Məhkəmə qərarları › İş №3(060)-333/2025

Sumqayıt Şəhər Məhkəməsi Qərar — İş №3(060)-333/2025

06.02.2025 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Sumqayıt şəhəri İş № 3(060)-333/2025 06.02.2025 SUMQAYIT ŞƏHƏR MƏHKƏMƏSİ Məhkəmə iclasında sədrlik edən: X1, Məhkəmə iclas katib: X2, Sumqayıt şəhəri üzrə İcra idarəsinin icra məmuru: X3, Barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs: Şəxs, Müdafiəçi: Sumqayıt şəhər 1 saylı Vəkil Bürosunun vəkili Vəkil iştirakları ilə, xx.xx.1992-ci il tarixdə Zəngilan rayonu, Sarıl kəndində anadan olmuş, Azərbaycan Respublikası vətəndaşı, Zəngilan rayonu, Alıbəyli Ərazi Dairəsi, Sarıl kəndində qeydiyyatda olan və ünvan 1 ünvanında yaşayan Şəxs barəsində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 528.1-ci maddəsi ilə inzibati xətaya dair protokola açıq məhkəmə iclasında baxaraq, Məhkəmə MÜƏYYƏN ETDİ: Sumqayıt şəhəri üzrə İcra idarəsinin icra məmuru X3 tərəfindən xx.xx.2025-ci il tarixdə Şəxs barəsində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 528.1-ci maddəsi ilə MN seriyalı ******* №li inzibati xəta haqqında protokol tərtib olunmuşdur, ona görə ki, Zəngilan rayon Məhkəməsinin 2(034)-67 saylı icra sənədi üzrə 3214.5, Zəngilan rayon Məhkəməsinin 2(034)-498 saylı icra sənədi üzrə 324 manat, Zəbgilan rayon Məhkəməsinin 2(034)-405 saylı icra sənədi üzrə 258.1 manat və Sumqayıt şəhər 4 saylı Notariat ofisinin 6891 saylı icra sənədi üzrə 7275 manat, cəmi 11071.60 manat pul üzrsüz səbəbdən icra edilmir. Tərtib olunmuş inzibati xəta haqqında protokol Sumqayıt şəhər Məhkəməsinə daxil olmuş və məhkəmə baxışına təyin edilmişdir. Məhkəmə iclasında çıxış edən Sumqayıt şəhəri üzrə İcra İdarəsinin icra məmuru X3 bildirdi ki, Şəxs barəsində bir neçə icra sənədi vardır. Sumqayıt şəhər 4 saylı Notariat ofisinin 6891 saylı, xx.xx.2022-ci il tarixli icra sənədi, Zəngilan rayon Məhkəməsinin 2(034)-67 saylı, 2020-ci il tarixli icra sənədi, "xxxx" QSC ilə bağlı Zəbgilan rayon Məhkəməsinin 2(034)-405 saylı, xx.xx.2024-cü il tarixli icra sənədi, "xxxx" MMC-yə olan borcla bağlı Zəngilan rayon Məhkəməsinin 2(034)-498 saylı, xx.xx.2019-cu il tarixli icra sənədi. Müvafiq qaydada Şəxs icra sənədləri icraata daxil olduğu vaxtlarda icra sənədləri ilə tanış edilmiş, hüquq və vəzifələri izah edilmişdir. Bütün icra sənədləri ilə bağlı hazırda böyük məbləğdə ödəniş olmamışdır. "xxxx" ASC-yə hazırda 7275 manat borcu qalmışdır, "xxxx" MMC-yə 3214,50 manat borcu qalmışdır, həmin icra sənədi üzrə icra sənədi icraata daxil olduğu vaxtdan cəmi 280 manat ödəniş etmişdir. "xxxx" MMC-yə 324 manat borcu qalmışdır, həmin icra sənədi üzrə icra sənədi icraata daxil olduğu vaxtdan cəmi 118 manat ödəniş etmişdir. "xxxx" QSC ilə bağlı isə heç bir ödəniş olmamışdır, 258,10 manat borcu qalmışdır. "xxxx" ASC-yə olan borcla bağlı 2023-cü ilin avqust ayının 10-da İXM-nin 528.1ci maddəsi ilə 500 manat məbləğində cərimə edilmişdir. Borclunun müxtəlif vaxtlarda izahatı alınmış, hər dəfə hissə-hissə ödəyəcəyini bildirsə də böyük məbləğdə ödəniş olmamış, aylıq ödənişləri də etməmişdir. Borclunu idarəyə dəvət etmək üçün əlaqə saxlamaq mümkün olmamış, barəsində axtarış qərarı qəbul edilmiş, bu gün idarəyə polis əməkdaşları tərəfindən təhvil verildiyindən barəsində İXM-nin 528.1-ci maddəsi ilə protokol tərtib edilmiş və məhkəməyə gətirilmişdir. Məhkəmədən qanuni qərar qəbul edilməsini xahiş edir. Məhkəmə iclasında izahat verən barəsində protokol tərtib edilmiş şəxs Şəxs bildirdi ki, əvvəl telefon mağazası işlətmiş, buna görə bankdan pul götürmüşdür. Bu aydan etibarən bütün icra sənədləri üzrə ödəniş edəcəkdir. Azyaşlı övladları vardır və övladlarından biri xəstədir. Məhkəmədən nəzərə alaraq barəsində cərimə tətbiq edilməsini xahiş edir. Məhkəmə iclasında müdafiəçi Vəkil borclunun himayəsində iki azyaşlı övladının olmasını, övladlarından birinin xəstə olmasını, əməlindən peşman olmasını və ödəniş etmək istəyini nəzərə alaraq barəsində İXM-nin 528.1-ci maddəsinin sanksiyasında nəzərdə tutulan cərimə cəzasının tətbiq edilməsini xahiş edir. Məhkəmə iclasının vaxtı və yeri barədə lazımi qaydada məlumatlandırılmasına baxmayaraq zərərçəkmiş hüquqi şəxs "xxxx" MMC, "xxxx" MMC, "xxxx" QSC və "xxxx" ASC-nin nümayəndəsi məhkəmə iclasında iştirak etməmiş, məhkəmə işə onların iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Məhkəmə icra məmurunu, barəsində protokol tərtib edilmiş şəxsi və müdafiəçini dinləyib, iş materiallarını araşdıraraq belə hesab edir ki, Şəxs əməlində inzibati xəta tərkibi vardır və o inzibati məsuliyyətə cəlb olunmalıdır. İş materiallarında olan və məhkəmə iclasında tədqiq edilmiş: - Zəngilan rayon Məhkəməsinin 2(034)-498/2019 saylı, xx.xx.2019-cu il tarixli icra sənədinə əsasən Şəxs cəmi 304 manat borc və ödənilmiş 20 manat dövlət rüsumu "xxxx" MMC-nin xeyrinə tutulmalıdır. - Zəngilan rayon Məhkəməsinin 2(034)-67/2020 saylı, xx.xx.2020-ci il tarixli icra sənədinə əsasən Şəxs cəmi 3393 manat borc və ödənilmiş 30 manat dövlət rüsumu "xxxx" MMC-nin xeyrinə tutulmalıdır. - Zəngilan rayon Məhkəməsinin 2(034)-405/2024 saylı, xx.xx.2024-cü il tarixli icra sənədinə əsasən Şəxs cəmi 227.7 manat məbləğində borc və ödənilmiş 30 manat dövlət rüsumu və 0.40 manat bank xidmət haqqı tutularaq "xxxx" QSC-nin xeyrinə tutulmalıdır. - Sumqayıt şəhər 4 saylı Notariat ofisinin 8İ-6891 saylı, xx.xx.2022-ci il tarixli icra sənədinə əsasən "xxxx" ASC-nin xeyrinə Şəxs cəmi 7393,82 manat pul tutulmalıdır. - Sumqayıt şəhəri üzrə İcra İdarəsinin xx.xx.2023-cü il, xx.xx.2024-cü il və xx.xx.2025-ci il tarixli qərarına əsasən Şəxs barəsində axtarış elan edilmişdir. - Sumqayıt şəhəri üzrə İcra İdarəsinin xx.xx.2023-cü il tarixli qərarına əsasən Zəngilan rayon Məhkəməsinin 2(034)-498/2019 saylı, xx.xx.2019-cu il tarixli, Zəngilan rayon Məhkəməsinin 2(034)-67/2020 saylı, xx.xx.2020-ci il tarixli və Sumqayıt şəhər 4 saylı Notariat ofisinin 8İ-6891 saylı, xx.xx.2022-ci il tarixli icra sənədləri bir icraatda birləşdirilmişdir. İşin bütün hallarının məcmusuna hərtərəfli, tam və obyektiv surətdə baxaraq və iş üzrə olan sübutları qiymətləndirərək, Məhkəmə belə nəticəyə gəlir ki, Şəxs tərəfindən icra sənədlərinin lazimi qaydada icra edilməməsi Şəxs əməlində Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 528.1-ci maddəsində nəzərdə tutulmuş inzibati xətanın tərkibini yaratmış və o, həmin maddənin sanksiyası həddində tənbeh edilməlidir. «İcra Haqqında» Azərbaycan Respublikasının Qanununun 3-cü maddəsindən görünür ki, məhkəmə və digər orqanların qərarlarının icrası ilə əlaqədar icra məmurunun tələbləri Azərbaycan Respublikasının ərazisində bütün orqanlar, hüquqi şəxslər, onların vəzifəli şəxsləri və fiziki şəxslər üçün məcburidir. Məhkəmə və digər orqanların qərarlarının icrası ilə əlaqədar icra məmurlarının tələblərini yerinə yetirməyən, onlara həvalə edilmiş vəzifələrin icrasına mane olan şəxslər Azərbaycan Respublikasının qanunvericiliyi ilə nəzərdə tutulmuş qaydada məsuliyyət daşıyırlar. Azərbaycan Respublikasının İnzibati xətalar Məcəlləsinin: - 528.1-ci maddəsinə əsasən Məhkəmə və ya digər orqanların qərarlarının icrası ilə əlaqədar icra məmurunun qanuni tələblərinin yerinə yetirilməməsinə və ya icra məmuru tərəfindən müəyyən olunmuş müddətdə borclunu müəyyən hərəkətləri etməyə və ya müəyyən hərəkətləri etməkdən çəkinməyə məcbur edən icra sənədinin üzrsüz səbəbdən icra edilməməsinə görə- fiziki şəxslər beş yüz manatdan min manatadək məbləğdə cərimə edilir və ya işin hallarına görə, pozuntunu törədənin şəxsiyyəti nəzərə alınmaqla, bir ayadək müddətə inzibati həbs tətbiq olunur, vəzifəli şəxslər min iki yüz manatdan iki min beş yüz manatadək məbləğdə, hüquqi şəxslər üç min manatdan beş min manatadək məbləğdə cərimə edilir. Məhkəmə, Şəxs hansı növ inzibati tənbeh tətbiq edilməsi məsələsini həll edərkən, xətanın xarakterini, inzibati xəta törədən şəxsin şəxsiyyətini, ailə vəziyyətini və təqsirinin dərəcəsini nəzərə alaraq belə nəticəyə gəlir ki, ona cərimə növündə inzibati tənbeh tədbiri tətbiq edilməlidir. «Azərbaycan Respublikasında İnsan hüquq və azadlıqlarının həyata keçirilməsinin tənzimlənməsi haqqında» Azərbaycan Respublikasının Konstitusiya Qanununun 4.6-cı maddəsinə əsasən heç kəs yalnız hansısa mülki müqavilə öhdəliyini yerinə yetirməyə qadir olmadığına görə tutula, həbsə alına və ya azadlıqdan məhrum edilə bilməz. Azərbaycan Respublikasının Konstitusiyasının 129-cu maddəsinə əsasən məhkəmənin qəbul etdiyi qərarlar dövlətin adından çıxarılır və onların icrası məcburidir. Məhkəmə qərarının icra olunmaması qanunla müəyyən edilmiş məsuliyyətə səbəb olur. Məhkəmə vurğulayır ki, ədalət mühakiməsinin məqsədlərinə nail olunması üçün məhkəmə qərarlarının qanunla müəyyən edilmiş müddətdə və tam icrası zəruridir. Odur ki, məhkəmə qərarının icrası Azərbaycan Respublikasının da qoşulduğu «İnsan hüquqlarının və əsas azadlıqlarının müdafiəsi haqqında» Avropa Konvensiyasının 6-cı maddəsində təsbit olunmuş ədalətli məhkəmə araşdırması hüququnun tərkib hissəsidir. İnsan hüquqları üzrə Avropa Məhkəməsi «Hornsbi Yunanıstana qarşı» işdə qeyd etmişdir ki, «....Razılığa gələn Dövlətlərin daxili hüquq sistemləri məcburi qüvvəyə malik yekun məhkəmə qərarının tərəflərdən birinin ziyanına olaraq icra olunmadan qalmasına yol versəydi, 6-cı maddə ilə təmin olunan məhkəməyə müraciət hüququ xəyali hüquq olardı». Avropa Məhkəməsi «Əfəndiyeva Azərbaycana qarşı» və “Tarıverdiyev Azərbaycana qarşı” qərarlarında vurğulamışdır ki, məhkəmə qərarının icra olunması İnsan hüquqları haqqında Avropa Konvensiyasının 6-cı maddəsində təsbit olunmuş ədalətli məhkəmə araşdırması hüququnun aynlmaz tərkib hissəsi kimi nəzərdən keçirilməlidir. Məhkəmənin mövqeyi belə olmuşdur ki, dövlətin daxili hüquq sistemi qüvvəyə minmiş və hüquqi cəhətdən məcburi olan məhkəmə qərarlarının tərəflərdən birinin ziyanına icra olunmamış qalmasına imkan verirsə, o halda ədalətli məhkəmə araşdırması hüququ yalnız kağız üzərində qalır”. Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin: - 21-ci maddəsindən görünür ki, inzibati tənbeh məsuliyyət tədbiridir və inzibati xəta törədən şəxsi qanunlara əməl edilməsi ruhunda tərbiyələndirmək, habelə həm inzibati xəta törətmiş şəxs, həm də başqa şəxslər tərəfindən yeni inzibati xəta törədilməsinin qarşısını almaq məqsədi daşıyır. - 66.2-ci maddəsinə əsasən barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs tərəfindən seçilmiş vəkilin gəlməsi mümkün olmadıqda, hakim, səlahiyyətli orqan (vəzifəli şəxs) həmin şəxsi vəkil ilə təmin edir. - 66.3-cü maddəsinə əsasən maddi vəziyyətinə görə öz hesabına vəkil tutmaq imkanı olmadıqda, inzibati qaydada tutulmuş şəxsə hüquqi yardım dövlətin vəsaiti hesabına göstərilir. Belə halda vəkil öz vəzifələrini yerinə yetirməkdən imtina edə bilməz. “Müdafiəçilərə, tərcüməçilərə, mütəxəssislərə və ekspertlərə ödənilməli olan məbləğlərin miqdarı haqqında” Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2001-ci il 1 fevral tarixli 31 nömrəli qərarında dəyişiklik edilməsi barədə 03 may 2018-ci il tarixli, 202 saylı qərarına əsasən Azərbaycan Respublikası CPM-nin 193.2-ci maddəsində nəzərdə tutulmuş hallarda hüquqi yardım göstərilməsinə görə müdafiəçiyə ödənilən haqq hər iş saatı üçün 06 manat məbləğində müəyyən edilmişdir. Yuxarıda göstərilənlərə əsasən və İXM-nin 43, 114,115 və 130-cu maddələrini rəhbər tutaraq, məhkəmə, QƏRARA ALDİ : Şəxs Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 528.1-ci maddəsi ilə təqsirli bilinib 500 (beş yüz) manat məbləğində cərimə edilsin. Qərarın icrası Sumqayıt şəhəri üzrə İcra İdarəsinə həvalə edilsin. Vəkil tərəfindən göstərilmiş 03 saat hüquqi yardıma görə cəmi 18 (on səkkiz) manat məbləğində pul vəsaitinin dövlət büdcəsinin vəsaiti hesabına Sumqayıt şəhər 1 saylı Vəkil Bürosunun hesabına köçürülməsi Azərbaycan Respublikası Vəkilllər Kollegiyasına həvalə edilsin Qərarın surəti təqdim edildiyi və ya alındığı gündən 10 (on) gün müddətində Sumqayıt Şəhər Məhkəməsi vasitəsi ilə və ya birbaşa Sumqayıt Apelyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. HAKİM: Vüsalə Qasımova

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar