Məhkəmə qərarları › İş №3(060)-33/2021

Sumqayıt Şəhər Məhkəməsi Qərar — İş №3(060)-33/2021

09.02.2021 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Sumqayıt şəhəri İş № 3(060)-33/2021 09.02.2021 SUMQAYIT ŞƏHƏR MƏHKƏMƏSİ Hakim Məmmədov Elçin Qüdrət oğlunun sədrliyi, məhkəmə iclas katibi X1 katibliyilə, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan hüquqi şəxs “xxxx” Açıq Sahmdar Cəmiyyətinin baş direktoru X2 iştirakı ilə, “xxxx” Açıq Sahmdar Cəmiyyətinin Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 462.1-ci maddəsi ilə təqsirləndirilməsinə dair Azərbaycan Respublikası Maliyyə Nazirliyindən daxil olmuş inzibati xəta haqqında materiala Sumqayıt Şəhər Məhkəməsinin inzibati binasında açıq məhkəmə iclasında baxaraq, müəyyən etdi: Azərbaycan Respublikası Maliyyə Nazirliyinin uçot siyasəti şöbəsinin müdiri Firuzə Abdullateva tərəfindən hüquqi ünvanı ünvan 1in (bundan sonra mətndə “xxxx” ASC) barəsində İnzibati Xətalar Məcəlləsinin 462.1-ci maddəsi ilə 18 noyabr 2020-ci il tarixli, MN № ******* saylı inzibati xəta haqqında protokol tərtib edilmişdir ona görə ki, “xxxx” ASC 2019-cu il üzrə illik maliyyə hesablarını auditor rəyi ilə birlikdə mətbu orqanda və ya internet səhifəsində dərc etdirməmişdir. Azərbaycan Respublikası Maliyyə Nazirliyinin uçot siyasəti şöbəsinin müdiri Firuzə Abdullateva tərəfindən “xxxx” ASC barəsində tərtib olunmuş 18 noyabr 2020-ci il tarixli, MN № ******* saylı inzibati xəta haqqında protokol baxılmaq üçün Sumqayıt Şəhər Məhkəməsinə göndərilmiş və qeyd olunan material 03.12.2020-ci il tarixdə məhkəməyə daxil olmuşdur. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 111.1-ci maddəsinə görə inzibati xəta haqqında işə baxmağa səlahiyyəti olan hakim, orqan (vəzifəli şəxs) bu cür işlərə inzibati xəta haqqında protokolu və işin digər materiallarını aldığı vaxtdan on beş gün müddətində baxır. İnzibati xəta haqqında işə baxılması 15 dekabr 2020-ci il tarixə təyin edilmiş, lakin Azərbaycan Respublikasında koronavirus (COVİD-19) infeksiyasının yayılması təhlükəsinin qarşısının alınması məqsədi ilə məhkəmələrdə həyata keçirilməsi zəruri olan tərbirlər haqqında Azərbaycan Respublikası Ali Məhkəməsinin 16 yanvar 2021-ci il tarixli məlumatına əsasən işin baxılması 09 fevral 2021-ci il tarixə təyin edilmişdir. Məhkəmə iclasının vaxtı və yeri barədə xəbərdar edilmiş protokolu tərtib etmiş Azərbaycan Respublikası Maliyyə Nazirliyinin nümayəndəsinin məhkəmə iclasında iştirakı təmin edilmədiyindən, məhkəmə işə onun iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Məhkəmə iclasında barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan hüquqi şəxs “xxxx” Açıq Sahmdar Cəmiyyətinin baş direktoru X4 təmsil etdiyi hüquqi şəxsin inzibati xətanın törədilməsində təqsirli bilməyərək izahatında bildirdi ki, iş materiallarında olan və “xxxx” ASC-nin ünvanına çatdırıldığı qeyd edilən 2019-cu il üzrə birləşdirilmiş (konsolidə edilmiş) maliyyə hesabatlarının auditor rəyi ilə birlikdə 30 aprel 2020-ci il tarixdən gec olmayaraq təşkilatın rəsmi internet səhifəsində və ya mətbu orqanda dərc olunmamasına görə inzibati xəta haqqında işə 18 noyabr 2020-ci il tarixdə, saat 10:00-da Azərbaycan Respublikası Maliyyə Nazirliyinin Uçot siyasəti şöbəsində baxılması ilə bağlı məktub ümumiyyətlə “xxxx” ASC-nin ünvanına daxil olmamışdır. Bundan başqa “xxxxı” ASC yarandığı dövrdən bu günə qədər illik maliyyə hesabatlarını audit rəyi ilə birlikdə Maliyyə Nazirliyinə təqdim edilməsi və internet səhifələrində və mətbu orqanlarında dərc etdirilməsi tələb edilməmişdir. Çünki Cəmiyyət “Mühasibat uçotu haqqında” Qanun üzrə ictimai əhəmiyyətli qurum statusuna malik deyil, ona görə də hesabat təqdim etmək və dərc etmək vəzifəsi yoxdur. “xxxxı” ASC-nin nümayəndəsi X4 Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 462.1-ci maddəsi ilə başlanmış inzibati xəta haqqında iş üzrə icraata inzibati xəta tərkibi olmadığına görə xitam verilməsini məhkəmədən xahiş etdi. Məhkəmə iş materiallarını araşdıraraq hesab edir ki, “xxxx” ASC barəsində 18 noyabr 2020-ci il tarixli, MN № ******* saylı saylı inzibati xəta haqqında protokolla İnzibati Xətalar Məcəlləsinin 462.1-ci maddəsi ilə başlanmış inzibati xəta haqqında iş üzrə icraata xitam verilməlidir. İş materiallarında olan Azərbaycan Respublikasının Maliyyə Nazirliyinin 06.11.2020ci il tarixli bildirişindən görünür ki, “xxxx” MMC 2019-cu il üzrə maliyyə hesabatları auditor rəyi ilə birlikdə 30.04.2020-ci il tarixdən gec olmayaraq təşkilatın rəsmi internet səhifəsində və ya mətbu orqanda dərc olunmamasına görə inzibati xəta haqqında işə 18.11.2020-ci il tarixdə saat 10:00-da baxılması ilə əlaqədar Maliyyə Nazirliyinin Uçot Siyasəti şöbəsinə çağırılmışdır. İş materialına əlavə edilmiş Mənfəət vergisinin bəyannaməsindən görünür ki, “xxxx” ASC-nin 2019-cu ildə dövrüyyəsi 990.200 (doqquz yüz doxsan min iki yüz) manat, ümumi gəlirdən çıxan xərcləri 1.721.592,25 (bir millyon yeddi yüz iyirmi bir min beş yüz doxsan iki manat 25 qəpik) manat və zərəri 731.392,25 (yeddi yüz otuz bir min üç yüz doxsan iki manat 25 qəpik) manat təşkil etmişdir. İş materialına əlavə edilmiş “xxxx” ASC 09 fevral 2021-ci il tarixli 07/21 №-li məktubunda qeyd olunmuşdur ki, “xxxx” ASC üzrə 2019-cu ildə işçilərin sayı 164 (bir yüz altmış dörd) nəfər olub. “Mühasibat uçotu haqqında” Azərbaycan Respublikası Qanunun 12.3-cü maddəsinin tələblərinə uyğun olaraq ictimai əhəmiyyətli qurumlardan qurumun internet səhifəsi olduqda, həmin məlumatlardan sərbəst istifadə edilməsini təmin etmək şərtilə, illik maliyyə hesabatlarının auditor rəyi ilə birlikdə, həmin internet səhifəsində və ya mətbu orqanda dərc olunması tələb olunur. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2019-cu il 2 avqust tarixli 341 nömrəli Qərarı ilə Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2005-ci il 20 iyun tarixli 108 nömrəli Qərarında dəyişiklik edilərək “Kommersiya təşkilatlarının (kredit təşkilatlarından, sığorta şirkətlərindən, investisiya fondlarından və bu fondların idarəçilərindən, qeyri-dövlət (özəl) sosial fondlarından, qiymətli kağızlar bazarında lisenziyalaşdırılan şəxslərdən, qiymətli kağızları fond birjasında dövriyyədə olan hüquqi şəxslərdən başqa) ictimai əhəmiyyətli qurumlara aid edilməsi üçün meyar göstəriciləri”ndə “İllik gəlir (mln.manat)” sütununda “120,0” rəqəmləri “180,0” rəqəmləri ilə, “Balansın yekun məbləği (mln.manat)” sütununda “300,0” rəqəmləri “450,0” rəqəmləri ilə əvəz edilmişdir. Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 57.1-ci maddəsinə əsasən, inzibati xətalar haqqında işlər üzrə icraatın iştirakçılarına bu Məcəllədə müəyyən edilmiş hallarda inzibati xətalar haqqında işlər üzrə sənədlər (qərarlar, qərardadlar, protokollar, bildirişlər) hakim və ya səlahiyyətli orqan (vəzifəli şəxs) tərəfindən “Poçt haqqında” Azərbaycan Respublikasının Qanununda nəzərdə tutulmuş sifarişli poçt göndərişi ilə çatdırılır, yaxud səlahiyyətli vəzifəli şəxs tərəfindən şəxsən verilir. Sifarişli poçt göndərişi göndərilmək üçün qəbul olunduğuna dair istifadəçiyə qəbz verilməsi, çatdırılarkən isə ünvan sahibinin müvafiq sənədi imzalaması tələb olunan poçt göndərişidir. Sənədin çatdırılmasını hakim məhkəmə işçisinə, səlahiyyətli orqan isə müvafiq orqanın əməkdaşına tapşıra bilər. Həmin Məcəllənin 57.2-ci maddəsinə əsasən, sənəd onu göndərən hakimə və ya səlahiyyətli orqana (vəzifəli şəxsə) qaytarılmalı olan qəbzə və ya sənədin kötüyünə imza etdirilməklə, ünvan sahibinə rabitə orqanları, səlahiyyətli orqan (vəzifəli şəxs), yaxud sənədin çatdırılması tapşırılmış şəxslər tərəfindən şəxsən verilir. Hüquqi şəxsə ünvanlanmış sənəd müvafiq vəzifəli şəxsə qəbzə və ya sənədin kötüyünə imza etdirilməklə verilir. Həmin Məcəllənin 58-ci maddəsinə əsasən, bu Məcəllənin 57.2-ci maddəsində nəzərdə tutulmuş qəbzdə inzibati xəta haqqında iş üzrə sənədi göndərən orqanın adı və ünvanı, sənədin verilməli olduğu şəxsin soyadı, adı, atasının adı və ya hüquqi şəxsin adı və yerləşdiyi ünvan, verilən sənədin adı, verilmənin vaxtı (tarix və saat) və yeri, sənədin verilməməsinin səbəbləri (göstərilən ünvanda olmama, səhv ünvan və sair), sənədin verildiyi şəxs, sənədin çatdırılması tapşırılmış şəxsin, yaxud rabitə orqanı nümayəndəsinin imzası göstərilməlidir. Məhkəmə qeyd edir ki, meyarlara görə, indiyədək kommersiya təşkilatlarının ictimai əhəmiyyətli qurum hesab olunması üçün təşkilatın illik gəlirliyi 120 milyon manat, hesabat ili ərzində işçilərinin orta hesabla sayı 1500 nəfər, balansın yekun məbləği isə 300 milyon manat olmalı idi. Təşkilatın ictimai əhəmiyyətli qurum sayılması üçün bu göstəricilərdən azı ikisi olmalı idi. Azərbaycan Respublikası Nazirlər Kabinetinin son qərarı ilə isə bu göstəricilər dəyişdirilərək tələb olunan illik gəlir 120 milyon manatdan 180 milyon manata, balans isə 300 milyon manatdan 450 milyon manata qaldırılmışdır. Mənfəət vergisinin bəyannaməsindən görünür ki, “xxxx” ASC üzrə 2019-cu il üzrə ümumi gəliri 990.200 (doqquz yüz doxsan min iki yüz) manat, balans isə 1.721.592,25 (bir millyon yeddi yüz iyirmi bir min beş yüz doxsan iki manat 25 qəpik) manat təşkil edir. Azərbaycan Respublikası Maliyyə Nazirliyinin uçot siyasəti şöbəsinin müdiri Firuzə Abdullateva tərəfindən “xxxx” ASC barəsində 18 noyabr 2020-ci il tarixli, MN № ******* saylı inzibati xəta haqqında protokol tərtib edilsə də nəzərə alınmamışdır ki, “xxxxı” ASC Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2019-cu il 2 avqust tarixli 341 nömrəli Qərarı üzrə ictimai əhəmiyyətli qurum statusuna malik deyildir. Məhkəmə onu da qeyd edir ki, iş materiallarında olan “xxxx” ASC-nin ünvanına bildiriş məktubu göndərilməsini və onun “xxxx” ASC-nin nümayəndəsi tərəfindən imza edilməklə əldə edilməsini təsdiq edən heç bir sübut əlavə olunmamışdır. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 3-cü maddəsinə əsasən, yalnız bu Məcəllə ilə nəzərdə tutulmuş inzibati xətaların törədilməsində təqsirli hesab edilən və inzibati xəta tərkibinin bütün digər əlamətlərini daşıyan əməli (hərəkət və ya hərəkətsizlik) törətmiş şəxs inzibati məsuliyyətə cəlb olunur və tənbeh edilir. Həmin Məcəlləsinin 8.1-ci maddəsinə əsasən, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsin təqsiri bu Məcəllə ilə nəzərdə tutulmuş qaydada sübuta yetmədikdə və bu, inzibati xəta haqqında iş üzrə icraata baxmış hakimin, səlahiyyətli orqanın (vəzifəli şəxsin) qüvvəyə minmiş qərarı ilə müəyyən edilmədikdə o, təqsiri olmayan hesab edilir. Həmin Məcəllənin 8.2-ci maddəsinə əsasən inzibati məsuliyyətə cəlb olunmuş şəxs öz təqsirsizliyini sübut etməyə borclu deyildir. Həmin Məcəllənin 8.3-cü maddəsinə əsasən inzibati məsuliyyətə cəlb olunan şəxsin təqsirli olması barəsində olan şübhələr onun xeyrinə həll olunur. Həmin Məcəllənin 53.0.2-ci maddəsinə əsasən, inzibati xəta tərkibi olmadıqda inzibati xətalar haqqında işlər üzrə icraat başlanıla bilməz, başlanmış icraata isə xitam verilir. Həmin Məcəllənin 105.1-ci maddəsinə əsasən, həmin Məcəllənin 53-cü maddəsində nəzərdə tutulmuş hallardan hər hansı biri olduqda, icraatında inzibati xəta haqqında iş olan hakim və ya səlahiyyətli orqan (vəzifəli şəxs) inzibati xəta haqqında işin icraatına xitam verilməsi haqqında qərar qəbul edir. Məhkəmə hesab edir ki, “xxxx” ASC-nin hərəkətlərində İnzibati Xətalar Məcəlləsinin 462.1-ci maddəsində nəzərdə tutulmuş inzibati xəta tərkibi müəyyən edilmədiyinə görə inzibati xəta haqqında iş üzrə icraata xitam verilməlidir. Beləliklə, məhkəmə hesab edir ki, “xxxx” ASC-nin hərəkətlərində inzibati xəta tərkibi yoxdur, tərtib edilmiş inzibati protokol əsasında həmin ASC inzibati məsuliyyətə cəlb edilə bilməz. Buna görə də “xxxx” ASC barəsində başlanmış inzibati xəta haqqında iş üzrə icraata, hərəkətlərində inzibati xəta tərkibi olmadığından xitam verilməlidir. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 114.2.1-ci maddəsinə əsasən, bu Məcəllənin 53-cü maddəsində nəzərdə tutulan hallardan biri mövcud olduqda inzibati xəta haqqında iş üzrə icraata xitam verilməsi haqqında qərar çıxarılır. Yuxarıdakılara əsasən və Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 53.0.2 və 114.2.1-cü maddələrini rəhbər tutaraq məhkəmə, qərara aldı: Azərbaycan Respublikası Maliyyə Nazirliyi tərəfindən “xxxx” Açıq Sahmdar Cəmiyyəti barəsində MN № ********* noyabr 2020-ci il tarixli inzibati xəta haqqında protokolla Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 462.1-ci maddəsi ilə başlanmış inzibati xəta haqqında iş üzrə icraata inzibati xəta tərkibi olmadığına görə xitam verilsin. Qərarın surəti rəsmi qaydada verildiyi gündən 10 gün müddətində qərardan Sumqayıt Şəhər Məhkəməsi vasitəsi ilə və ya birbaşa Sumqayıt Apelyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Hakim: Elçin Məmmədov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar