Məhkəmə qərarları › İş №3(060)-3335/2025

Sumqayıt Şəhər Məhkəməsi Qərar — İş №3(060)-3335/2025

25.12.2025 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Sumqayıt şəhəri İş № 3(060)-3335/2025 25.12.2025 SUMQAYIT ŞƏHƏR MƏHKƏMƏSİ Hakim İsmayılov Samir Bəyistan oğlunun sədrliyi, Əkbərli Nicat Mais oğlunun katibliyi, X1 iştirakı ilə, Azərbaycan Respublikası DİN Baş Dövlət Yol Polisi İdarəsinin xx.xx.2025-ci il tarixli EQ31959618 nömrəli inzibati tənbeh vermə haqqında qərarından X8 tərəfindən verilmiş şikayətə açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: X8 şikayətlə məhkəməyə müraciət edərək Azərbaycan Respublikası DİN Baş Dövlət Yol Polisi İdarəsinin xx.xx.2025-ci il tarixli EQ31959618 nömrəli inzibati tənbeh vermə haqqında qərarının ləğv edilməsini xahiş etmişdir. Şikayət onunla əsaslandırılmışdır ki, xəta qeydə alınarən “BMW” markalı 10TT298 dövlət qeydiyyat nişanlı avtomobili o idarə etməmişdir. Həmin nəqliyyat vasitəsi barədə sonnuncu etirbarnamə ona verildiyi üçün cərimə əsassız olaraq onun barəsində tətbiq edilmişdir. Məhkəmə iclasında iştirak edən X8 şikayətini müdafiə edərək bildirmişdir ki, “BMW” markalı 10TT298 dövlət qeydiyyat nişanlı avtomobil dostu X2 məxsusdur, sonuncu özü də həmin nəqliyyat vasitəsini etibarnamə əsasında idarə edir. Nəqliyyat vasitəsinin mülkiyyətçisisi X3r. Bu ilin fevral ayında ona bir günlük avtomobil lazım olduğu üçün dostu Ceyhundan bu barədə xahiş etmiş və buna görə “BMW” markalı 10TT298 dövlət qeydiyyat nişanlı avtomobillə bağlı ona etibarnamə verilmişdir. Həmin vaxt bir gün həmin avtomobili idarə etmiş və avtomobili Ceyhuna qaytarmışdır. Həmin vaxtdan sonra heç vaxt “BMW” markalı 10TT298 dövlət qeydiyyat nişanlı avtomobili idarə etməmişdir. Göstərilənləri nəzərə alaraq şikayətinin təmin edilməsini xahiş etmişdir. Məhkəmə iclaslarının vaxtı və yeri barədə lazımi qaydada məlumat verilməsinə baxmayaraq qərar qəbul etmiş Azərbaycan Respublikası DİN Baş Dövlət Yol Polisi İdarəsinin nümayəndəsi məhkəmə iclaslarında iştirak etməmiş və iştirak etməməsinin səbəbləri barədə məlumat verməmişdir. Azərbaycan Respublikası İXM-in 133.2.4-cü maddəsinə əsasən məhkəmə şikayətə Baş Dövlət Yol Polisi İdarəsinin nümayəndəsinin iştirakı olmadan baxılması mümkün hesab etmişdir. Məhkəmə iclasında şahid qismində iştirak edən X4 izahatında bildirmişdir ki, “BMW” markalı 10TT298 dövlət qeydiyyat nişanlı avtomobil ona məxsusdur, lakin həmin avtomobilin mülkiyyətçisi formal olaraq X3r. Bu ilin fevral ayında dostu X8 ona bir günlük avtomobil lazım olmasını bildirmiş, o da etiraz etmədən avtomobili vermiş və bununla bağlı X6 avtomobilin mülkiyyətçisinin adından etibarnamə də verilmişdir. Ruslan avtomobili bir gün idarə etdikdən sonra ona qaytarmış və həmin vaxtdan sonra Ruslan onun avtomobilini heç vaxt idarə etməmişdir. Avtomobilə sonuncu etibarnamə Ruslanın adına olduğu üçün cərimələr də Ruslanın adına gəlmişdir. Lakin, qeyd etdiyi kimi avtomobili Ruslan deyil, o özü idarə etmişdir. O, hazırda ********** nömrəli mobil telefondan istifadə edir, “BMW” markalı 10TT298 dövlət qeydiyyat nişanlı avtomobil onun telefonunda olan “SMS Radar” mobil tətbiqində qeydiyyatdan keçmiş, cərimələr barədə məlumat da onun telefonuna gəlir. Həmçinin bildirmişdir ki, “BMW” markalı 10TT298 dövlət qeydiyyat nişanlı avtomobilə görə ona daha öncədən etibarnamə verilmişdir. Məhkəmə şikayətçinin və şahidin izahatlarını dinləyib, iş materiallarını araşdıraraq hesab edir ki, şikayət qismən təmin edilməli, Azərbaycan Respublikası DİN Baş Dövlət Yol Polisi İdarəsinin xx.xx.2025-ci il tarixli EQ31959618 nömrəli inzibati tənbeh vermə haqqında qərarı ləğv edilərək inzibati xəta haqqında iş yenidən baxılmaq üçün Azərbaycan Respublikası DİN Baş Dövlət Yol Polisi İdarəsinə göndərilməlidir. Belə ki, iş materiallarında olan Azərbaycan Respublikası DİN Baş Dövlət Yol Polisi İdarəsinin xx.xx.2025-ci il tarixli EQ31959618 nömrəli inzibati tənbeh vermə haqqında qərarından görünür ki, “BMW 530” minik markalı, **-TT-*** dövlət qeydiyyat nişanlı nəqliyyat vasitəsi xx.xx.2025-ci ildə saat 09:13-də Sumqayıt şəhəri, 36-cı məhəllə ərazisində hərəkət hissəsinin kəsişməsinin kənarından 05 metrdən az məsafədə dayanmasına və ya durmasına görə və nəqliyyat vasitəsini idarə etmək hüququ məhdudlaşdırılmış şəxs tərəfindən həmin nəqliyyat vasitəsi idarə edilməsinə görə sürücü X8 Azərbaycan Respublikası İXM-in 346.5 və 332.3-cü maddələri ilə təqsirli bilinərək 400 manat məbləğində cərimə edilmişdir. İş materaillarına əlavə edilmiş sənədlərə əsasən müəyyən edilir ki, “BMW 530” minik markalı, **-TT-*** dövlət qeydiyyat nişanlı nəqliyyat vasitəsinin mülkiyyətçisi X3r və həmin nəqliyyat vasitəsinin idarə edilməsinə görə xx.xx.2025-ci ildə X6 01 il 05 ay müddətində qüvvədə olan etibarnamə verilmişdir. Məhkəmə iclasında həmçinin müəyyən edilmişdir ki, “BMW 530” minik markalı, **- TT-*** dövlət qeydiyyat nişanlı nəqliyyat vasitəsinə görə xx.xx.2024-cü ildə X2 xx.xx.2033cü ilədək qüvvədə olan etibarnamə verilmişdir (elektron məhkəmə sistemində olan məlumatlarla təsdiq edilmişdir). Məhkəmə iclasında həmçinin müəyyən edilmişdir ki, X4 hazırda ********** nömrəli mobil telefondan istifadə edir, “BMW” markalı 10TT298 dövlət qeydiyyat nişanlı avtomobil onun telefonunda olan “SMS Radar” mobil tətbiqində qeydiyyatdan keçmiş, cərimələr barədə məlumat da onun telefonuna gəlir (C.Abdurrəhmanov istifadəsində olan mobil nörməni izahatında bildirmiş və özü könüllü telefonunu təqdim edərək orada olan cərimə barədə məlmatları göstərmişdir). Beləliklə, məhkəmə iclasında müəyyən edilmişdir ki, “BMW 530” minik markalı, **- TT-*** dövlət qeydiyyat nişanlı avtomobilin sürücüsünün xx.xx.2025-ci ildə saat 09:13-də dayanma və ya durma qaydalarını pozmasına görə X8 təqsirli bilinərək inzibati qaydada cərimə edilsə də, inzibati xəta qeydə alınarkən həmin nəqliyyat vasitəsi onun tərəfindən idarə edilməmişdir. Göstərilənlərə əsasən məhkəmə hesab edir ki, yuxarıda qeyd edilən hal səlahiyyətli orqanın (vəzifəli şəxsin) gəldiyi nəticələr üzrə mühüm əhəmiyyət kəsb edən bütün faktiki halların araşdırılmaması kimi qiymətləndirilməli, X5 barəsində qəbul edilmiş Azərbaycan Respublikası DİN Baş Dövlət Yol Polisi İdarəsinin xx.xx.2025-ci il tarixli EQ31959618 nömrəli inzibati tənbeh vermə haqqında qərarı ləğv edilməli və iş yenidən baxılmaq üçün Azərbaycan Respublikası DİN Baş Dövlət Yol Polisi İdarəsinə göndərilməlidir. Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 122.2-ci maddəsinə əsasən İnzibati tənbeh vermə haqqında elektron qərar müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqanın (qurumun) müvafiq informasiya sisteminin məlumatlarına əsasən nəqliyyat vasitəsinin istifadəçisi (nəqliyyat vasitəsini icarə və ya digər əşya hüquqlarına dair müqavilə və ya nəqliyyat vasitəsindən istifadə etmə və ya ona dair sərəncam vermə hüquqları ilə bağlı etibarnamə əsasında sonuncu dəfə təkrar dövlət qeydiyyatından keçirilərkən qeydiyyata götürülmüş şəxs, hüquqi şəxsin mülkiyyətində və ya istifadəsində, yaxud dövlət qurumunun istifadəsində olan nəqliyyat vasitəsinin sürücüsü, belə məlumat olmadıqda isə nəqliyyat vasitəsinin mülkiyyətçisi olan fiziki şəxs) barəsində çıxarılır.. Həmin Məcəllənin 122.7-ci maddəsinə əsasən barəsində bu Məcəllənin 122.1-ci, 124.5-ci və ya 124.6-cı maddələrində nəzərdə tutulmuş qaydada inzibati tənbeh vermə haqqında qərar çıxarılmış şəxs inzibati xətanın törədilməsi zamanı nəqliyyat vasitəsinin digər şəxsin sahibliyində və ya istifadəsində olması, yaxud digər şəxslərin qanunsuz əməlləri nəticəsində onun sahibliyindən çıxması ilə bağlı və ya digər səbəbdən qərarla razılaşmadığı hallarda həmin qərardan bu Məcəllənin 126.1-ci maddəsində nəzərdə tutulmuş qaydada yuxarı səlahiyyətli orqana (vəzifəli şəxsə) və məhkəməyə şikayət verə bilər. Şikayət verən şəxs inzibati xətanın törədilməsi zamanı nəqliyyat vasitəsini kimin idarə etdiyinə dair ehtimalını şikayətdə göstərə bilər. Şikayətdə göstərilən məlumatlar təsdiq olunarsa, inzibati tənbeh vermə haqqında qərar ləğv edilir və inzibati xətanı törətmiş şəxsin inzibati məsuliyyətə cəlb edilməsi üçün müvafiq tədbirlər görülür. Həmin Məcəllənin 8.1-ci maddəsinə əsasən barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsin təqsiri bu Məcəllədə nəzərdə tutulmuş qaydada sübuta yetmədikdə və bu, inzibati xəta haqqında iş üzrə icraata baxmış hakimin, səlahiyyətli orqanın (vəzifəli şəxsin) qüvvəyə minmiş qərarı ilə müəyyən edilmədikdə o, təqsirsiz hesab edilir. Həmin Məcəllənin 8.2-ci maddəsinə əsasən inzibati məsuliyyətə cəlb olunmuş şəxs öz təqsirsizliyini sübut etməyə borclu deyildir. Həmin Məcəllənin 8.3-cü maddəsinə əsasən inzibati məsuliyyətə cəlb olunan şəxsin təqsirli olması barəsində şübhələr onun xeyrinə həll edilir. Həmin Məcəllənin 48-ci maddəsinə əsasən inzibati xətalar haqqında işlər üzrə icraatın vəzifələri şəxslərin hüquqlarını və azadlıqlarını, onların qanuni mənafelərini qorumaqdan, inzibati xəta haqqında hər bir işin hallarını vaxtında, hərtərəfli, tam və obyektiv surətdə aydınlaşdırmaqdan, inzibati xəta törətmiş şəxsi aşkar etməkdən və onu inzibati məsuliyyətə cəlb etməkdən, çıxarılmış qərarın icrasını təmin etməkdən, habelə inzibati xətanın törədilməsinə kömək edən səbəbləri və şəraiti aşkar etməkdən və inzibati xətaların qarşısını almaqdan ibarətdir. Həmin Məcəllənin 76.1-ci maddəsinə əsasən inzibati xətanın olub-olmamasını, inzibati xəta törədən şəxsin təqsirini və işin düzgün həlli üçün əhəmiyyətli olan digər halları müəyyən etmək üçün hakimin, səlahiyyətli orqanın (vəzifəli şəxsin) əsaslana bildiyi hər cür faktik məlumatlar inzibati xətalar haqqında işlər üzrə sübutlar sayılır. Bu məlumatlar maddi sübutlarla, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsin, zərər çəkmiş şəxsin, şahidlərin izahatları ilə, digər sənədlərlə, xüsusi texniki vasitələrin göstəriciləri ilə, dövlət informasiya sistemlərində (ehtiyatlarında) aşkar olunan məlumatlarla, ekspertin rəyi ilə, inzibati xəta haqqında protokolla, bu Məcəllə ilə müəyyən edilmiş digər protokollarla müəyyən edilir. Həmin Məcəllənin 133.2.8-ci maddəsinə əsasən inzibati xəta haqqında iş üzrə qərardan verilən şikayətə və ya protestə baxılarkən qəbul edilmiş qərarın qanuniliyi və əsaslılığı iş üzrə olan və əlavə təqdim edilmiş materiallar əsasında yoxlanılır. Həmin Məcəllənin 135.1.1-ci maddəsinə əsasən hakimin, səlahiyyətli orqanın (vəzifəli şəxsin) gəldiyi nəticələr üzrə mühüm əhəmiyyət kəsb edən bütün faktiki halların araşdırılmaması inzibati xəta haqqında iş üzrə qərarın ləğv edilməsi və ya dəyişdirilməsi üçün əsasdır. Həmin Məcəllənin 134.1.4-cü maddəsinə əsasən inzibati xəta haqqında iş üzrə qərardan verilən şikayətə və ya protestə baxılaraq bu Məcəllənin 135.1.1 və 135.1.6-cı maddələri ilə müəyyən edilmiş hallarda qərarın ləğv edilməsi və inzibati xəta haqqında işin yenidən baxılmaq üçün hakimə, səlahiyyətli orqana (vəzifəli şəxsə) göndərilməsi haqqında qəbul edilir. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 133-137-ci maddələrini rəhbər tutaraq, məhkəmə QƏRARAALDİ: X5 şikayəti qismən təmin olunsun. Azərbaycan Respublikası DİN Baş Dövlət Yol Polisi İdarəsinin xx.xx.2025-ci il tarixli EQ31959618 nömrəli inzibati tənbeh vermə haqqında qərarı ləğv edilsin və qeyd olunan inzibati xəta haqqında iş yenidən baxılması üçün Azərbaycan Respublikası DİN Baş Dövlət Yol Polisi İdarəsinə göndərilsin. Qərarın surəti rəsmi qaydada təqdim edildiyi və ya alındığı gündən 20 gün müddətində Sumqayıt Şəhər Məhkəməsi vasitəsi ilə və ya birbaşa Sumqayıt Apelyasiya Məhkəməsinə şikayət verilə bilər. Hakim: Samir İsmayılov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar