Məhkəmə qərarları › İş №3(060)-3331/2025

Sumqayıt Şəhər Məhkəməsi Qərar — İş №3(060)-3331/2025

06.01.2026 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Sumqayıt şəhəri İş № 3(060)-3331/2025 06.01.2026 SUMQAYIT ŞƏHƏR MƏHKƏMƏSİ Hakim İsmayılov Samir Bəyistan oğlunun sədrliyi, Əkbərli Nicat Mais oğlunun katibliyi, X1, Qərarından şikayət verilmiş Azərbaycan Respublikası Səhiyyə Nazirliyinin Daxili nəzarət şöbəsinin aparıcı məsləhətçisi X3 iştirakları ilə, Azərbaycan Respublikası Səhiyyə Nazirliyinin xx.xx.2025-ci il tarixli MN seriyalı ******* nömrəli inzibati tənbeh vermə haqqında qərarından X4 tərəfindən verilmiş şikayətə açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: X4 şikayətlə məhkəməyə müraciət edərək Azərbaycan Respublikası Səhiyyə Nazirliyinin xx.xx.2025-ci il tarixli MN seriyalı ******* nömrəli inzibati tənbeh vermə haqqında qərarının ləğv edilməsini və iş üzrə icraata xitam verilməsini xahiş etmişdir. Şikayətçi ərizəsini onunla əsaslandırmışdır ki, “X14” gözəllik salonu Sumqayıt şəhərində fəaliyyət göstərir və salon daxilində istifadə olunan lazer epilyasiya cihazı üçün tələb olunan uyğunluq sertifikatı mövcuddur. Həmin sertifikat işə əlavə edilmişdir. Lakin, Azərbaycan Respublikası Səhiyyə Nazirliyinin xx.xx.2025-ci il tarixli MN seriyalı ******* nömrəli inzibati tənbeh vermə haqqında qərarı ilə Azərbaycan Respublikası İXM-in 210.1ci maddəsinə əsasən barəsində 5000 manat məbləğində inzibati cərimə tətbiq edilmişdir. Qərarda onun lisenziya olmadan özəl tibbi fəaliyyətlə - kosmetoloji xidmət göstərilməsi ilə əsaslanıdırlmışdır. Həmin qərarla razı deyil. Belə ki, Azərbaycan Respublikası İXM-in 210.1-ci maddəsindən aydın olur ki, lisenziya olmadan özəl tibbi fəaliyyət və ya əczaçılıqla məşğul olmaq inzibati xəta tərkibi yaradır. Lakin, epilyasiya xidmətləri lisenziya tələb edən fəaliyyət növü deyil. Normada lisenziyalaşdırma yalnız tibbi fəaliyyət və əczaçılıq sahələrinə aid edilir. Onun fəaliyyəti isə bu sahələrdən heç biri ilə əlaqədar deyil. Məhkəmə iclasında iştirak edən X4 ərizəsinin məzmununa uyğun izahat verərək şikayətin təmin edilməsini xahiş etmişdir. Məhkəmə iclasında iştirak edən qərarından şikayət verilmiş Azərbaycan Respublikası Səhiyyə Nazirliyinin Daxili nəzarət şöbəsinin aparıcı məsləhətçisi X8 şikayətlə razılaşmayaraq bildirmişdir ki, Səhiyyə Nazirliyinə vətəndaş X5 “X14” qadın salonu barədə şikayəti daxil olmuş, şikayət əsasında “X14” qadın salonunda fəaliyyət göstərən X2 (VÖEN: **********) fəaliyyəti ilə bağlı növbədənkənar yoxlamanın keçirilməsi barədə Səhiyyə Nazirliyi “X6” X13 tərəfindən xx.xx.2025-ci il tarixli qərar qəbul edilmiş və xx.xx.2025-ci ildə yoxlama barədə reyestrdən çıxarış əldə edilmişdir. xx.xx.2025-ci ildə yoxlama həyata keçirilmiş, yoxlama zamanı ünvan 1 ünvanında yerləşən “X14” qadın salonunda lazer epilyasiya aparatı aşkar edilmiş və müəyyən edilmişdir ki, X4 müvafiq lisenziyası olmadan həmin aparatla dermotoloji və kosmetoloji xidmətlər göstərir. Yoxlama zamanı X2 izahatı alınmış, müvafiq fotoşəkillər çəkilmiş və yoxlama aktına əlavə edilmişdir. Daha sonra isə müvafiq inzibati tənbeh vermə haqqında qərar qəbul edilmişdir. Hazırda şikayətçi lazer epilyasiya xidmətinin özəl tibbi fəaliyyətə aid olmadığını bildirir. Lakin, nəzərə almaq lazımdır ki, lazer epilyasiya xidməti birbaşa dəriyə təmasla həyata keçirilir, həmin xidmət həyata keçirilərkən hər hansı yanlışlıq dəridə ciddi problemlərə gətirib çıxara bilər. Həmçinin nəzərə almaq lazımdır ki, Azərbaycan Respublikası Nazirlər Kabinetinin 15 may 2017-ci il tarixli 206 saylı Qərarının müvafiq olaraq 2.13.1 və 2.13.2-ci bəndlərinə əsasən dermotoloji və kosmetoloji xidmətlər özəl tibbi fəaliyyətə aid edilmişdir. Göstərilən halları nəzərə alaraq şikayətin təmin edilməməsini və Azərbaycan Respublikası Səhiyyə Nazirliyinin xx.xx.2025-ci il tarixli MN seriyalı ******* nömrəli inzibati tənbeh vermə haqqında qərarının dəyişdirilmədən saxlanılmasını xahiş etmişdir. Məhkəmə proses iştirakçılarını dinləyib, iş materiallarını araşdıraraq hesab edir ki, şikayət əsassız olduğu üçün təmin edilməməlidir. Belə ki, iş materiallarında olan vətəndaş X5 ayrı-ayrı dövlət orqanlarına şikayətindən görünür ki, o, “X14” qadın salonunun fəaliyyətindən narazılıq edərək həmin salonun bağlanması üçün tədbirlər görülməsini xahiş etmişdir. İş materiallarında olan Azərbaycan Respublikası Səhiyyə Nazirliyi “X6” X12 xx.xx.2025-ci il tarixli 3-28-1/3-2-1078/2025 nömrəli qərarından görünür ki, ünvan 1 ünvanında fəaliyyət göstərən X2 (VÖEN: **********) fəaliyyəti ilə bağlı növbədənkənar yoxlamanın keçirilməsi qərara alınmışdır. İş materiallarında olan sahibkarlıq sahəsində aparılan yoxlamaların vahid məlumat reyestrindən xx.xx.2025-ci il tarixli KY252367221 nömrəli çıxarışından görünür ki, ünvan 1 ünvanında fəaliyyət göstərən X2 (VÖEN: **********) fəaliyyəti ilə bağlı növbədənkənar yoxlamanın keçirilməsi reyestrdə qeydə alınmışdır. İş materiallarında olan Azərbaycan Respublikası Səhiyyə Nazirliyi “X6” X12 əməkdaşları tərəfindən tərtib edilmiş xx.xx.2025-ci il tarixli T-338 nömrəli aktdan görünür ki, həmin tarixdə ünvan 1 ünvanında yerləşən “X14” qadın salonunda lazer epilyasiya aparatı aşkar edilmiş və müəyyən edilmişdir ki, X4 müvafiq lisenziyası olmadan həmin aparatla kosmetoloji xidmətlər göstərir. Yoxlama zamanı X2 izahatı alınmış, müvafiq fotoşəkillər çəkilmiş və yoxlama aktına əlavə edilmişdir. İş materiallarında olan Azərbaycan Respublikası Səhiyyə Nazirliyinin xx.xx.2025-ci il tarixli MN seriyalı ******* nömrəli inzibati tənbeh vermə haqqında qərarından görünür ki, xx.xx.2025-ci ildə ünvan 1 ünvanında yerləşən “X14” qadın salonunda X2 müvafiq lisenziyası olmadan özələ tibbi fəaliyyət – kosmetoloji (lazer epilyasiya) xidmət göstərməsi faktı aşkar edilmişdir. Ona görə də X4 vəzifəli şəxs kimi Azərbaycan Respublikası İXM-in 210.1-ci maddəsi ilə təqsirli bilinərək onun barəsində 5000 manat məbləğində inzibati cərimə tətbiq edilmişdir. Beləliklə məhkəmə araşdırması zamanı müəyyən edilmişdir ki, Səhiyyə Nazirliyinə vətəndaş X5 “X14” qadın salonu barədə şikayəti daxil olmuş, şikayət əsasında “X14” qadın salonunda fəaliyyət göstərən X2 (VÖEN: **********) fəaliyyəti ilə bağlı növbədənkənar yoxlamanın keçirilməsi barədə Səhiyyə Nazirliyi “X6” X13 tərəfindən xx.xx.2025-ci il tarixli qərar qəbul edilmiş və xx.xx.2025-ci ildə yoxlama barədə reyestrdən çıxarış əldə edilmişdir. xx.xx.2025-ci ildə yoxlama həyata keçirilmiş, yoxlama zamanı ünvan 1 ünvanında yerləşən “X14” qadın salonunda lazer epilyasiya aparatı aşkar edilmiş və müəyyən edilmişdir ki, X4 müvafiq lisenziyası olmadan həmin aparatla kosmetoloji xidmətlər göstərir. Yoxlama zamanı X2 izahatı alınmış, müvafiq fotoşəkillər çəkilmiş və yoxlama aktına əlavə edilmişdir. Daha sonra isə Azərbaycan Respublikası Səhiyyə Nazirliyinin xx.xx.2025-ci il tarixli MN seriyalı ******* nömrəli inzibati tənbeh vermə haqqında qərarı ilə X4 vəzifəli şəxs kimi Azərbaycan Respublikası İXM-in 210.1-ci maddəsi ilə təqsirli bilinərək onun barəsində 5000 manat məbləğində inzibati cərimə tətbiq edilmişdir. Hazırda şikayətçi həmin qərardan şikayət verərək, lazer epilyasiya xidmətlərinin özəl tibbi fəaliyyətə aidiyyətinin olmamasını və əməlində inzibati xəta tərkibinin yaranmadığını qeyd edərək barəsində qəbul edilmiş qərarın ləğv edilməsini və iş üzrə icraata xitam verilməsini xahiş etmişdir. Bununla bağlı məhkəmə qeyd edir ki, qüvvədə olan qanunverilciyiyin tələbinə əsasən kosmetoloji xidmətlər özəl tibbi fəaliyyətə aid edilir və bu növ xidmətlərin göstəriləsinə görə lisenziya tələb edilir. Beləliklə də, işin məhkəmə araşdırması zamanı X2 Azərbaycan Respublikası İXM-in 210.1-ci maddəsində nəzərdə tutulmuş inzibati xətanı törətməsi öz təsdiqini tapmışdır. Göstərilənlərə əsasən məhkəmə hesab edir ki, Azərbaycan Respublikası Səhiyyə Nazirliyinin xx.xx.2025-ci il tarixli MN seriyalı ******* nömrəli inzibati tənbeh vermə haqqında qərarı qanuni və əsaslıdır, həmin qərarın ləğv edilməsi və dəyişdirilməsi üçün əsaslar yoxdur. Belə ki, “Özəl tibb fəaliyyəti üzrə lisenziyalaşdırılan xidmətlərin və işlərin Siyahısı”nın, “Tikintisinə icazə tələb olunan bina və qurğuların mühəndis-axtarış işlərinin Siyahısı”nın, “Tikintisinə icazə tələb olunan bina və qurğuların tikinti-quraşdırma işlərinin Siyahısı”nın və “Tikintisinə icazə tələb olunan və barəsində məlumatlandırma icraatı tətbiq olunan bina və qurğuların layihələndirilməsi üzrə işlərin Siyahısı”nın təsdiq edilməsi haqqında Azərbaycan Respublikası Nazirlər Kabinetinin 15 may 2017-ci il tarixli 206 saylı Qərarına 1 nömrəli əlavənin 2.13-cü bəndinə əsasən dermatologiya: 2.13.1. dermatoloji; 2.13.2. kosmetoloji xidmətlər özəl tibb fəaliyyəti üzrə göstərilən xidmətlərə aid edilir. Azərbaycan Respublikası İXM-in 210.1-ci maddəsinə əsasən lisenziya olmadan özəl tibbi fəaliyyətlə və ya əczaçılıqla məşğul olmağa görə - fiziki şəxslər iki min manatdan üç min manatadək məbləğdə, vəzifəli şəxslər beş min manatdan on min manatadək məbləğdə, hüquqi şəxslər iyirmi min manatdan otuz min manatadək məbləğdə cərimə edilir Həmin Məcəllənin 2-ci maddəsinə əsasən Azərbaycan Respublikasının inzibati xətalar qanunvericiliyinin vəzifələri insan və vətəndaş hüquqlarını və azadlıqlarını, onların sağlamlığını, əhalinin sanitariya-epidemioloji salamatlığını, ictimai mənəviyyatı, mülkiyyəti, şəxslərin iqtisadi maraqlarını, ictimai qaydanı və ictimai təhlükəsizliyi, ətraf mühiti, idarəçilik qaydalarını qorumaqdan, qanunçuluğu möhkəmləndirməkdən və inzibati xətaların qarşısını almaqdan ibarətdir. Həmin Məcəllənin 17-ci maddəsinə əsasən vəzifəli şəxslər öz vəzifələrinin yerinə yetirilməməsi və ya lazımınca yerinə yetirilməməsi ilə bağlı inzibati xətalara görə inzibati məsuliyyətə cəlb olunurlar. Həmin maddənin Qeydinə əsasən dövlət hakimiyyətinin nümayəndəsi funksiyasını həyata keçirən şəxslər, dövlət orqanlarında, bələdiyyələrdə, Azərbaycan Respublikasının Silahlı Qüvvələrində və Azərbaycan Respublikasının qanunvericiliyinə uyğun olaraq yaradılmış başqa silahlı birləşmələrdə, dövlət və qeyri-dövlət təşkilatlarında, idarə və müəssisələrində, o cümlədən X13lərdə təşkilati-sərəncamverici və ya inzibati-təsərrüfat vəzifələrində daimi və ya müvəqqəti işləyən şəxslər və ya həmin vəzifələri xüsusi səlahiyyət əsasında həyata keçirən şəxslər, habelə hüquqi şəxs yaratmadan sahibkarlıq fəaliyyəti ilə məşğul olaraq belə səlahiyyətləri yerinə yetirən fiziki şəxslər vəzifəli şəxs hesab edilirlər. Azərbaycan Respublikası İXM-in 48-ci maddəsinə əsasən inzibati xətalar haqqında işlər üzrə icraatın vəzifələri şəxslərin hüquqlarını və azadlıqlarını, onların qanuni mənafelərini qorumaqdan, inzibati xəta haqqında hər bir işin hallarını vaxtında, hərtərəfli, tam və obyektiv surətdə aydınlaşdırmaqdan, inzibati xəta törətmiş şəxsi aşkar etməkdən və onu inzibati məsuliyyətə cəlb etməkdən, çıxarılmış qərarın icrasını təmin etməkdən, habelə inzibati xətanın törədilməsinə kömək edən səbəbləri və şəraiti aşkar etməkdən və inzibati xətaların qarşısını almaqdan ibarətdir. Həmin Məcəllənin 75-ci maddəsinəəsasən inzibati xətalar haqqında işlərin icraatı zamanı inzibati xəta hadisəsinin, inzibati xəta törətmiş şəxsin, inzibati xəta törətməkdə şəxsin təqsirinin müəyyən edilməsi zəruridir. Həmin Məcəllənin 76.1-ci maddəsinə əsasən İnzibati xətanın olub-olmamasını, inzibati xəta törədən şəxsin təqsirini və işin düzgün həlli üçün əhəmiyyətli olan digər halları müəyyən etmək üçün hakimin, səlahiyyətli orqanın (vəzifəli şəxsin) əsaslana bildiyi hər cür faktik məlumatlar inzibati xətalar haqqında işlər üzrə sübutlar sayılır. Bu məlumatlar maddi sübutlarla, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsin, zərər çəkmiş şəxsin, şahidlərin izahatları ilə, digər sənədlərlə, xüsusi texniki vasitələrin göstəriciləri ilə, dövlət informasiya sistemlərində (ehtiyatlarında) aşkar olunan məlumatlarla, ekspertin rəyi ilə, inzibati xəta haqqında protokolla, bu Məcəllə ilə müəyyən edilmiş digər protokollarla müəyyən edilir. Həmin Məcəllənin 84.1-ci maddəsinə əsasən inzibati xətalar haqqında işlərə baxan hakim, səlahiyyətli orqan (vəzifəli şəxs) işin bütün hallarının məcmusunun hərtərəfli, tam və obyektiv surətdə baxılmasına əsaslanan öz daxili inamı ilə sübutları qiymətləndirir. Həmin Məcəllənin 99.1-ci maddəsinə əsasən inzibati xəta hadisəsinin mövcudluğunu göstərən kifayət qədər halların səlahiyyətli vəzifəli şəxs tərəfindən bilavasitə və ya xüsusi texniki vasitələrin köməyi ilə aşkar edilməsi inzibati xətalar haqqında işlər üzrə icraata başlamağa səbəb ola bilər. Həmin Məcəllənin 133.2.8-ci maddəsinə əsasən inzibati xəta haqqında iş üzrə qərardan verilən şikayətə və ya protestə baxılarkən qəbul edilmiş qərarın qanuniliyi və əsaslılığı iş üzrə olan və əlavə təqdim edilmiş materiallar əsasında yoxlanılır. Beləliklə, məhkəmə hesab edir ki, Azərbaycan Respublikası Səhiyyə Nazirliyinin xx.xx.2025-ci il tarixli MN seriyalı ******* nömrəli inzibati tənbeh vermə haqqında qərarı qanuni və əsaslı olduğundan X2 verdiyi şikayət təmin edilməməli və qeyd edilən qərar dəyişdirilmədən saxlanılmalıdır. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası İXM-in 133-137-ci maddələrini rəhbər tutaraq, məhkəmə QƏRARAALDİ: X2 şikayəti təmin edilməsin. Azərbaycan Respublikası Səhiyyə Nazirliyinin xx.xx.2025-ci il tarixli MN seriyalı ******* nömrəli inzibati tənbeh vermə haqqında qərarı dəyişdirilmədən saxlanılsın. Qərarın surəti rəsmi qaydada təqdim edildiyi və ya alındığı gündən 10 gün müddətində Sumqayıt Şəhər Məhkəməsi vasitəsi ilə və ya bilavasitə Sumqayıt Apelyasiya Məhkəməsinə şikayət verilə bilər. Hakim: Samir İsmayılov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar