Azərbaycan Respublikası adından QƏRAR Sumqayıt şəhəri İş № 3(060)-3372/2025 13.01.2026 SUMQAYIT ŞƏHƏR MƏHKƏMƏSİ Hakim İsmayılov Samir Bəyistan oğlunun sədrliyi, Əhmədli Amid Yusif oğlunun katibliyi, Barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan hüquqi şəxs Şəxs nümayəndəsi və vəkili “HGNS Kaunsilor” Vəkil Bürosunun vəkili Vəkil iştirakı ilə, Şəxs (VÖEN:**********) barəsində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 483-cü maddəsi ilə tərtib edilmiş inzibati xəta haqqında protokola və ona əlavə edilmiş materiallara açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: Azərbaycan Respublikası Dövlət Gömrük Komitəsi Sumqayıt Gömrük İdarəsi tərəfindən Şəxs barəsində Azərbaycan Respublikası İXM-in 483-cü maddəsi ilə xx.xx.2025-ci il tarixli, 00700-00190/25 nömrəli inzibati xəta haqqında protokol tərtib edərək baxılması üçün adiyyəti üzrə Sumqayıt Şəhər Məhkəməsinə göndərmişdir. Məhkəmə iclasında iştirak edən barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan hüquqi şəxs Şəxs MMC-nin nümayəndəsi və vəkili Vəkil tərtib edilmiş inzibati xəta haqqında protokolla razılaşmayaraq bildirmişdir ki, ixrac edilən mallara görə nəzərdə tutulmuş vəsait tam şəkildə Şəxs MMC-nin müvəkkil bankda olan hesabına köçürülmüşdür. Anlaşılmazlığın yaranmasına səbəb müqavilədə malların dəyərinin ABŞ dolları ilə göstərilməsi, Rusiya Federasiyasına tətbiq edilən sanksiyalara görə vəsailtərin Avro valyutasında Şəxs MMC-nin hesabına köçürülməsi və malların ixrac edildiyi vaxtdan ödənişin həyata keçirildiyi vaxta kimi Rusiya Federasiyasında məzənnə dəyişikliyi ilə (Avro və ABŞ dolları arasında) bağlı olmuşdur. Belə ki, Rusiya Federasiyasında avronun məzənnəsi ödəniş günü ilə müqayisədə 9,6% dəyişmişdir. Məzənnə dəyişikliyini nəzərə aldıqda ödənişlərin tam şəkildə edilməsi öz təsdiqini tapır. Beləliklə də, hazırki iş üzrə əməldə inzibati xəta tərkibini təşkil edən subyektiv cəhət, yəni Şəxs MMC-nin təqsiri mövcud deyil. Göstərilən halları nəzərə alaraq Şəxs MMC-nin barəsində başlanmış inzibati xəta haqqında iş üzrə icraata xitam verilməsini xahiş etmişdir. Məhkəmə iclasının yeri və vaxtı barədə qanunamüvafiq qaydada məlumat verilməsinə baxmayaraq protokol tərtib etmiş orqan Sumqayıt Gömrük İdarəsinin nümayəndəsi məhkəmə iclasında iştirak etməmiş və iştirak etməməsinin səbəbləri barədə məhkəməyə məlumat verməmişdir. Məhkəmə Azərbaycan Respublikası İXM-in 112.1.4-cü maddəsinə əsasən işə inzibati xəta haqqında protokol tərtib etmiş orqanın nümayəndəsinin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Məhkəmə iş materiallarını araşdırıb toplanmış sübutlara məcmu halda hüquqi qiymət verərək hesab edir ki, Şəxs MMC-nin Azərbaycan Respublikası İXM-in 483-cü maddəsində nəzərdə tutulan əməli törətməsi tam sübuta yetirilir. Belə ki, iş materiallarında olan xx.xx.2025-ci il tarixli, 00700-00190/25 nömrəli nömrəli inzibati xəta haqqında protokoldan və ona əlavə edilmiş digər sənədlərdən görünür ki, Şəxs MMC tərəfindən xx.xx.2024-cü il tarixli **********3340 sorğu nömrəli gömrük bəyannaməsi üzrə ixrac olunan malların müqabilində 1516,97 ABŞ dolları məbləğində xarici valyutada pul vəsaiti ixracatçının müvəkkil bankdakı hesabına qaytarılmamışdır. Beləliklə məhkəmə araşdırması zamanı tədqiq edilmiş sübutların məcmusu ilə inzibati xəta haqqında protokol, Sumqayıt Gömrük İdarəsinin Rəsmiləşdirmə Mərkəzinin raportu, Gömrük Xidmətinin “Vahid avtomatlaşdırılmış idarəetmə sistemi” informasiya resursundan çıxarış və digər sənədlərlə Şəxs MMC-nin xarici iqtisadi fəaliyyətin həyata keçirilməsi nəticəsində əldə etdiyi və Azərbaycan Respublikasında müvəkkil olunmuş bankda hesabına məcburi qaydada köçürülməli olan az miqdarda xarici valyuta vəsaitinin xaricdən qaytarılmaması tam sübuta yetirilmişdir. Bununla da Şəxs MMC tərəfindən Azərbaycan Respublikası İXM-in 483-cü maddəsində nəzərdə tutulmuş inzibati xəta törədilmişdir. İş üzrə icraata xitam verilməsi və MMC-nin məsuliyyətdən azad edilməsi üçün əsaslar yoxdur. Ona görə də Azərbaycan Respublikası İXM-in 114.1.1-ci maddəsinə müvafiq olaraq iş üzrə inzibati tənbeh vermə haqqında qərar qəbul edilməlidir. Məhkəmə barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan hüquqi şəxsin nümayəndəsi və vəkilinin ödəniş gününə Rusiya Federasiyasında Avro ilə ABŞ dollarının məzənnəsinin dəyişməsinə görə anlaşılmazlığın yaranmasını və həmin dəyişiklik nəzərə alındıqda məbləğin tam şəkildə ödənilməsi ilə bağlı dəlilinə münasibətdə qeyd edir ki, müvafiq məzənnə dəyişiklikləri nəzərə alındığı halda da ödənişin tam həyata keçirilməməsi öz təsdiqini tapmışdır. Belə ki, malların ixrac edildiyi xx.xx.2024-cü il tarixdə müqavilə üzrə ödənilməli olan 54.439,69 ABŞ dolları həmin günün məzənnəsi ilə Rusiya Federasiyasında 49.566,85 Avro təşkil etmiş (54.439,69 x 0,9107 = 49.566,85 Avro), ödənişin həyata keçirildiyi xx.xx.2025-ci il tarixdə isə hesaba köçürülmüş 46.529,65 Avro həmin günün məzənnəsi ilə Rusiya Federasiyasında 52.966,27 ABŞ dolları təşkil etmişdir (46.529,65 x 1,1386 = 52.966,27 ABŞ dolları). 54.439,69 - 52.966,27 = 1.473,42. Göründüyü məzənnə dəyişikliyi nəzərə alınsa belə, ödənişlərin tam həyata keçirilməməsi öz təsdqini tapır. (https://www.valutafx.com/history/eur-usd-2025-10-08) (https://www.valutafx.com/history/eur-usd-2025-04-24) Azərbaycan Respublikası Prezidentinin 24 iyun 1997-ci il tarixli Fərmanı ilə təsdiq edilmiş “Azərbaycan Respublikasında idxal-ixrac əməliyyatlarının tənzimlənməsi” Qaydalarının 12.2-ci bəndinə əsasən, hüquqi və fiziki şəxslər konsiqnasiya yolu ilə ixrac etdikləri malların (işlərin, xidmətlərin) müqabilində vəsaitlərin onların bəyan olunduğu gündən 180 (yüz səksən) gün ərzində Azərbaycan Respublikasındakı müvəkkil bankda olan hesablarına köçürülməsini təmin etməlidirlər. Azərbaycan Respublikası İXM-in 483-cü maddəsinə əsasən xarici iqtisadi fəaliyyətin həyata keçirilməsi nəticəsində əldə edilmiş və Azərbaycan Respublikasının müvəkkil olunmuş banklarının hesablarına məcburi qaydada köçürülməli olan az miqdarda (iyirmi min manatadək olan məbləğ) xarici valyuta vəsaitlərinin xaricdən qaytarılmamasına görə inzibati xətanın bilavasitə obyekti olan xarici valyutanın dəyərinin otuz faizindən əlli faizinədək məbləğdə cərimə edilir. Həmin Məcəllənin 3-cü maddəsinə əsasən, yalnız bu Məcəllə ilə nəzərdə tutulmuş inzibati xətanın törədilməsində təqsirli hesab edilən və inzibati xəta tərkibinin bütün digər əlamətlərini daşıyan əməli (hərəkət və ya hərəkətsizliyi) törətmiş şəxs inzibati məsuliyyətə cəlb olunur. Həmin Məcəllənin 76.1-ci maddəsinə əsasən inzibati xətanın olub-olmamasını, inzibati xəta törədən şəxsin təqsirini və işin düzgün həlli üçün əhəmiyyətli olan digər halları müəyyən etmək üçün hakimin, səlahiyyətli orqanın (vəzifəli şəxsin) əsaslana bildiyi hər cür faktik məlumatlar inzibati xətalar haqqında işlər üzrə sübutlar sayılır. Bu məlumatlar maddi sübutlarla, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsin, zərər çəkmiş şəxsin, şahidlərin izahatları ilə, digər sənədlərlə, xüsusi texniki vasitələrin göstəriciləri ilə, dövlət informasiya sistemlərində (ehtiyatlarında) aşkar olunan məlumatlarla, ekspertin rəyi ilə, inzibati xəta haqqında protokolla, bu Məcəllə ilə müəyyən edilmiş digər protokollarla müəyyən edilir. Həmin Məcəllənin 84.1-ci maddəsinə əsasən inzibati xətalar haqqında işlərə baxan hakim, səlahiyyətli orqan (vəzifəli şəxs) işin bütün hallarının məcmusunun hərtərəfli, tam və obyektiv surətdə baxılmasına əsaslanan öz daxili inamı ilə sübutları qiymətləndirir. Məhkəmə inzibati tənbeh tətbiq edərkən Azərbaycan Respublikası İXM-in aşağıdakı prinsip və müddəalarını nəzərə alır. Azərbaycan Respublikası İXM-in 9.1-ci maddəsinin tələbinə görə, inzibati xəta törətmiş şəxs haqqında tətbiq edilən tənbeh ədalətli olmalıdır, yəni inzibati xətaların xarakterinə, onun törədilməsi hallarına və inzibati xətanı törətməkdə təqsirli bilinənin şəxsiyyətinə uyğun olmalıdır. Həmin Məcəllənin 21-ci maddəsinə əsasən inzibati tənbeh məsuliyyət tədbiridir və inzibati xəta törədən şəxsi qanunlara əməl edilməsi ruhunda tərbiyələndirmək, habelə həm inzibati xəta törətmiş şəxs, həm də başqa şəxslər tərəfindən yeni inzibati xəta törədilməsinin qarşısını almaq məqsədi daşıyır. Həmin Məcəllənin 31.3-cü maddəsinə əsasən, hüquqi şəxslər barəsində inzibati tənbeh tətbiq edilərkən, inzibati xətanın xarakteri, inzibati xəta nəticəsində hüquqi şəxsin əldə etdiyi xeyirin həcmi və ya onun maraqlarının təmin edilməsinin xarakteri və dərəcəsi, hüquqi şəxsi xarakretizə edən hallar, o cümlədən onun maliyyə və əmlak vəziyyəti, xeyriyyəçilik və ya digər ictimai faydalı fəaliyyətlə məşğul olması, habelə məsuliyyəti yüngülləşdirən və ağırlaşdıran hallar nəzərə alınır. Məhkəmə araşdırması zamanı barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan hüquqi şəxs Şəxs MMC-nin barəsində İXM-in 32 və 33-cü maddələrində nəzərdə tutulmuş məsuliyyəti yüngülləşdirən və ya ağırlaşdıran hallar müəyyən edilməmişdir. Beləliklə, məhkəmə törədilmiş inzibati xətanın xarakterini, məsuliyyəti yüngülləşdirən və ağırlaşdıran halların müəyyən edilməməsini, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan hüquqi şəxsi xarakretizə edən halları nəzərə alaraq edir ki, Şəxs MMC Azərbaycan Respublikası İXM-in 483-cü maddəsi ilə təqsirli bilinərək ona həmin maddənin sanksiyasında nəzərdə tutulmuş qaydada inzibati xətanın obyekti olmuş valyuta vəsaiti məbləğinin 30%-i məbləğində cərimə növündə inzibati tənbeh tədbiri tətbiq olunmalıdır. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası İXM-in 18.5, 40, 43, 48- 51, 114-117 və 128-130-cu maddələrini rəhbər tutaraq, məhkəmə QƏRARA ALDİ: Şəxs (VÖEN: **********) Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 483cü maddəsində nəzərdə tutulmuş inzibati xətanı törətməkdə təqsirli bilinərək inzibati xətanın obyekti olmuş 1.516,97 ABŞ dolları valyuta vəsaiti məbləğinin 30 faizi məbləğində, yəni 456 (dörd yüz əlli altı) ABŞ dolları məbləğində (ABŞ dollarının ödəniş gününə qüvvədə olan Azərbaycan manatına məzənnəsi ilə) inzibati cərimə edilsin. Qərardan, rəsmi qaydada verildiyi vaxtdan 10 (on) gün müddətində Sumqayıt Şəhər Məhkəməsi vasitəsi ilə və ya birbaşa Sumqayıt Apelyasiya Məhkəməsinə şikayət verilə bilər. Hakim: Samir İsmayılov
Məhkəmə qərarları › İş №3(060)-3372/2025
Sumqayıt Şəhər Məhkəməsi Qərar — İş №3(060)-3372/2025
13.01.2026 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver