Məhkəmə qərarları › İş №3(060)-33/2023

Sumqayıt Şəhər Məhkəməsi Qərar — İş №3(060)-33/2023

18.01.2023 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Sumqayıt şəhəri İş № 3(060)-33/2023 18.01.2023 SUMQAYIT ŞƏHƏR MƏHKƏMƏSİ Hakim Əliyev Fikrət Hüseyn oğlunun sədrliyi, Cəfərova Süsənbər Fariz qızının katibliyi, Sumqayıt Sumqayıt Şəhəri üzrə İcra İdarəsinin böyük icra məmuru X1, Barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs iştirakı ilə, xx.xx.1977-ci ildə Sumqayıt şəhərində anadan olmuş, Azərbaycan Respublikasının vətəndaşı, orta təhsilli, evli, 2 uşağı olan, işləməyən, ünvan 1 ünvanında qeydiyyatda olan və ünvan 2 Şəxs Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 528.1 və 529.2-ci maddələri ilə təqsirləndirilməsinə dair inzibati xəta haqqında işə açıq məhkəmə iclasında baxaraq müəyyən etdi: Sumqayıt Sumqayıt Şəhəri üzrə İcra İdarəsinin böyük icra məmuru X2 tərəfindən Şəxs barəsində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 528.1-ci maddəsi ilə inzibati xəta haqqında xx.xx.2023-cü il tarixli MN ******* №-li protokol tərtib olunmuşdur. Tərtib edilmiş xx.xx.2023-cü il tarixli MN ******* №-li protokoldan görünür ki, borclu Şəxs Sumqayıt Şəhər Məhkəməsinin 2(060)-3023/2018 saylı, xx.xx.2018-ci il tarixli icra sənədi üzrə qalıq 2792,87 manat məbləğində borcu üzrsüz səbəbdən icra etməmişdir. Nəticədə Şəxs tərəfindən Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 528.1ci maddəsində nəzərdə tutulmuş inzibati xəta törədilmişdir. Eyni zamanda, Sumqayıt Sumqayıt Şəhəri üzrə İcra İdarəsinin böyük icra məmuru X2 tərəfindən Şəxs barəsində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 529.2-ci maddəsi ilə inzibati xəta haqqında xx.xx.2023-cü il tarixli, MN seriyalı, ******* saylı protokol tərtib olunmuşdur. Tərtib edilmiş xx.xx.2023-cü il tarixli, MN seriyalı, ******* saylı protokoldan görünür ki, borclu Şəxs Bakı şəhəri Nəsimi Rayon Məhkəməsinin 3(006)-660/2020, xx.xx.2020-ci il tarixli icra sənədi üzrə 200 manat inzibati cəriməni qərar qanuni qüvvəyə mindiyi gündən 3 ay müddətində qanunla müəyyən edilmiş əsaslar olmadan icra etməmişdir. Nəticədə Şəxs tərəfindən Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 529.2-ci maddəsində nəzərdə tutulmuş inzibati xəta törədilmişdir. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 34-cü maddəsinin tələbinə əsasən Sumqayıt Şəhər Məhkəməsinin xx.xx.2023-cü il tarixli qərardadı ilə inzibati xəta haqqında xx.xx.2023-cü il tarixli, MN seriyalı, ******* saylı və xx.xx.2023-cü il tarixli MN ******* saylı protkollarla bağlı işlər bir icraatda birləşdirilmişdir. Sumqayıt Sumqayıt Şəhəri üzrə İcra İdarəsinin böyük icra məmuru X2 tərtib edilmiş protokola uyğun izahat verərək, məhkəmədən qanuna müvafiq qərar qəbul edilməsini xahiş etdi. Məhkəmə iclasında barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs özünü təqsirli bilərək izahatında göstərdi ki, Sumqayıt Şəhər Məhkəmsinin 2(060)- 3023/2018 saylı, xx.xx.2018-ci tarixli icra vərəqəsinə əsasən Şəxs 8012 manat 45 qəpik əsas borc, 900 manat 02 qəpik faiz borcu və 40 manat 4 qəpik dəbbə pulu, cəmi 8952 manat 87 qəpik, dövlət rüsumu üçün ödənilmiş 30 manat və bildirişin BDYPİ-də qeydiyyata alınması üçün ödənilmiş 10 manat məbləğində pul vəsaitinin Nikoyl İKB-nin xeyrinə ödənilməsi, Bakı Şəhəri Nəsimi Rayon Məhkəməsinin 3(006)-660/2020 saylı, xx.xx.2020-ci il tarixli icra vərəqəsinə əsasən ondan 200 manat alınıb dövlət büdcəsinə ödənilməsi qərara alınmışdır. Hazırda tam ödəniş etməyə imkanı yoxdur, cəriməni xx.xx.2023-cü il tarixdə ödəmişdir, banka olan borcu isə 6 ay ərzində ödəyə bilər. Ağır əməliyya keçirdiyinə görə ödəniş edə bilməmişdir. Barəsində yüngül inzibati tənbeh tətbiq edilməsini xahiş edir. İş materiallarında olan Sumqayıt Şəhər Məhkəməsinin 2(060)-3023/2018 saylı, xx.xx.2018 saylı icra vərəqəsinə əsasən Şəxs 8012 manat 45 qəpik əsas borcun, 900 manat 02 qəpik faiz borcunun və 40 manat 4 qəpik dəbbə pulunun, cəmi 8952 manat 87 qəpik, dövlət rüsumu üçün ödənilmiş 30 manat və bildirişin BDYPİ-də qeydiyyata alınması üçün ödənilmiş 10 manat məbləğində pul vəsaitinin Nikoyl İKB-nin xeyrinə tutulması qət edilmişdir. Tutmanın Şəxs mülkiyyət hüququna məxsus ipoteka predmeti olan 2013-cü il buraxılışlı, Renault Tondar markalı, **-FU-*** dövlət qeydiyyat nişanlı, NAPLSRADD1202755 ban nömrəli, boz metal rəngli avtomobilə yönəldilməsi və həmin avtomobilin açıq hərracda satılması, satışdan əldə olunmuş pul məbləğinin cavabdehin Nikoyl İKB-yə olan borcun ödənilməsinə yönəldilməsi qət edilmişdir. İş materiallarında olan Bakı şəhəri Nəsimi Rayon Məhkəməsinin 3(006)-660/2020 saylı, xx.xx.2020-ci il tarixli icra vərəqəsinə əsasən Şəxs Azərbaycan Respublikası İXMnin 535.1-ci maddəsində nəzərdə tutulmuş əməlin törədilməsində təqsirli bilinərək 200 manat məbləğində cərimə edilmişdir. İş materiallarında olan ödəniş qəbzindən görünür ki, Şəxs ona Bakı şəhəri Nəsimi Rayon Məhkəməsinin 3(006)-660/2020 saylı, xx.xx.2020-ci il tarixli qərarı ilə təyin edilmiş 200 manat cəriməni ödəmişdir. Beləliklə, məhkəmə barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs, protokol tərtib etmiş şəxsi dinləyib, inzibati xəta haqqında iş üzrə materialları araşdırıb, işin bütün hallarının məcmusuna hərtərəfli, tam, obyektiv şəkildə baxaraq, iş üzrə sübutları, işin hallarını, borclunun davranışını nəzərə alaraq, inzibati materiallara əlavə olunmuş Şəxs törətməsi istinad olunan inzibati xətaların əks olunduğu sübutlara qiymət verərək hesab edir ki, Şəxs Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 528.1-ci maddəsində nəzərdə tutulmuş inzibati xətanı törətməsi sübuta yetirilir. Şəxs Sumqayıt Şəhər Məhkəməsinin 2(060)-3023/2018 nömrəli, xx.xx.2018-ci il tarixli icra sənədi üzrə olan borclarını üzrsüz səbəbdən ödəməmişdir. Onun İXM-nin 528.1-ci maddəsi ilə iş üzrə icraata xitam verilməsi üçün qanunda göstərilən əsaslar yoxdur. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 111.3-cü maddəsinə görə inzibati həbs tənbeh növü nəzərdə tutan inzibati xətalar haqqında işlərə inzibati xəta haqqında protokola daxil olduğu gün baxılır. Azərbaycan Respublikasının Konstitusiyasının 129-cu maddəsinə əsasən məhkəmənin qəbul etdiyi qərarlar dövlətin adından çıxarılır və onların icrası məcburidir. Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 15.2-ci maddəsinə əsasən məhkəmələrin qanuni qüvvəyə minmiş qətnaməsi, qərardadı, qərarı, əmri bütün dövlət hakimiyyəti, yerli özünüidarə orqanları, onların vəzifəli şəxsləri, ictimai birliklər, siyasi partiyalar, həmkarlar ittifaqları, onların vəzifəli şəxsləri, həmçinin fiziki və hüquqi şəxslər üçün məcburidir və Azərbaycan Respublikasının bütün ərazisində hökmən icra olunmalıdır. «İcra Haqqında» Azərbaycan Respublikasının Qanununun 3-cü maddəsindən görünür ki, məhkəmə və digər orqanların qərarlarının icrası ilə əlaqədar icra məmurunun tələbləri Azərbaycan Respublikasının ərazisində bütün orqanlar, hüquqi şəxslər, onların vəzifəli şəxsləri və fiziki şəxslər üçün məcburidir. Məhkəmə və digər orqanların qərarlarının icrası ilə əlaqədar icra məmurlarının tələblərini yerinə yetirməyən, onlara həvalə edilmiş vəzifələrin icrasına mane olan şəxslər Azərbaycan Respublikasının qanunvericiliyi ilə nəzərdə tutulmuş qaydada məsuliyyət daşıyırlar. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 528.1-ci maddəsinə əsasən məhkəmə və digər orqanların qərarlarının icrası ilə əlaqədar icra məmurunun qanuni tələblərinin yerinə yetirilməməsinə və ya icra məmuru tərəfindən müəyyən olunmuş müddətdə borclunu müəyyən hərəkətləri etməyə və ya müəyyən hərəkətləri etməkdən çəkinməyə məcbur edən icra sənədinin üzrsüz səbəbdən icra edilməməsinə görə-fiziki şəxslər beş yüz manatdan min manatadək miqdarda cərimə edilir və ya işin hallarına görə, pozuntunu törədənin şəxsiyyəti nəzərə alınmaqla bir ayadək inzibati həbs tətbiq olunur, vəzifəli şəxslər min iki yüz manatdan iki min beş yüz manatadək məbləğdə, hüquqi şəxslər üç min manatdan beş min manatadək məbləğdə cərimə edilir. Həmin Məcəllənin 529.2-ci maddəsinə əsasən Yol hərəkəti qaydaları əleyhinə olan inzibati xətaların və bu Məcəllənin 353.2-ci maddəsində nəzərdə tutulan inzibati xətanın törədilməsinə görə inzibati cərimə istisna olmaqla, inzibati cərimə növündə inzibati tənbeh tətbiq etmə haqqında məhkəmə qərarının qanuni qüvvəyə mindiyi gündən 25 gün müddətində qanunla müəyyən edilmiş əsaslar olmadan icra edilməməsinə görə-yüz altmış saatdan iki yüz qırx saatadək ictimai işlər, işin hallarına görə və xətanı törədənin şəxsiyyəti nəzərə alınmaqla, bu tədbirlərin tətbiqi kifayət sayılmadıqda isə üç ayadək müddətə inzibati həbs tətbiq olunur. Azərbaycan Respublikası İXM-nin 529-cu maddəsinin qeydinin 1-ci bəndinə əsasən Bu Məcəllənin 529.1-ci və ya 529.2-ci maddələrində nəzərdə tutulmuş inzibati xətanı törətmiş şəxs müvafiq cəriməni, dəbbə pulunu (bu Məcəllə ilə müəyyən edilmiş hallarda), 529.3-cü maddəsində nəzərdə tutulmuş inzibati xətanı törətmiş şəxs isə müvafiq cəriməni, dəbbə pulunu, nəqliyyat vasitəsinin duracağa gətirilməsinə və onun orada saxlanılmasına görə haqqı inzibati xəta haqqında iş üzrə məhkəmə qərar qəbul edənədək ödədikdə inzibati məsuliyyətdən azad olunur. Bakı şəhəri Nəsimi Rayon Məhkəməsinin 3(006)-660/2020 saylı, xx.xx.2020-ci il tarixli icra vərəqəsinə əsasən Şəxs Azərbaycan Respublikası İXM-nin 535.1-ci maddəsi ilə təqsirli bilinərək 200 manat məbləğində cərimə olunmuşdur. Bu cərimə borclu tərəfindən ödənilməmişdir. Şəxs Sumqayıt Şəhər Məhkəməsinin 2(060)-3023/2018 nömrəli, xx.xx.2018-ci il tarixli icra sənədi üzrə olan borclarını ödəməmişdir. Buna görə də, icra məmuru tərəfindən həmin borcun qərəzli olaraq ödənilməməsi, icra sənədinin üzrsüz səbəbdən icra edilməməsi qənaətinə gəlinmiş və Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 528.1-ci və 529.2-ci maddələrində nəzərdə tutulan inzibati xətanın törədilməsi ilə bağlı protokol tərtib edilərək baxılması üçün məhkəməyə göndərilmişdir. İşə məhkəmədə baxılana qədər Sumqayıt Bakı şəhəri Nəsimi Rayon Məhkəməsinin 3(006)-660/2020 saylı, xx.xx.2020-ci il tarixli qərarı ilə təyin edilmiş 200 manat cərimə ödənilmişdir. Ona görə də, Şəxs Azərbaycan Respublikası İXM-nin 529.2-ci maddəsi ilə məsuliyyətdən azad edilməlidir. Məhkəmə belə nəticəyə gəlir ki, Şəxs Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 528.1-ci maddəsində nəzərdə tutulmuş inzibati xətanı törətmişdir və ona Azərbaycan Respublikası İXM-nin 528.1-ci maddəsində nəzərdə tutulmuş inzibati xətaya görə müəyyən edilmiş sanksiya çərçivəsində tənbeh tətbiq edilməlidir. Həmin Məcəllənin 3-cü maddəsinə əsasən, yalnız bu Məcəllə ilə nəzərdə tutulmuş inzibati xətaların törədilməsində təqsirli hesab edilən və inzibati xəta tərkibinin bütün digər əlamətlərini daşıyan əməli (hərəkət və ya hərəkətsizlik) törətmiş şəxs inzibati məsuliyyətə cəlb olunur və tənbeh edilir. Həmin Məcəllənin 12-ci maddəsinə görə bu Məcəllə ilə qorunan ictimai münasibətlərə qəsd edən, hüquqazidd olan, təqsirli sayılan (qəsdən və ehtiyatsızlıqdan törədilən) və inzibati məsuliyyətə səbəb olan əməl (hərəkət və hərəkətsizlik) inzibati xəta hesab olunur. Bu Məcəllənin Xüsusi hissəsində nəzərdə tutulan əməllərə görə inzibati məsuliyyət o halda yaranır ki, bu əməllər cinayət məsuliyyətinə səbəb olmasın. Şəxs məsuliyyətini yüngülləşdirən hal himayəsində 2 uşağının olmasıdır, məsuliyyətini ağırlaşdıran hal isə müəyyən edilməmişdir. İnzibati tənbeh tətbiq edərkən məhkəmə xətanın xarakterini, törədilmə yerini və şəraitini, Şəxs şəxsiyyətini, təqsirinin dərəcəsini, məsuliyyətini yüngülləşdirən halı nəzərə alır və hesab edir ki, Şəxs Azərbaycan Respublikası Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 528.1-ci maddəsinin sanksiyası həddində inzibati cərimə növündə inzibati tənbeh tətbiq edilməlidir. Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 22-ci maddəsinə əsasən inzibati tənbeh məsuliyyət tədbiridir və inzibati xəta törədən şəxsi qanunlara əməl edilməsi ruhunda tərbiyələndirmək, habelə həm inzibati xəta törətmiş şəxs, həm də başqa şəxslər tərəfindən yeni inzibati xəta törədilməsinin qarşısını almaq məqsədi daşıyır. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 114-115, 117, 128-130-cu maddələrini rəhbər tutaraq, məhkəmə qərara aldı: Şəxs Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 528.1-ci maddəsi ilə təqsirli bilinsin və ona 500 manat inzibati cərimə tənbehi təyin edilsin. Şəxs Azərbaycan Respublikası İXM-nin 529.2-ci maddəsi ilə həmin maddənin qeydinin 1-ci bəndinə əsasən məsuliyyətdən azad edilsin və həmin hissədə bu əsasla icraata xitam verilsin. Qərarın surəti təqdim edildiyi və ya alındığı gündən 10 (on) gün müddətində Sumqayıt Şəhər Məhkəməsi vasitəsi ilə və ya birbaşa Sumqayıt Apellyasiya Məhkəməsinə şikayət və ya protest verilə bilər. HAKİM FİKRƏT ƏLİYEV

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar