Məhkəmə qərarları › İş №3(060)-3393/2025

Sumqayıt Şəhər Məhkəməsi Qərar — İş №3(060)-3393/2025

29.12.2025 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Sumqayıt şəhəri İş № 3(060)-3393/2025 29.12.2025 SUMQAYIT ŞƏHƏR MƏHKƏMƏSİ Hakim İsmayılov Samir Bəyistan oğlunun sədrliyi, Əkbərli Nicat Mais oğlunun katibliyi, Barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs iştirakı ilə, xx.xx.1984-cü il tarixdə Sumqayıt şəhərində anadan olmuş, Azərbaycan Respublikası vətəndaşı, evli, ali təhsilli, "xxxx" MMC-də direktor işləmiş, ünvan 1 ünvanında qeydiyyatda olan və yaşayan (FİN: xxxxxxx) Şəxs barəsində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 198.2-ci maddəsi ilə olan inzibati xəta haqqında materiala açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: Sumqayıt şəhər prokuroru vəzifəsini icra edən Yusuf Novruzovun xx.xx.2025-ci il tarixli qərarı ilə Şəxs barəsində Azərbaycan Respublikası İXM-in 198.2-ci maddəsi ilə inzibati xəta haqqında iş üzrə icraat başlanmış və baxılması üçün məhkəməyə göndərilmişdir. İnzibati xəta haqqında iş üzrə icraatın başlanması haqqında qərara əsasən vəzifəli şəxs Şəxs "xxxx" MMC-nin direktoru, “Liftlərin quruluşu və təhlükəsiz istismarı qaydaları”nın 7.4.1 -ci bəndinin tələblərini pozmaqla Sumqayıt şəhər Bağça şəhər yaşayış kompleksi 10 saylı binanın girişində sərnişin liftinin eləcə də mühafizə sistemlərinin texniki cəhətdən saz vəziyyətdə saxlanılması və nəzarətinin təşkil edilmədiyinə görə 8 avqust 2025-ci il tarixdə saat 19:45 radələrində Zərərçəkmiş şəxs Sumqayıt şəhəri 76-cı məhəllə ərazisində yerləşən “Bağça şəhər Yaşayış Kompleksi”nin 10-cu binasının girişində quraşdırılmış liftə daxil olub 9-cu mərtəbəyə qalxmaq üçün liftin düyməsini basıb, liftin kabinəsinin qapısı bağlanıb yuxarı mərtəbəyə doğru hərəkət edərkən 3-cü mərtəbə ilə 4cü mərtəbə arasında liftə gələn elektrik enerjisi anidən kəsildikdə lift surətlə enməyə başlamış, liftin şaxtanın döşəməsinə çırpılması nəticəsində Zərərçəkmiş şəxs sağlamlığın qısa müddət pozulmasına səbəb olan dərəcəsinə görə sağlamlığa yüngül zərərvurmaya aid edilən bel, oma və çanaq nahiyəsinin əziyi, sol çanaq nahiyəsinin qançırı xəsarətləri yetirilmiş, bununla da, o, Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 198.2ci maddəsi ilə nəzərdə tutulmuş inzibati xətanı törətmişdir. Məhkəmə iclasında iştirak edən barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs özünü təqsirli bilməyərək izahatında göstərmişdir ki, xx.xx.2025-ci il tarixdə göstərilən binanın lifti ilə əlaqədar heç bir şikayət daxil olmamışdır. Həmin gün saat 20 radələrində o, ərazidən kənarda olmuş, bu vaxt MMC-nin elektik vəzifəsində işləyən əməkdaş ona zəng edib 10 saylı binanın liftində hadisə baş verdiyini bildirmişdir. Nə baş verdiyini soruşduqda, əməkdaş söyləmişdir ki, az əvvəl 10 saylı binanın lifti ilə 2 sərnişin aşağı mərtəbəyə enərkən lift ilişmiş, binanın -1 mərtəbəsində dayanmış, kömək edib sərnişinləri liftdən çıxarmışlar. Həmin vaxt hadisə yerində olmadığı üçün hadisənin əslində hansı səbəbdən baş verdiyini dəqiq bilmir. Liftdə 1 qadın və 1 kişi olmuş, qadına kömək edib çıxarmışlar, kişi isə sərbəst özü lifti tərk etmişdir. Qadın özü sərbəst olaraq bloku tərk edib getmişdir. Ona deyilənlərə görə həmin qadın bununla bağlı hər hansı xəsarət almamışdır. Liftdə baş verən hadisə ilə əlaqədar özünü ona görə təqsirli bilmir ki, onlar liftə servis xidmətləri göstərilməsi üçün “X3” MMC ilə müqavilə bağlamışlar və həmin MMC tərəfindən servis xidmətləri göstərilir. Bu sahədə mütəxəssis olmadığı üçün üçün “X3” MMC-nin servis xidmətlərində hər hansı bir qüsur və ya natamalığın olmasını bilə bilməzdi. Göstərilən halları nəzərə alaraq barəsində başlanmış inzibati xəta haqqında iş üzrə icraata xitam verilməsini xahiş etmişdir. Məhkəmə iclasının yeri və vaxtı barədə qanuna müvafiq qaydada məlumat verilməsinə baxmayaraq, zərərçəkmiş şəxs və inzibati xəta haqqında iş üzrə icraat başlamış prokuror məhkəmə iclasında iştirak etməmişlər və iştirak etməmələrinin səbəbləri barədə məhkəməyə məlumat verməmişlər. Məhkəmə Azərbaycan Respublikası İXM-in 62.4 və 112.1.4-cü maddələrinə əsasən işə zərərçəkmiş şəxsin və inzibati xəta haqqında iş üzrə icraat başlamış prokurorun iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. İşin məhkəməydək icraat mərhələsində izahat vermiş Zərərçəkmiş şəxs izahatı elan edilməklə tədqiq edilmiş və müəyyən edilmişdir ki, o izahatında göstərmişdir ki, 8 avqust 2025-ci il tarixdə saat 19:45 radələrində azyaşlı uşaqları ilə birlikdə Sumqayıt şəhəri 76-cı məhəllə ərazisində yerləşən “Bağça şəhər” Yaşayış Kompleksində 10-cu binada 2-ci girişdə 14 mərtəbəli binanın 9-cu mərtəbəsində yaşayan dayısı qızı Elnarə Səfərovagilə qonaq getmiş, binanın həyətinə çatarkən həyətdə dayısı qızının azyaşlı uşaqlarının oynadığını gördükdə uşaqları onunla getməyib həyətdə qalmışlar, özü isə bloka keçib sərnişin liftinə daxil olmuş, bu vaxt arxasınca liftə təxminən 50 yaşlarında kişi daxil olmuş, həmin kişi liftin 7-ci, özü isə 9-cu düyməsini basmış, liftin kabinası yuxarı mərtəbəyə doğru hərəkət etmiş, gəlib 3-cü mərtəbə ilə 4-cü mərtəbə arasına çatarkən qəflətən gurultu qopmuş, lifdə olan kişi liftin trosunun qırıldığını, onların şaxtaya düşəcəyini söyləmiş, lift həqiqətən sürətlə enməyə başlayıb liftin şaxtasının döşəməsinə çırpılmışdır. Məhkəmə barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsi dinləyib, iş materiallarını və ona əlavə edilmiş sənədləri araşdırıb, toplanmış sübutlara məcmu halda hüquqi qiymət verərək hesab edir ki, Şəxs özünü təqsirli bilməsə də onun Azərbaycan Respublikası İXM-in 198.2-ci maddəsində nəzərdə tutulan xətanı törətməsi məhkəmə-tibbi və məhkəmə-təhlükəsizlik texnikası ekspertizalarının rəyləri, işçilərin vəzifə təlimatı, həmçinin iş materiallarında olan digər sənədlər ilə tam sübuta yetirilir. Belə ki, iş materiallarında olan Sumqayıt şəhər prokurluğunun müstəntiqi Yusif Məmmədov tərəfindən qəbul edilmiş xx.xx.2025-ci il tarixli cinayət işi başlanmasının rəd edilməsi haqqında qərardan görünür ki, tolanmış material üzrə cinayət hadisəsi olmadığı üçün Azərbaycan Respublikası CPM-in 39.1.1-ci maddəsinə əsasən cinayət işinin başlanması rədd edilmiş, eyni zamanda Azərbaycan Respublikası İXM-in 198.2-ci maddəsi ilə inzibati icraat başlanması məsələsinə baxılması üçün qərarın surəti ibtidai araşdırmaya prosessual rəhbərliyi həyata keçirən prokurora təqdim edilmişdir. İş materialına əlavə edilmiş Azərbaycan Respublikası Səhiyyə Nazirliyi “Məhkəmə- Tibbi Ekspertiza və X1” X2 Sumqayıt şəhər şöbəsinin məhkəmə-tibb ekspertizası tədqiqinə dair xx.xx.2025-ci il tarixli 1270 saylı rəyindən görünür ki, Zərərçəkmiş şəxs bədəni üzərində aşkar olunan xəsarətlər bel oma və çanaq nahiyəsinin əziyi, sol çanaq nahiyəsinin qançırıdır. Qeyd olunan xəsarətlər küt əşyanın təsirindən törənmiş, müxtəlif vəziyyətdə əmələ gələ bilər, o cümlədən liftin kəmərinin qırılaraq şaxtaya düşməsi zamanı törənə bilməsi inkar olunmur, müddəti zərərçəkənin Sumqayıt şəhər TTYX-na müraciət etdiyi vaxtdan bir qədər əvvəl olmaqla xx.xx.2025-ci il tarixə uyğun gələ bilər və dərəcəsinə görə sağlamlığın qısa müddət pozulmasına səbəb olan sağlamlığa yüngül zərərvurmaya aid edilir. İş materialına əlavə edilmiş məhkəmə texniki-təhlükəsizlik ekspertizasının 30 oktyabr 2025-ci il tarixli 10/6957 saylı rəyindən görünür ki, Sumqayıt şəhəri “Bağça şəhər” yaşayış kompleksinin 10 saylı binasının girişindəki sərnişin liftinin eləcə də mühafizə sistemlərinin texniki cəhətdən saz vəziyyətdə saxlanılması, onların lazımi xidmətinin və nəzarətinin təşkil edilmədiyinə görə «Liftlərin quruluşu və təhlükəsiz istismarı qaydalarının 7.4.1-ci bəndinin tələbi həmin liftin sahibkarı tərəfindən pozulmuşdur. İş materialına əlavə edilmiş "xxxx" MMC-nin xx.xx.2023-cü il tarixli 06 saylı əmri ilə Şəxs MMC-nin direktoru vəzifəsinə təyin edilmiş və hadisə baş verərkən həmin vəzifəni icra etmişdir. İş materialına əlavə edilmiş sifarişçi "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyəti ilə icraçı “X3” MMC arasında bağlanmış xx.xx.2025-ci il tarixdə XM-08/25 nömrəli müqavilədən görünür ki, bağlanmış müqavilənin predmetinə sifarişçinin sərnişin liftlərinə iş günləri ərzində saat 09:00-dan 17:00-dək texniki servis dövri baxışının aparılması, liftlərin elektrik və mexaniki avadanlıqların yoxlanılması, nizamlanması və təmiri işlərinin göstərilməsi işlərini sifariş etmək, icraçı isə həmin sifarişləri qəbul edib, icra etmək, liftlərin nasazlığı ilə bağlı problem olduqda 24 saat ərzində sifarişçinin hər bir çağırışına cavab vermək və 2 saat ərzində texniki köməklik göstərmək daxil edilmişdir. İş materiallarında olan ekspertiza xərcinə dair bildirişdən görünür ki, ekspertizaya dair aparılmış tədqiqatın dəyəri 100 (yüz) manat müəyyən edilmişdir. Barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs məhkəmə iclasında özünü təqsirli bilməyərək izahatında "xxxx" MMC ilə “X3” MMC arasında müavilə olmasını, bu səbəbdən də servis xidmətlərinin göstərilməsi üçün bütün tədbirləri gördüklərini, hər hansı texniki nasazlıq olduqda bununla bağlı “X3” MMC-nin məsuliyyət daşımasını bildirsə də, məhkəmə hesab edir ki, qeyd edilən hallar Şəxs tərəfindən əməyin mühafizəsi və texniki təhlükəsizlik normalarının gözlənilməsi ilə bağlı üzərinə düşən bütün vəzifələri tam yerinə yetirməsi kimi qiymətləndirilə bilməz. Belə ki, qüvvədə olan əmək qanunvericiliyinin tələbinə əsasən məsul vəzifəli şəxs əməyin mühafizəsini, texniki təhlükəsizlik normalarının gözlənilməsini və təhlükəsiz əmək şəraitini təmin etməlidir. Azərbaycan Respublikası Əmək Məcəlləsinin 3-cü maddəsinin 10-cu bəndinə əsasən əməyin mühafizəsi - işçilərin təhlükəsiz və sağlam şəraitdə işləmək hüququnu təmin etmək məqsədi ilə bu Məcəllədə və digər normativ hüquqi aktlarda, habelə kollektiv müqavilələrdə, sazişlərdə, əmək müqavilələrində nəzərdə tutulan texniki təhlükəsizlik, sanitariya, gigiyena, müalicə-profilaktika tədbirləri, normaları və standartları sistemidir. Həmin Məcəllənin 54-cü maddəsinin 1-ci bəndinin 5-ci yarımbəndinə əsasən işçilər tərəfindən əmək funksiyasının yerinə yetirilməsi üçün işəgötürən əməyin mühafizəsi, texniki təhlükəsizlik normalarının gözlənilməsi şəraitini təmin etməlidir. Azərbaycan Respublikası İXM-in 198.2-ci maddəsinə əsasən texniki təhlükəsizlik və ya əmək mühafizəsinin başqa qaydalarına riayət edilməsi vəzifəsi həvalə edilmiş şəxs tərəfindən bu qaydaların pozulması nəticəsində ehtiyatsızlıqdan insan sağlamlığına yüngül zərərin vurulmasına görə - min manatdan min beş yüz manatadək məbləğdə cərimə edilir. Həmin Məcəllənin 3-cü maddəsinə əsasən, yalnız həmin Məcəllə ilə nəzərdə tutulmuş inzibati xətanın törədilməsində təqsirli hesab edilən və inzibati xəta tərkibinin bütün digər əlamətlərini daşıyan əməli (hərəkət və ya hərəkətsizliyi) törətmiş şəxs inzibati məsuliyyətə cəlb olunur. Həmin Məcəllənin 17-ci maddəsinə əsasən vəzifəli şəxslər öz vəzifələrinin yerinə yetirilməməsi və ya lazımınca yerinə yetirilməməsi ilə bağlı inzibati xətalara görə inzibati məsuliyyətə cəlb olunurlar. Həmin Məcəllənin 17-ci maddəsinin Qeydinə əsasən dövlət hakimiyyətinin nümayəndəsi funksiyasını həyata keçirən şəxslər, dövlət orqanlarında, bələdiyyələrdə, Azərbaycan Respublikasının Silahlı Qüvvələrində və Azərbaycan Respublikasının qanunvericiliyinə uyğun olaraq yaradılmış başqa silahlı birləşmələrdə, dövlət və qeyri-dövlət təşkilatlarında, idarə və müəssisələrində, o cümlədən publik hüquqi şəxslərdə təşkilati-sərəncamverici və ya inzibati-təsərrüfat vəzifələrində daimi və ya müvəqqəti işləyən şəxslər və ya həmin vəzifələri xüsusi səlahiyyət əsasında həyata keçirən şəxslər, habelə hüquqi şəxs yaratmadan sahibkarlıq fəaliyyəti ilə məşğul olaraq belə səlahiyyətləri yerinə yetirən fiziki şəxslər vəzifəli şəxs hesab edilirlər. Həmin Məcəllənin 76.1-ci maddəsinə əsasən inzibati xətanın olub-olmamasını, inzibati xəta törədən şəxsin təqsirini və işin düzgün həlli üçün əhəmiyyətli olan digər halları müəyyən etmək üçün hakimin, səlahiyyətli orqanın (vəzifəli şəxsin) əsaslana bildiyi hər cür faktik məlumatlar inzibati xətalar haqqında işlər üzrə sübutlar sayılır. Bu məlumatlar maddi sübutlarla, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsin, zərər çəkmiş şəxsin, şahidlərin izahatları ilə, digər sənədlərlə, xüsusi texniki vasitələrin göstəriciləri ilə, dövlət informasiya sistemlərində (ehtiyatlarında) aşkar olunan məlumatlarla, ekspertin rəyi ilə, inzibati xəta haqqında protokolla, bu Məcəllə ilə müəyyən edilmiş digər protokollarla müəyyən edilir. Həmin Məcəllənin 84.1-ci maddəsinə əsasən inzibati xətalar haqqında işlərə baxan hakim, səlahiyyətli orqan (vəzifəli şəxs) işin bütün hallarının məcmusunun hərtərəfli, tam və obyektiv surətdə baxılmasına əsaslanan öz daxili inamı ilə sübutları qiymətləndirir. Məhkəmə inzibati tənbeh tətbiq edərkən Azərbaycan Respublikası İXM-in aşağıdakı prinsip və müddəalarını nəzərə alır. Azərbaycan Respublikası İXM-in 9.1-ci maddəsinin tələbinə görə, inzibati xəta törətmiş şəxs haqqında tətbiq edilən tənbeh ədalətli olmalıdır, yəni inzibati xətaların xarakterinə, onun törədilməsi hallarına və inzibati xətanı törətməkdə təqsirli bilinənin şəxsiyyətinə uyğun olmalıdır. Həmin Məcəllənin 22-ci maddəsinə əsasən inzibati tənbeh məsuliyyət tədbiridir və inzibati xəta törədən şəxsi qanunlara əməl edilməsi ruhunda tərbiyələndirmək, habelə həm inzibati xəta törətmiş şəxs, həm də başqa şəxslər tərəfindən yeni inzibati xəta törədilməsinin qarşısını almaq məqsədi daşıyır. Həmin Məcəllənin 31.2-ci maddəsinə əsasən fiziki və ya vəzifəli şəxslər barəsində inzibati tənbeh tətbiq edilərkən, xətanın xarakteri, inzibati xəta törədən şəxsin şəxsiyyətini xarakretizə edən hallar, onun təqsirinin dərəcəsi, əmlak vəziyyəti, habelə məsuliyyəti yüngülləşdirən və ağırlaşdıran hallar nəzərə alınır. Azərbaycan Respublikası İXM-in 32 və 33-cü maddələrinə əsasən iş üzrə barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs məsuliyyətini yüngülləşdirən və ağırlaşdıran hallar müəyyən edilməmişdir. Məhkəmə inzibati tənbeh tətbiq edərkən xətanın xarakterini, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsin şəxsiyyətini, təqsirinin dərəcəsini nəzərə alır və hesab edir ki, onun barəsində Azərbaycan Respublikası İXM-in 198.2-ci maddəsinin sanksiyasında nəzrədə tutulmuş cərimə növündə inzibati tənbeh tədbirinin tətbiq edilməsi məqsədə məqsədə uyğundur. Azərbaycan Respublikası İXM-in 21-ci maddəsinə əsasən inzibati tənbeh məsuliyyət tədbiridir və inzibati xəta törədən şəxsi qanunlara əməl edilməsi ruhunda tərbiyələndirmək, habelə həm inzibati xəta törətmiş şəxs, həm də başqa şəxslər tərəfindən yeni inzibati xəta törədilməsinin qarşısını almaq məqsədi daşıyır. Məhkəmə həmçinin hesab edir ki, Azərbaycan Respublikası İXM-in 55.2-ci maddəsinə əsasən iş üzrə ekspertiza xərcləri dövlətə aid edilməlidir. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası İXM-in 40, 43, 48-51, 114, 128-130-cu maddələrini rəhbər tutaraq, məhkəmə QƏRARA ALDİ: Şəxs Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 198.2-ci maddəsi ilə təqsirli bilinərək 1.000 (min) manat məbləğində inzibati cərimə edilsin. Ekspertiza xərci dövlətə aid edilsin. Qərarın surəti rəsmi qaydada verildiyi vaxtdan 10 (on) gün müddətində işə baxan Sumqayıt Şəhər Məhkəməsi vasitəsilə və ya birbaşa Sumqayıt Apellyasiya Məhkəməsinə şikayət və protest verilə bilər. Hakim: Samir İsmayılov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar