuni qüvvəyə minmiş qətnaməsini icra etməkdən boyun qaçırdığını göstərir. Belə ki iş materiallarında olan hesabdan çıxarışdan görünür ki, aliment borcu ödəniş edilən aylarda tam həcmdə ödənilməmişdir. İş materiallarında olan portaldan çıxarışdan görünür ki, protokol tərtib olunan dövrə Şəxs oğlunun adına qeydə alınmış əmlak və onunla bağlanmış əmək müqaviləsi yoxdur. İş materiallarına əlavə edilmiş icra sənədi üzrə tələbkar X1 məhkəmə iclas zalında təqdim etdiyi 14.10.2021-ci il tarixli ərizəsindən görünür ki, ona olan aliment borcu tam ödənilməmişdir. Şikayətçidir. Məhkəmə hesab edir ki, Şəxs Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 528.1-ci maddəsi ilə inzibati məsuliyyətə cəlb olunmalıdır. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 528.1-ci maddəsindən görünür ki, həmin xətanın törədilməsinə görə fiziki şəxslər beş yüz manatdan min manatadək miqdarda cərimə edilir və ya işin hallarına görə, pozuntunu törədənin şəxsiyyəti nəzərə alınmaqla bir ayadək inzibati həbs tətbiq olunur. Həmin Məcəllənin 21-ci maddəsinə əsasən inzibati tənbeh məsuliyyət tədbiridir və inzibati xəta törədən şəxsi qanunlara əməl edilməsi ruhunda tərbiyələndirmək, habelə həm inzibati xəta törətmiş şəxs, həm də başqa şəxslər tərəfindən yeni inzibati xəta törədilməsinin qarşısını almaq məqsədi daşıyır. Məhkəmə inzibati xətaya görə tənbeh tətbiq edərkən Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 31.2-ci maddəsinin tələblərinə uyğun olaraq xətanın xarakterini, inzibati xəta törətmiş şəxsin şəxsiyyətini, onun təqsirinin dərəcəsini, əmlak vəziyyətini, habelə məsuliyyəti yüngülləşdirən və ağırlaşdıran halları nəzərə alır. Məsuliyyəti yüngülləşdirən və ağırlaşdıran hallar müəyyən olunmadı. Məhkəmə törədilmiş inzibati xətanın xarakterini, Şəxs şəxsiyyətini, əmlak vəziyyətini və icra sənədi üzrə tələbkar şəxsin şikayətçi olduğunu nəzərə alaraq hesab edir ki, onun barəsində inzibati həbs növündə inzibati tənbeh tətbiq edilməlidir. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 114.1.1-ci maddəsinə əsasən inzibati xəta haqqında işə baxılarkən inzibati tənbeh vermə haqqında qərar çıxarılır. Azərbaycan Respublikası İXM-nin 66.2-ci maddəsinə əsasən barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs tərəfindən seçilmiş vəkilin gəlməsi mümkün olmadıqda, hakim, səlahiyyətli orqan (vəzifəli şəxs) həmin şəxsi vəkil ilə təmin edir. Azərbaycan Respublikası İXM-nin 66.3-cü maddəsinə əsasən maddi vəziyyətinə görə öz hesabına vəkil tutmaq imkanı olmadıqda, inzibati qaydada tutulmuş şəxsə hüquqi yardım dövlətin vəsaiti hesabına göstərilir. Belə halda vəkil öz vəzifələrini yerinə yetirməkdən imtina edə bilməz. “Müdafiəçilərə, tərcüməçilərə, mütəxəssislərə və ekspertlərə ödənilməli olan məbləğlərin miqdarı haqqında” Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2001-ci il 1 fevral tarixli 31 nömrəli qərarında dəyişiklik edilməsi barədə 03 may 2018-ci il tarixli, 202 saylı qərarına əsasən Azərbaycan Respublikası CPM-nin 193.2-ci maddəsində nəzərdə tutulmuş hallarda hüquqi yardım göstərilməsinə görə müdafiəçiyə ödənilən haqq hər iş saatı üçün 06 manat məbləğində müəyyən edilmişdir. Yuxarıdakılara əsasən və Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 114.1-ci maddəsini rəhbər tutaraq məhkəmə, Qərara aldı: Şəxs Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 528.1-ci maddəsi ilə nəzərdə tutulmuş inzibati xətanın törədilməsində təqsirli bilinsin və 08 (səkkiz) gün müddətinə inzibati qaydada həbs edilsin. Həbsdə saxlama müddətinin əvvəli 14 oktyabr 2021-ci il tarixdən, saat 17:00-dan hesablansın. Məhkəmə iclas zalından dərhal həbs edilsin. Qərarın icrası Sumqayıt şəhər Polis İdarəsinə həvalə edilsin. Qərar dərhal icra olunsun. Şəxs göstərilmiş hüquqi yardıma görə vəkilin əmək haqqının ödənilməsi Azərbaycan Respublikasının dövlət büdcəsinin vəsaiti hesabına həyata keçirilsin. Müdafiəçi Vəkil tərəfindən göstərilmiş 05 saat hüquqi yardıma görə cəmi 30 (otuz) manat məbləğində pul vəsaitinin dövlət büdcəsinin vəsaiti hesabına Sumqayıt Regional Vəkil Bürosunun "xxxx" ASC-nin Sumqayıt filialında olan hesabına köçürülməsi Azərbaycan Respublikası Vəkilllər Kollegiyasına həvalə edilsin. "xxxx" ASC-nin Sumqayıt filialı, hesab AZ03TURA **********10 00102944 VÖEN ********** Qərarın surəti təqdim olunduğu və ya alındığı gündən 10 gün müddətə Sumqayıt şəhər Məhkəməsi vasitəsi ilə və ya birbaşa Sumqayıt Apelyasiya Məhkəməsinə apelyasiya şikayəti verilə bilər. Hakim: Pərviz Hacıyev

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar