Məhkəmə qərarları › İş №3(060)-337/2021

Sumqayıt Şəhər Məhkəməsi Qərar — İş №3(060)-337/2021

05.02.2021 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Sumqayıt şəhəri İş № 3(060)-337/2021 05.02.2021 SUMQAYIT ŞƏHƏR MƏHKƏMƏSİ Hakim Əliyev Fikrət Hüseyn oğlunun, Aslanova İradə Allahverdi qızının katibliyi, Barəsində inzibati xəta həqqında qərar çıxarılan şəxs X1 iştirakı ilə, X1 İnzibati Xətalar Məcəlləsinin 211.1-ci maddəsi ilə cərimə olunmasına dair Sumqayıt ŞPİ Dövlət Yol Polis Şöbəsinin xx.xx.2021-ci il tarixli, TP ******* saylı inzibati tənbeh vermə haqqında qərarından verilmiş şikayətinə açıq məhkəmə iclasında baxaraq müəyyən etdi: Sumqayıt ŞPİ Dövlət Yol Polis Şöbəsinin xx.xx.2021-ci il tarixli, TP ******* saylı qərarı ilə X2 Azərbaycan Respublikası İXM-nin 211.1-ci maddəsində nəzərdə tutulmuş inzibati xətanı törətdiyinə görə barəsində 200 (iki yüz) manat cərimə tənbeh növünün tətbiq edilməsi qərara alınmışdır. Qeyd edilən qərardan narazı qalan X2 şikayətlə məhkəməyə müraciət edərək, Daxili İşlər Nazirliyinin tərtib etdiyi xx.xx.2021-ci il tarixli, ******* saylı protokola əsasən adında olan cərimənin sistemdən silinməsi ilə bağlı qərar qəbul edilməsini xahiş etmişdir. Şikayət onunla əsaslandırılmışdır ki, xx.xx.2021-ci il tarixdə, saat 10:49-da həyat yoldaşı ilə birlikdə 055 707-60-01 mobil nömrəsindən hər ikisi üçün eyni vaxtda 8103 qısa nömrəsinə yaşayış yerini tərk etməklə bağlı “SMS” göndərmişdir. Yaşı ilə əlaqədar diqqətsizlik olduğundan ona məxsus şəxsiyyət vəsiqəsinin seriya nömrəsini bilməyərəkdən səhvən AZE 07319922 əvəzinə AZE 07319222 kimi qeyd etmişdir. Saat 11.04-də yaşayış yerini tərk etməklə bağlı hər ikisi üçün icazə məlumatı gəldikdən sonra ünvanı tərk etmişlər. Sumqayıt şəhəri ərazisində Daxili İşlər Nazirliyinin polis əməkdaşı tərəfindən qurulmuş yoxlama keçidində yoxlama keçirilən zaman səhv ortaya çıxmış avtomatik olaraq sistemə 200 AZN məbləğində cərimə daxil olmuşdur. Sonradan polis əməkdaşı tərəfindən saat 11:26-da onun şəxsiyyət vəsiqəsinin nömrəsinə uyğun icazə götürülmüşdür və saat 11:41-də icazə ilə bağlı müsbət cavab gəlmişdir. Bu isə onu göstərir ki, onların niyyəti polis əməkdaşını aldatmaq olmamışdır. Məhkəmə iclasında barəsində inzibati xəta haqqında qərar çıxarılan şəxs X2 şikayətini müdafiə etdi və şikayətin təmin edilməsini xahiş etdi. Məhkəmə iclasının vaxtı və yeri barədə xəbərdar edilmiş Sumqayıt ŞPİ Dövlət Yol Polis Şöbəsinin nümayəndəsinin məhkəmə iclasında iştirakını təmin edilmədiyindən, məhkəmə Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 61.3-cü maddəsinə əsasən işə onların iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. İş materiallarından görünür ki, X1 mobil telefon nömrəsinə saat 11:04 radələrində AZE 07319222 saylı şəxsiyyət vəsiqəsi üzrə, saat 11:41-də AZE 07319922 saylı şəxsiyyət vəsiqəsi üzrə yaşayış yerini tərk etmək üçün icazəni bildirən “SMS” məlumatı daxil olmuşdur. Məhkəmə şikayətin dəlillərini nəzərdən keçirib hesab edir ki, şikayət əsaslı olduğundan təmin edilərək Sumqayıt ŞPİ Dövlət Yol Polis Şöbəsinin xx.xx.2021-ci il tarixli, TP ******* saylı qərarı ləğv edilməli, inzibati xəta haqqında iş üzrə icraata xitam verilməlidir. Məhkəmə tərəfindən X1 şikayəti üzrə inzibati xəta haqqında qərarın qanuniliyi yoxlanılarkən müəyyən edilmişdir ki, X1 əməlində inzibati xəta tərkibi yoxdur. X1 yaşayış yerini icazəsiz tərk etmək niyyəti olmamışdır. O, 8103 nömrəsinə göndərdiyi “SMS” mətnində şəxsiyyət vəsiqəsinin nömrəsinin bir rəqəmini səhv qeyd etmişdir. Sanitariya-epidemioloji salamatlıq haqqında Azərbaycan Respublikası Qanununun 38-ci maddəsinə əsasən Azərbaycan Respublikasının sanitariya qanunvericiliyinə, o cümlədən qüvvədə olan sanitariya normalarına və qaydalarına, gigiyena normativlərinə əməl edilməməsi, epidemiya əleyhinə tədbirlərin görülməməsi, Azərbaycan Respublikası dövlət sanitariya-epidemioloji; xidməti orqanları və idarələri vəzifəli şəxslərinin rəylərinin, qərarlarının və göstərişlərinin yerinə yetirilməməsi ilə əlaqər vətəndaşların hüquqlarına və cəmiyyətin mənafeyinə toxunan qeyri-hüquqi, təqsirli hərəkət sanitariya sahəsində hüquq pozuntusu sayılır. Sanitariya sahəsində hüquq pozuntularına yol vermiş vəzifəli şəxslər və vətəndaşlar inzibati, cinayət və mülki-hüquq məsuliyyətinə cəlb edilə bilərlər. Azərbaycan Respublikası İXM-nin 8.3-cü maddəsinə əsasən inzibati məsuliyyətə cəlb olunan şəxsin təqsirli olması barəsində şübhələr onun xeyrinə həll edilir. Həmin Məcəllənin 53.0.2-ci maddəsinə əsasən inzibati xəta tərkibi olmadıqda inzibati xətalar haqqında işlər üzrə icraat başlanıla bilməz, başlanmış icraata isə xitam verilir. Yuxarıda qeyd edilən bütün hallar və qeyd edilən normaların tələbi baxımından çıxış edərək məhkəmə hesab edir ki, X2 barəsində Sumqayıt ŞPİ Dövlət Yol Polis Şöbəsinin xx.xx.2021-ci il tarixli, TP ******* saylı qərarı ləğv edilməli və Azərbaycan Respublikası İXM-nin 134.1.3-cü maddəsinə əsasən inzibati xəta haqqında iş üzrə icraata xitam verilməlidir. Azərbaycan Respublikası İXM-nin 134.1.3-cü maddəsinə əsasən inzibati xəta haqqında iş üzrə qərardan verilən şikayətə və ya protestə baxılaraq bu Məcəllənin 53-cü maddəsində nəzərdə tutulduğu hallarda qərarı ləğv edərək inzibati xəta haqqında iş üzrə icraata xitam verilməsi haqqında qərar qəbul edilir. Yuxarıdakılara əsasən və Azərbaycan Respublikası İXM-nin 53.0.2, 134.1.3, 135.1.2-ci maddələrinin tələblərini rəhbər tutaraq, məhkəmə qərara aldı: X1 şikayəti təmin edilsin. X1 İnzibati Xətalar Məcəlləsinin 211.1-ci maddəsi ilə 200 (iki yüz) manat cərimə olunmasına dair Sumqayıt ŞPİ Dövlət Yol Polis Şöbəsinin xx.xx.2021-ci il tarixli, TP ******* saylı qərarı ləğv edilsin və inzibati xəta haqqında iş üzrə icraata xitam verilsin. Qərarın surəti təqdim edildiyi və ya alındığı gündən 10 gün müddətində Sumqayıt Şəhər Məhkəməsi vasitəsi ilə Sumqayıt Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. HAKİM FİKRƏT ƏLİYEV

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar