Azərbaycan Respublikası adından QƏRAR Sumqayıt şəhəri İş № 3(060)-3435/2025 22.01.2026 SUMQAYIT ŞƏHƏR MƏHKƏMƏSİ Hakim Nəsimiyev Fərid Aydın oğlunun sədrliyi, Aslanova İradə Allahverdi qızının katibliyi ilə, xx.xx.1971-ci ildə Sumqayıt şəhərində anadan olmuş, Azərbaycan Respublikasının vətəndaşı, evli, orta təhsilli, sürücü işləyən, Abşeron rayonu, Xırdalan şəhəri, Bakı- Sumqayıt şossesi 7-ci km, ünvan 1 ünvanında qeydiyyatda olan (FİN: xxxxxxx) Şəxs barəsində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 327.8-ci maddəsi ilə tərtib edilmiş inzibati xəta haqqında protokola və ona əlavə edilmiş materiallara açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: Şəxs barəsində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 327.8-ci maddəsi ilə 10 dekabr 2025-ci il tarixli İXP7663950 nömrəli inzibati xəta haqqında protokol tərtib olunaraq baxılması üçün məhkəməyə göndərilmişdir. Məhkəmə iclaslarının vaxtı və yeri barədə xəbərdar edilmiş barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs, zərərçəkmiş şəxs və inzibati xəta haqqında protokol tərtib etmiş Sumqayıt şəhər DYPŞ-nin nümayəndəsi məhkəmə iclasına gəlməmişlər və gəlməmələrinin səbəbləri barədə məlumat verməmişdir. Məhkəmə Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 61.3, 62.4 və 112.1.4-cü maddələrinə əsasən işə protokol tərtib etmiş orqanın nümayəndəsinin, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsin və zərərçəkmiş şəxslərin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Məhkəmə hesab edir ki, Şəxs Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 327.8-ci maddəsində nəzərdə tutulan əməli törətməsi iş materiallarında olan inzibati xəta haqqında protokol, cinayət işinin başlanmasının rədd edilməsi barədə qərar, tibbi rəylər və digər iş materialları ilə tam sübuta yetirilir. İş materiallarında olan 10 dekabr 2025-ci il tarixli İXP7663950 nömrəli inzibati xəta haqqında protokoldan və digər sənədlərdən görünür ki, Şəxs xx.xx.2025-ci il tarixində saat 14.25-də “İSUZU ECOBUS AVTOBUS” markalı **-AE-*** dövlət qeydiyyat nişanlı avtomobili idarə edərkən yol hərəkət qaydalarını pozaraq yol-nəqliyyat hadisəsi törətmiş, nəticədə zərərçəkmiş şəxsin sağlamlığına yüngül bədən xəsarəti vurmuşdur. İş materiallarında olan xx.xx.2025-ci il tarixli “cinayət işinin başlanmasının rədd edilməsi haqqında” qərardan görünür ki, toplanmış material üzrə cinayətin tərkib əlamətləri müəyyən edilmədiyindən cinayət işinin başlanılması rədd edilmiş, Şəxs hərəkətlərində Azərbaycan Respublikası İXM-nin 327.6 və 327.8-ci maddəsinin tələblərinə uyğunluq olduğuna görə onun həmin maddə ilə inzibati məsuliyyətə cəlb olunması məsələsinin həlli üçün toplanmış material üzrə qəbul edilmiş qərarın surəti Sumqayıt ŞPİ-nin DYPŞ-nə göndərilmişdir. İş materiallarında olan məhkəmə-tibbi ekspertizanın xx.xx.2025-ci il tarixli 1707 saylı rəyindən görünür ki, 1960-cı il təvəllüdlü X1 məhkəmə tibbi ekspertizasına, Sumqayıt şəhər TTYX-nın tərtib etdiyi 1455 saylı arayışa əsasən, qərarda göstərirdən nəzərə ahb və qoyulmuş suallara cavab olaraq aşağıdakı nəticəyə gəlir: X1 bədəni üzərində aşağıdakı xəsarətlər vardır: Sol bazunun ön-bayır səthinin 1\3-dən aşağı 1\3-nə kimi bütünlüklə əhatə edən geniş ölçülü, sol gözaltı nahiyyənin qançırları, sağ paraorbital hematoma, sağ diz oynağının ön səthinin 3 ( üç) ədəd sıyrıqları. Qeyd olunan xəsarətlər küt əşyanın (əşyaların) təsirindən törənmişdirlər, törənmə müddəti zərərçəkənin Sumqayıt şəhər TTYX-nın zədə məntəqəsinə müraciət etdiyi vaxtdan 3 gün əvvəl olmaqla qərarda göstərilən vaxtda və şəraitdə yəni 25.10.25-ci il tarixdə YNH-si zamanı əmələ gələ bilərdi və və dərəcəsinə görə sağlamlığın qısa müddətə pozulmasına səbəb olmuş sağlamlığa yüngül zərərvurmaya aiddir. İş materiallarında olan X1 izahatından görünür ki, xx.xx.2025-ci il tarixdə saat təxminən 14:25 radələrində azyaşlı nəvəsi ilə birlikdə 522 saylı avtobusda olan zaman həmin vaxt avtobus Sumqayıt şəhəri, Nərimanov küçəsində 5-ci mikrorayon ərazisində dayanacaqda dayandığı vaxt avtobusdan düşərkən sürücü buna diqqət yetirməyib qapını bağladığından onun qolu avtobusun arxa qapısında qaldı və o, avtobusu hərəkətə gətirib oradan uzaqlaşarkən yerə yıxıldı və yerdə süründü. Bundan sonra sürücü avtobusu saxladı və bu zaman qapı açıldı nəvəmdə avtobusdan endi. Həmin vaxt sürücü ona yaxınlaşıb halı ilə maraqlandıqda əsəbi olduğundan onun üzərinə qışqırdı. O, isə bundan sonra sürüb oradan uzaqlaşdı. Hadisədən sonra onun bədənində müxtəlif xəsarətlər olduğundan və ağrıları qalxdığından müayinə olunmağından ötrü Sumqayıt şəhər TTYXna müraciət etdi. İş materiallarında olan Şəxs izahatından görünür ki, 522 saylı marşurut xəttində sürücü işləyir, isuzu markalı, **-AE-*** dövlət qeydiyyat nişanlı avtobusu yol vərəqəsi əsasında idarə edir. xx.xx.2025-ci il tarixdə saat 14:25 radələrində interval üzrə marşurutda olub. Həmin radələrdə avtobusla Sumqayıt şəhəri, Nərimanov küçəsi, Azpetrol YDM-nin yaxınlığında dayanacaqdan təxminən 10 metr qarşıda saxladı. Həmin vaxt avtobusdan düşənlər var idi. Avtobusdan sərnişinlərin düşdüyünə əmin olub qapını bağlayıb hərəkətə başlayarkən güzgüdən bir nəfər qadının yerdə süründüyünü gördü. Həmin vaxt dərhal avtobusu saxladı və həmin qadına yaxınlaşdıqda onun halı ilə maraqlandıqda onu dayanacağa aparıb orada otuzdurdu. Ona nə kömək lazımdırsa, edə biləcəyini bildirdi. O, isə “çıx get" deyərək ona ünvanlandı. O isə zənn etdi ki, onun heç bir ciddi xəsarəti yoxdur. Bundan sonra oradan çıxıb getdi. Hadisə zamanı spirtli içki təsiri altında olmamışdır. Hadisədən sonra qadına öz əlaqə nömrəmi verməmiş və ondan mobil nömrəsini almamışdır. Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 3-cü maddəsinə əsasən, yalnız bu Məcəllə ilə nəzərdə tutulmuş inzibati xətanın törədilməsində təqsirli hesab edilən və inzibati xəta tərkibinin bütün digər əlamətlərini daşıyan əməli (hərəkət və ya hərəkətsizliyi) törətmiş şəxs inzibati məsuliyyətə cəlb olunur. Həmin Məcəllənin 9.1-ci maddəsinin tələbinə görə, inzibati xəta törətmiş şəxs haqqında tətbiq edilən tənbeh ədalətli olmalıdır, yəni inzibati xətaların xarakterinə, onun törədilməsi hallarına və inzibati xətanı törətməkdə təqsirli bilinənin şəxsiyyətinə uyğun olmalıdır. Həmin Məcəllənin 76.1-ci maddəsinə əsasən inzibati xətanın olub-olmamasını, inzibati xəta törədən şəxsin təqsirini və işin düzgün həlli üçün əhəmiyyətli olan digər halları müəyyən etmək üçün hakimin, səlahiyyətli orqanın (vəzifəli şəxsin) əsaslana bildiyi hər cür faktik məlumatlar inzibati xətalar haqqında işlər üzrə sübutlar sayılır. Bu məlumatlar maddi sübutlarla, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsin, zərər çəkmiş şəxsin, şahidlərin izahatları ilə, digər sənədlərlə, xüsusi texniki vasitələrin göstəriciləri ilə, ekspertin rəyi ilə, inzibati xəta haqqında protokolla, bu Məcəllə ilə müəyyən edilmiş digər protokollarla müəyyən edilir. Həmin Məcəllənin 84.1-ci maddəsinə əsasən inzibati xətalar haqqında işlərə baxan hakim, səlahiyyətli orqan (vəzifəli şəxs) işin bütün hallarının məcmusunun hərtərəfli, tam və obyektiv surətdə baxılmasına əsaslanan öz daxili inamı ilə sübutları qiymətləndirir. Həmin Məcəllənin 327.8-ci maddəsinə əsasən Bu Məcəllənin 327.1 - 327.6, 328 və 330-cu maddələrində nəzərdə tutulmuş xətalar nəticəsində zərər çəkmiş şəxsin sağlamlığına yüngül bədən xəsarətinin yetirilməsinə görə - üç yüz manat məbləğində cərimə edilir və ya nəqliyyat vasitəsini idarə etmək hüququ аltı аydаn bir ilədək müddətə məhdudlaşdırılır. Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 32 və 33-cü maddələrinə əsasən məsuliyyəti yüngülləşdirən və ağırlaşdıran hallar müəyyən edilməmişdir. Məhkəmə inzibati tənbeh tətbiq edərkən məhkəmə xətanın xarakterini, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsin şəxsiyyətini, təqsirinin dərəcəsini nəzərə alır və hesab edir ki, onun barəsində Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 327.8-ci maddəsinin sanksiyasında nəzərdə tutulmuş cərimə növündə inzibati tənbeh tədbirinin tətbiq edilməsi məqsədə müvafiqdir. Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 22-ci maddəsinə əsasən inzibati tənbeh məsuliyyət tədbiridir və inzibati xəta törədən şəxsi qanunlara əməl edilməsi ruhunda tərbiyələndirmək, habelə həm inzibati xəta törətmiş şəxs, həm də başqa şəxslər tərəfindən yeni inzibati xəta törədilməsinin qarşısını almaq məqsədi daşıyır. Yuxarıdakılara əsasən və Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 40, 43, 114.1.4, 115, 128-130-cu maddələrini rəhbər tutaraq, məhkəmə QƏRARA ALDİ: Şəxs Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 327.8-ci maddəsində nəzərdə tutulmuş inzibati xətanı törətməkdə təqsirli bilinərək 300 (üç yüz) manat məbləğində inzibati cərimə edilsin. Qərarın surəti təqdim edildiyi və ya alındığı gündən 20 (iyirmi) gün müddətində Sumqayıt Şəhər Məhkəməsi vasitəsi ilə və ya birbaşa Sumqayıt Apellyasiya Məhkəməsinə şikayət verilə bilər. Hakim: Fərid Nəsimiyev
Məhkəmə qərarları › İş №3(060)-3435/2025
Sumqayıt Şəhər Məhkəməsi Qərar — İş №3(060)-3435/2025
22.01.2026 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver