Məhkəmə qərarları › İş №3(060)-3379/2025

Sumqayıt Şəhər Məhkəməsi Qərar — İş №3(060)-3379/2025

16.12.2025 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Sumqayıt şəhəri İş № 3(060)-3379/2025 16.12.2025 SUMQAYIT ŞƏHƏR MƏHKƏMƏSİ Hakim İsmayılova Günel Rza qızının sədrliyi, Əhmədli Amid Yusif oğlunun katibliyi, Protokol tərtib etmiş şəxs Sumqayıt şəhəri üzrə İcra İdarəsinin icra məmuru X1, Zərərçəkmiş şəxs Əliyeva (Mustafayeva) Samirə Mürvət qızının, Barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs və onun müdafiəçisi Sumqayıt şəhəri 1 saylı Vəkil Bürosunun vəkili X2 iştirakları ilə, xx.xx.1979-cu il tarixdə, Sumqayıt şəhərində doğulmuş, Azərbaycan Respublikasının vətəndaşı, subay, ali təhsilli, işləməyən, Bakı şəhəri, Suraxanı rayonu, Hövsan qəsəbəsi, kondisioner b/y-nın, 1472k ünvanında qeydiyyatda olmaqla, Sumqayıt şəhəri, İnşaatçılar qəsəbəsi fərdi evdə yaşayan (FİN: xxxxxxx) Şəxs barəsində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 528.1-ci maddəsi ilə tərtib edilmiş inzibati xəta haqqında protokola və ona əlavə edilmiş materiallara açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: Sumqayıt şəhəri üzrə İcra İdarəsinin icra məmuru X4 tərəfindən Şəxs barəsində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 528.1-ci maddəsi ilə xx.xx.2025-ci il tarixli, MN2326521 nömrəli inzibati xəta haqqında protokol tərtib olunaraq baxılması üçün məhkəməyə təqdim edilmişdir. Protokoldan görünür ki, borclu Şəxs Bakı şəhəri Xətai Rayon Məhkəməsinin xx.xx.2021-ci il tarixli 2(060)-221/2021 nömrəli icra sənədi üzrə yaranmış 18322 manat məbləğində aliment borcunu üzrsüz səbəbdən ödəməmişdir. Bununla da Şəxs tərəfindən Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 528.1-ci maddəsində nəzərdə tutulmuş inzibati xəta törədilmişdir. Məhkəmə iclasında iştirak edən Sumqayıt şəhəri üzrə İcra İdarəsinin icra məmuru X4 protokolu elan etmiş və bildirmişdir ki, borclu Şəxs Fərhad oğlu icra vərəqəsi üzrə sonuncu dəfə 2024-cü ilin yanvar ayında ödəniş etmiş və o vaxtdan etibarən heç bir ödəniş edilməmişdir. O, tələbkar ilə birlikdə borclunun yaşadığı ünvana getmiş, lakin qapını açan olmamışdır. Daha sonra borcun ödənilməsi ilə bağlı xəbərdarlıq borclunun atasına təqdim edilmişdir. Borclunun yerini tapmaq mümkün olmadığından barəsində axtarış elan edilmiş, borclunun icra idarəsinə məcburi gətirilməsi ilə bağlı təqdimat verilmiş və məhkəmə tərəfindən təmin olunmuşdur. Borclunun hazırda 18322 manat aliment borcu vardır. Göstərilən halları nəzərə alaraq protokolun təmin edilməsini məhkəmədən xahiş etmişdir. Məhkəmə iclasında iştirak edən zərərçəkmiş şəxs Əliyeva (Mustafayeva) Samirə Mürvət qızı bildirmişdir ki, borclu Şəxs işləyir, həmçinin icra məmurları onu tapa bilməsin deyə fərqli ünvanda yaşayır. Borclu tərəfindən sonuncu dəfə 2024-cü ilin yanvar ayında ödəniş edilmiş, o vaxtdan etibarən isə heç bir ödəniş edilməmişdir. Əvvəllər uşaqlar arada bir ataları ilə qalmaq üçün onlara gedirdilər, lakin uşaqları təhqir etdiyi üçün uşaqlar uzun müddətdir ataları ilə görüşmür. O, aliment borcunun 18322 manat olduğunu, əgər hazırda aliment borcundan müəyyən qədər ödəniş edərsə borclu ilə razılığa gəlməsinin mümkün olduğunu bildirmişdir. O, məhkəmədən aliment ödənilməsini tələb etdiyini bildirmişdir. Məhkəmə iclasında barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs inzibati xəta üzrə özünü təqsirli bilərək izahatında qeyd etmişdir ki, o, işsiz olduğu üçün ödənişləri edə bilməmişdir. Sonuncu dəfə 2024-cü ilin yanvar ayında ödəniş etmişdir. Ödəniş edə bilməsə də, uşaqlar aylarla onunla birlikdə qalıblar. O, atası ilə birlikdə yaşadığını, işsiz olduğunu bildirmiş və aliment borcunun atasının təqaüdünə yönəldilməsini məhkəmədən xahiş etmişdir. Məhkəmə iclasında müdafiəçi Sumqayıt şəhəri 1 saylı Vəkil Bürosunun vəkili X5 müdafiə etdiyi şəxs Şəxs əməlindən səmimi peşman olduğunu bildirirərək barəsində cərimə növündə inzibati tənbeh tədbirinin tətbiq edilməsini xahiş etmişdir. Məhkəmə proses iştirakçılarını dinləyərək və iş materiallarını araşdıraraq hesab edir ki, Şəxs Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 528.1-ci maddəsi ilə nəzərdə tutulan inzibati xətanı törətməsi tam sübuta yetirilir. İş materiallarında olan və məhkəmə iclasında tədqiq edilmiş: Sumqayıt Şəhər Məhkəməsinin xx.xx.2021-ci il tarixli 2(060)-221/2021 nömrəli icra vərəqəsindən görünür ki, xx.xx.2010-cu il təvəllüdlü X6, xx.xx.2008-ci il təvəllüdlü X7 və xx.xx.2008-ci il təvəllüdlü X3 yetkinlik yaşına çatana qədər saxlanmaları üçün Sumqayıt Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasının xx.xx.2017-ci il tarixli, 2(105)-1966/2017 nömrəli qətnaməsi ilə cavabdeh Şəxs iddiaçı Zərərçəkmiş şəxs xeyrinə tutulan alimentin miqdarı artırılaraq hər ay hər uşağa görə 130 (yüz otuz) manat olmaqla, ümumilikdə 390 (üç yüz doxsan) manat müəyyən edilmişdir. İcraata başlamaq haqqında xx.xx.2021-ci il tarixli qərardan görünür ki, Sumqayıt Şəhər Məhkəməsinin xx.xx.2021-ci il tarixli 2(060)-221/2021 nömrəli icra sənədi üzrə icraata başlanmışdır. xx.xx.2021-ci il tarixli bildirişdən görünür ki, icra sənədində göstərilən tələbin icra edilməsi tələb olunmuşdur. Borclunun axtarışı haqqında xx.xx.2024-cü il tarixli qərardan görünür ki, Şəxs barəsində axtarış elan edilmişdir. Sumqayıt Şəhər Məhkəməsinin xx.xx.2025-ci il tarixli, 8(060)-1012/2025 nömrəli qərardadından görünür ki, borclu Şəxs məcburi qaydada Sumqayıt şəhəri üzrə İcra İdarəsinə gətirilməsi qərara alınmışdır. Beləliklə, məhkəmə iclasında müəyyən edilmişdir ki, Sumqayıt Şəhər Məhkəməsinin xx.xx.2021-ci il tarixli 2(060)-221/2021 nömrəli icra vərəqəsi üzrə xx.xx.2010-cu il təvəllüdlü X6, xx.xx.2008-ci il təvəllüdlü X7 və xx.xx.2008-ci il təvəllüdlü X3 yetkinlik yaşına çatana qədər saxlanmaları üçün Sumqayıt Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasının xx.xx.2017-ci il tarixli, 2(105)-1966/2017 saylı qətnaməsi ilə cavabdeh Şəxs iddiaçı Zərərçəkmiş şəxs xeyrinə tutulan alimentin miqdarı artırılaraq hər ay hər uşağa görə 130 (yüz otuz) manat olmaqla, ümumilikdə 390 (üç yüz doxsan) manat müəyyən edilmiş, borclu aliment borcu üzrə ödənişlər etmədiyindən onun 18322 manat məbləğində borcu yaranmışdır. İşin təsviri hissəsində göstərilən hallardan görünür ki, barəsində inzibati qaydada icraat aparılan şəxs Şəxs barəsində olan icra sənədini qanunla müəyyən edilmiş müddətdə üzrsüz səbəbdən icra etməmişdir. Belə olan halda məhkəmə hesab edir ki, borclu barəsində təsir tədbirləri görülməlidir. Belə ki, icra sənədinin icra olunmaması tələbkarın qanunla qorunan mənafelərinin və pozulmuş hüquqlarının real müdafiəsi müddətini uzadır. Məhkəmə iş üzrə toplanmış sübutların və onların məcmusunun tam, hərtərəfli və obyektiv baxılmasına əsaslanmaqla belə nəticəyə gəlir ki, barəsində inzibati qaydada icraat aparılan şəxs Şəxs İXM-in 528.1-ci maddəsində nəzərdə tutulmuş inzibati xətanın törədilməsində təqsirliliyi iş materiallarında olan sübutlarla tam sübuta yetirilmişdir. Onun əməli düzgün olaraq İXM-in 528.1-ci maddəsi ilə tövsif edilmişdir. Onun hərəkətlərinə münasibətdə əməlin inzibati xəta olmasını aradan qaldıran hallar, həmçinin inzibati məsuliyyətindən azad edilməsi üçün əsaslar yoxdur. Odur ki, təqsiri tam sübuta yetirildiyinə görə inzibati məsuliyyətinə cəlb edilməli və tənbeh edilməlidir. Həmçinin, məhkəmə qeyd edir ki, borclu Şəxs işləmədiyi üçün aliment borcunu ödəyə bilmədiyini qeyd etsə də, göstərilən hal onun qanuni qüvvəyə minmiş məhkəmə qərarı üzrə icra məmurunun tələblərini yerinə yetirmək öhdəliyinin icra edilməsindən azad etmir. Azərbaycan Respublikasının Konstitusiyasının 129-cu maddəsinə əsasən məhkəmənin qəbul etdiyi qərarlar dövlətin adından çıxarılır və onların icrası məcburidir. Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 15.2-ci maddəsinə əsasən məhkəmələrin qanuni qüvvəyə minmiş qətnaməsi, qərardadı, qərarı, əmri bütün dövlət hakimiyyəti, yerli özünüidarə orqanları, onların vəzifəli şəxsləri, ictimai birliklər, siyasi partiyalar, həmkarlar ittifaqları, onların vəzifəli şəxsləri, həmçinin fiziki və hüquqi şəxslər üçün məcburidir və Azərbaycan Respublikasının bütün ərazisində hökmən icra olunmalıdır. “İcra Haqqında” Azərbaycan Respublikasının Qanununun 3-cü maddəsindən görünür ki, məhkəmə və digər orqanların qərarlarının icrası ilə əlaqədar icra məmurunun tələbləri Azərbaycan Respublikasının ərazisində bütün orqanlar, hüquqi şəxslər, onların vəzifəli şəxsləri və fiziki şəxslər üçün məcburidir. Məhkəmə və digər orqanların qərarlarının icrası ilə əlaqədar icra məmurlarının tələblərini yerinə yetirməyən, onlara həvalə edilmiş vəzifələrin icrasına mane olan şəxslər Azərbaycan Respublikasının qanunvericiliyi ilə nəzərdə tutulmuş qaydada məsuliyyət daşıyırlar. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin: 528.1-ci maddəsinə əsasən məhkəmə və digər orqanların qərarlarının icrası ilə əlaqədar icra məmurunun qanuni tələblərinin yerinə yetirilməməsinə və ya icra məmuru tərəfindən müəyyən olunmuş müddətdə borclunu müəyyən hərəkətləri etməyə və ya müəyyən hərəkətləri etməkdən çəkinməyə məcbur edən icra sənədinin üzrsüz səbəbdən icra edilməməsinə görə-fiziki şəxslər beş yüz manatdan min manatadək miqdarda cərimə edilir və ya işin hallarına görə, pozuntunu törədənin şəxsiyyəti nəzərə alınmaqla bir ayadək inzibati həbs tətbiq olunur, vəzifəli şəxslər min iki yüz manatdan iki min beş yüz manatadək məbləğdə, hüquqi şəxslər üç min manatdan beş min manatadək məbləğdə cərimə edilir. 3-cü maddəsinə əsasən, yalnız bu Məcəllə ilə nəzərdə tutulmuş inzibati xətaların törədilməsində təqsirli hesab edilən və inzibati xəta tərkibinin bütün digər əlamətlərini daşıyan əməli (hərəkət və ya hərəkətsizlik) törətmiş şəxs inzibati məsuliyyətə cəlb olunur və tənbeh edilir. 12-ci maddəsinə görə bu Məcəllə ilə qorunan ictimai münasibətlərə qəsd edən, hüquqazidd olan, təqsirli sayılan (qəsdən və ehtiyatsızlıqdan törədilən) və inzibati məsuliyyətə səbəb olan əməl (hərəkət və hərəkətsizlik) inzibati xəta hesab olunur. Bu Məcəllənin Xüsusi hissəsində nəzərdə tutulan əməllərə görə inzibati məsuliyyət o halda yaranır ki, bu əməllər cinayət məsuliyyətinə səbəb olmasın. Məhkəmə barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsə inzibati tənbeh tətbiq edərkən Azərbaycan Respublikası İXM-nin aşağıdakı prinsip və müddəalarını rəhbər tutur. Azərbaycan Respublikasının İXM-nin 9-cu maddəsinə əsasən inzibati xəta törətmiş şəxs haqqında tətbiq edilən tənbeh ədalətli olmalıdır, yəni inzibati xətaların xarakterinə, onun törədilməsi hallarına və inzibati xətanı törətməkdə təqsirli bilinənin şəxsiyyətinə uyğun olmalıdır. Həmin Məcəllənin 21-ci maddəsinə əsasən inzibati tənbeh məsuliyyət tədbiridir və inzibati xəta törədən şəxsi qanunlara əməl edilməsi ruhunda tərbiyələndirmək, habelə həm inzibati xəta törətmiş şəxs, həm də başqa şəxslər tərəfindən yeni inzibati xəta törədilməsinin qarşısını almaq məqsədi daşıyır. Həmin Məcəllənin 31.2-ci maddəsinə əsasən fiziki və ya vəzifəli şəxslər barəsində inzibati tənbeh tətbiq edilərkən, xətanın xarakteri, inzibati xəta törədən şəxsin şəxsiyyətini xarakretizə edən hallar, onun təqsirinin dərəcəsi, əmlak vəziyyəti, habelə məsuliyyəti yüngülləşdirən və ağırlaşdıran hallar nəzərə alınır Məhkəmə iclasında İXM-nin 32-ci və 33-cü maddələrinə əsasən Şəxs məsuliyyətini yüngülləşdirən və ağırlaşdıran hallar müəyyən olunmamışdır. İnzibati tənbeh tətbiq edərkən məhkəmə xətanın xarakterini, Şəxs şəxsiyyətini, təqsirinin dərəcəsini nəzərə alır və belə nəticəyə gəlir ki, onun barəsində Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 528.1-ci maddəsinin sanksiyası həddində həbs növündə inzibati tənbeh tətbiq edilməli, inzibati həbsin əvvəli xx.xx.2025-ci il tarixdən, saat 16:35-dən hesablanmalıdır. Məhkəmə, həmçinin hesab edir ki, vəkil X2 təqdim etdiyi hesabata əsasən onun iş materialları ilə tanış olması və məhkəmədə iştirak etdiyi 03 saata görə 33 (otuz üç) manat məbləğində pul vəsaiti dövlət büdcəsi hesabından Sumqayıt şəhəri 1 saylı Vəkil Bürosunun hesabına köçürülməlidir. Belə ki, “Müdafiəçilərə, tərcüməçilərə, mütəxəssislərə və ekspertlərə ödənilməli olan məbləğlərin miqdarı haqqında” Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2001-ci il 1 fevral tarixli 31 nömrəli qərarının 1-ci, 4-cü və 5-ci hissələrinə əsasən hüquqi yardım göstərilməsinə görə müdafiəçiyə ödənilən haqq hər iş saatı üçün 11 manat məbləğində müəyyən edilmişdir. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 40, 43, 114-115, 117, 128-130-cu maddələrini rəhbər tutaraq, məhkəmə QƏRARA ALDİ: Şəxs Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 528.1-ci maddəsi ilə nəzərdə tutulmuş inzibati xətanın törədilməsində təqsirli bilinərək 10 (on) gün müddətinə inzibati qaydada həbs edilsin. İnzibati həbsdə saxlama müddətinin əvvəli xx.xx.2025-ci il tarixdən, saat 16:35-dən hesablansın. Qərarın icrası Sumqayıt Şəhər Polis İdarəsinə həvalə edilsin. Qərar dərhal icra edilsin. Vəkil X5 tərəfindən göstərilmiş hüquqi yardıma görə cəmi 33 (otuz üç) manat məbləğində pul vəsaiti dövlət büdcəsinin vəsaiti hesabına Sumqayıt şəhəri 1 saylı Vəkil Bürosunun hesabına köçürülsün. Qərarın surəti təqdim edildiyi və ya alındığı gündən 10 (on) gün müddətində Sumqayıt şəhər Məhkəməsi vasitəsi ilə və ya birbaşa Sumqayıt Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Hakim: Günel İsmayılova

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar