Məhkəmə qərarları › İş №3(060)-343/2025

Sumqayıt Şəhər Məhkəməsi Qərar — İş №3(060)-343/2025

03.03.2025 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Sumqayıt şəhəri İş № 3(060)-343/2025 03.03.2025 SUMQAYIT ŞƏHƏR MƏHKƏMƏSİ X5 Yadigar qızının sədrliyi, X1 iclas katibliyi, Qərardan şikayət vermiş şəxs İsmayılov Elvin İsmayıl oğlunun iştirakı ilə Baş X8 İdarəsi tərəfindən qəbul edilmiş “İnzibati tənbeh vermə haqqında” xx.xx.2025-ci il tarixli, TP ******* saylı qərardan X3 İsmayıl oğlu tərəfindən verilmiş şikayətə baxaraq, müəyyən etdi: X3 İsmayıl oğlu Sumqayıt şəhər Məhkəməsinə müraciət edərək, xx.xx.2025-ci il tarixli ******* nömrəli qərarın ləğv edilərək barəsində inzibati xəta haqqında iş üzrə icraata xitam verilməsi və həmin polis əməkdaşının cəzalandırılması ilə bağlı müvafiq qərar qəbul edilməsini xahiş etmişdir. İsmayılov Elvin İsmayıl oğlu ərizəsini onunla əsaslandırmışdır ki, xx.xx.2024-cü il tarixdə qohumu X2 tanımadığı ********** nömrəsindən zəng edilərək guya 77FZ690 dövlət nömrə nişanlı avtomobillə hansısa qayda pozuntusu törətdiyi bildirildi və onu yol polis idarəsinə çağıraraq söhbət etmək istədiyini bildirdi. O getməkdən imtina etdi və bildirdi ki, etdiyi zəng qanunsuzdur. Çünki qayda pozuntusu elektron nəzarət vasitəsilə aşkar olunursa, bu 24 saat ərzində elektron qaydada və ya poçtla göndərilməli idi. Bunu bildirdikdən sonra “görərsən” deyib zəngi sonlandırdı. Bundan sonra 21 gün əvvələ Bakı şəhəri, Xətai rayonu, M.Mehdizadə küçəsi ilə F.Bayramov küçələrinin kəsişməsində İXMnin 327.4-cü maddəsinə əsasən xx.xx.2024-cü il tarixdə qanunsuz olaraq barəsində protokol yazılmışdır. Çünki, 77FZ690 dövlət nömrə nişanlı avtomobilin sonuncu etibarnaməsi ona verilmişdi. Guya İXM-nin 327.4-cü maddəsinin tələblərini pozmuşdur. Bundan sonra 12 dekabr 2024-cü il tarixdə onu yol polis əməkdaşı saxlayarkən həmin sözügedən protokol əsasında xx.xx.2024-cü il tarixli ******* nömrəli qərar qəbul edildiyini öyrənərək qərarı həmin yol polisi əməkdaşından almışdır. Lakin bildirmək istərdi ki, tamamilə əsassız və böhtan xarakterli qərardır. Çünki o, heç bir qayda pozuntusu törətməmişdir. Lakin buna baxmayaraq, yoxlamadan ona cərimə qərarı yazılıb. Bu da qanunsuzdur. Bundan sonra o, Sumqayıt Şəhər Məhkəməsinə şikayət ərizəsi ilə müraciət edərək xx.xx.2024-cü il tarixli ******* nömrəli qərarın ləğv edilərək barəsində inzibati xəta haqqında iş üzrə icraata xitam verilməsi və həmin polis əməkdaşının cəzalandırılması ilə bağlı müvafiq qərar qəbul edilməsini xahiş etdi. Sumqayıt Şəhər Məhkəməsinin xx.xx.2025-ci il tarixli 3(060)-7/2025 nömrəli qərarına əsasən şikayəti qismən təmin edildi və iş araşdırılması üçün Bakı şəhəri X7 İdarəsinə göndərildi. Bundan sonra yenə yuxarıda nömrəsini qeyd etdiyi şəxs zəng edərək 135 manat verilməsi müqabilində cəriməni silə biləcəyini bildirdi. Lakin onun bu tələbinin qanunsuz olduğu üçün imtina olundu. Bundan sonra xx.xx.2025-ci il tarixdə ******* nömrəli barəsində inzibati tənbeh vermə haqqında qərar qəbul olundu. Hesab edir ki, bu qərar tamamilə qanunsuz və əsassız olduğu üçün ləğv olunmalıdır. Qeyd edilənləri nəzərə alaraq xx.xx.2025-ci il tarixli ******* nömrəli qərarın ləğv edilərək barəsində inzibati xəta haqqında iş üzrə icraata xitam verilməsi və həmin polis əməkdaşının cəzalandırılması ilə bağlı müvafiq qərar qəbul edilməsini xahiş edir. Məhkəmə iclasında qərardan şikayət vermiş şəxs İsmayılov Elvin İsmayıl oğlu şikayət ərizəsini müdafiə edərək şikayətin təmin edilməsini və ədalətli qərar qəbul edilməsini xahiş etdi. Məhkəmə iclasının yeri və vaxtı barədə lazımi qaydada xəbərdar edilməsinə baxmayaraq inzibati tənbeh vermə haqqında qərarı qəbul etmiş şəxs məhkəmə iclasına gəlməmiş, məhkəmə işə onun iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. İş materiallarından görünür ki, Baş X8 İdarəsi tərəfindən qəbul edilmiş “İnzibati tənbeh vermə haqqında” xx.xx.2025-ci il tarixli, TP ******* saylı qərara əsasən İsmayılov Elvin İsmayıl oğlu Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 327.4-cü maddəsi ilə təqsirli bilinərək 150 manat məbləğində cərimə edilmişdir. Məhkəmə şikayətin dəlillərini nəzərdən keçirib hesab edir ki, şikayət qismən əsaslı olduğundan qismən təmin edilməli, Baş X8 İdarəsi tərəfindən qəbul edilmiş “İnzibati tənbeh vermə haqqında” xx.xx.2025-ci il tarixli, TP ******* saylı qərar ləğv edilməli, inzibati xəta haqqında iş yenidən baxılmaq üçün Azərbaycan Respublikası Daxili İşlər Nazirliyi Baş X8 İdarəsinə göndərilməlidir. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin: - 327.4-cü maddəsinə əsasən “Birtərəfli hərəkət yollarında müəyyən edilmiş hərəkət istiqamətinin əksinə hərəkət etməyə, habelə 1.1, 1.3 və 1.11 üfüqi nişanlanma xətlərinin tələblərini pozmaqla nəqliyyat vasitəsini tam olaraq əks istiqamətli nəqliyyat axınının hərəkət zolağına keçirərək nəqliyyat axınına əks istiqamətdə hərəkət etməyə görəyüz əlli manat məbləğində cərimə edilir.” Məhkəmə inzibati iş üzrə obyektiv araşdırma aparmaq məqsədilə Baş X8 İdarəsinin səlahiyyətli nümayəndəsinin məhkəmə iclasında iştirakının təmin edilməsi və videogörüntü təqdim edilməsi üçün məhkəmə iclasını təxirə salsa da, Baş X8 İdarəsinin səlahiyyətli nümayəndəsi məhkəmə iclasında iştirak etməmişdir və bu səbəbədən işlə bağlı əhəmiyyət kəsb edən məlumatların alınması mümkün olmamışdır. Eyni zamanda iş materiallarından görünür ki, inzibati xəta Xətai rayonu, M.Mehdizadə küçəsi-F.Bayramov küçələrinin kəsişməsində xx.xx.2024-cü il tarixdə saat 07:54-də qeydə alınmış, lakin inzibati tənbeh vermə haqqında elektron qərar xx.xx.2025-ci il tarixdə qəbul edilmişdir. Bununla da qanunvericiliyin tələbləri pozulmuşdur. Belə ki, Azərbaycan Respublikası İXM-nin: - 122.1-ci maddəsinə əsasən bu Məcəllənin 327.1 - 327.5, 328, 329.1, 329.2, 330, 339.1-1, 346, 346-1, 353.1, 353.2, 353.4, 353.5 və 469.3-cü maddələrində nəzərdə tutulmuş xətalar foto və ya video qeydiyyat funksiyalarına malik xüsusi texniki vasitələrin köməyi ilə aşkar edildikdə, xüsusi texniki vasitələrin məlumatları müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqanın (qurumun) müvafiq informasiya sisteminin proqram təminatı əsasında real vaxt rejimində elektron formada birbaşa həmin informasiya sisteminə ötürülür, inzibati xətanı törətmiş şəxsin iştirakı olmadan real vaxt rejimində, “Elektron imza və elektron sənəd haqqında” Azərbaycan Respublikasının Qanunu ilə müəyyən edilmiş qaydada elektron sənəd şəklində inzibati tənbeh vermə haqqında elektron qərar çıxarılır və həmin informasiya sisteminin müvafiq səlahiyyətli əməkdaşının elektron imzası ilə təsdiqlənir. Təsdiq edilmiş həmin qərar real vaxt rejimində, xüsusi texniki vasitələrin məlumatları əlavə edilməklə, elektron qaydada müvafiq icra hakimiyyəti orqanının informasiya sisteminə göndərilir. Bu Məcəllənin 346-1-ci maddəsində nəzərdə tutulmuş inzibati xətaların törədilməsi barədə təsdiq edilmiş qərarlar real vaxt rejimində həmçinin müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqanın (qurumun) müvafiq informasiya sisteminə göndərilir. - 38.6-cı maddəsinə əsasən bu Məcəllənin 122.1-ci maddəsində nəzərdə tutulmuş inzibati tənbeh vermə haqqında elektron qərar və onun əlavəsi (foto və ya video materiallar) inzibati xətanın törədildiyi gündən bir gün müddətində hər bir nəqliyyat vasitəsinin istifadəçisi üçün internet informasiya resursunda yaradılan elektron kabinetdə yerləşdirilmədikdə, şəxs inzibati məsuliyyətə cəlb oluna bilməz. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin: - 8.2-ci maddəsinə əsasən inzibati məsuliyyətə cəlb olunmuş şəxs öz təqsirsizliyini sübut etməyə borclu deyildir. -135.1.2-ci maddəsinə hakimin, səlahiyyətli orqanın (vəzifəli şəxsin) gəldiyi nəticələrin işin faktiki hallarına uyğun olmaması və həmin Məcəllənin 135.1.6-cı maddəsinə əsasən həmin Məcəllə ilə müəyyən edilmiş tələblərin işin hallarının hərtərəfli, tam və obyektiv araşdırılmasına maneə törədəcək dərəcədə pozulması inzibati xəta haqqında iş üzrə qərarın ləğv edilməsi və ya dəyişdirilməsi üçün əsasdır. - 135.1.1-ci maddəsinə əsasən hakimin, səlahiyyətli orqanın (vəzifəli şəxsin) gəldiyi nəticələr üzrə mühüm əhəmiyyət kəsb edən bütün faktiki halların araşdırılmaması İnzibati xəta haqqında iş üzrə qərarın ləğv edilməsi və ya dəyişdirilməsi üçün əsasdır. - 134.1.4-cü maddəsinə bu Məcəllənin 135.1.1 və 135.1.6-cı maddələri ilə müəyyən edilmiş hallarda qərarın ləğv edilməsi və inzibati xəta haqqında işin yenidən baxılmaq üçün hakimə, səlahiyyətli orqana (vəzifəli şəxsə) göndərilməsi haqqında qərar qəbul edilir. Beləliklə, yuxarıda qeyd edilən bütün hallar və normaların tələbi baxımından çıxış edərək məhkəmə hesab edir ki, İsmayılov Elvin İsmayıl oğlunun şikayətində göstərilən halların mövcud olub-olmamasını müəyyən etmədən iş üzrə yekun nəticəyə gəlmək mümkün olmadığından, şikayət qismən təmin edilməli, onun barəsində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 327.4-cü maddəsi ilə qəbul edilmiş xx.xx.2025ci il tarixli, TP ******* saylı “İnzibati tənbeh vermə haqqında” qərar ləğv edilməli və yenidən araşdırılması üçün Azərbaycan Respublikası Daxili İşlər Nazirliyi Baş X8 İdarəsinə göndərilməlidir. Şikayətin polis əməkdaşının cəzalandırılması ilə bağlı hissəsində məhkəmə qeyd edir ki, polis əməkdaşının cəzalandırılması hazırki araşdırma predmeti deyildir və məhkəməyə belə səlahiyyət verilməmişdir. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 101, və 134-cü maddələrini rəhbər tutaraq, məhkəmə qərara aldı: İsmayılov Elvin İsmayıl oğlunun şikayəti qismən təmin edilsin. Baş X8 İdarəsi tərəfindən qəbul edilmiş “İnzibati tənbeh vermə haqqında” xx.xx.2025-ci il tarixli, TP ******* saylı qərar ləğv edilsin və yenidən araşdırılması üçün Azərbaycan Respublikası Daxili İşlər Nazirliyi Baş X8 İdarəsinə göndərilsin. Şikayət qalan hissədə təmin edilməsin. Qərarın surəti təqdim edildiyi və ya alındığı gündən 10 (on) gün müddətində Sumqayıt şəhər Məhkəməsi vasitəsiilə Sumqayıt Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti və protesti verilə bilər. HAKİM: Vüsalə Qasımova

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar