Məhkəmə qərarları › İş №3(060)-340/2023

Sumqayıt Şəhər Məhkəməsi Qərar — İş №3(060)-340/2023

02.02.2023 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Sumqayıt şəhəri İş № 3(060)-340/2023 02.02.2023 SUMQAYIT ŞƏHƏR MƏHKƏMƏSİ Hakim Quliyev Ramiz Mübariz oğlunun sədrliyi, Rəhimov Səbuhi Fərəc oğlunun katibliyi, Protokolu tərtib etmiş şəxs-Sumqayıt şəhər Polis İdarəsinin 1-cü Polis Bölməsinin sahə rəisi, polis baş leytenantı Fərman Hüseynzadənin, Barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs-Şəxs iştirakları ilə, xx.xx.2001-ci ildə Sumqayıt şəhərində anadan olmuş, Azərbaycan Respublikası vətəndaşı, subay, işləməyən, ünvan 1 ünvanında qeydiyyatda olan yaşayan Şəxs Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 206-cı maddəsi ilə təqsirləndirilməsinə dair inzibati xəta haqqında materiala Sumqayıt şəhər Məhkəməsinin binasında, açıq məhkəmə iclasında baxaraq, məhkəmə müəyyən etdi: Şəxs barəsində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 206-cı maddəsi ilə xx.xx.2023-cü il tarixli, MN seriyalı ******* №li inzibati xəta haqqında protokol tərtib olunmuşdur ona görə ki, xx.xx.2023-cü il tarixdə Respublika Narkoloji Mərkəzində analiz götürülmüş, sidiyində narkotik vasitə olan marixuana aşkar olunduğu üçün İnzibati Xətalar Məcəlləsinin 206-cı maddəsi ilə nəzərdə tutulmuş inzibati xətanı törətmişdir. Sumqayıt şəhər Polis İdarəsinin 1-ci Polis bölməsi tərəfindən Şəxs barəsində toplanmış materiallar baxılmaq üçün Sumqayıt şəhər Məhkəməsinə göndərilmişdir. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 111.3-cü maddəsinə görə inzibati həbs tənbeh növü nəzərdə tutan inzibati xətalar haqqında işlərə inzibati xəta haqqında protokola daxil olduğu gün baxılır. Məhkəmə iclasında protokolu tərtib etmiş Sumqayıt şəhər Polis İdarəsinin 1-ci Polis Bölməsinin sahə rəisi, polis baş leytenantı Fərman Hüseynzadə tərtib etdiyi protokola uyğun izahat verərək Şəxs barəsində qanunamüvafiq qərar qəbul edilməsini xahiş etdi. Məhkəmə iclasında barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs inzibati xətanın törədilməsində özünü təqsirli bilərək göstərdi ki, xx.xx.2023-cü il tarixdə Sumqayıt şəhəri 1-ci məhəllə ev 5A-nin qarşısında olarkən mülki geyimli polis əməkdaşları ona yaxınlaşaraq özlərini təqdim edib onu narkotik vasitələrin istifadəsində və oğurluq hadisələrində şübhəli olduğunu bildirib polis bölməsinə dəvət ediblər. O, heç bir etiraz etmədən polis əməkdaşları ilə birlikdə 1-ci polis bölməsinə getimişdir. Bölmədə ona aydın olmuşdur ki, o, narkotik vasitə istifadə etməkdə və oğurluq hadisələrində şübhəlidir. Bu səbəbdən Sumqayıt RND-də onun sidik nümunəsindən analiz götürülmüşdür. Aparılan müayinənin nəticəsi olaraq müəyyən olunmuşdur ki, o, narkotik vasitə olan marixuanadan istifadə edir, lakin heç bir oğurluq hadisəsi ilə bağlılığı yoxdur. Bununla bağlı onu deyə bilər ki, o, həqiqətən də narkotik vasitə istifadəçisidir. O, atası rəhmətə getdiyini, yaşlı anasının onun himayəsində olduğu bildirdi. Eyni zamanda əməlindən səmimi peşmandır, gələcəkdə bir daha belə hallara yol verməyəcəyinə söz verir. Məhkəmə iclasında şahid Sumqayıt ŞPİ 1-ci PB-nin əməliyyat müvəkkili polis baş leytenantı Mikayıl Əsgərov bildirdi ki, xx.xx.2023-cü il tarixdə Sumqayıt ŞPİ-nin 1-ci PB-nin s/rəisi polis baş leytenantı Fərman Hüseynzadə ilə birlikdə Sumqayıt şəhəri 1-ci məhəllə ev 5a-nın qarşısında Şəxs yaxınlaşıb özlərini təqdim edərək ona narkotik vasitələrin istifadəsində və oğurluq hadisələrində şübhəli olduğunu bildirib PB-nə dəvət etmişlər. Həmin şəxs buna etiraz etmədən onlarla birlikdə Sumqayıt ŞPİ 1-ci PB-nə gəlmişdir. Daha sonra Şəxs Sumqayıt RND-də onun sidik nümunəsindən analiz götürülmüşdür. Aparılan müayinənin nəticəsi olaraq müəyyən olunmuşdur ki, o, narkotik vasitə olan marixuanadan istifadə etmişdir. İş materiallarında olan xx.xx.2023-cü il tarixli, 550 №li ambulator-məcburi narkoloji tibbi yoxlama rəyindən görünür ki, müayinə zamanı barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs psixostimulyatorların birgə qəbulu nəticəsində yaranan asılılıq sindromu (narkomaniya xəstəliyi) aşkar olunmuşdur. Narkomaniyadan məcburi müalicəyə ehtiyacı vardır. Ərazi narkoloji dispanserində qeydiyyata alınması məsləhət görülür. İş materiallarında olan xx.xx.2023-cü il tarixli, A/160 saylı sərxoşluq hallarının bütün növlərinin təyini məqsədi ilə aparılan tibbi müayinə protokolundan görünür ki, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs xx.xx.2023-cü il tarixdə, saat 23:10-da müayinə olunmuş və narkotik vasitə metamfetamin qəbul etməsi faktı aşkar edilmişdir. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 206-cı maddəsinə əsasən qanunsuz olaraq narkotik vasitələrin, psixotrop maddələrin istehlakına, satış məqsədi olmadan şəxsi istehlak miqdarında hazırlanmasına, əldə edilməsinə, saxlanılmasına, daşınmasına və ya göndərilməsinə görə-üç yüz manatdan dörd yüz manatadək məbləğdə cərimə edilir, işin hallarına görə və xətanı törədənin şəxsiyyəti nəzərə alınmaqla, bu tədbirlərin tətbiqi kifayət sayılmadıqda isə iki ayadək müddətə inzibati həbs tətbiq edilir. Məhkəmə barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsi dinləyib, işdə olan materialları tədqiq edərək hesab edir ki, Şəxs Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 206-cı maddəsində nəzərdə tutulmuş inzibati xətaları törətməsi sübuta yetirilir və ona qeyd olunan maddə üzrə inzibati tənbeh tətbiq olunmalıdır. Məhkəmə inzibati xətaya görə tənbeh tətbiq edərkən Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 31.2-ci maddəsinin tələblərinə uyğun olaraq xətanın xarakterini, inzibati xəta törətmiş şəxsin şəxsiyyətini, onun təqsirinin dərəcəsini, əmlak vəziyyətini, habelə məsuliyyəti yüngülləşdirən və ağırlaşdıran halları nəzərə alır. Həmin Məcəllənin 31.4-1-ci maddəsinə əsasən İnzibati qaydada tutulmuş şəxs barəsində inzibati həbs istisna olmaqla tətbiq edilən digər inzibati tənbehin həddi bu Məcəllənin xüsusi hissəsində inzibati xətanın törədilməsinə görə müəyyən edilən inzibati tənbehin yuxarı həddinin dörddə üçündən çox ola bilməz. Məhkəmə barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs əməlindən səmimi peşman olmasını yüngülləşdirilən hal kimi nəzərə alır. Məsuliyyəti ağırlaşdıran hallar müəyyən olunmamışdır. Beləliklə, inzibati tənbeh tətbiq edərkən məhkəmə xətanın xarakterini, Şəxs məsuliyyətini yüngülləşdirən halı, şəxsiyyətini və təqsirinin dərəcəsini nəzərə alır və hesab edir ki, Şəxs Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 206-cı maddəsinin sanksiyası həddində cərimə növündə inzibati tənbeh tətbiq edilməsi məqsədəuyğundur. İşdə olan tutma protokolundan görünür ki, Şəxs xx.xx.2023-cü il tarixdə, saat 23:50-də tutulmuş, xx.xx.2023-cü il tarixə saat 14:00-də azad edilmişdir. Bu nəzərə alınmalıdır. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 114.1.1-ci maddəsinə əsasən inzibati xəta haqqında işə baxılarkən inzibati tənbeh vermə haqqında qərar çıxarılır. Yuxarıdakılara əsasən və Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 114.1.1, 115, 117-ci maddələrini rəhbər tutaraq, məhkəmə qərara aldı: Şəxs Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 206-cı maddəsi ilə nəzərdə tutulmuş inzibati xətanın törədilməsində təqsirli bilinsin və ona 400 (dörd yüz) manat məbləğində inzibati cərimə növündə inzibati tənbeh tətbiq edilsin, və həmin Məcəllənin 31.4-1-ci maddəsinə əsasən 02 (iki) gün inzibati qaydada tutulduğu müddət nəzərə alınmaqla qəti olaraq 300 (üç yüz) manat məbləğində cərimə olunsun. Qərarın surəti rəsmi qaydada verildiyi gündən 10 gün müddətində qərardan Sumqayıt Şəhər Məhkəməsi vasitəsi ilə Sumqayıt Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. HAKİM Ramiz Quliyev

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar