Məhkəmə qərarları › İş №3(060)-341/2025

Sumqayıt Şəhər Məhkəməsi Qərar — İş №3(060)-341/2025

07.02.2025 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Sumqayıt şəhəri İş № 3(060)-341/2025 07.02.2025 SUMQAYIT ŞƏHƏR MƏHKƏMƏSİ Hakim Nəsimiyev Fərid Aydın oğlunun sədrliyi, Aslanova İradə Allahverdi qızının katibliyi, Protokolu tərtib edən Sumqayıt şəhəri üzrə İcra İdarəsinin böyük icra məmuru X1, Barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs, Onun müdafiəçisi Sumqayıt Şəhər 1 saylı Vəkil Bürosunun vəkili X2 iştirakları ilə, xx.xx.1988-ci ildə Sumqayıt şəhərində anadan olmuş, Azərbaycan Respublikası vətəndaşı, evli, orta təhsilli, işsiz, ünvan 1 ünvanında qeydiyyatda olan və ünvan 2anda yaşayan Şəxs barəsində Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 528.1-ci maddəsi ilə tərtib edilmiş inzibati xəta haqqında protokola və ona əlavə edilmiş materiallara açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: Sumqayıt şəhəri üzrə İcra İdarəsinin böyük icra məmuru X5 tərəfindən Şəxs barəsində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 528.1-ci maddəsi ilə 07 fevral 2025-ci il tarixli MN seriyalı ******* nömrəli inzibati xəta haqqında protokol tərtib olunaraq baxılması üçün məhkəməyə təqdim edilmişdir. Protokoldan görünür ki, Yevlax Rayon Məhkəməsinin xx.xx.2022-ci il tarixli, 2(039)- 566/2022 saylı icra sənədi üzrə borclu Şəxs 5025 manat aliment borcunu üzürsüz səbəbdən ödəməkdən yayınmışdır. Bununla da, Şəxs tərəfindən Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 528.1-ci maddəsində nəzərdə tutulmuş inzibati xəta törədilmişdir. Məhkəmə iclasında iştirak edən Sumqayıt şəhəri üzrə İcra İdarəsinin böyük icra məmuru X5 bildirmişdir ki, Yevlax Rayon Məhkəməsinin xx.xx.2022-ci il tarixli, 2(039)- 566/2022 saylı icra sənədinə əsasən xx.xx.2022-ci il tarixdən başlayaraq xx.xx.2016-cü il təvəllüdlü X9 yetkinlik yaşına çatanadək saxlanması üçün iddiaçı Şəxs hər ay 160 manat miqdarında aliment tutularaq cavabdeh X3 xeyrinə verilməlidir. İcra sənədi xx.xx.2022-ci il tarixdə Sumqayıt şəhəri üzrə İcra İdarəsinin icraatına daxil olmuş, icraata başlamaq haqqında qərar qəbul olunaraq məhkəməyə məlumat verilmişdir. Həmçinin, bundan sonrakı dövrlərdə məcburi icra tədbirlərinə başlanılmış, xx.xx.2022-ci il tarixdə borcluya icra sənədində göstərilən tələbi könüllü olaraq icra etməsi ilə bağlı bildiriş göndərilmiş, borclunun yeri müəyyən olunmadığına görə axtarışa verilmiş, xx.xx.2025-ci il tarixdə Heydər Əliyev adına Hava limanında saxlanılmış, bu gün polis əməkdaşları tərəfindən İcra İdarəsinə təhvil verilmişdir. Elşad Cəfərov aliment borcundan ümumillikdə 735 manat ödəniş etmişdir. Hal-hazırda 5025 manat aliment borcu vardır. Tələbkarla əlaqə saxlanılmış, sonuncu aliment borcunun ödənilməsini tələb etdiyini bildirmişdir. Qeyd olunanlara əsasən borclu barəsində Azərbaycan Respublikası İXM-nin 528.1-ci maddəsi ilə inzibati xəta haqqında protokol tərtib olunaraq baxılması üçün Sumqayıt Şəhər Məhkəməsinə müraciət olunmuşdur. Protokolu müdafiə etdiyini bildirdi. Məhkəmə iclasında barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs izahatında bildirmişdir ki, aliment borcundan hazırda yalnız 300 manat, ümumillikdə isə borcu bir ay sonra tam ödəyə bilər. İcra sənədi üzrə borcundan xəbəri olmuş, lakin Rusiya Federasiyasında olduğundan, eləcə də həmin müddət ərzində işləmədiyindən aliment borcunu ödəyə bilməmişdir. Məhkəmədən ödəniş edə bilməsi üçün 1 ay vaxt istəmişdir. Məhkəmə iclasında müdafiəçi Sumqayıt Şəhər 1 saylı Vəkil Bürosunun vəkili X6 bildirmişdir ki, borclunun qismən ödəniş etmək qabilliyətini nəzərə alaraq 1 gün müddət verilməsini məhkəmədən xahiş etmişdir. Məhkəmə proses iştirakçılarını dinləyərək və iş materiallarını araşdıraraq hesab edir ki, Şəxs Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 528.1-ci maddəsi ilə nəzərdə tutulan inzibati xətanı törətməsi tam sübuta yetirilir. Belə ki, iş materiallarında olan Yevlax Rayon Məhkəməsinin xx.xx.2022-ci il tarixli, 2(039)-566/2022 saylı icra sənədindən görünür ki, xx.xx.2022-ci il tarixdən başlayaraq xx.xx.2016-cü il təvəllüdlü X9 yetkinlik yaşına çatanadək saxlanması üçün iddiaçı Şəxs hər ay 160 manat miqdarında aliment tutularaq cavabdeh X3 xeyrinə verilməlidir. İş materiallarında olan xx.xx.2022-ci il il tarixli icraata başlamaq haqqında qərardan görünür ki, Yevlax Rayon Məhkəməsinin xx.xx.2022-ci il tarixli, 2(039)-566/2022 saylı icra sənədi üzrə icraata başlanmışdır. İş materiallarında olan xx.xx.2022-ci il tarixli tələbin könüllü icrası haqqında bildirişdən görünür ki, borclu Şəxs bildiriş göndərilmişdir. İş materiallarında olan xx.xx.2022-ci il tarixli borclunun axtarılması haqqında qərardan görünür ki, Şəxs barəsində axtarış elan edilmişdir. İş materiallarında olan xx.xx.2022-ci il tarixli məktubdan görünür ki, Şəxs barəsində Sumqayıt ŞPİ-si tərəfindən xx.xx.2022-ci il tarixdə 731450 saylı axtarış işi açılmışdır. Borclu şəxs kimi axtarışda olan Şəxs Rzabala oğlunun yerinin müəyyən edilməsi istiqamətində axtarış tədbirlərimiz davam etdirildiyi qeyd edilmişdir. İş materiallarında olan qəbzlərdən görünür ki, Zeynəb Mirzəzadənin hesabına ayrıayrılıqda 15000 ruble, yəni 227.94 azn, 10.000 rubl və 350 manat ödəniş edilmişdir. Elektron Məhkəmə İnformasiya Sistemindən çıxarılmış və iş materiallaraına təqdim olunmuş sənəddən məlum olur ki, Şəxs xx.xx.2025-ci il tarixində saat 11.22 radələrində X7 Aeroportunda DSBM-də giriş edərkən dayandırılmışdır. Beləliklə, məhkəmə iclasında müəyyən edilmişdir ki, Yevlax Rayon Məhkəməsinin xx.xx.2022-ci il tarixli, 2(039)-566/2022 saylı icra sənədinə əsasən xx.xx.2022-ci il tarixdən başlayaraq xx.xx.2016-cı il təvəllüdlü X9 yetkinlik yaşına çatanadək saxlanması üçün iddiaçı Şəxs hər ay 160 manat miqdarında aliment tutularaq cavabdeh X3 xeyrinə verilməlidir. İş üzə 14 sentyabr 2022-ci ildə icraata başlama barədə qərar qəbul edilmiş və tələbin könüllü icrası haqqında bildiriş rəsmi qaydada borcluya təqdim edilmişdir. Məhkəmə iş materiallarına əsasən müəyyən etmişdir ki, Şəxs tərəfindən bu günədək məhkəmə qətnaməsi ilə müəyyən edilmiş aliment miqdarından az miqdarda ödəniş edilmişdir. Bununla da, bu günə kimi 5025 (beş min iyirmi beş) manat aliment borcu yaranmışdır. Göstərilənlərə əsasən məhkəmə hesab edir ki, Şəxs qeyd edilən hərəkətləri, yəni icra sənədi üzrə ödənişləri etməməsi, həmçinin icra idarəsində gəlməkdən yayınması icra məmurunun qanuni tələblərinin yerinə yetirilməməsi və icra sənədinin üzrsüz səbəbdən icra edilməməsi kimi qiymətləndirilməlidir. İcra sənədindən məlumatı olmaması barədə bildirdiklər isə özünü müdafiə xarakteri daşıyır. Bundan sonrakı dövrdə də aliment ödəməməsi barədə bildirdikləri Şəxs icra məmurunun qanuni tələbini yerinə yetirməməsini və qərəzli münasibətini bir daha təsdiq edir. Onun əməlində Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 528.1-ci maddəsində nəzərdə tutulmuş inzibati xətanın tərkibi vardır. Şəxs barəsində başlanmış inzibati xəta haqqında iş üzrə icraata xitam verilməsi üçün və məsuliyyətdən azad edilməsi üçün əsaslar yoxdur. Azərbaycan Respublikasının Konstitusiyasının 129-cu maddəsinə əsasən məhkəmənin qəbul etdiyi qərarlar dövlətin adından çıxarılır və onların icrası məcburidir. Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 15.2-ci maddəsinə əsasən məhkəmələrin qanuni qüvvəyə minmiş qətnaməsi, qərardadı, qərarı, əmri bütün dövlət hakimiyyəti, yerli özünüidarə orqanları, onların vəzifəli şəxsləri, ictimai birliklər, siyasi partiyalar, həmkarlar ittifaqları, onların vəzifəli şəxsləri, həmçinin fiziki və hüquqi şəxslər üçün məcburidir və Azərbaycan Respublikasının bütün ərazisində hökmən icra olunmalıdır. “İcra Haqqında” Azərbaycan Respublikasının Qanununun 3-cü maddəsindən görünür ki, məhkəmə və digər orqanların qərarlarının icrası ilə əlaqədar icra məmurunun tələbləri Azərbaycan Respublikasının ərazisində bütün orqanlar, hüquqi şəxslər, onların vəzifəli şəxsləri və fiziki şəxslər üçün məcburidir. Məhkəmə və digər orqanların qərarlarının icrası ilə əlaqədar icra məmurlarının tələblərini yerinə yetirməyən, onlara həvalə edilmiş vəzifələrin icrasına mane olan şəxslər Azərbaycan Respublikasının qanunvericiliyi ilə nəzərdə tutulmuş qaydada məsuliyyət daşıyırlar. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 528.1-ci maddəsinə əsasən məhkəmə və digər orqanların qərarlarının icrası ilə əlaqədar icra məmurunun qanuni tələblərinin yerinə yetirilməməsinə və ya icra məmuru tərəfindən müəyyən olunmuş müddətdə borclunu müəyyən hərəkətləri etməyə və ya müəyyən hərəkətləri etməkdən çəkinməyə məcbur edən icra sənədinin üzrsüz səbəbdən icra edilməməsinə görə-fiziki şəxslər beş yüz manatdan min manatadək miqdarda cərimə edilir və ya işin hallarına görə, pozuntunu törədənin şəxsiyyəti nəzərə alınmaqla bir ayadək inzibati həbs tətbiq olunur, vəzifəli şəxslər min iki yüz manatdan iki min beş yüz manatadək məbləğdə, hüquqi şəxslər üç min manatdan beş min manatadək məbləğdə cərimə edilir. Həmin Məcəllənin 3-cü maddəsinə əsasən, yalnız bu Məcəllə ilə nəzərdə tutulmuş inzibati xətaların törədilməsində təqsirli hesab edilən və inzibati xəta tərkibinin bütün digər əlamətlərini daşıyan əməli (hərəkət və ya hərəkətsizlik) törətmiş şəxs inzibati məsuliyyətə cəlb olunur və tənbeh edilir. Həmin Məcəllənin 12-ci maddəsinə görə bu Məcəllə ilə qorunan ictimai münasibətlərə qəsd edən, hüquqazidd olan, təqsirli sayılan (qəsdən və ehtiyatsızlıqdan törədilən) və inzibati məsuliyyətə səbəb olan əməl (hərəkət və hərəkətsizlik) inzibati xəta hesab olunur. Bu Məcəllənin Xüsusi hissəsində nəzərdə tutulan əməllərə görə inzibati məsuliyyət o halda yaranır ki, bu əməllər cinayət məsuliyyətinə səbəb olmasın. Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 32 və 33-cü maddələrinə əsasən Şəxs məsuliyyətini yüngülləşdirən və ağırlaşdıran hallar müəyyən olunmamışdır. İnzibati tənbeh tətbiq edərkən məhkəmə xətanın xarakterini, Şəxs şəxsiyyətini, təqsirinin dərəcəsini nəzərə alır və hesab edir ki, onun barəsində Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 528.1-ci maddəsinin sanksiyası həddində həbs növündə inzibati tənbeh tətbiq edilməlidir. Həbsetmənin əvvəli Şəxs azadlığının faktiki məhdudlaşdırıldığı vaxtdan, yeni inzibati həbsin əvvəli 06 fevral 2025-ci il tarixdən saat 11.30-dan hesablanmalıdır. Belə ki, protokolu tərtib edən şəxsin və Şəxs izahatlarından məlum olur ki, sonuncu xx.xx.2025-ci il tarixində Rusiya Federasiyasından Azərbaycan Respublikası ərazisinə hava nəqliyyatı vasitəsi ilə gəlmiş, X7 X8 Buraxılış Məntəqəsində saxlanılmış, polis əməkdaşlarına təqdim edilmişdir. Polis Əməkdaşları isə xx.xx.2025-ci il tarixində Şəxs icra məmuruna təqdim etmiş, icra məmuru tərəfindən inzibati xəta haqqında protokol tərtib olunaraq Məhkəməyə gətirilmişdir. Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 22-ci maddəsinə əsasən inzibati tənbeh məsuliyyət tədbiridir və inzibati xəta törədən şəxsi qanunlara əməl edilməsi ruhunda tərbiyələndirmək, habelə həm inzibati xəta törətmiş şəxs, həm də başqa şəxslər tərəfindən yeni inzibati xəta törədilməsinin qarşısını almaq məqsədi daşıyır. Məhkəmə həmçinin hesab edir ki, vəkil X4 təqdim etdiyi hesabata əsasən onun iş materialları ilə tanış olması və məhkəmədə iştirak etdiyi 03 (dörd) saata görə 18 (on səkkiz) manat məbləğində pul vəsaiti Dövlət büdcəsi hesabından Sumqayıt Şəhər 1 saylı Vəkil Bürosunun hesabına köçürülməlidir. Belə ki, “Müdafiəçilərə, tərcüməçilərə, mütəxəssislərə və ekspertlərə ödənilməli olan məbləğlərin miqdarı haqqında” Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2001-ci il 1 fevral tarixli 31 nömrəli qərarının 1-ci, 4-cü və 5-ci hissələrinə əsasən hüquqi yardım göstərilməsinə görə müdafiəçiyə ödənilən haqq hər iş saatı üçün 6 manat məbləğində müəyyən edilmişdir. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 40, 43, 114-115, 117, 128-130-cu maddələrini rəhbər tutaraq, məhkəmə QƏRARA ALDİ: Şəxs Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 528.1-ci maddəsi ilə təqsirli bilinib 8 (səkkiz) gün müddətinə inzibati həbs olunsun. Həbs olunmanın əvvəli 06 fevral 2025-ci il, saat 11.30-dan hesablansın. Qərarın icrası Sumqayıt şəhər Polis İdarəsinə həvalə edilsin. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 528.1-ci maddəsi ilə təqsirləndirilən Şəxs Sumqayıt Şəhər 1 saylı Vəkil Bürosunun vəkili X2 göstərdiyi 03 (üç) saat hüquqi yardımın ödənilməsi Azərbaycan Respublikası dövlət büdcəsi vəsaiti hesabına həyata keçirilsin. Göstərilən hüquqi yardıma görə cəmi 18 (on səkkiz) manat dövlət büdcəsindən tutularaq Sumqayıt Şəhər 1 saylı Vəkil Bürosunun hesabına köçürülsün. Qərarın surəti təqdim edildiyi və ya alındığı gündən 10 (on) gün müddətində Sumqayıt Şəhər Məhkəməsi vasitəsi ilə və ya birbaşa Sumqayıt Apellyasiya Məhkəməsinə şikayət verilə bilər. Hakim Fərid Nəsimiyev

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar