Azərbaycan Respublikası adından QƏRAR Sumqayıt şəhəri İş № 3(060)-342/2023 20.02.2023 SUMQAYIT ŞƏHƏR MƏHKƏMƏSİ Hakim Quliyev Ramiz Mübariz oğlunun, Əkbərli Nicat Mais oğlunun katibliyi, Qərardan şikayət vermiş şəxs X1 iştirakı ilə, Gəncə Şəhər Baş Polis İdarəsinin DYPŞ-nin 24 dekabr 2022-ci il tarixli, EQ 12585805 saylı protokol üzrə inzibati tənbeh vermə haqqında qərarından X2 tərəfindən verilmiş şikayətə açıq məhkəmə iclasında baxaraq, məhkəmə müəyyən etdi: Gəncə Şəhər Baş Polis İdarəsi Dövlət X4 EQ 12585805 saylı, 24 dekabr 2022-cı il tarixli qərarı ilə X2 Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 327.2-ci maddəsində nəzərdə tutulmuş inzibati xətanı törətdiyinə görə 60 manat məbləğində cərimə edilmişdir. Qeyd edilən qərardan narazı qalan X2 şikayətlə məhkəməyə müraciət edərək tərtib olunan inzibati tənbeh vermə haqqında EQ 12585805 saylı, 24 dekabr 2022-cı il qərarın ləğv edilməsini xahiş etmişdir. Şikayət onunla əsaslandırılmışdır ki, barəsində xx.xx.2022-ci il tarixdə saat 10:05də Gəncə şəhəri Şeyx Bahəddin küçəsində şəhər kameraları ilə qeydə alınaraq protokoldan tərtib edilmişdir. Həmin prrotokola əsasən Barəsində 60 manat inzibati cərimə növündə cərimə tətbiq edilmişdir. Cərimə tətbiq olunan həmin küçədə 1.3 üfüqü nişanlanma xətti avtomobildən görsənmir. Həmin yola hərəkətini birtərəfli yol olan X6 küçəsindən dönərək davam etdirmiş, döndüyü Şeyx Bahəddin küçəsində 1.3 xətti görsənmədiyi və bir tərəfli yoldan döndüyü üçün sol zolaqla hərəkət etmişdir. Onda olan video məlumatdan da görmək mümkündür ki, bir tərəfli yoldan iki tərəfli yola keçdiyini göstərən heç bir nişan yerləşdirilməmişdir. Buna görə də o, həmin gün Şeyx Bahəddin küçəsində foto ve video qeydlər aparmışdır. Qeydlərdən də görsənir ki, asfalt olmayan daş döşəməli yolda xəttlər silinib görünməz haldadır. Qeyd edilənlərin nəzərə alınaraq inzibati xəta haqqında iş üzrə 24 dekabr 2022-cil tarixli, EQ 12585805 protokol üzrə inzibati tənbeh vermə haqqında qərarın ləğv edilməsi məhkəmədən xahiş edilir. Məhkəmə iclasında qərardan şikayət vermiş şəxs X2 şikayəti müdafiə edərək göstərdi ki, onun ixtisası avtomobil-texnikaları təmiridir və təxminən 13 ilə yaxındır ki, o, sürücü kimi fəaliyyət göstərir. O, hadisə baş verən ərazidən birinci dəfədi ki, istifadə edir və hadisə gündüz təxminən saat 10 radələrində baş vermişdir. Təhükəsiz şəhər kamerası vasitəsi ilə onun tərəfindən 1.3 üfüqü nişanlanma xətti qaydalarını pozması aşkar edilsə də, bildirir ki, həmin ərazidə geriyə dönməni qadağan edəcək nə hansısa yol xətti nə də heç bir yol nişanı olmamışdır. Hadisə baş verən zaman isə qarşıdan heç bir nəqliyyat vasitəsi hərəkət etməmiş, yolun ikitərəfli olmasını tam olaraq müəyyən edə bilsin. Qeyd edilənlərə əsasən şikayətin təmin edilməsini məhkəmədən xahiş etdi. Məhkəmə iclasının yeri və vaxtı barədə lazımı qaydada məlumatlandırılmasına baxmayaraq Gəncə Şəhər Baş Polis İdarəsinin Dövlət X4 nümayəndəsi məhkəmə iclasına gəlməmiş, məhkəmə onun iştirakı olmadan işə baxılmasını mümkün hesab etmişdir. Məhkəmə şikayətin dəlillərini nəzərdən keçirib hesab edir ki, şikayət qismən əsaslı olduğundan qismən təmin edilməli, Gəncə Şəhər Baş Polis İdarəsi DYPŞ tərəfindən tərtib olunmuş EQ 12585805 saylı, 24 dekabr 2022-cı il tarixli protokol əsasında qəbul edilmiş qərar ləğv edilməli, inzibati xəta haqqında iş yenidən araşdırılması üçün Gəncə Şəhər Baş Polis İdarəsinin DYPŞ-nə göndərilməlidir. Belə ki, məhkəmə tərəfindən X1 şikayəti üzrə inzibati xəta haqqında qərarın qanuniliyi yoxlanılarkən müəyyən edilmişdir ki, Gəncə Şəhər Baş Polis İdarəsinin DYPŞ Yol patrul xidməti tərəfindən qərar qəbul edilərkən Azərbaycan Respublikası İXM-nin tələblərinə əməl edilməmiş, X2 Azərbaycan Respublikası İXM-nin 327.2-cimaddəsi ilə təqsirli bilinsə də, bu faktı təsdiq edən heç bir əsaslı səbəb olmamışdır. Azərbaycan Respublikası İXM-nin 327.2-ci maddəsinə əsasən svetoforun və ya nizamlayıcının qadağanedici işarəsi verilərkən hərəkətin davam etdirilməsinə, 3.1 “Giriş qadağandır” yol nişanının tələblərinin və ya sərnişin daşıma, əks istiqamətli hərəkət zolağına çıxmaqla ötmə və ya manevr etmə, yolayrıcını keçmə qaydalarının pozulmasına, ümumi istifadədə olan nəqliyyat vasitələrinin, yaxud adamlar daşınan yük avtomobillərinin sərnişinlərlə yanacaqdoldurma məntəqəsinə daxil olmasına, 1.1, 1.3 və 1.11 üfüqi nişanlanma xətlərinin tələblərinə riayət etməyərək sola və ya geriyə dönməyə, yaxud maneəni kənardan keçməyə görə inzibati məsuliyyət nəzərdə tutulmuşdur. İş materiallarında X2 tərəfindən əlavə edilmiş foto və video-görüntülərdə inzibati xətanın baş verdiyi yerdə 1.3 üfüqi nişanlanma xətlərinin görünməz halda olduğu müəyyən edilir. Buna baxmayaraq Soltan Atakişiyevin təqdim etdiyi görüntülərin həqiqətən də inzibati xəta hadisəsi baş verən ərazidə olub-olmaması müəyyən edilmir. Həmin faktın araşdırılması ilə bağlı Gəncə Şəhər Baş Polis İdarəsinin DYPŞ-nə məhkəmə iclasının yeri və vaxtı barədə lazımı qaydada məlumat verilsə də, nümayəndə məhkəmə iclasına gəlməmişdir. Azərbaycan Respublikası İXM-nin 134-cü maddəsinə əsasən İnzibati xəta haqqında iş üzrə qərardan verilən şikayətə və ya protestə baxılaraq aşağıdakı qərarlardan biri qəbul edilir: 134.1.1. qərarın dəyişdirilmədən, şikayətin və ya protestin isə təmin edilmədən saxlanılması haqqında; 134.1.2. bu Məcəllənin 135.1.2 – 135.1.5-ci maddələri ilə müəyyən edilmiş hallarda qərarın dəyişdirilməsi haqqında və ya qərarı ləğv edərək yeni qərarın çıxarılması haqqında; 134.1.3. bu Məcəllənin 135.1.5-1-ci maddəsində nəzərdə tutulduğu hallarda qərarı ləğv edərək inzibati xəta haqqında iş üzrə icraata xitam verilməsi haqqında; 134.1.4. bu Məcəllənin 135.1.1 və 135.1.6-cı maddələri ilə müəyyən edilmiş hallarda qərarın ləğv edilməsi və inzibati xəta haqqında işin yenidən baxılmaq üçün hakimə, səlahiyyətli orqana (vəzifəli şəxsə) göndərilməsi haqqında; 134.1.5. şikayətə və ya protestə baxılarkən inzibati xəta haqqında iş üzrə qərarı buna səlahiyyəti çatmayan hakimin, orqanın (vəzifəli şəxsin) qəbul etdiyi müəyyən olunduqda, qərarın ləğv edilməsi və işin aidiyyəti üzrə baxılmaq üçün göndərilməsi haqqında. Azərbaycan Respublikası İXM-nin 135-ci maddəsinə əsasən İnzibati xəta haqqında iş üzrə qərarın ləğv edilməsi və ya dəyişdirilməsi üçün əsaslar aşağıdakılardır: 135.1.1. hakimin, səlahiyyətli orqanın (vəzifəli şəxsin) gəldiyi nəticələr üzrə mühüm əhəmiyyət kəsb edən bütün faktiki halların araşdırılmaması; 135.1.2. hakimin, səlahiyyətli orqanın (vəzifəli şəxsin) gəldiyi nəticələrin işin faktiki hallarına uyğun olmaması; 135.1.3. hakim, səlahiyyətli orqan (vəzifəli şəxs) tərəfindən müəyyən edilmiş iş üçün əhəmiyyətli olan halların sübuta yetirilməməsi; 135.1.4. inzibati məsuliyyət müəyyən edən qanunun normasının düzgün tətbiq edilməməsi; 135.1.5. tətbiq edilmiş tənbehin bu Məcəllənin 31 – 34-cü maddələrinin tələblərinə uyğun olmaması; 135.1.5-1. bu Məcəllənin 53-cü maddəsində nəzərdə tutulmuş halların müəyyən olunması 135.1.5-2. inzibati xəta haqqında iş üzrə qərarın buna səlahiyyəti çatmayan hakim və ya orqan (vəzifəli şəxs) tərəfindən qəbul edilməsi; 135.1.6. bu Məcəllə ilə müəyyən edilmiş tələblərin işin hallarının hərtərəfli, tam və obyektiv araşdırılmasına maneə törədəcək dərəcədə pozulması. İş materiallarına əlavə edilmiş Gəncə Şəhər Baş Polis İdarəsinin DYPŞ-nin 19 yanvar 2023-cü il tarixli, 3-13-57-5/2-A-1640xx/xx/2023 saylı məktubundan da görünür ki, səlahiyyətli orqan tərəfindən şikayətçi Soltan Atakişiyevin şikayətində qeyd etdiyi ziddiyətli məqamlarla bağlı formal xarakterli araşdırılma aparılmış və şikayətçiyə şablon məzmunlu cavab verilmişdir. Göstərilənlərdən belə nəticəyə gəlmək olar ki, səlahiyyətli orqanın (vəzfilə şəxsin) gəldiyi nəticələr üzrə mühüm əhəmiyyət kəsb edən bütün faktiki hallar araşdırılmamışdır. Odur ki, təqdim edilən görüntülərdə şəxsin təqsirli olmasının şübhə doğurduğunu və AR İnzibati Xətalar Məcəlləsinin 8-ci maddəsi ilə inzibati məsuliyyətə cəlb olunan şəxsin təqsirli olması barəsində şübhələr onun xeyrinə həll edilməlidir müddəasını nəzərə alaraq məhkəmə hesab edir ki, Gəncə Şəhər Baş Polis İdarəsinin DYPŞ tərəfindən qəbul edilmiş EQ 12585805 saylı, 24 dekabr 2022-ci il tarixli protokol əsasında qəbul edilmiş inzibati tənbeh vermə haqqında qərar ləğv edilməli və göstərilən ziddiyətli və şübhəli məqamların aradan qaldırılması məqsədi ilə inzibati xəta haqqında iş yenidən baxılmaq üçün Gəncə Şəhər Baş Polis İdarəsinin Dövlət X5 göndərilməlidir. Yuxarıdakılara əsasən və Azərbaycan Respublikası İXM-nin 115, 134-135-ci maddələrinin tələblərini rəhbər tutaraq, məhkəmə qərara aldı: Şikayət qismən təmin edilsin. X1 tənbeh edilməsinə dair Gəncə Şəhər Baş Polis İdarəsinin DYPŞ-nin EQ 12585805 saylı, 24 dekabr 2022-ci il tarixli protokolu əsasında qəbul edilmiş inzibati tənbeh vermə haqqında qərarı ləğv edilsin və inzibati xəta haqqında iş yenidən baxılmaq üçün Gəncə Şəhər Baş Polis İdarəsinin DYPŞ-nə göndərilsin. Qərarın surəti təqdim edildiyi və ya alındığı gündən 10 gün müddətində Sumqayıt Şəhər Məhkəməsi vasitəsi ilə və ya birbaşa Sumqayıt Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Hakim Ramiz Quliyev
Məhkəmə qərarları › İş №3(060)-342/2023
Sumqayıt Şəhər Məhkəməsi Qərar — İş №3(060)-342/2023
20.02.2023 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver