Məhkəmə qərarları › İş №3(060)-3354/2021

Sumqayıt Şəhər Məhkəməsi Qərardad — İş №3(060)-3354/2021

18.10.2021 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRARDAD Sumqayıt şəhəri İş № 3(060)-3354/2021 18.10.2021 SUMQAYIT ŞƏHƏR MƏHKƏMƏSİ Hakim Hacıyev Pərviz Əhməd oğlunun sədrliyi, X6 məhkəmə iclas katibliyi, İnzibati xəta haqqında protokolu tərtib etmiş şəxs - Sumqayıt şəhər Polis İdarəsinin 4-cü polis bölməsinin sahə rəisi polis mayoru X10, Barəsində inzibati xəta haqqında protokol tərtib edilmiş şəxs - Şəxs, Zərərçəkmiş şəxs - X7 və X2, Tərcüməçi - X3, Müdafiəçi - Sumqayıt şəhər 1 saylı Vəkil Bürosunun vəkili Vəkil Hüseyn oğlunun iştirakları ilə, Şəxs Azərbaycan Respublikası İXM-nin 227-ci maddəsi ilə təqsirləndirilməsinə dair inzibati xətanı törətməsinə dair Sumqayıt ŞPİ-nin 4-cü PB-dən daxil olmuş inzibati xəta haqqında materiallara açıq məhkəmə iclasında baxaraq məhkəmə, Müəyyən etdi: Sumqayıt şəhər Məhkəməsinə Şəxs Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 227-ci maddəsində nəzərdə tutulmuş inzibati xətanı törətməsinə dair 17 oktyabr 2021-ci il tarixli, MN ******* nömrəli və 17 oktyabr 2021-ci il tarixli, MN ******* nömrəli inzibati xəta haqqında protokollar daxil olmuşdur. Sumqayıt şəhər Məhkəməsinin 18 oktyabr 2021-ci il tarixli qərardadı ilə Şəxs Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 227-ci maddəsi ilə təqsirləndirilməsinə dair 3(060)-3354/2021 №li iş, və 3(060)-3355/2021 №li iş bir icraatda, 3(060)-3354/2021 nömrə ilə birləşdirilmişdir. Məhkəmə iclasında çıxış edən inzibati xəta haqqında protokolları tərtib etmiş X13 izahatında bildirdi ki, Şəxs 11.10.2021-ci il tarixdə saat 17:00-da Sumqayıt şəhəri 14-cü məhəllə ərazisində Beynəlxalq Bankın Bankomatında pulun çıxarılmasında X11 köməklik edən zaman sonuncunun 287 manat pulunu dələduzluq yolu ilə ələ keçirmişdir. Bundan başqa o, 15.10.2021-ci il tarixdə saat 12:50-də Sumqayıt şəhəri 14-cü məhəllə ərazisində yerləşən Beynəlxalq Banka məxsus kartdan 186 manat pul çıxararaq X4 qarşı dələduzluq etmişdir. Odur ki, Şəxs barəsində qanunamüvafiq tədbir görülməsini məhkəmədən xahiş etdi. Məhkəmə iclasında çıxış edən barəsində inzibati xəta haqqında protokol tərtib edilmiş şəxs Şəxs özünü təqsirli bilərək törətdiyi əməldən peşman olduğunu, himayəsində azyaşlı övladının olmasını, heç bir yerdə işləmədiyini, xırda dələduzluqlarla məşğul olduğunu bildirdi. Məhkəmə iclasında çıxış edən zərərçəkmiş şəxs X12 izahatında bildirdi ki, 11.10.2021-ci il tarixdə saat 17:00-da Sumqayıt şəhəri 14-cü məhəllə ərazisində yerləşən Beynəlxalq Banka məxsus olan bankomatdan onun istifadəsində olan təqaüd kartından pulunu çıxarmaq üçün oraya getmiş, həmin vaxt orada tanımadığı şəxsdən ona kömək etməsini xahiş etmiş, həmin şəxs kartını yoxlayaraq kartında pul olmadığını, başqa bankomata yaxınlaşmasını bildirmiş, lakin o həmin vaxt kartından pul çıxdığını görmüşdür. 12.10.2021-ci il tarixdə o, Beynəlxalq Bankın Sumqayıt filialına müraciət edərək orada kartından 287 manat pulun çıxarılmasını öyrənmiş, həmin vaxt ona kömək edən şəxsin onu aldatdığını başa düşmüşdür. Məhkəmə iclasında çıxış edən zərərçəkmiş şəxs X5 izahatında bildirdi ki, 15.10.2021-ci il tarixdə saat 12:50-də Sumqayıt şəhəri 14-cü məhəllə ərazisində yerləşən Beynəlxalq Banka məxsus bankomatdan özünə məxsus olan “ailə başçısını itirməyə görə sosial müavinət” kartı vasitəsilə pul çıxarmaq istəyən zaman həmin vaxt bankomatın qarşısında sıra gözləyən əvvəllər tanımadığı təxminən 30 yaşlarında olan bir nəfər qadın və kişinin onun düzgün əməliyyat aparmadığını deyərək kartı ondan alıb pulunu çıxaracağına dair söz verdiyi üçün kartını onlara vermiş, həmin şəxs kartı bankomata daxil edərək kartında pul olmadığını bildirib kartını ona geri qaytarmış, lakin o, kartından başqa hesaba pul köçürüldüyünü görmüş, qadından kartını tutub almış, qadın isə qaçıb getmişdir. Daha sonra yaxınlıqdakı digər bankomatda kartında olan 186 manat pulunun çıxarıldığını, həmin şəxslərin onun 186 manat pulunu ələ keçirdiyini başa düşmüşdür. Odur ki, Şəxs barəsində qanunamüvafiq qərar qəbul edilməsini Məhkəmədən xahiş edir. Məhkəmə inzibati xətaya dair iş materiallarını öyrənərək müəyyən etdi ki, Şəxs 11.10.2021-ci il tarixdə saat 17:00-da Sumqayıt şəhəri 14-cü məhəllə ərazisində Beynəlxalq Bankın Bankomatında pulun çıxarılmasında X11 köməklik etmək adı ilə sonuncunun 287 manat pulunu, bundan başqa 15.10.2021-ci il tarixdə saat 12:50-də Sumqayıt şəhəri 14-cü məhəllə ərazisində yerləşən Beynəlxalq Bankın Bankomatında pulun çıxarılmasında X1 etmək adı ilə sonuncunun 186 manat pulunu açıq şəkildə talamışdır. Göründüyü kimi Şəxs törətdiyi əməllərdə soyğunçuluq cinayətinin əlamətləri vardır. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 85-ci maddəsinə əsasən icraatında inzibati xəta haqqında iş olan hakim, səlahiyyətli orqan (vəzifəli şəxs) fiziki şəxs tərəfindən törədilmiş inzibati xətada cinayət əlamətlərini aşkar etdikdə, materialları prokurora, ibtidai istintaq və ya təhqiqat orqanına göndərir. Beləliklə, Məhkəmə hesab edir ki, Şəxs barəsində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 227-ci maddəsi ilə olan 17 oktyabr 2021-ci il tarixli, MN ******* nömrəli və 17 oktyabr 2021-ci il tarixli, MN ******* nömrəli inzibati xəta haqqında protokollar üzrə inzibati xətaya dair materiallar cinayət işinin başlanılması məsələsinin həll edilməsi üçün Sumqayıt şəhər Prokurorluğuna göndərilməlidir. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 85-ci maddəsini rəhbər tutaraq, məhkəmə, Qərara aldı: Şəxs barəsində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 227-ci maddəsi ilə olan 17 oktyabr 2021-ci il tarixli, MN ******* nömrəli və 17 oktyabr 2021-ci il tarixli, MN ******* nömrəli inzibati xəta haqqında protokollar üzrə inzibati xətaya dair materiallar cinayət işinin başlanılması məsələsinin həll edilməsi üçün Sumqayıt şəhər Prokurorluğuna göndərilsin. Hakim Pərviz Hacıyev

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar