Azərbaycan Respublikası adından QƏRAR Sumqayıt şəhəri İş № 3(060)-3390/2025 17.12.2025 SUMQAYIT ŞƏHƏR MƏHKƏMƏSİ Hakim İsmayılov Samir Bəyistan oğlunun sədrliyi, Əliyeva Pərvanə Kazım qızının katibliyi, İnzibati xəta haqqında protokolu tətib etmiş şəxs Sumqayıt şəhəri üzrə İcra İdarəsinin icra məmuru X2, Zərərçəkmiş şəxs, Barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs və onun müdafiəçisi Sumqayıt şəhər 1 saylı Vəkil Bürosunun vəkili Vəkil iştirakları ilə, xx.xx.1990-cı ildə Yardımlı rayonunda anadan olmuş, Azərbaycan Respublikasının vətəndaşı, subay, orta təhsilli, fərdi əməklə məşğul olan, Yardımlı rayonu, Porsova kəndində qeydiyyatda olan və ünvan 1 ünvanında yaşayan (FİN: xxxxxxx) Şəxs barəsində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 528.1-ci maddəsi ilə tərtib edilmiş inzibati xəta haqqında protokola və olan əlavə edilmiş materiallara açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: Sumqayıt şəhəri üzrə İcra idarəsinin icra məmuru X4 tərəfindən Şəxs oğlu barəsində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 528.1-ci maddəsi ilə xx.xx.2025-ci il tarixli, MN seriyalı ******* nömrəli inzibati xəta haqqında protokol tərtib olunaraq baxılması üçün məhkəməyə təqdim edilmişdir. İnzibati xəta haqqında protokola əsasən Ağayeva X1 Rayon Məhkəməsinin 2(038)- 205/2023 saylı, xx.xx.2023-cü il tarixli icra sənədi üzrə 4243 manat borcu üzrsüz səbəbdən ödəməmişdir. xx.xx.2025-ci il tarixdə keçirilən məhkəmə iclasında inzibati xəta haqqında protokol tərtib etmiş orqanın etibarnamə üzrə nümayəndəsi Sumqayıt şəhəri üzrə İcra İdarəsinin icra məmuru X3 bildirmişdir ki, Yardımlı Rayon Məhkəməsinin 2(038)-205/2023 saylı, xx.xx.2023-cü il tarixli icra sənədinə əsasən borclu Şəxs 17643 manat məbləğində pul alınaraq tələbkar Zərərçəkmiş şəxs ödənilməlidir. İcra sənədi üzrə xx.xx.2025-ci ildə icraata başlama barədə qərar qəbul edilmişdir. İş Yardımlı rayon İcra və probasiya şöbəsinin icraatında olan zaman borclu tərəfindən 13400 manat ödəniş edilmişdir. Borclu çağırışlara gəlmədiyi üçün xx.xx.2025-ci il tarixdə barəsində axtarış elan edilmişdir. xx.xx.2025-ci ildə icra sənədi aidiyyəti üzə Sumqayıt şəhəri üzrə icra idarəsinə göndərilmişdir. Bundan sonra borclu icra idarəsinə dəvət edilmiş, xx.xx.2025-ci ildə borclu icra idarəsinə gələrək borcun çox hissəsini ödədiyini, 12.12.205-ci ildə ödənişlərini təsdiq edən qəbzləri təqdim edəcəyini bildirmişdir. xx.xx.2025-ci il tarixdə borclu yenidən icra idarəsində olmuş, təqdim etdiyi qəbzlər iş materiallarına əlavə edilmiş, izahatı alınmış və qalıq borcu ödəməsi bir daha ona təklif edilmişdir. xx.xx.2025-ci ildə borclu bir daha icra idarəsinə dəvət edilmiş, lakin qalıq borc üzrə hər hansı ödəniş etmədiyi üçün barəsində inzibati xəta haqqında protokol tərtib olunmuşdur. Həmçinin bildirmişdir ki, borclu uzun müddətdir ki, heç bir ödəniş etmir. Protokol tərtib edilərkən borc 4243 manat hesablanmışdır. Lakin, məhkəmə prosesinə qədər tələbkarla bəzi dəqiqləşmələr apararaq əlavə ödənişlərin də olmasını və borcun protokolda göstəriləndən az olmasını müəyyən etmişdir. İcra işi onun icraatında olmadığı üçün borcu dəqiq deyə bilmir. 17 dekabr 2025-ci il tarixli məhkəmə iclasında iştirak edən inzibati xəta haqqında protokol tərtib etmiş şəxs Sumqayıt şəhəri üzrə İcra idarəsinin icra məmuru X4 bildirmişdir ki, bu gün məhkəmə prosesindən öncə hər iki tərəfi çağıraraq borcun nə qədər olması ilə bağlı yenidən hesablama aparmışdır. Təqdim edilmiş qəbzlər və tələbkarın müəyyən ödənişləri qəbul etməsi nəzərə alınaraq ödənilməmiş borcun 3693 manat olmasını müəyyən etmişdir. Həmin borcdan isə hazırki məhkəmə prosesindən az öncə 300 manat yenidən ödəniş olmuş, beləliklə də hazırda qalıq borc 3393 manat təşkil edir. Borclu əlavə ödənişlər də etdiyini və həmin ödənişlərdən sonra hazırda 2743 manat borcu qaldığını bildirir, lakin əlavə ödənişlərin olmasını təsdiq edən hər hansı sənədi bir neçə gün keçməsinə baxmayaraq onlara təqdim etməmişdir. Qeyd etdiyi ödənişlərlə bağlı hər hansı qəbz təqdim edərsə həmin ödənişlər də nəzərə alınacaq. Həmçinin bildirmişdir ki, borclunun hər hansı rəsmi gəliri və ya əmlakı aşkar edilməmişdir. Göstərilən halları nəzərə alaraq Şəxs barəsində qanuna müvafiq qərar qəbul edilməsini xahiş etmişdir. Məhkəmə iclasında iştirak edən barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs oğlu bildirmişdir ki, o, əvvəllər işlədiyi vaxt ardıcıl ödənişlər etmiş, daha sonra işdən çıxmış və ərindən ayrıldığı üçün ödənişlər edə bilməmişdir. Hal-hazırda himayəsində olan 16 yaşlı qızı ilə birlikdə kirayədə yaşayır. O, tələbkarın xeyrinə 8900 manat ödəniş etmiş və bunu təsdiq edən ödəniş qəbzləri də var. 6000 manat lotoreya pulunu isə kart və terminal vasitəsilə tələbkara göndərmişdir. Göründüyü kimi tələbkara ümumilikdə 14900 manat pul vermiş və icra sənədi üzrə borcdan 2743 manat qalıq qalmışdır. Məhkəmə iclasından əvvəl 300 manat da ödəniş etmişdir. O, çağırışlara bir dəfə qızı xəstə olduğu üçün gəlməmiş, daha sonra özü könüllü icra idarəsinə gəlmişdir. O, borcun ödənilməsindən imtina etmir, hər ay ödəniş etməyə söz verir. Göstərilənlərin nəzərə alınmasını xahiş etmişdir. Məhkəmə iclasında Zərərçəkmiş şəxs bildirmişdir ki, borclu qərəzli olaraq icra sənədinin icrasından yayınır. İcra sənədinin uzun müddətdir ki, icraatda olmasına baxmayaraq borcu hələ də tam ödəməmişdir. O, borclunun qərəzli hərəkətlərinə görə beş ildir ki, əziyyət çəkir, yaranmış borca görə evini satmış, hal-hazırda kirayə qalır və maddi vəziyyəti çox pisdir. Borclu hər dəfə yalan vədlər verir, ona görə də borcun tam ödənilməsini tələb edir. Borcun hissə-hissə ödənilməsinə razı deyil. Bu gün borclu tərəfindən əlavə 300 manat ödəniş edilmiş, bundan sonra 3393 manat borc qalmışdır. Göstərilən halların nəzərə alınaraq borcun ödənilməsi üçün ciddi tədbirlər görülməsini xahiş etmişdir. Məhkəmə iclasında iştirak edən müdafiəçi Sumqayıt şəhər 1 saylı Vəkil Bürosunun vəkili Vəkil bildirmişdir ki, hüquqlarını müdafiə etdiyi şəxs icra sənədinin icrasından qərəzli yayınmır, maddi vəziyyətinə görə ödənişləri tam edə bilmir, hissə-hissə ödənişlər edir. Həmçinin nəzərə almaq lazımdır ki, borclu tərəfindən borcun əksər hissəsi ödənilmiş, bu gün iə əlavə olaraq 300 manat ödəniş edilmişdir. Göstərilən halların nəzərə alınmasını xahiş etmişdir. Məhkəmə proses iştirakçılarını dinləyib, iş materiallarını araşdırıb hesab edir ki, Şəxs oğlunun Azərbaycan Respublikası İXM-in 528.1-ci maddəsi ilə nəzərdə tutulmuş inzibati xətanı törətməsi tam sübuta yetirilir. Belə ki, iş materiallarında olan Yardımlı Rayon Məhkəməsinin 2(038)-205/2023 saylı, xx.xx.2023-cü il tarixli icra sənədindən görünür ki, borclu Şəxs 17643 manat məbləğində pul alınaraq tələbkar Zərərçəkmiş şəxs ödənilməlidir. İş materiallarına əlavə edilmiş xx.xx.2025-ci il tarixli icraata başlama haqqında qərardan görünür ki, Yardımlı Rayon Məhkəməsinin 2(038)-205/2023 saylı, xx.xx.2023-cü il tarixli icra sənədi üzrə icraata başlanmışdır. İş materiallarına əlavə edilmiş elektron məhkəmə sistemindən çıxarışa əsasən Şəxs xx.xx.2010-cu il təvəllüdlü uşağı var. Beləliklə, məhkəmə iclasında müəyyən edilmişdir ki, Yardımlı Rayon Məhkəməsinin 2(038)-205/2023 saylı, xx.xx.2023-cü il tarixli icra sənədinə əsasən borclu Şəxs 17643 manat məbləğində pul alınaraq tələbkar Zərərçəkmiş şəxs ödənilməlidir. İcra sənədi üzrə Yardımlı Rayon İcra və Probasiya Şöbəsində xx.xx.2023-cü ildə icraata başlama barədə qərar qəbul edilmişdir. Borclu 13.950 manat hissə-hisə ödənişlər edilmiş, 3693 manat isə ödənilməmiş borc qalmışdır. xx.xx.2025-ci ildə icra sənədi aidiyyəti üzrə Sumqayıt şəhəri üzrə icra idarəsinə göndərilmişdir. xx.xx.2025-ci il, xx.xx.2025-ci ildə Sumqayıt şəhəri üzrə İcra İdarəsində borcluya qalıq borcu könüllü icra etməsi bir daha təklif edilmiş, xx.xx.2025ci ildə təkrar icra idarəsinə dəvət edilmiş və qalıq borc üzrə hər hansı ödəniş olmadığı üçün borclu barəsində inzibati xəta haqqında protokol tərtib edilmişdir. İş məhkəmənin icraatında olan zaman borclu tərəfindən əlavə 300 manat da ödəniş edilmiş və 3393 manat ödənilməmiş borc qalmışdır. Məhkəmə iclasında icra sənədi üzrə borclu əlavə ödənişlər də etdiyini və hazırda 2743 manat borcunun qalmasını bildirdiyi üçün məhkəmə prosesi təxirə salınaraq əlavə ödənişləri təsdiq edən hər hansı əlavə qəbzi və ya digər ödəniş sənədini təqdim etməsinə şərait yaradılmasına baxmayaraq bununla bağlı əlavə hər hansı sənəd təqdim edə bilməmişdir. Göstərilən məsələ ilə əlaqədar məhkəmə qeyd edir ki, borclunun iddia etdiyi kimi əlavə ödənişləri olduğu halda bununla bağlı sənədlərini icra idarəsinə təqdim edə bilər və qalıq borcun məbləğinin yenidən hesablanaraq dəyişməsi hazırda Şəxs barəsində başlanmış inzibati xəta haqqında iş üzrə icraata xitam verilməsi üçün və məsuliyyətdən azad edilməsi üçün əsas deyil. Göstərilənlərə əsasən məhkəmə hesab edir ki, Şəxs qeyd edilən hərəkətləri, yəni icra sənədi üzrə ödənişəri tam etməməsi icra sənədindəki tələbin üzrsüz səbəbdən icra məmuru tərəfindən müəyyən olunmuş müddətdə icra edilməməsi və icra məmurunun qanuni tələblərinin yerinə yetirilməməsi kimi qiymətləndirilməlidir. Onun əməlində Azərbaycan Respublikası İXM-in 528.1-ci maddəsində nəzərdə tutulmuş inzibati xətanın tərkibi vardır. Belə ki, “İcra Haqqında” Azərbaycan Respublikası Qanununun 3-cü maddəsinə əsasən məhkəmə və digər orqanların qərarlarının icrası ilə əlaqədar icra məmurunun tələbləri Azərbaycan Respublikasının ərazisində bütün orqanlar, hüquqi şəxslər, onların vəzifəli şəxsləri və fiziki şəxslər üçün məcburidir. Azərbaycan Respublikası İXM-in 528.1-ci maddəsinə əsasən icra sənədindəki tələbin üzrsüz səbəbdən icra məmuru tərəfindən müəyyən olunmuş müddətdə icra edilməməsinə və ya icra məmurunun məhkəmə və ya başqa dövlət orqanlarının qərarlarının icrası ilə əlaqədar digər qanuni tələblərinin yerinə yetirilməməsinə görə fiziki şəxslər beş yüz manatdan min manatadək məbləğdə cərimə edilir və ya işin hallarına görə, pozuntunu törədənin şəxsiyyəti nəzərə alınmaqla, bir ayadək müddətə inzibati həbs tətbiq olunur, vəzifəli şəxslər min iki yüz manatdan iki min beş yüz manatadək məbləğdə, hüquqi şəxslər üç min manatdan beş min manatadək məbləğdə cərimə edilir. Həmin Məcəllənin 2-ci maddəsinə əsasən Azərbaycan Respublikasının inzibati xətalar qanunvericiliyinin vəzifələri insan və vətəndaş hüquqlarını və azadlıqlarını, onların sağlamlığını, əhalinin sanitariya-epidemioloji salamatlığını, ictimai mənəviyyatı, mülkiyyəti, şəxslərin iqtisadi maraqlarını, ictimai qaydanı və ictimai təhlükəsizliyi, ətraf mühiti, idarəçilik qaydalarını qorumaqdan, qanunçuluğu möhkəmləndirməkdən və inzibati xətaların qarşısını almaqdan ibarətdir. Həmin Məcəllənin 3-cü maddəsinə əsasən yalnız bu Məcəllə ilə nəzərdə tutulmuş inzibati xətanın törədilməsində təqsirli hesab edilən və inzibati xəta tərkibinin bütün digər əlamətlərini daşıyan əməli (hərəkət və ya hərəkətsizliyi) törətmiş şəxs inzibati məsuliyyətə cəlb olunur. Həmin Məcəllənin 12-ci maddəsinə görə bu Məcəllə ilə qorunan ictimai münasibətlərə qəsd edən, hüquqazidd olan, təqsirli sayılan (qəsdən və ehtiyatsızlıqdan törədilən) və inzibati məsuliyyətə səbəb olan əməl (hərəkət və hərəkətsizlik) inzibati xəta hesab olunur. Bu Məcəllənin Xüsusi hissəsində nəzərdə tutulan əməllərə görə inzibati məsuliyyət o halda yaranır ki, bu əməllər cinayət məsuliyyətinə səbəb olmasın. Həmin Məcəllənin 76.1-ci maddəsinə əsasən inzibati xətanın olub-olmamasını, inzibati xəta törədən şəxsin təqsirini və işin düzgün həlli üçün əhəmiyyətli olan digər halları müəyyən etmək üçün hakimin, səlahiyyətli orqanın (vəzifəli şəxsin) əsaslana bildiyi hər cür faktik məlumatlar inzibati xətalar haqqında işlər üzrə sübutlar sayılır. Bu məlumatlar maddi sübutlarla, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsin, zərər çəkmiş şəxsin, şahidlərin izahatları ilə, digər sənədlərlə, xüsusi texniki vasitələrin göstəriciləri ilə, müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqanın (qurumun) informasiya sistemində, habelə digər dövlət informasiya sistemlərində (ehtiyatlarında) aşkar olunan məlumatlarla, ekspertin rəyi ilə, inzibati xəta haqqında protokolla, bu Məcəllə ilə müəyyən edilmiş digər protokollarla müəyyən edilir. Həmin Məcəllənin 84.1-ci maddəsinə əsasən inzibati xətalar haqqında işlərə baxan hakim, səlahiyyətli orqan (vəzifəli şəxs) işin bütün hallarının məcmusunun hərtərəfli, tam və obyektiv surətdə baxılmasına əsaslanan öz daxili inamı ilə sübutları qiymətləndirir. Məhkəmə barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsə inzibati tənbeh tətbiq edərkən Azərbaycan Respublikası İXM-in aşağıdakı prinsip və müddəalarını rəhbər tutur. Azərbaycan Respublikası İXM-in 3-cü maddəsinə əsasən, yalnız bu Məcəllə ilə nəzərdə tutulmuş inzibati xətanın törədilməsində təqsirli hesab edilən və inzibati xəta tərkibinin bütün digər əlamətlərini daşıyan əməli (hərəkət və ya hərəkətsizliyi) törətmiş şəxs inzibati məsuliyyətə cəlb olunur. Həmin Məcəllənin 9-cu maddəsinə əsasən inzibati xəta törətmiş şəxs haqqında tətbiq edilən tənbeh ədalətli olmalıdır, yəni inzibati xətaların xarakterinə, onun törədilməsi hallarına və inzibati xətanı törətməkdə təqsirli bilinənin şəxsiyyətinə uyğun olmalıdır. Həmin Məcəllənin 31.2-ci maddəsinə əsasən fiziki və ya vəzifəli şəxslər barəsində inzibati tənbeh tətbiq edilərkən, xətanın xarakteri, inzibati xəta törədən şəxsin şəxsiyyətini xarakretizə edən hallar, onun təqsirinin dərəcəsi, əmlak vəziyyəti, habelə məsuliyyəti yüngülləşdirən və ağırlaşdıran hallar nəzərə alınır. Məhkəmə Azərbaycan Respublikası İXM-in 32-ci maddəsinə əsasən barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs himayəsində yetkinlik yaşına çatmayan bir uşağının olmasını onun məsuliyyətini yüngülləşdirən hal kimi qiymətləndirir. Azərbaycan Respublikası İXM-in 33-cü maddəsinə əsasən barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs məsuliyyətini ağırlaşdıran hallar müəyyən olunmamışdır. İnzibati tənbeh tətbiq edərkən məhkəmə törədilmiş xətanın xarakterini, Şəxs şəxsiyyətini və təqsirinin dərəcəsini, məsuliyyəti yüngülləşdirən hal kimi onun himayəsində yetkinlik yaşına çatmayan bir uşağının olmasını, məsuliyyətini ağırlaşdıran halların isə olmamasını nəzərə alır və hesab edir ki, Şəxs barəsində Azərbaycan Respublikası İXM-in 528.1-ci maddəsinin sanksiyası həddində cərimə növündə inzibati tənbeh tətbiq edilməlidir. Azərbaycan Respublikası İXM-in 21-ci maddəsinə əsasən inzibati tənbeh məsuliyyət tədbiridir və inzibati xəta törədən şəxsi qanunlara əməl edilməsi ruhunda tərbiyələndirmək, habelə həm inzibati xəta törətmiş şəxs, həm də başqa şəxslər tərəfindən yeni inzibati xəta törədilməsinin qarşısını almaq məqsədi daşıyır. Məhkəmə həmçinin hesab edir ki, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsə göstərilmiş hüquqi xidmətə görə Vəkil təqdim etdiyi hesabata əsasən onun iş materialları ilə tanış olması və məhkəmədə iştirak etdiyi 04 saata görə 44 (qırx dörd) manat məbləğində pul vəsaiti Dövlət büdcəsi hesabından Sumqayıt şəhər 1 saylı Vəkil Bürosunun hesabına köçürülməlidir. Belə ki, “Müdafiəçilərə (vəkillərə), tərcüməçilərə, mütəxəssislərə və ekspertlərə ödənilməli olan məbləğlərin miqdarı haqqında” Azərbaycan Respublikası Nazirlər Kabinetinin 01 fevral 2001-ci il tarixli 31 saylı qərarının 1-ci bəndinə əsasən Azərbaycan Respublikası CPM-in 193.2, 193.4-cü və 194-cü maddələrində və Azərbaycan Respublikası MPM-in 67-1.1-ci və 67-1.2-ci maddələrində nəzərdə tutulmuş hallarda hüquqi yardımın göstərilməsinə görə müdafiəçiyə (vəkilə) ödənilən haqq hər iş saatı üçün 11 (on bir) manat məbləğində müəyyən edilmişdir Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 40, 43, 114-115, 117 və 128-130-cu maddələrini rəhbər tutaraq, məhkəmə QƏRARA ALDİ: Şəxs Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 528.1-ci maddəsi ilə nəzərdə tutulmuş inzibati xətanın törədilməsində təqsirli bilinərək 500 (beş yüz) manat məbləğində inzibati cərimə edilsin. Barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsə göstərilmiş hüquqi xidmətə görə Vəkil məhkəmədə iştirak etdiyi və işlə tanış olduğu 04 saata görə 44 (qırx dörd) manat Azərbaycan Respublikası Dövlət büdcəsi hesabından Sumqayıt şəhər 1 saylı Vəkil Bürosunun hesabına köçürülsün Qərarın surəti təqdim edildiyi və ya alındığı gündən 10 (on) gün müddətində Sumqayıt şəhər Məhkəməsi vasitəsi ilə və ya birbaşa Sumqayıt Apellyasiya Məhkəməsinə şikayət verilə bilər. Hakim: Samir İsmayılov
Məhkəmə qərarları › İş №3(060)-3390/2025
Sumqayıt Şəhər Məhkəməsi Qərar — İş №3(060)-3390/2025
17.12.2025 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver