Məhkəmə qərarları › İş №3(060)-3340/2025

Sumqayıt Şəhər Məhkəməsi Qərar — İş №3(060)-3340/2025

23.12.2025 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Sumqayıt şəhəri İş № 3(060)-3340/2025 23.12.2025 SUMQAYIT ŞƏHƏR MƏHKƏMƏSİ Hakim İsmayılov Samir Bəyistan oğlunun sədrliyi, Əkbərli Nicat Mais oğlunun katibliyi, Zərəçəkmiş şəxs Zərərçəkmiş şəxs, onun nümayəndəsi və vəkili ”De Fendo” Vəkil Bürosunun vəkili Vəkil, Barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs iştirakları ilə, xx.xx.1990-cı ildə Sumqayıt şəhərində anadan olmuş, Azərbaycan Respublikasının vətəndaşı, subay, orta təhsili olmayan, işləməyən, ünvan 1 ünvanında qeydiyyatda olan və yaşayan (FİN: xxxxxxx) Şəxs barəsində Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 232-1 maddəsi ilə tərtib edilmiş inzibati xəta haqqında protokola və ona əlavə edilmiş materiallara açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: Şəxs barəsində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 232-1-ci maddəsi ilə tərtib edilmiş 08 dekabr 2025-ci il tarixli, MN seriyalı ******* saylı inzibati xəta haqqında protokola və ona əlavə edilmiş materiallar məhkəməyə daxil olmuşdur. İnzibati xəta haqqında protokola və ona əlavə edilmiş sənədlərə əsasən Şəxs 24 noyabr 2025-ci il tarixdə Zərərçəkmiş şəxs məxsus “VAZ 2107” minik **-HO-*** dövlət qeydiyyat nişanlı avtomobilin yan, arxa və ön şüşələrini, faralarını, güzgülərini, şüşə təmizləyicilərini və mühərrik qapağını yararsız hala salaraq sonuncuya 1775 manat maddi ziyan vurmuşdur. Məhkəmə iclasında iştirak edən barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs özünü təqsirli bilməyərək izahatında göstərmişdir ki, onun Zərərçəkmiş şəxs ilə qeyri-rəsmi münasibət olmuş və bu münasibətlərdən bir uşaq var. Əvvəllər onların münasibətləri normal olsa da, sonradan pisləşmiş və onlar 09 aydır ki, ayrı yaşayırlar. O, Sumqayıt şəhəri, “Xəzər bağları” ərazisində ev tikdirir və həyətində ustalar işləyir. 24 noyabr 2025-ci il tarixdə Zərərçəkmiş şəxs həmin həyətə gəlmiş və onu qısqandığı üçün həmin ustaların həyətdə bir daha işləməməsini bildirmişdir. Daha sonra da həyətə gələrək ustaların işinə mane olmuşdur. O da Elminin hərəkətlərindən hiddətlənərək onun işlədiyi sexə gəlmiş və sonuncunun idarə etdiyi avtomobilə daş parçası ilə zədələr yetirmişdir. O, polisə şikayət edilmədiyi təqdirdə Elminə maddi ziyanı ödəməyi təklif etmiş, lakin Elmin onun təklifinə məhəl qoymayaraq hadisə barədə polisə məlumat verməmişdir. Hal-hazırda maddi imkanı olmadığı üçün dəymiş maddi ziyanı ödəyə bilmir. Göstərilənləri nəzərə alaraq iş üzrə qanuna müvafiq qərar qəbul edilməsini xahiş etmişdir. Məhkəmə iclasında Zərərçəkmiş şəxs bildirmişdir ki, Şəxs neçənci dəfədir ki, onun avtomobilinə zədə yetirmiş, lakin o, uşağa görə sonuncunu bağışlamışdır. Lakin, bu dəfə Şəxs hərəkətləri barədə polisə müraciət etmək qərarına gəlmişdir. Hazırda şikayətçidir və ona dəymiş maddi ziyan ödənilməsini tələb edir. Göstərilənləri nəzərə alaraq iş üzrə qanuna müvafiq qərar qəbul edilməsini xahiş etmişdir. Məhkəmə iclasında zərərçəkmiş şəxsin nümayəndəsi ”De Fendo” Vəkil Bürosunun vəkili Vəkil ərizə təqdim edərək bildirmişdir ki, xx.xx.2025-ci il tarixdə saat təxminən 19:45 radələrində Şəxs Zərərçəkmiş şəxs işlədiyi “Avtobaza” ərazisinə gedərək ona məxsus 10НО104 dövlət qeydiyyat nişanlı, VAZ 2107 markalı avtomobilin yan, arxa və ön şüşələrini, faralarını, güzgülərini, şüşə təmizliyicilərini, mühərrik qapağını, səs gücləndiricini, oturacaqları, şüşə qaldırıcını və avtomobilin görünüçünü yararsız hala salaraq onun əmlakına qəsdən maddi ziyan vurmuşdur. Avtomobilə dəyən ziyan "xxxx" MMC tərəfindən 2804 manat müəyyən edilmişdir. Lakin, sonradan Sumqayıt RPİ-nin 2-ci polis bölməsinin təşəbbüsü ilə avtomobil yenidən ekspertizadan keçirilməsi üçün Azərbaycan Respublikası “X1” MMC-nə göndərilmişdir. “X1” MMC-nin rəyinə əsasən 1.775.00 manat dəyərində maddi ziyan müəyyən edilmişdir. Azərbaycan Respublikası “X1” MMC avtomobilin fotoşəkilləri əsasında baxıb rəy vermiş, lakin "xxxx" MMC isə avtomobilə baxış keçirərək rəy vermişdir. Buna görə də "xxxx" MMC tərəfindən göstərilən maddi ziyan nəzərə alınmalıdır. Bundan başqa Şəxs Zərərçəkmiş şəxs işlədiyi “Avtobaza” ərazisinə gedərək ona məxsus 10-НО-104 dövlət qeydiyyat nişanlı, VAZ 2107 markalı avtomobilə maddi ziyan yetirərkən tək olmamış və yanında onun rəfiqəsi də olmuşdur. Bu hadisəni “Avtobaza”-nın mühafizəçisi də görmüşdür. Həmin vaxtlarda “Avtobazada” bəzi sexlərdə ustalar da işləmiş və onlar da hadisəni görməsələr də, səs küyü eşitmişlər. Şəxs avtomobilə maddi ziyan yetirdikdən sonra Zərərçəkmiş şəxs whatsapp nömrəsinə yazaraq maşına maddi ziyan vurduğunu bildirmişdir. Şəxs whatsappda bu qanunsuz hərəkəti nə üçün etdiyini yazmış, lakin Sumqayıt ŞPİ-nin 2-ci Polis Bölməsində başqa cür izahat vermişdir. Şəxs törətdiyi qanunsuz əməldən sonra rəfiqəsi ilə birlikdə Zərərçəkmiş şəxs yaşadığı evə qanunsuz daxil olaraq anasına və bacısına xəsarət yetimişdir. Şəxs qeyd olunan əməli ilə bağlı Sumqayıt RPİ-nin 4-cü polis bölməsində araşdırma aparılır. Göründüyü kimi Şəxs hazırki iş üzrə inzibati xəta deyil, Azərbaycan Respublikası CM-in 221-ci maddəsində nəzərdə tutulmuş əməlini törətmişdir. Göstərilənlərə əsasən iş üzrə qanuna müvafiq qərar qəbul edilməsini xahiş etmişdir. İş materiallarında olan 05 dekabr 2025-ci il tarixli cinayət işinin başlanmasının rədd edilməsi barədə qərardan görünür ki, iş üzrə cinayət işinin başlanması rədd edilmiş və Şəxs barəsində Azərbaycan Respublikası İXM-in 232-1-ci maddəsi ilə tədbir görülməsi üçün qərar aidiyyəti üzrə göndərilmişdir. İş materiallarında olan video görüntülərdən görünür ki, Şəxs “VAZ 2107” minik **- HO-*** dövlət qeydiyyat nişanlı avtomobilin yan, arxa və ön şüşələrinə, faralarına, güzgülərinə, şüşə təmizləyicilərinə və digər hissələrinə zərbələr endirərək zədələr yetirir. İş materiallarında olan Azərbaycan Respublikası “X1” MMC-nin xx.xx.2025-ci il tarixli, 446 nömrəli ekpertiza rəyindən görünür ki, aparılmış tədqiqatlar nəticəsində, VAZ 2107 markalı avtomobilin şüşə dəstinin, faralarının, yan güzgülərinin, səsgücləndiricilərinin, oturacaqlarının, şüşə qaldırıcılarının pərakəndə (sərbəst) satış qiyməti və usta haqqı (dəmirçi və rəngsaz) xx.xx.2025-ci il tarixədə - 1,775.00 manat müəyyən edilir. İş materiallarında olan ekspertiza xərcinə dair bildirişdən görünür ki, ekspertizaya dair aparılmış tədqiqatın dəyəri 200 (iki yüz) manat müəyyən edilmişdir. İş materiallarına əlavə edilmiş "xxxx" MMC tərəfindən verilmiş xx.xx.2025-ci il tarixli məktubdan görünür ki, “VAZ 2107” minik **-HO-*** dövlət qeydiyyat nişanlı avtomobilə dəyən zərər aşağıdakı kimi hesablanır. Şüşə dəsti (yan, ön, arxa) – 740 manat, çex fara (xurustal) – 610 manat, yan güzgü cüt – 64 manat, kalonka pioner – 170 manat, oturacaqlar (arxa qabaq) – 450 manat, şüşə qaldıran (moturu) – 70 manat, usta əl haqqı – 300 manat, plyonkalar – 100 manat, dəmiçi 150 manat, rəngsaz 150 manat. Elektron Məhkəmə İnfirmasiya Sistemindən çıxarışa əsasən Şəxs iki azyaşlı uşağı var (müvafiq olaraq xx.xx.2012-ci il və xx.xx.2024-cü il təvəllüdlü uşaqlar). Məhkəmə hesab edir ki, “VAZ 2107” minik **-HO-*** dövlət qeydiyyat nişanlı avtomobilə dəyən zərərin hesablanması ilə bağlı "xxxx" MMC tərəfindən verilmiş xx.xx.2025-ci il tarixli məktub deyil, “X1” MMC-nin xx.xx.2025-ci il tarixli, 446 nömrəli ekpertiza rəyi mötəbər sübut kimi qəbul edilməlidir. Belə ki, ekspert rəyi əsaslandırılmış formada tərtib edilmiş, müvafiq rəy verilərkən “Qiymətləndirmə standartları və normaları, peşəkar qiymətləndiricilərin hazırlanması qaydaları”nın tələblərinə uyğun hesablama aparılmış və qiymətləndirmə zamanı zəruri olan müvafiq metodlar tətbiq edilmişdir. Zərəçəkmiş şəxsin nümayəndəsi və vəkili məhkəmə iclasında bildirmişdir ki, Şəxs əməllərində inzibati xəta deyil, Azərbaycan Respublikası CM-in 221-ci maddəsində nəzərdə tutulmuş əməlinin tərkibi vardır. Qeyd edilən halı nəzərə alaraq qanuna müvafiq qərar qəbul edilməsini xahiş etmişdir. Bununla bağlı məhkəmə qeyd edir ki, tərəflər arasında uzun müddətdir şəxsi münasibətlər mövcuddur və şəxsi münasibətləri zəmnində əvvəllər də mübahisələri olmuşdur. Bu səbəbdən də hazırki iş üzrə Şəxs əmələrində Azərbaycan Respublikası CM-in 221-ci maddəsinin tərkib əlamətlərinin olması istisna edilir və təhqiqat araşdırması zamanı bu hallara qiymət verilərək cinayət işinin başlanmasının rədd edilməsi barədə qərar qəbul edilmişdir. Ona görə də məhkəmə Azərbaycan Respublikası İXM-in 85-ci maddəsinə müvafiq olaraq hazırki iş üzrə icraata xitam verilməsini və işin ibtidai araşdırmaya prosessual rəhbərliyi həyata keçirən prokurora göndərilməsini məqsədə müvafiq hesab etmir. Beləliklə, məhkəmə iclasında toplanmış və tədqiq edilmiş obyektiv sübutların məcmusu ilə Şəxs özgənin əmlakını qəsdən zədələməklə zərərçəkmiş şəxsə az miqdarda ziyan vurması (1775 manat), yəni Azərbaycan Respublikası İXM-in 232-1-ci maddəsində nəzərdə tutulmuş inzibati xətanı törətməsi tam sübuta yetirilmişdir. Şəxs barəsində Azərbaycan Respublikası İXM-in 232-1-ci maddəsi ilə başlanmış inzibati xəta haqqında iş üzrə icraata xitam verilməsi əsas və onun inzibati məsuliyyətdən azad edilməsi əsasları müəyyən edilmişdir. Məhkəmə hesab edir ki, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs özünü təqsirli bilməməsi özünü müdafiə xarakteri daşıyır, onun təqsirli olması işin halları ilə öz təsdiqini tapır. Azərbaycan Respublikası İXM-in 232-1-ci maddəsinə əsasən özgənin əmlakını qəsdən məhv etməyə və ya zədələməyə görə, bu az miqdarda ziyan vurduqda- inzibati xəta nəticəsində vurulmuş ziyanın bir mislindən iki mislinədək məbləğdə cərimə edilir. Maddənin qeydinə əsasən bu maddədə az miqdar dedikdə, beş min manatdan yuxarı olmayan məbləğ başa düşülür. Azərbaycan Respublikası İXM-in 3-cü maddəsinə əsasən, yalnız bu Məcəllə ilə nəzərdə tutulmuş inzibati xətanın törədilməsində təqsirli hesab edilən və inzibati xəta tərkibinin bütün digər əlamətlərini daşıyan əməli (hərəkət və ya hərəkətsizliyi) törətmiş şəxs inzibati məsuliyyətə cəlb olunur. Həmin Məcəllənin 76.1-ci maddəsinə əsasən inzibati xətanın olub-olmamasını, inzibati xəta törədən şəxsin təqsirini və işin düzgün həlli üçün əhəmiyyətli olan digər halları müəyyən etmək üçün hakimin, səlahiyyətli orqanın (vəzifəli şəxsin) əsaslana bildiyi hər cür faktik məlumatlar inzibati xətalar haqqında işlər üzrə sübutlar sayılır. Bu məlumatlar maddi sübutlarla, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsin, zərər çəkmiş şəxsin, şahidlərin izahatları ilə, digər sənədlərlə, xüsusi texniki vasitələrin göstəriciləri ilə, dövlət informasiya sistemlərində (ehtiyatlarında) aşkar olunan məlumatlarla, ekspertin rəyi ilə, inzibati xəta haqqında protokolla, bu Məcəllə ilə müəyyən edilmiş digər protokollarla müəyyən edilir. Həmin Məcəllənin 84.1-ci maddəsinə əsasən inzibati xətalar haqqında işlərə baxan hakim, səlahiyyətli orqan (vəzifəli şəxs) işin bütün hallarının məcmusunun hərtərəfli, tam və obyektiv surətdə baxılmasına əsaslanan öz daxili inamı ilə sübutları qiymətləndirir. Məhkəmə barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsə inzibati tənbeh tətbiq edərkən Azərbaycan Respublikası İXM-in aşağıdakı prinsip və müddəalarını rəhbər tutur. Azərbaycan Respublikası İXM-in 9-cu maddəsinə əsasən inzibati xəta törətmiş şəxs haqqında tətbiq edilən tənbeh ədalətli olmalıdır, yəni inzibati xətaların xarakterinə, onun törədilməsi hallarına və inzibati xətanı törətməkdə təqsirli bilinənin şəxsiyyətinə uyğun olmalıdır. Həmin Məcəllənin 31.2-ci maddəsinə əsasən fiziki və ya vəzifəli şəxslər barəsində inzibati tənbeh tətbiq edilərkən, xətanın xarakteri, inzibati xəta törədən şəxsin şəxsiyyətini xarakretizə edən hallar, onun təqsirinin dərəcəsi, əmlak vəziyyəti, habelə məsuliyyəti yüngülləşdirən və ağırlaşdıran hallar nəzərə alınır. Məhkəmə Azərbaycan Respublikası İXM-in 32-ci maddəsinə əsasən barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs iki azyaşlı uşağının olmasını onun məsuliyyətini yüngülləşdirən hal kimi qiymətləndirir. Azərbaycan Respublikası İXM-in 33-cü maddəsinə əsasən barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs məsuliyyətini ağırlaşdıran hallar müəyyən edilməmişdir. Beləliklə, inzibati tənbeh tətbiq edərkən məhkəmə xətanın hallarını və xarakterini, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs şəxsiyyətini, təqsirinin dərəcəsini məsuliyyətini yüngülləşdirən halın olmasını, ağırlaşdıran halların isə olmamasını nəzərə alır və hesab edir ki, onun barəsində Azərbaycan Respublikası İXMin 232-1-ci maddəsinin sanksiyasında nəzərdə tutulmuş inzibati cərimə növündə inzibati tənbeh tətbiq edilməsi məqsədə uyğundur. Azərbaycan Respublikası İXM-in 22-ci maddəsinə əsasən inzibati tənbeh məsuliyyət tədbiridir və inzibati xəta törədən şəxsi qanunlara əməl edilməsi ruhunda tərbiyələndirmək, habelə həm inzibati xəta törətmiş şəxs, həm də başqa şəxslər tərəfindən yeni inzibati xəta törədilməsinin qarşısını almaq məqsədi daşıyır. Məhkəmə həmçinin hesab edir ki, Azərbaycan Respublikası İXM-in 55.2-ci maddəsinə əsasən iş üzrə ekspertiza xərcləri dövlətə aid edilməlidir. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 43, 114-115, 117 və 128-130-cu maddələrini rəhbər tutaraq, məhəkmə QƏRARA ALDİ: Şəxs Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 232-1-ci maddəsi ilə təqsirli bilinərək vurulmuş 1775 (min yeddi yüz yetmiş beş) manat ziyanın bir misli miqdarında, yəni 1775 (min yeddi yüz yetmiş beş) manat məbləğində inzibati cərimə edilsin. Ekspertiza xərci dövlətə aid edilsin. Qərarın surəti təqdim edildiyi və ya alındığı gündən 10 (on) gün müddətində Sumqayıt Şəhər Məhkəməsi vasitəsi ilə və ya birbaşa Sumqayıt Apelyasiya Məhkəməsinə şikayət verilə bilər. Hakim: Samir İsmayılov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar