Məhkəmə qərarları › İş №3(060)-340/2021

Sumqayıt Şəhər Məhkəməsi Qərar — İş №3(060)-340/2021

17.02.2021 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Sumqayıt şəhəri İş № 3(060)-340/2021 17.02.2021 SUMQAYIT ŞƏHƏR MƏHKƏMƏSİ Hakim Hacıyev Pərviz Əhməd oğlunun sədrliyi, Oruczadə Urfan Eynur oğlunun katibliyi, Şikayət vermiş şəxs Əsədov Zamiq Tapdıq oğlunun iştirakı ilə, Azərbaycan Respublikası Daxili İşlər Nazirliyi Sumqayıt Şəhər Polis İdarəsi 1-ci Polis Bölməsinin inzibati tənbeh vermə haqqında MN ******* saylı 14 yanvar 2021-ci il tarixli qərarından Əsədov Zamiq Tapdıq oğlunun vermiş olduğu şikayətə baxaraq müəyyən etdi: Əsədov Zamiq Tapdıq oğlu Sumqayıt şəhər Məhkəməsinə müraciət edərək Azərbaycan Respublikası Daxili İşlər Nazirliyi Sumqayıt Şəhər Polis İdarəsi Dövlət Yol Polisi Şöbəsinin qəbul etdiyi MN ******* saylı, 14 yanvar 2021-ci il tarixli qərarının ləğv edilməsi və barəsində aparılan inzibatı xətaya dair iş üzrə icraata xitam verilməsini Məhkəmədən xahiş etmişdir. Əsədov Zamiq Tapdıq oğlunun ərizəsindən görünür ki, 14.01.2021-ci il tarixdə xüsusi karantin rejimi ilə bağlı kütləvi informasiya vasitələri haqqında Nazirlər Kabinetinin qərarının 4-cü bəndinə uyğun olaraq Lider TV və Radio Azərbaycan MMC-nın nəzdində yayımlanacaq “Xoş Ovqat” adlı verilişində musiqiçi kimi iştirak etmək üçün ona həmin gün ölkə ərazisində peşə fəaliyyəti ilə bağlı hərəkətinə icazə verilməsi barədə adı çəkilən MMC tərəfindən arayış təqdim olunmuşdur. Ölkə ərazisində elan edilmiş karantin rejimi ilə bağlı Sumqayıt şəhəri, Daş bazarı ərazisində quraşdırılmış karantin postunda adını bilmədiyi polis əməkdaşı tərəfindən ona icazə portalında yoxlanılarkən icazəsinin olmadığı bildirilmiş, arayışı təqdim etdikdə heç bir əhəmiyyət verilməyərək AR İXM-nin 211.1-ci maddəsinə” əsasən protokol tərtib edilmişdir. Barəsində tərtib olunan protokol əsassız olduğundan Məhkəməyə müraciət etmişdir. Məhkəmə iclasının yeri və vaxtı barədə lazımi qaydada xəbərdar edilmiş Sumqayıt Şəhər Polis İdarəsi 1-ci Polis Bölməsinin nümayəndəsi məhkəmə iclasına gəlməmiş, məhkəmə işə onun iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Məhkəmə iclası zamanı qərardan şikayət vermiş şəxs Əsədov Zamiq Tapdıq oğlu yuxarıda ərizəsində qeyd olunanları bir daha izahatında göstərərək obyektiv araşdırma aparılaraq barəsində inzibati xətaya dair iş üzrə icraata xitam verilməsini Məhkəmədən xahiş etdi. İş materiallarına əlavə olunmuş inzibati tənbeh vermə haqqında MN ******* saylı 14 yanvar 2021-ci il tarixli qərarın surətindən görünür ki, Əsədov Zamiq Tapdıq oğlu xüsusi karantin rejimi qaydalarını pozaraq SMS icazə sistemi olmadan yaşadığı yeri tərk etmişdir. Əsədov Zamiq Tapdıq oğlunun təqdim etdiyi 14.01.2021-ci il tarixli arayışın surətindən görünür ki, Lider TV Radiosu tərəfindən Əsədov Zamiq Tapdıq oğluna karantin günlərində ölkədaxili peşə fəaliyyəti ilə hərəkətinə icazə verilmişdir. Məhkəmə işdə olan sübutları tədqiq edərək hesab edir ki, Əsədov Zamiq Tapdıq oğlunun şikayəti təmin olunmamalıdır. Belə ki, İnzibati xətalar Məcəlləsinin 211.1-ci maddəsinə əsasən epidemiya əleyhinə rejimin, sanitariya-gigiyena və karantin rejimlərinin pozulmasına görə fiziki şəxslər iki: yüz manatdan dörd yüz manatadək məbləğdə, vəzifəli şəxslər dörd min manatdan beş min manatadək məbləğdə cərimə edilir, yaxud işin hallarına görə, xətanı törədənin şəxsiyyəti nəzərə alınmaqla, bir ayadək müddətə inzibati həbs tətbiq olunur, hüquqi şəxslər beş min manatdan on bir min manatadək məbləğdə cərimə edilir. Məhkəmə iş materiallarını araşdıraraq hesab edir ki, protokolun tərtib edildiyi tarixdə, yəni 14 yanvar 2021-ci il tarixdə bütün ölkə üzrə sərtləşdirilmiş xüsusi karantin rejimi tətbiq edilmişdir və Azərbaycan Respublikası Nazirlər Kabinetinin Qərarına əsasən müəyyən edilmişdir ki: • 2020-ci il 14 dekabr saat 00:00-dan 2021-ci il 18 yanvar saat 00:00-dək operativ və xüsusi təyinatlı nəqliyyat vasitələrinin, habelə yükdaşıyan avtomobillərin və Azərbaycan Respublikası Ərazilərinin Minalardan Təmizlənməsi üzrə Milli Agentliyinin nəqliyyat vasitələrinin hərəkəti istisna olmaqla, Bakı, Sumqayıt, Gəncə, Mingəçevir, Şirvan şəhərlərinin və Abşeron rayonunun ərazisinə, eləcə də Lənkəran, Masallı, Cəlilabad, Şəki, Zaqatala, Quba, Xaçmaz, Yevlax, Bərdə, Biləsuvar və İsmayıllı rayon mərkəzlərinə (kənd və qəsəbələr istisna olmaqla) giriş-çıxış dayandırılır; • 2020-ci il 14 dekabr saat 00:00-dan 2021-ci il 18 yanvar saat 00:00-dək Bakı, Sumqayıt, Gəncə, Mingəçevir, Şirvan şəhərlərinin və Abşeron rayonunun ərazisində, eləcə də Lənkəran, Masallı, Cəlilabad, Şəki, Zaqatala, Quba, Xaçmaz, Yevlax, Bərdə, Biləsuvar və İsmayıllı rayon mərkəzlərində (kənd və qəsəbələr istisna olmaqla) hərəkət məhdudiyyəti tətbiq edilir. Azərbaycan Respublikası Nazirlər Kabinetinin qərarı əsasında müəyyən edilən siyahı üzrə müvafiq qurumlarda çalışan şəxslər xidməti vəsiqə əsasında, eyni zamanda, qərarla müəyyən edilmiş digər təşkilatların və qurumların işçiləri onlar barədə məlumatlar işəgötürən tərəfindən elektron imzadan istifadə edilməklə “icaze.e-gov.az” portalına daxil edildikdən sonra yuxarıda qeyd olunan ərazilərdə hərəkət edə bilərlər; Müvafiq dövlət qurumları və özəl hüquqi şəxslərin əməkdaşları, habelə bəzi könüllülər təşkilatlarının üzvləri barədə məlumatlar “icaze.e-gov.az” portalına 9 dekabr 2020-ci il saat 10:00-dan etibarən daxil edilməlidir. • 2020-ci il 14 dekabr saat 00:00-dan 2021-ci il 18 yanvar saat 00:00-dək Bakı, Sumqayıt, Gəncə, Mingəçevir, Şirvan şəhərlərinin və Abşeron rayonunun ərazisində, eləcə də Lənkəran, Masallı, Cəlilabad, Şəki, Zaqatala, Quba, Xaçmaz, Yevlax, Bərdə, Biləsuvar və İsmayıllı rayon mərkəzlərində (kənd və qəsəbələr istisna olmaqla) bütün digər şəxslərin yaşayış yerini və olduğu yeri tərk etmələrinə SMS-icazə sistemi və ya Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin Növbətçi Hissələri İdarəetmə Xidmətinin 102 Xidməti – Zəng Mərkəzi vasitəsilə ilə icazə verilir. SMS-icazə sistemi aşağıdakı hallarda tətbiq edilir: -təxirəsalınmaz tibbi zərurətlə və ya qrafik üzrə müalicə almaqla əlaqədar yaşayış yerini və olduğu yeri tərk etmək üçün (icazə rayon və şəhər daxilində 3 saat müddətinə verilir, rayonlar və şəhərlərarası hərəkət zərurəti yarandıqda olduğu ünvanla getməli olduğu ünvan arasında məsafə və müalicə prosedurunun müddəti nəzərə alınır, geri qayıtma müddəti həkim tərəfindən verilən arayışla müəyyən edilir və zərurət olduqda polis əməkdaşlarına təqdim edilir); -ərzaq və digər gündəlik tələbat mallarının və dərman vasitələrinin alınması (ərzaq mağazalarından, supermarketlərdən, bazar və aptekdən), dövlət xidmətlərinin, bank, poçt və fəaliyyətinin davam etdirilməsinə icazə verilən iş və xidmət sahələrində göstərilən digər xidmətlərdən istifadə edilməsi zərurəti, həmçinin açıq havada vaxtın keçirilməsi ilə əlaqədar yaşayış yerini və olduğu yeri tərk etmək üçün (icazə 3 saat müddətinə gündə 1 dəfə verilir, dövlət xidmətlərindən istifadə edilməsi zərurəti ilə əlaqədar yaşayış yerini və olduğu yeri tərk edən şəxslər üçün geri qayıtma müddəti müvafiq dövlət qurumu tərəfindən verilən arayışla müəyyən edilir). Beləliklə də, aparılmış araşdırma zamanı Əsədov Zamiq Tapdıq oğlunun Azərbaycan Respublikası İXM-nin 211.1-ci maddəsi ilə nəzərdə tutulmuş inzibatı xətanı törətməsi inzibati tənbeh vermə haqqında qərar və inzibati işin digər materialları ilə öz təsdiqini tapdığından onun qərardan şikayəti təmin olunmamalı, Azərbaycan Respublikası Daxili İşlər Nazirliyi Sumqayıt Şəhər Polis İdarəsi Dövlət Yol Polisi Şöbəsinin qəbul etdiyi MN ******* saylı, 14 yanvar 2021-ci il tarixli inzibati tənbeh vermə haqqında qərar dəyişdirilmədən saxlanılmalıdır. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 114.1.1-ci maddəsinə əsasən inzibati xəta haqqında işə baxılarkən inzibati tənbeh vermə haqqında qərar çıxarılır. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası İXM-nin 114.1-ci maddələrini rəhbər tutaraq, qərar verdi: Azərbaycan Respublikası Daxili İşlər Nazirliyi Sumqayıt Şəhər Polis İdarəsi 1-ci Polis Bölməsinin qəbul etdiyi MN ******* saylı, 14 yanvar 2021-ci il tarixli inzibati tənbeh vermə haqqında qərar qanuni hesab edilsin və qərardan Əsədov Zamiq Tapdıq oğlunun vermiş olduğu şikayət təmin olunmasın. Qərarın surəti rəsmi qaydada verildiyi gündən 10 gün müddətində qərardan Sumqayıt Şəhər Məhkəməsi vasitəsi ilə Sumqayıt Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. SƏDRLİK EDƏN: PƏRVİZ HACİYEV

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar