Məhkəmə qərarları › İş №3(060)-3364/2025

Sumqayıt Şəhər Məhkəməsi Qərar — İş №3(060)-3364/2025

25.12.2025 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Sumqayıt şəhəri İş № 3(060)-3364/2025 25.12.2025 SUMQAYIT ŞƏHƏR MƏHKƏMƏSİ Hakim İsmayılov Samir Bəyistan oğlunun sədrliyi, Əkbərli Nicat Mais oğlunun katibliyi, İnzibati xəta haqqında protokol tərtib etmiş orqan Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında X6 Xidmətinin nümayəndəsi X3 iştirakı ilə, “Selcem Mimarlıq və İnşaat Limited Şirketi”nin Azərbaycan Respublikasındakı Filialı (VÖEN: **********) barəsində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 539.3-cü maddəsi ilə tərtib edilmiş inzibati xəta haqqında protokola və ona əlavə edilmiş materiallara açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ : Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında X6 Xidmətinin Abşeron-Xızı regional şöbəsi tərəfindən hüquqi şəxs “Selcem Mimarlıq və İnşaat Limited Şirketi”nin Azərbaycan Respublikasındakı Filialı (VÖEN: **********) barəsində Azərbaycan Respublikası İXM-in 539.3-cü maddəsi ilə 12 dekabr 2025-ci il tarixli MN seriyalı ******* nömrəli inzibati xəta haqqında protokol tərtib edərək baxılması üçün adiyyəti üzrə Sumqayıt Şəhər Məhkəməsinə göndərilmişdir. Məhkəmə iclasında iştirak edən inzibati xəta haqqında protokol tərtib etmiş orqan Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında X6 Xidmətinin nümayəndəsi X5 izahatında bildirmişdir ki, vətəndaş X2 “Selcem Mimarlıq və İnşaat Limited Şirketi”nin Azərbaycan Respublikasındakı Filialında əmək hüquqlarının pozulması barədə müraciəti ilə əlaqədar Azərbaycan Respublikası Əmək Məcəlləsinin 15-ci maddəsinin 2-ci hissəsinə əsasən xx.xx.2025-ci il tarixli 3-17-5/2-102512/2025 nömrəli məktubla cəmiyyət rəhbərliyindən 07 (yeddi) iş günü müddətində aidiyyəti məlumat və sənədlər tələb edilsə də, həmin müddət ərzində məlumat və sənədlər təqdim edilməmişdir. Yalnız xx.xx.2025-ci ildə müvafiq məlumat məktubu verilsə də, yenə də sorğuda qeyd edilən sənədlər təqdim edilməmişdir. Ona gödə də 08 dekabr 2025-ci il tarixli 3-175/7-********** nömrəli bildirişlə “Selcem Mimarlıq və İnşaat Limited Şirketi”nin Azərbaycan Respublikasındakı Filialının direktoru 12 dekabr 2025-ci il tarixdə inzibati xəta haqqında iş üzrə araşdırmada iştiraka dəvət edilmişdir. Qeyd edilən bildirişlər barəsində icraat aparılan hüquqi şəxsin elektron kabinetinə yerləşdirilmiş və bu barədə çıxarışlar materiallara əlavə edilmişdir. Araşdırmaya dəvət edilməsinə baxmayaraq “Selcem Mimarlıq və İnşaat Limited Şirketi”nin Azərbaycan Respublikasındakı Filialının nümayəndəsi araşdırma prosesində iştirak etməmiş, ona görə də onların iştirakı olmadan Azərbaycan Respublikası İXM-in 539.3cü maddəsi ilə inzibati xəta haqqında protokol tərtib edilmişdir. Aradan bu qədər müddət keçməsinə baxmayaraq bu günə kimi də hər hansı sənəd müfəttişliyə təqdim edilməmişdir. X1 müraciəti üzrə araşdırmanın aparılması mümkün olmamışdır. Göstərilən halları nəzərə alaraq “Selcem Mimarlıq və İnşaat Limited Şirketi”nin Azərbaycan Respublikasındakı Filialının Azərbaycan Respublikası İXM-in 539.3-cü maddəsi ilə təqsirli bilinərək barəsində müvafiq inzibati tənbeh tətbiq etmə barədə qərarın qəbul edilməsini xahiş etmişdir. Məhkəmə iclasının vaxtı və yeri barədə məlumatlandırılmış barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan hüquqi şəxs “Selcem Mimarlıq və İnşaat Limited Şirketi”nin Azərbaycan Respublikasındakı Filialının nümayəndəsi məhkəmə iclasına gəlməmiş və gəlməməsinin səbəbləri barədə məlumat verməmişdir. Məhkəmə Azərbaycan Respublikası İXM-in 64.3 və 112.1.4-cü maddələrinə əsasən, işə barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan hüquqi şəxsin nümayəndəsinin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Məhkəmə iş materiallarını araşdıraraq hesab edir ki, “Selcem Mimarlıq və İnşaat Limited Şirketi”nin Azərbaycan Respublikasındakı Filialının Azərbaycan Respublikası İXM-in 539.3-cü maddəsində nəzərdə tutulmuş inzibati xətanı törətməsi tam sübuta yetirilir. Belə ki, iş materiallarında olan Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında X6 Xidmətinin Abşeron-Xızı regional şöbəsi tərəfindən “Selcem Mimarlıq və İnşaat Limited Şirketi”nin Azərbaycan Respublikasındakı Filialına ünvanlanmış xx.xx.2025-ci il tarixli 3-17-5/2-102512/2025 nömrəli nömrəli məktubdan görünür ki, X2 əmək hüquqlarının pozulması barədə müraciəti üzrə Azərbaycan Respublikası Əmək Məcəlləsinin 15.2-ci maddəsinə əsasən 07 iş günü ərzində aşağıdakı sənədlərin təqdim edilməsi tələb edilmişdir: Son haqq-hesabın ödənilməsini təsdiq edən sənədlərin surəti, həmçinin vətəndaşın müraciətində qeyd etdiyi məsələlərlə bağlı tam ətraflı cavab məktubu. İş materiallarına əlavə edilmiş elektron çıxarışlardan görünür ki, X6 Xidmətinin Abşeron-Xızı regional şöbəsi tərəfindən “Selcem Mimarlıq və İnşaat Limited Şirketi”nin Azərbaycan Respublikasındakı Filialına ünvanlanmış xx.xx.2025-ci il tarixli 3-17-5/2- 102512/2025 nömrəli məktubu həmin şirkətin elektron kabinetinə yerləşdirilmişdir. İş materiallarına əlavə edilmiş “Selcem Mimarlıq və İnşaat Limited Şirketi”nin Azərbaycan Respublikasındakı Filialının X6 Xidmətinin Abşeron-Xızı regional şöbəsinə ünvanlanmış xx.xx.2025-ci il tarixli məktubundan görünür ki, müfəttişliyin müraciəti üzrə müvafiq cavab verilmiş, lakin həmin məktuba qoşma hər hansı sənəd əlavə edilməmişdir. İş materiallarına əlavə edilmiş Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında X6 Xidmətinin Abşeron-Xızı regional şöbəsi tərəfindən “Selcem Mimarlıq və İnşaat Limited Şirketi”nin Azərbaycan Respublikasındakı Filialının direktoruna ünvanlanmış 08 dekabr 2025-ci il tarixli 3-175/7-********** nömrəli bildirişdən görünür ki, onlar şirkət barəsində protokolun tərtib edilməsində iştirak məqsədi ilə 12 dekabr 2025-ci il tarixdə saat 11:00-da X6 Xidmətinə dəvət edilmişdir. İş materiallarına əlavə edilmiş çıxarışlardan görünür ki, X6 Xidmətinin Abşeron-Xızı regional şöbəsi tərəfindən “Selcem Mimarlıq və İnşaat Limited Şirketi”nin Azərbaycan Respublikasındakı Filialına ünvanlanmış 08 dekabr 2025-ci il tarixli 3-175/7-********** nömrəli nömrəli bildiriş həmin tarixdə elektron kabinet üzərindən çatıdırılmışdır. İş materiallarına əlavə edilmiş 12 dekabr 2025-ci il tarixli MN seriyalı ******* nömrəli inzibati xəta haqqında protokoldan görünür ki, vətəndaş X2 “Selcem Mimarlıq və İnşaat Limited Şirketi”nin Azərbaycan Respublikasındakı Filialında əmək hüquqlarının pozulması barədə müraciəti ilə əlaqədar Azərbaycan Respublikası Əmək Məcəlləsinin 15.2-ci maddəsinə əsasən həmin şirkətin rəhbərliyindən 07 (yeddi) iş günü müddətində aidiyyəti sənəd və məlumatlar tələb edilsə də gec, eyni zamanda natamam təqdim edilmişdir. Bununla da “Selcem Mimarlıq və İnşaat Limited Şirketi”nin Azərbaycan Respublikasındakı Filialı tərəfindən Azərbaycan Respublikası İXM-in 539.3-cü maddəsi ilə nəzərdə tutulmuş inzibati xəta törədilmişdir. Beləliklə məhkəmə araşdırması zamanı tədqiq edilmiş sübutların məcmusu ilə - inzibati xəta haqqında protokol, sənədlərin tələb edilməsi barədə məktub və digər sənədlərlə “Selcem Mimarlıq və İnşaat Limited Şirketi”nin Azərbaycan Respublikasındakı Filialının əmək qanunvericiliyinə əməl olunmasına dövlət nəzarətini həyata keçirən müvafiq icra hakimiyyəti orqanının tələbi ilə İXM-in 539.1-1-ci maddəsində nəzərdə tutulan hallarla bağlı zəruri olan məlumatları (sənədləri) natamam təqdim etməsi tam sübuta yetirilmişdir. Bununla da “Selcem Mimarlıq və İnşaat Limited Şirketi”nin Azərbaycan Respublikasındakı Filialı tərəfindən Azərbaycan Respublikası İXM-in 539.3-cü maddəsində nəzərdə tutulmuş inzibati xəta törədilmişdir. İş üzrə icraata xitam verilməsi və məsuliyyətdən azad edilmə üçün əsaslar yoxdur. Ona görə də Azərbaycan Respublikası İXM-in 114.1.1-ci maddəsinə müvafiq olaraq iş üzrə inzibati tənbeh vermə haqqında qərar qəbul edilməlidir. Azərbaycan Respublikası Əmək Məcəlləsinin 15-ci maddəsinin 2-ci hissəsinə əsasən əmək qanunvericiliyinə əməl olunmasına dövlət nəzarətini həyata keçirən orqan fəaliyyət istiqamətlərinə uyğun olaraq işəgötürənlərdən zəruri olan məlumatların tam, düzgün və vaxtında təqdim edilməsini, habelə əmək qanunvericiliyinin pozulmasında təqsirkar şəxslərdən yol verdikləri hüquq pozuntularının aradan qaldırılmasını tələb etmək, onları Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsi ilə müəyyən olunmuş hallarda və qaydada inzibati məsuliyyətə cəlb etmək və digər məsuliyyətə cəlb olunması üçün müvafiq orqanlar qarşısında məsələ qaldırmaq hüququna malikdir. Azərbaycan Respublikası İXM-in 539.1-1-ci maddəsinə əsasən əmək müqaviləsinin bağlanması, dəyişdirilməsi və xitamının əsasları və sənədləşdirilməsi, kollektiv müqavilənin (sazişin) bağlanması və yerinə yetirilməsi, əmək şəraiti, işçilərin və iş yerlərinin attestasiyasının keçirilməsi, iş və istirahət vaxtı, məzuniyyət hüququnun həyata keçirilməsi, əmək və məzuniyyət haqlarının, ezamiyyə xərclərinin, müavinət və digər ödənişlərin ödənilməsi, qadınların və yaşı 18-dən az olan işçilərin əməyindən istifadənin xüsusiyyətləri, işçilərin sığorta olunmasının tənzimlənməsi, əməyin mühafizəsi norma və qaydaları ilə bağlı əmək qanunvericiliyinə əməl olunmasına dövlət nəzarətini həyata keçirən müvafiq icra hakimiyyəti orqanının icrası məcburi olan göstərişinin əmək münasibətlərinin iştirakçıları tərəfindən icra edilməməsinə görə vəzifəli şəxslər min manat məbləğində, hüquqi şəxslər iki min manat məbləğində cərimə edilir. Həmin Məcəllənin 539.3-cü maddəsinə əsasən əmək qanunvericiliyinə əməl olunmasına dövlət nəzarətini həyata keçirən müvafiq icra hakimiyyəti orqanının tələbi ilə bu Məcəllənin 539.1-1-ci maddəsində nəzərdə tutulan hallarla bağlı zəruri olan məlumatların (sənədlərin) təqdim edilməməsinə, yaxud tam, düzgün və ya vaxtında təqdim edilməməsinə (sahibkarlıq fəaliyyətinin həyata keçirildiyi yerlərə gəlməklə aparılan yoxlamalara münasibətdə bu Məcəllənin 602.4-cü maddəsində nəzərdə tutulmuş hallar istisna olmaqla) görə - vəzifəli şəxslər min manatdan min beş yüz manatadək məbləğdə, hüquqi şəxslər iki min manatdan iki min beş yüz manatadək məbləğdə cərimə edilir. Həmin Məcəllənin 3-cü maddəsinə əsasən yalnız bu Məcəllə ilə nəzərdə tutulmuş inzibati xətanın törədilməsində təqsirli hesab edilən və inzibati xəta tərkibinin bütün digər əlamətlərini daşıyan əməli (hərəkət və ya hərəkətsizliyi) törətmiş şəxs inzibati məsuliyyətə cəlb olunur. Həmin Məcəllənin 12.1-ci maddəsinə əsasən bu Məcəllə ilə qorunan ictimai münasibətlərə qəsd edən, hüquqazidd olan, təqsirli sayılan (qəsdən və ya ehtiyatsızlıqdan törədilən) və inzibati məsuliyyətə səbəb olan əməl (hərəkət və ya hərəkətsizlik) inzibati xəta hesab olunur. Həmin Məcəllənin 76.1-ci maddəsinə əsasən inzibati xətanın olub-olmamasını, inzibati xəta törədən şəxsin təqsirini və işin düzgün həlli üçün əhəmiyyətli olan digər halları müəyyən etmək üçün hakimin, səlahiyyətli orqanın (vəzifəli şəxsin) əsaslana bildiyi hər cür faktik məlumatlar inzibati xətalar haqqında işlər üzrə sübutlar sayılır. Bu məlumatlar maddi sübutlarla, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsin, zərər çəkmiş şəxsin, şahidlərin izahatları ilə, digər sənədlərlə, xüsusi texniki vasitələrin göstəriciləri ilə, ekspertin rəyi ilə, inzibati xəta haqqında protokolla, bu Məcəllə ilə müəyyən edilmiş digər protokollarla müəyyən edilir. Həmin Məcəllənin 84.1-ci maddəsinə əsasən inzibati xətalar haqqında işlərə baxan hakim, səlahiyyətli orqan (vəzifəli şəxs) işin bütün hallarının məcmusunun hərtərəfli, tam və obyektiv surətdə baxılmasına əsaslanan öz daxili inamı ilə sübutları qiymətləndirir. Məhkəmə inzibati tənbeh tətbiq edərkən Azərbaycan Respublikası İXM-in aşağıdakı prinsip və müddəalarını nəzərə alır. Azərbaycan Respublikası İXM-in 9.1-ci maddəsinin tələbinə görə, inzibati xəta törətmiş şəxs haqqında tətbiq edilən tənbeh ədalətli olmalıdır, yəni inzibati xətaların xarakterinə, onun törədilməsi hallarına və inzibati xətanı törətməkdə təqsirli bilinənin şəxsiyyətinə uyğun olmalıdır. Həmin Məcəllənin 22-ci maddəsinə əsasən inzibati tənbeh məsuliyyət tədbiridir və inzibati xəta törədən şəxsi qanunlara əməl edilməsi ruhunda tərbiyələndirmək, habelə həm inzibati xəta törətmiş şəxs, həm də başqa şəxslər tərəfindən yeni inzibati xəta törədilməsinin qarşısını almaq məqsədi daşıyır. Həmin Məcəllənin 25.7-ci maddəsinə əsasən bu Məcəllənin 116.1-ci maddəsi ilə müəyyən edilmiş hallarda inzibati cərimə şərti olaraq tətbiq edilir. Həmin Məcəllənin 31.3-cü maddəsinə əsasən, hüquqi şəxslər barəsində inzibati tənbeh tətbiq edilərkən, inzibati xətanın xarakteri, inzibati xəta nəticəsində hüquqi şəxsin əldə etdiyi xeyirin həcmi və ya onun maraqlarının təmin edilməsinin xarakteri və dərəcəsi, hüquqi şəxsi xarakretizə edən hallar, o cümlədən onun maliyyə və əmlak vəziyyəti, xeyriyyəçilik və ya digər ictimai faydalı fəaliyyətlə məşğul olması, habelə məsuliyyəti yüngülləşdirən və ağırlaşdıran hallar nəzərə alınır. Həmin Məcəllənin 116.1-ci maddəsinə əsasən eyni inzibati xətanın inzibati tənbeh almış şəxs tərəfindən inzibati tənbeh vermə haqqında qərar qüvvəyə mindiyi gündən bir il ərzində təkrar törədilməsi halları istisna olmaqla, bu Məcəllənin 192.6, 192.10, 192.11, 201, 203, 209, 279.0.1, 393-1.2, 393-1.4, 394.0.5, 394.0.7, 395, 518.1, 532, 533-1, 536, 537.2, 539, 540.3 – 540.5, 541 – 544, 551.2, 557.2 və 603-cü maddələrində nəzərdə tutulan inzibati xətanı törətmiş şəxs barəsində səlahiyyətli orqan (vəzifəli şəxs) inzibati cərimənin şərti olaraq tətbiq edilməsi haqqında qərar çıxarır. Həmin Məcəllənin 116.2-ci maddəsinə əsasən inzibati cərimənin şərti olaraq tətbiq edilməsi haqqında qərarda şəxsin törətdiyi hüquqpozmanı aradan qaldırması üçün müddət nəzərdə tutulur. Bu müddət bir ayadək, yaxud hüquqpozmanın aradan qaldırılmasının mürəkkəbliyi və bunun üçün əlavə vaxtın tələb olunması nəzərə alınaraq bir aydan iki ayadək müəyyən olunur. Həmin Məcəllənin 116.3-cü maddəsinə əsasən bu Məcəllənin 116.2-ci maddəsində nəzərdə tutulan müddətdə hüquqpozma aradan qaldırılarsa, inzibati cərimə ödənilmir. Əks təqdirdə, inzibati cərimənin şərti olaraq tətbiq edilməsi haqqında qərarda nəzərdə tutulan cərimə ödənilməlidir. Cərimənin ödənilməsi şəxsi törətdiyi hüquqpozmanın aradan qaldırılması öhdəliyindən azad etmir. Həmin Məcəllənin 116.4-cü maddəsinə əsasən inzibati xəta törətmiş şəxs hüquqpozmanı aradan qaldırdıqda, bu Məcəllənin 116.2-ci maddəsində nəzərdə tutulan müddət ərzində inzibati xəta haqqında işə baxan səlahiyyətli orqana (vəzifəli şəxsə) bu barədə məlumat verməlidir. Həmin məlumatın verildiyi gündən bu Məcəllənin 116.2-ci maddəsində nəzərdə tutulan müddətin axımı dayanır. İşə baxan səlahiyyətli orqan (vəzifəli şəxs) ona məlumatın verildiyi gündən 5 iş günü müddətində bu məlumatın düzgünlüyünü araşdırır və araşdırmanın nəticəsi barədə inzibati xəta törətmiş şəxsə yazılı bildiriş göndərir (verir). Məlumatın səhv olduğu müəyyənləşdirildikdə, hüquqpozmanın aradan qaldırılması müddətinin axımı məlumatın daxil olduğu gündən bərpa olunur. Məhkəmə araşdırması zamanı barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan hüquqi şəxs “Selcem Mimarlıq və İnşaat Limited Şirketi”nin Azərbaycan Respublikasındakı Filialının barəsində İXM-in 32 və 33-cü maddələrində nəzərdə tutulmuş məsuliyyəti yüngülləşdirən və ya ağırlaşdıran hallar müəyyən edilməmişdir. Beləliklə, məhkəmə törədilmiş inzibati xətanın xarakterini, məsuliyyəti yüngülləşdirən və ağırlaşdıran halların müəyyən edilməməsini, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan hüquqi şəxsi xarakretizə edən halları nəzərə alaraq edir ki, “Selcem Mimarlıq və İnşaat Limited Şirketi”nin Azərbaycan Respublikasındakı Filialı Azərbaycan Respublikası İXM-in 539.3-cü maddəsi ilə təqsirli bilinməli və barəsində həmin maddənin sanksiyası həddində şərti olaraq inzibati cərimə edilməli, törədilmiş hüquqpozmanın aradan qaldırması və Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında X6 Xidmətinə məlumat verilməsi üçün 20 gün müddət təyin edilməli, həmin müddətdə hüquqpozma aradan qaldırılmadıqda cərimə növündə inzibati tənbeh tədbiri icra edilməlidir. Azərbaycan Respublikası İXM-in 21-ci maddəsinə görə inzibati tənbeh məsuliyyət tədbiridir və inzibati xəta törədən şəxsi qanunlara əməl edilməsi ruhunda tərbiyələndirmək, habelə həm inzibati xəta törətmiş şəxs, həm də başqa şəxslər tərəfindən yeni inzibati xəta törədilməsinin qarşısını almaq məqsədi daşıyır. Şərh olunanlara əsasən və Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 18.5, 43, 114-116 və 128-130-cu maddələrini rəhbər tutaraq, məhkəmə QƏRARA ALDİ: “Selcem Mimarlıq və İnşaat Limited Şirketi”nin Azərbaycan Respublikasındakı Filialı (VÖEN: **********) Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 539.3-cü maddəsi ilə təqsirli bilinərək şərti olaraq 2.000 (iki min) manat məbləğində inzibati cərimə edilsin. “Selcem Mimarlıq və İnşaat Limited Şirketi”nin Azərbaycan Respublikasındakı Filialının törətdiyi hüquqpozmanın aradan qaldırması və Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında X6 Xidmətinin Abşeron-Xızı regional şöbəsinə məlumat verilməsi üçün 20 (iyirmi) gün müddət təyin edilsin. Həmin müddətdə hüquqpozma aradan qaldırılmadıqda 2.000 (iki min) manat məbləğində cərimə növündə inzibati tənbeh tədbiri icra edilsin. Qərarın surəti rəsmi qaydada verildiyi vaxtdan 10 (on) gün müddətində işə baxan Sumqayıt Şəhər Məhkəməsi vasitəsilə və ya birbaşa Sumqayıt Apellyasiya Məhkəməsinə şikayət verilə bilər. Hakim: Samir İsmayılov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar