Məhkəmə qərarları › İş №3(060)-343/2023

Sumqayıt Şəhər Məhkəməsi Qərar — İş №3(060)-343/2023

15.02.2023 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Sumqayıt şəhəri İş № 3(060)-343/2023 15.02.2023 SUMQAYIT ŞƏHƏR MƏHKƏMƏSİ Hakim Məmmədov Elçin Qüdrət oğlunun sədrliyi, X1 katibliyilə, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs iştirakı ilə, xx.xx.1979-cu ildə Sumqayıt şəhərində doğulmuş, Azərbaycan Respublikasının vətəndaşı, evli, orta təhsilli, işləməyən, ünvan 1 ünvanında qeydiyyatda olan və ünvan 2 ünvanında yaşayan Şəxs Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 529.1-ci maddəsi ilə təqsirləndirilməsinə dair Sumqayıt şəhəri üzrə İcra iadrəsindən daxil olmuş inzibati xəta haqqında protokol və ona əlavə olunmuş materiallara Sumqayıt Məhkəmə Konpleksinin binasında açıq məhkəmə iclasında baxaraq, məhkəmə müəyyən etdi: Sumqayıt şəhəri üzrə İcra idarəsinin icra məmuru X2 tərəfindən 02 fevral 2023-cü il tarixdə Şəxs barəsində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin (bundan sonra mətndə İXM-nin) 529.1-ci maddəsi ilə MN № ******* saylı inzibati xəta haqqında protokol tərtib olunmuşdur ona görə ki, Sumqayıt şəhər Polis İdarəsinin 2-ci PB-nin MN № ******* saylı xx.xx.2022-ci il tarixli qərarının qanuni qüvvəyə mindiyi andan 3 ay keçməsinə baxmayaraq borclu Şəxs 100,00 manat cəriməni qanunla müəyyən edilmiş əsaslar olmadan icra etməmişdir. İnzibati xəta haqqında protokol baxılmaq üçün məhkəməyə göndərilmiş və qeyd olunan material 03 fevral 2023-cü il tarixdə məhkəməyə daxil olmuşdur. İXM-nin 111.1-ci maddəsinə görə inzibati xəta haqqında işə baxmağa səlahiyyəti olan hakim, orqan (vəzifəli şəxs) bu cür işlərə inzibati xəta haqqında protokolu və işin digər materiallarını aldığı vaxtdan on beş gün müddətində baxır. İnzibati xəta haqqında işə baxılması 15 fevral 2023-cü il tarixə təyin edilmişdir. Protokolu tərtib etmiş şəxs Sumqayıt şəhəri üzrə İcra idarəsinin icra məmuru X2 məhkəmə iclasının vaxtı və yeri barədə lazımi qaydada xəbərdar edilməsinə baxmayaraq məhkəmə iclasına gəlmədiyindən məhkəmə işə onun iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Məhkəmə iclasında barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs özünü təqsirli bilərək izahatında bildirdi ki Sumqayıt şəhər Polis İdarəsinin 2-ci PBnin MN № ******* saylı xx.xx.2022-ci il tarixli qərarına əsasən o, İXM-nin 564-cü maddəsi ilə nəzərdə tutulmuş inzibati xətanın törədilməsində təqsirli bilinib, barəsində 100,00 manat məbləğində cərimə inzibati tənbeh növündə tətbiq edilmişdir. Lakin o həmin qərarla razılaşmasa da ondan şikayət verməmişdir. Heç bir yerdə işləmədiyindən, imkanı olmadığından qeyd olunan cəriməni ödəyə bilməmişdir. Həmin cəriməni bu gün də ödəyə bilmir. Qeyd olunanların nəzərə alınaraq himayəsində 11 yaşlı uşağının olması nəzərə alınaraq ona yüngül tənbeh verilməsini xahiş edir. Məhkəmə barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs izahatını dinləyib, inzibati xəta haqqında protokolu və iş materiallarına əlavə edilmiş digər sənədləri tədqiq edərək hesab edir ki, Şəxs İXM-nin 529.1-ci maddəsi ilə inzibati tənbeh tətbiq olunmalıdır. İş materiallarında olan Sumqayıt şəhəri üzrə İcra idarəsinin icra məmuru Rüfət Məmmədov tərəfindən verilmiş xx.xx.2022-ci il tarixli «icraata başlamaq haqqında» qərarın surətindən görünür ki, Sumqayıt şəhər Polis İdarəsinin 2-ci PB-nin MN № ******* saylı xx.xx.2022-ci il tarixli icra sənədi üzrə icraata başlanma haqqında qərar qəbul edilmişdir. İş materiallarında olan Sumqayıt şəhəri üzrə İcra idarəsinin icra məmuru Rüfət Məmmədov tərəfindən verilmiş xx.xx.2022-ci il tarixli «tələbin könüllü icrası haqqında» bildirişin surətindən görünür ki, xx.xx.2022-ci il tarixli «tələbin könüllü icrası haqqında» bildiriş borclu Şəxs xx.xx.2022-ci il tarixdə təqdim edilmişdir. İş materiallarından görünür ki, Sumqayıt şəhəri üzrə İcra idarəsinin icra məmuru tərəfindən xx.xx.2023-cü il tarixli borcludan icra sənədi ilə bağlı izahat alınmışdır. İş materiallarında olan Sumqayıt şəhər Polis İdarəsinin 2-ci PB-nin MN № ******* saylı xx.xx.2022-ci il tarixli qərarından görünür ki, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs İXM-nin 564-cü maddəsi ilə nəzərdə tutulmuş inzibati xətanın törədilməsində təqsirli bilinərək 100,00 manat cərimə edilmişdir. Şəxs Sumqayıt şəhər Polis İdarəsinin 2-ci PB-nin MN № ******* saylı xx.xx.2022-ci il tarixli qərarını qanuni qüvvəyə mindiyi gündən 3 ay müddətində qanunla müəyyən edilmiş əsaslar olmadan icra etməmiş və bununla da, İXM-nin 529.1-ci maddəsində nəzərdə tutulan inzibati xətanı törətmişdir. Odur ki, o, həmin maddə ilə təqsirli bilinməli və barəsində ictimai işlər növündə inzibati tənbeh növü tətbiq edilməli və həmin tənbeh növü gün ərzində dörd saatdan çox olmayaraq, üzərinə həmin ictimai işlərin yerinə yetirildiyi yerlərdə elektron nəzarət vasitəsini gəzdirmək və həmin vasitənin işlək vəziyyətdə saxlanılması üçün ona xidmət etmək vəzifəsi qoyulmalıdır. Şəxs Sumqayıt şəhər Polis İdarəsinin 2-ci PB-nin MN № ******* saylı xx.xx.2022-ci il tarixli qərarını icra etməməsinə görə İXM-nin 529.1-ci maddəsi ilə inzibati məsuliyyətə cəlb olunduğundan həmin qərarın icrasına xitam verilməlidir. İXM-in 28.1-ci maddəsinə əsasən ictimai işlər, barəsində ictimai işlər növündə inzibati tənbeh tətbiq edilən şəxsin əsas işindən və ya təhsilindən asudə vaxtlarında haqqı ödənilmədən cəmiyyətin xeyrinə ictimai faydalı işlər yerinə yetirməsindən ibarətdir. İXM-in 28.2-ci maddəsinə əsasən ictimai işlər yalnız hakim tərəfindən tətbiq edilir. İXM-in 28.3-cü maddəsinə əsasən ictimai işlər altmış saatdan iki yüz qırx saatadək müddətə müəyyən edilir və gün ərzində dörd saatdan çox ola bilməz. İXM-in 28.3-1-ci maddəsinə əsasən məhkəmə tərəfindən ictimai işlər növündə inzibati tənbeh tətbiq olunmuş şəxslərin üzərinə həmin işlərin yerinə yetirildiyi yerlərdə elektron nəzarət vasitəsini gəzdirmək və həmin vasitənin işlək vəziyyətdə saxlanılması üçün ona xidmət etmək vəzifəsi qoyulur. İXM-nin 145.1.6-ci maddəsinə əsasən barəsində inzibati xəta haqqında iş üzrə qərar çıxarılmış şəxs həmin qərarı icra etməməyə görə bu Məcəllənin 529.1, 529.2 və ya 529.4-cü maddələrinə əsasən inzibati məsuliyyətə cəlb edildikdə qərarın icrasına xitam verilir. Həmin Məcəllənin 3-cü maddəsinə əsasən, yalnız bu Məcəllə ilə nəzərdə tutulmuş inzibati xətaların törədilməsində təqsirli hesab edilən və inzibati xəta tərkibinin bütün digər əlamətlərini daşıyan əməli (hərəkət və ya hərəkətsizlik) törətmiş şəxs inzibati məsuliyyətə cəlb olunur və tənbeh edilir. İXM-nin 21-ci maddəsinə əsasən inzibati tənbeh məsuliyyət tədbiridir və inzibati xəta törədən şəxsi qanunlara əməl edilməsi ruhunda tərbiyələndirmək, habelə həm inzibati xəta törətmiş şəxs, həm də başqa şəxslər tərəfindən yeni inzibati xəta törədilməsinin qarşısını almaq məqsədi daşıyır. Məhkəmə inzibati xətaya görə tənbeh tətbiq edərkən İXM-nin 31.2-ci maddəsinin tələblərinə uyğun olaraq xətanın xarakterini, inzibati xəta törətmiş şəxsin şəxsiyyətini, onun təqsirinin dərəcəsini, əmlak vəziyyətini, habelə məsuliyyəti yüngülləşdirən və ağırlaşdıran halları nəzərə alır. Məsuliyyəti yüngülləşdirən hal kimi himayəsində 11 yaşlı uşağının olması nəzərə alınır və ağırlaşdıran hallar müəyyən olunmur. İXM-nin 114.1.1-ci maddəsinə əsasən inzibati xəta haqqında işə baxılarkən inzibati tənbeh vermə haqqında qərar çıxarılır. Yuxarıdakılara əsasən və İXM-nin 114.1.1, 115, 129 və 130-cu maddələrini rəhbər tutaraq məhkəmə, qərara aldı: Şəxs Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 529.1-ci maddəsində nəzərdə tutulan inzibati xətanı törətməkdə təqsirli bilinsin və onun barəsində Elektron nəzarət vasitəsi tətbiq edilməklə 160 saat ictimai işlər növündə inzibati tənbeh tətbiq olunsun. Şəxs üzərinə ictimai işlərin yerinə yetirildiyi yerlərdə elektron nəzarət vasitəsini gəzdirmək və həmin vasitənin işlək vəziyyətdə saxlanılması üçün ona xidmət etmək vəzifəsi qoyulsun. Qərarın icrası Sumqayıt şəhər Probasiya Şöbəsinə həvalə olunsun. Şəxs Sumqayıt şəhər Polis İdarəsinin 2-ci PB-nin MN № ******* saylı xx.xx.2022-ci il tarixli qərarını icra etməməsinə görə İXM-nin 529.1-ci maddəsi ilə inzibati məsuliyyətə cəlb olunduğundan Sumqayıt şəhər Polis İdarəsinin 2-ci PB-nin MN № ******* saylı xx.xx.2022ci il tarixli qərarın icrasına xitam verilsin. Qərarın surəti rəsmi qaydada verildiyi gündən 10 gün müddətində qərardan Sumqayıt Şəhər Məhkəməsi vasitəsi ilə və ya birbaşa Sumqayıt Apelyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Hakim: Elçin Məmmədov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar