Məhkəmə qərarları › İş №3(060)-3333/2025

Sumqayıt Şəhər Məhkəməsi Qərardad — İş №3(060)-3333/2025

10.12.2025 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRARDAD Sumqayıt şəhəri İş № 3(060)-3333/2025 10.12.2025 SUMQAYIT ŞƏHƏR MƏHKƏMƏSİ Hakim İsmayılov Samir Bəyistan oğlu, Şəxs barəsində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 272.3-cü maddəsi ilə Sumqayıt ŞPİ-nin 2-ci Polis Bölməsindən daxil olmuş inzibati xəta haqqında materiala işin baxılmağa hazırlanması mərhələsində baxaraq, MÜƏYYƏN ETDİ: Sumqayıt ŞPİ-nin 2-ci Polis Bölməsi tərəfindən Şəxs barəsində Azərbaycan Respublikası İXM-nin 272.3-cü maddəsi ilə tərtib edilmiş inzibati xəta haqqında protokol baxılması üçün Sumqayıt Şəhər Məhkəməsinə göndərilmişdir. Məhkəmə inzibati xəta haqqında materialın Azərbaycan Respublikası İXM-in 106-cı maddəsinə müvafiq olaraq işin baxılmağa hazırlanması zamanı müəyyən etmişdir ki, inzibati xəta haqqında iş üzrə materiallar natamamdır və işə baxılarkən onu tamamlamaq mümkün deyil. Belə ki, iş materiallarında olan cinayət işinin başlanmasının rədd edilməsi barədə qərarda qeyd edilmişdir ki, Azərbaycan Respublikası Kənd Təsərrüfatı Nazirliyinin Balıqçılıq və Akvakultura Mərkəzi PHŞ X1 şöbəsinin əməkdaşları reyd zamanı videçəkiliş etmişlər, həmin video materiallar Sumqayıt ŞPİ-nin 2-ci Polis Bölməsinə təqdim edilmişdir. Lakin, məhkəməyə göndərilmiş iş materiallarına qeyd edilən video görüntülər əlavə edilməmişdir. Azərbaycan Respublikası İXM-in 92.3-cü maddəsinə əsasən əşyaların (əl yükü, baqaj, ov və balıq ovu alətləri, əldə edilmiş məhsul və sair) yoxlanılması fasiləsiz videoçəkiliş aparılmaqla həmin əşyaların mülkiyyətçilərinin və ya sahiblərinin iştirakı ilə həyata keçirilir.Təxirə salınmayan hallarda mülkiyyətçisi və ya sahibi olmadan göstərilən əşyalar fasiləsiz videoçəkiliş aparılmaqla yoxlanıla bilər. Feldyeger rabitəsini həyata keçirən müvafiq icra hakimiyyəti orqanının əməkdaşı tərəfindən çatdırılan korrespondensiyalar və digər göndərişlər açıla və ya yoxlanıla bilməz. Həmin Məcəllənin 94.1-ci maddəsinə əsasən inzibati xətanın baş verdiyi yerdə və ya fiziki şəxsin şəxsi axtarışı zamanı, yaxud onun əşyalarına və ya nəqliyyat vasitəsinə baxış zamanı aşkar edilmiş və iş üçün sübut əhəmiyyəti olan əşyaların və sənədlərin, inzibati xətanın törədilməsində alət və ya inzibati xətanın bilavasitə obyekti olan predmetin götürülməsi inzibati xəta haqqında iş üzrə icraatı aparan vəzifəli şəxs tərəfindən fasiləsiz videoçəkiliş aparılmaqla həyata keçirilir. Bundan əlavə məhkəməyə təqdim edilmiş materiallarda qeyd edilmişdir ki, Şəxs ov qaydalarını kobud şəkildə pozmaqla lazımi balıqovlama bileti olmadan qadağan olunmuş alət (sintetik tor) ilə qanunsuz şəkildə 79 ədəd siyənək balığı ovlamışdır. Yuxarıdakı azbasda qeyd edilən hallarla bağlı məhkəmə qeyd edir ki, Şəxs balıqovlama bileti olmaması qeyd edilsə də, balıqovlama bileti olmamasını təsdiq edən müvafiq orqandan alınmış sənədlər iş materiallarına əlavə edilməmişdir. Qeyd etmək lazımdır ki, İXM-in 272.3-cü maddəsinin sanksiyasında ov hüququ məhdudlaşdlaşdırılması da nəzərdə tutulmuşdur, işə mahiyyəti üzrə baxıldığı və törədilməsi iddia edilən inzibati xəta öz təsdiqini tapdığı Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun 12 sentyabr 2023-cü il tarixli Qərarında göstərilən hüquqi mövqeyə əsasən qeyd edilən tənbehin tətbiq edilməsi yalnız ov hüququ olan şəxsə münasibətdə tətbiq edilə bilər. İndiki halda bununla bağlı müvafiq icazəni (ov biletini) verən orqanın bu barədə rəsmi cavabı olmadan qeyd edilən halın dəqiq müəyyən edilməsi mümkün deyil. Bunda əlavə hazırki inzibati xəta haqqında protokol Azərbaycan Respublikası İXMnin 273-cü maddəsi ilə tərtib edilmiş və həmin maddənin sanksiyasında inzibati xətanın törədilməsində alət və ya inzibati xətanın bilavasitə obyekti olmuş predmetlər müsadirə edilməklə və ya müsadirə edilməməklə min manatdan iki min manatadək məbləğdə cərimə edilir, yaxud altı aydan iki ilədək müddətə ov hüququ məhdudlaşdırılması nəzərdə tutulmuşdur. Göründüyü kimi maddənin sanksiyasında inzibati xətanın törədilməsində alət və ya inzibati xətanın bilavasitə obyekti olmuş predmetlər müsadirə edilməsi məsələsi də nəzərdə tutulmuşdur. Məhkəməyə göndərilmiş materiallarda 79 ədəd siyənək bağlığının və sintetik torun aşkar edilməsi qeyd edilsə də, onların sonrakı taleyi barədə, yəni kimlərə verilməsi, harada saxlanılması barədə iş materiallarına hər hansı sənəd əlavə edilməmişdir. Halbuki, Azərbaycan Respublikası İXM-in 77.3-cü maddəsinə əsasən icraatında inzibati xəta haqqında iş olan hakim, səlahiyyətli orqan (vəzifəli şəxs) iş üzrə icraat başa çatanadək maddi sübutların qorunub saxlanılmasının təmin edilməsi üçün tədbirlər görməli, inzibati xəta haqqında iş üzrə icraat başa çatdıqdan sonra maddi sübutlar haqqında qərar qəbul etməlidir. Bundan əlavə məhkəmə qeyd edir ki, inzibati xəta haqqında materialda qadağan olunmuş alət kimi sintetik torun aşkar edilməsi göstərilsə də, qeyd edilən vasitə ilə bağlı müvafiq ekspertiza təyin edilərək onun “Mülki dövriyyədə olmasına yol verilməyən (mülki dövriyyədən çıxarılmış) əşyaların siyahısı haqqında” Azərbaycan Respublikasinin Qanunun 19-cu bəndində göstərilən parametrlərə uyğun olub-olmaması müəyyən edilməmiş, beləliklə də Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 233-1.1-ci maddəsində nəzərdə tutulmuş məsuliyyətə səbəb olub-olmaması məsələsi araşdırılmamış və müvafiq qiymət verilməmişdir. Belə ki, “Mülki dövriyyədə olmasına yol verilməyən (mülki dövriyyədən çıxarılmış) əşyaların siyahısı haqqında” Azərbaycan Respublikasinin Qanunun 19-cu bəndinə əsasən diametri 0,5 mm-dən az olan sintetik təkqat saplardan toxunmuş və dəliklərin konstruktiv ölçüləri 120 mm-dən kiçik ilgəkli balıqtutan torlar Azərbaycan Respublikasının Mülki Məcəlləsinə uyğun olaraq mülki dövriyyədə olmasına yol verilməyən (mülki dövriyyədən çıxarılmış) əşya kimi müəyyən edilmişdir. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 02 iyun 2017-ci il tarixli 243 nömrəli qərarı ilə təsdiq edilmiş «Balıq və digər su bioresurslarının sənaye ovu qaydaları»nın 2.5.1-ci bəndinə əsasən balıqovlama biletləri olmadan balıq və digər su bioresurslarının ovu, 2.5.21-ci bəndinə əsasən isə kapron və kətan liflərdən hazırlanmış torlar istisna olmaqla, digər sintetik saplı və təksaplı torlarla balıq və digər su bioresurslarının ovu balıq və digər su bioresurslarının sənaye ovu ilə məşğul olan balıqçılıq subyektlərinə qadağandır. Azərbaycan Respublikası CM-in 233-1.1-ci maddəsinə əsasən qanunla mülki dövriyyədə olmasına yol verilməyən (mülki dövriyyədən çıxarılmış) əşyaları qanunsuz olaraq hazırlama, əldə etmə, saxlama, daşıma, gəzdirmə, başqasına vermə və ya satma beş ilədək müddətə azadlıqdan məhrum etmə ilə cəzalandırılır. Azərbaycan Respublikası İXM-in 106.0.5-ci maddəsinə əsasən hakim, səlahiyyətli orqan (vəzifəli şəxs) inzibati xətalar haqqında işlərə baxılmağa hazırlanması zamanı işə mahiyyəti üzrə baxılması üçün işdə kifayət qədər sübutlar toplanıb-toplanmaması məsələsini həll edir. Həmin Məcəllənin 109.1.6-cı maddəsinə əsasən protokol və digər materiallar səlahiyyəti olmayan şəxslər tərəfindən tərtib olunduqda, protokol və digər sənədlər düzgün tərtib olunmadıqda, yaxud təqdim edilmiş materiallar natamam olduqda, işə baxılarkən tamamlamaq mümkün olmadıqda, inzibati xətalar haqqında protokolun və ya digər sənədlərin onu tərtib etmiş orqana, vəzifəli şəxsə geri qaytarılması haqqında qərardad qəbul edilir. Göstərilənlərə əsasən məhkəmə hesab edir ki, Şəxs barəsində Azərbaycan Respublikası İXM-in 272.3-cü maddəsi ilə Sumqayıt ŞPİ-nin 2-ci Polis Bölməsindən daxil olmuş inzibati xəta haqqında material geri qaytarılmalıdır. Qeyd olunanlara əsasən və Azərbaycan Respublikası İXM-in 106 və 109-cu maddələrini rəhbər tutaraq, məhkəmə QƏRARA ALDİ: Şəxs barəsində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 272.3-cü maddəsi ilə Sumqayıt ŞPİ-nin 2-ci Polis Bölməsindən daxil olmuş inzibati xəta haqqında material geri qaytarılsın. Qərardaddan şikayət verilə bilməz. Hakim: Samir İsmayılov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar