Məhkəmə qərarları › İş №3(060)-3331/2021

Sumqayıt Şəhər Məhkəməsi Qərar — İş №3(060)-3331/2021

15.10.2021 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Sumqayıt şəhəri İş № 3(060)-3331/2021 15.10.2021 SUMQAYIT ŞƏHƏR MƏHKƏMƏSİ Hakim Hacıyev Pərviz Əhməd oğlunu sədrliyi, X6 məhkəmə iclas katibliyi, Sumqayıt şəhəri üzrə İcra İdarəsinin icra məmuru - X7, Barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs - Şəxs oğlunun və onun müdafiəçisi Sumqayıt şəhər 1 saylı Vəkil Bürosunun vəkili Vəkil, İcra sənədi üzrə tələbkar – X1 iştirakı ilə, xx.xx.1983-cü il təvəllüdlü, Azərbaycan Respublikası vətəndaşı, ünvan 1 ünvanında qeydiyyatda olan və yaşayan Şəxs barəsində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 528.1-ci maddəsi ilə tərtib olunmuş inzibati xəta haqqında protokola açıq məhkəmə iclasında baxaraq müəyyən etdi: Sumqayıt şəhəri üzrə İcra idarəsinin icra məmuru X12 tərəfindən 15 oktyabr 2021ci il tarixdə vət.Şəxs barəsində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 528.1-ci maddəsi ilə MN ******* saylı inzibati xəta haqqında protokol tərtib olunmuşdur. Protokoldan görünür ki, Sumqayıt şəhər Məhkəməsinin 2(060)-3467/2021 saylı, 23.04.2021-ci il tarixli icra sənədi borclu Şəxs oğlu tərəfindən üzrsüz səbəbdən icra edilməmişdir və nəticədə 2430 manat aliment borcu yaranmışdır. Sumqayıt şəhəri üzrə İcra İdarəsinin böyük icra məmuru X12 məhkəmə iclasında çıxış edərək bildirdi ki, Sumqayıt şəhər Məhkəməsinin 2(060)-3467/2021 saylı, 23.04.2021-ci il tarixli icra sənədinə əsasən 21.12.2012-ci il təvəllüdlü X8, 21.06.2014-cü il təvəllüdlü X9 və 23.10.2019-cu il təvəllüdlü X2 yetkinlik yaşlarına çatan qədər saxlanılmaları üçün cavabdeh Şəxs hər uşağa görə hər ay 135 manat olmaqla, cəmi 405 manat sabit pul məbləğində aliment tutularaq iddiaçı X3 ödənilməlidir. Hazırda borclu şəxsin 2430 manat aliment borcu yaranmışdır. İcra sənədi üzrə tələbkar şikayətçi olduğundan vət.Şəxs barəsində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 528.1-ci maddəsi ilə inzibati xəta haqqında protokol tərtib olunmuşdur. Məhkəmə iclasında çıxış edən barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan Şəxs izahatında bildirdi ki, özü Şabran rayonunda yaşayır. X4 ilə faktiki olaraq ayrı yaşayırlar, lakin boşanmamışlar. Aliment ödəməli olması ilə bağlı Sumqayıt şəhər Məhkəməsinin 2(060)-3467/2021 saylı, 23.04.2021-ci il tarixli icra sənədindən məlumatı olmamışdır. Yalnız 15 oktyabr 2021-ci il tarixdə Sumqayıt şəhəri üzrə İcra İdarəsinə izahatı alınması üçün dəvət olunan zaman həmin icra sənədindən xəbəri olmuşdur. Həmin tarixdə də izahatı alınmış və ona bildiriş təqdim olunmuşdur. Ona görə də hazırda barəsində tərtib olunmuş inzibati xəta haqqında protokolla razılaşmır, aliment ödənişi etməkdən də imtina etmir və barəsində olan inzibati xətaya dair iş üzrə icraata xitam verilməsini Məhkəmədən xahiş edir. Məhkəmə iclasında icra sənədi üzrə tələbkar X4 izahatında göstərdi ki, Sumqayıt şəhər Məhkəməsi tərəfindən verilmiş icra sənədi üzrə borclu şəxs Şəxs tərəfindən hər ay üç övladının saxlanması üçün ümumilikdə 405 manatın onun xeyrinə tutulması qət edilsə də sonuncu indiyə qədər aliment borcundan heç bir öəniş etməmişdir və hazırda 2430 manat ödənilməmiş aliment borcu vardır. Hazırda şikayətçidir. Odur ki, Şəxs barəsində inzibati tənbeh vermə haqqında qərar çıxarılmasını Məhkəmədən xahiş edir. Məhkəmə iclasında çıxış edən müdafiəçi Vəkil hüquqlarını müdafiə etdiyi şəxsin Sumqayıt şəhər Məhkəməsinin 2(060)-3467/2021 saylı, 23.04.2021-ci il tarixli icra sənədindən xəbərsiz olduğu üçün bu günə qədər aliment borcundan heç bir ödəniş etmədiyini, icra sənədini qərəzli olaraq üzrsüz səbəbdən icra etməmək kimi bir niyyətinin olmadığını, buna görə də şəxsin əməlində inzibati xəta tərkibinin olmadığını bildirərək iş üzrə icraata xitam verilməsinə dair qərar çıxarılmasını Məhkəmədən xahiş etdi. Məhkəmə, inzibati xəta haqqında protokolu tərtib etmiş Sumqayıt şəhəri üzrə İcra İdarəsinin icra məmurunun, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan və icra sənədi üzrə tələbkarın izahatlarını, müdafiəçinin çıxışını dinləyib, inzibati xəta haqqında protokolu və iş materiallarına əlavə edilmiş digər sənədləri tədqiq edərək hesab edir ki, Şəxs oğlu barəsində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 528.1-ci maddəsi ilə başlanmış inzibati xəta haqqında iş üzrə icraata xitam verilməlidir. Belə ki, Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 528.1-cı maddəsinə əsasən məhkəmə və digər orqanların qərarlarının icrası ilə əlaqədar icra məmurunun qanuni tələblərinin yerinə yetirilməməsinə və ya icra məmuru tərəfindən müəyyən olunmuş müddətdə borclunu müəyyən hərəkətləri etməyə və ya müəyyən hərəkətləri etməkdən çəkinməyə məcbur edən icra sənədinin üzürsüz səbəbdən icra edilməməsinə görə-fiziki şəxslər beş yüz manatdan min manatadək miqdarda cərimə edilir və ya işin hallarına görə, pozuntunu törədənin şəxsiyyəti nəzərə alınmaqla bir ayadək inzibati həbs tətbiq olunur, vəzifəli şəxslər min iki yüz manatdan iki min beş yüz manatadək məbləğdə, hüquqi şəxslər üç min manatdan beş min manatadək məbləğdə cərimə edilir. Həmin Məcəllənin 3-cü maddəsinə əsasən, yalnız bu Məcəllə ilə nəzərdə tutulmuş inzibati xətaların törədilməsində təqsirli hesab edilən və inzibati xəta tərkibinin bütün digər əlamətlərini daşıyan əməli (hərəkət və ya hərəkətsizlik) törətmiş şəxs inzibati məsuliyyətə cəlb olunur və tənbeh edilir. İnzibati xəta haqqında iş materiallarından da görünür ki, Şəxs həqiqətən də Sumqayıt şəhər Məhkəməsinin 2(060)-3467/2021 saylı, 23.04.2021-ci il tarixli icra sənədindən xəbərsiz olmuşdur. Belə ki iş materiallarından görünür ki, Şəxs ünvan 1 ünvanında qeydiyyatdadır və orada yaşayır. İş materiallarına əlavə edilmiş Şəxs Sumqayıt şəhəri üzrə İcra İdarəsinin icra məmuru G.Yusifova tərəfindən alınmış izahatından görünür ki, həmin izahat 15.10.2021-ci il tarixdə alınmışdır. Bundan başqa iş materiallarına əlavə edilmiş Şabran rayon İcra və Probasiya Şöbəsi tərəfindən Şəxs göndərilmiş tələbin könüllü icrası barədə bildirişdən görünür ki, sonuncu həmin bildirişi də 15.10.2021-ci il tarixdə qəbul etmişdir. Məhkəmə tərəfindən iş materialları araşdırılan zaman Şəxs 15.10.2021-ci il tarixdən əvvəl digər izahatlarının alınması, onun ünvanına icra məmuru tərəfindən aliment ödənişi ilə bağlı hər hansı bildirişlərin göndərilməsi vəs. müəyyən olunmadı. Bundan başqa Şəxs barəsində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 528.1-ci maddəsi ilə MN ******* saylı inzibati xəta haqqında protokol da 15 oktyabr 2021-ci il tarixdə tərtib olunmuşdur. Göründüyü kimi Şəxs icra sənədindən məlumatlı olduğu gün barəsində izibati xəta haqqında protokol tərtib edilmişdir. Bu da sonuncunun qərəzli olaraq icra sənədini icra etməmək kimi bir niyyətinin olmadığını və onun əməlində inzibati xəta tərkibi olmadığını göstərir. Beləliklə, məhkəmə araşdırması zamanı Şəxs tərəfindən icra sənədinin üzrsüz səbəbdən qərəzli olaraq icra etməməsi öz təsdiqini tapmadı. Azərbayccan Respublikası İnzibati Xətalar Məcəlləsinin 8-ci maddəsinə əsasən, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsin təqsiri bu Məcəllə ilə nəzərdə tutulmuş qaydada sübuta yetmədikdə və bu, inzibati xəta haqqında iş üzrə icraata baxmış hakimin, səlahiyyətli orqanın (vəzifəli şəxsin) qüvvəyə minmiş qərarı ilə müəyyən edilmədikdə o, təqsiri olmayan hesab edilir. Həmin Məcəllənin 8.2-ci maddəsinə əsasən inzibati məsuliyyətə cəlb olunmuş şəxs öz təqsirsizliyini sübut etməyə borclu deyildir. Həmin Məcəllənin 8.3-cü maddəsinə əsasən inzibati məsuliyyətə cəlb olunan şəxsin təqsirli olması barəsində olan şübhələr onun xeyrinə həll olunur. Həmin Məcəllənin 53.1.2-ci maddəsinə əsasən, inzibati xəta tərkibi olmadıqda inzibati xətalar haqqında işlər üzrə icraat başlanıla bilməz, başlanmış icraata isə xitam verilir. Yuxarıda şərh olunanlara əsasən, Məhkəmə hesab edir ki, Şəxs əməlində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 528.1-ci maddəsində nəzərdə tutulmuş inzibati xəta tərkibi müəyyən edilmədiyinə görə inzibati xəta haqqında iş üzrə icraata xitam verilməlidir. Azərbaycan Respublikası İXM-nin 66.2-ci maddəsinə əsasən barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs tərəfindən seçilmiş vəkilin gəlməsi mümkün olmadıqda, hakim, səlahiyyətli orqan (vəzifəli şəxs) həmin şəxsi vəkil ilə təmin edir. Azərbaycan Respublikası İXM-nin 66.3-cü maddəsinə əsasən maddi vəziyyətinə görə öz hesabına vəkil tutmaq imkanı olmadıqda, inzibati qaydada tutulmuş şəxsə hüquqi yardım dövlətin vəsaiti hesabına göstərilir. Belə halda vəkil öz vəzifələrini yerinə yetirməkdən imtina edə bilməz. “Müdafiəçilərə, tərcüməçilərə, mütəxəssislərə və ekspertlərə ödənilməli olan məbləğlərin miqdarı haqqında” Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2001-ci il 1 fevral tarixli 31 nömrəli qərarında dəyişiklik edilməsi barədə 03 may 2018-ci il tarixli, 202 saylı qərarına əsasən Azərbaycan Respublikası CPM-nin 193.2-ci maddəsində nəzərdə tutulmuş hallarda hüquqi yardım göstərilməsinə görə müdafiəçiyə ödənilən haqq hər iş saatı üçün 6 manat məbləğində müəyyən edilmişdir. Yuxarıdakılara əsasən və Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 53.0.2, 114.1.4, 115, 129-130-cu maddələrini rəhbər tutaraq məhkəmə, qərara aldı: Şəxs barəsində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 528.1-ci maddəsi ilə başlanmış inzibati xəta haqqında iş üzrə icraata İXM-nin 53.1.2-ci maddəsinə əsasən əməlində inzibati xəta tərkibi olmadığından xitam verilsin. Şəxs göstərilmiş hüquqi yardıma görə vəkilin əmək haqqının ödənilməsi Azərbaycan Respublikasının dövlət büdcəsinin vəsaiti hesabına həyata keçirilsin. Müdafiəçi Vəkil tərəfindən göstərilmiş 05 saat hüquqi yardıma görə cəmi 30 (otuz) manat məbləğində pul vəsaitinin dövlət büdcəsinin vəsaiti hesabına Sumqayıt şəhər 1 saylı Vəkil Bürosunun Kapiitalbank” ASC-nin Sumqayıt filialında olan hesabına köçürülməsi Azərbaycan Respublikası Vəkilllər Kollegiyasına həvalə edilsin. “Kapital Bank 1 saylı Sumqayıt filialı, hesab AZ09AİİB******************** VÖEN **********. Qərarın surəti təqdim olunduğu və ya alındığı gündən 10 gün müddətində Sumqayıt şəhər Məhkəməsin vasitəsi ilə və ya birbaşa Sumqayıt Apelyasiya Məhkəməsinə apelyasiya şikayəti verilə bilər. HAKİM: Pərviz Hacıyev

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar