Məhkəmə qərarları › İş №3(060)-3436/2025

Sumqayıt Şəhər Məhkəməsi Qərar — İş №3(060)-3436/2025

22.12.2025 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Sumqayıt şəhəri İş № 3(060)-3436/2025 22.12.2025 SUMQAYIT ŞƏHƏR MƏHKƏMƏSİ Hakim Nəsimiyev Fərid Aydın oğlunun sədrliyi, Aslanova İradə Allahverdi qızının katibliyi ilə, Protokolu tərtib etmiş şəxs Sumqayıt ŞPİ-nin 4-cü Polis Bölməsi polis sahə rəisi Cəlil Rəhimlinin, Barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs və onun müdafiəçisi Sumqayıt Şəhər 1 saylı Vəkil Bürosunun vəkili X1 iştirakları ilə, xx.xx.1985-ci ildə Gürcüstan Respublikası, Bolnisi kəndində anadan olmuş, Azərbaycan Respublikası vətəndaşı, evli, ali təhsilli, fərdi əməklə məşğul olan, ünvan 1 ünvanında qeydiyyatda olmaqla yaşayan (FİN xxxxxxx) Şəxs Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 510 və 535.1-ci maddələri ilə təqsirləndirilməsinə dair inzibati xəta haqqında işə açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: Sumqayıt Şəhər Polis İdarəsinin 4-cü Polis Bölməsinin polis sahə rəisi Cəlil Rəhimli tərəfindən Şəxs barəsində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 510 və 535.1-ci maddələri ilə 22 dekabr 2025-ci il tarixli, müvafiq olaraq MN seriyalı ******* və ******* nömrəli inzibati xəta haqqında protokollar tərtib olunaraq baxılması üçün məhkəməyə təqdim edilmişdir. Tərtib edilmiş protokollardan görünür ki, Şəxs xx.xx.2025-ci il tarixdə saat 12:40 radələrində Sumqayıt şəhəri, 15-ci məhəllə ərazisində xidmətdə olan polis əməkdaşının qanuni tələblərinə əməl etməmişdir. Həmçinin, xx.xx.2025-ci il tarixdə saat 12:40 radələrində Sumqayıt şəhəri, 15-ci məhəllə ərazisində nalayiq ifadələr işlədərək xırda xuliqanlıq hərəkətləri etmişdir. Nəticədə Şəxs tərəfindən Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 510 və 535.1-ci maddələrində nəzərdə tutulmuş inzibati xəta törədilmişdir. Məhkəmə iclasında iştirak edən inzibati xəta haqqında protokol tərtib etmiş Sumqayıt Şəhər Polis İdarəsinin 4-cü Polis Bölməsinin polis sahə rəisi Cəlil Rəhimli tərtib etdiyi protokolu müdafiə edərək izahatında bildirmişdir ki, xx.xx.2025-ci ildə daxil olmuş əməliyyat məlumatı əsasında Sumqayıt ŞPİ-nin polis əməkdaşları 15-ci məhəllə ərazisindəki obyektə yaxınlaşaraq Vahid adlı şəxsin harada olduğunu və nə etdiyini soruşmuşlar. Bu zaman Sabit və onun 2 qardaşı polis əməkdaşlarına qarşı müqavimət göstərərək tabesizlik nümayiş etdirmiş və ünvansız nalayiq ifadələr işlətmişdir. Buna görə də o, aidiyyəti üzrə 4-cü Polis Bölməsinə gətirilərək barəsində İXM-nin 510 və 535.1-ci maddələri ilə inzibati xəta haqqında protokol tərtib olunaraq məhkəməyə göndərilmişdir. Əlavə olaraq verilmiş suallara cavab olaraq bildirmişdir ki, Şəxs 20 dekabr 2025-ci ildə inzibati qaydada tutulmuşdur və o, polis əməkdaşları orada olduqdan sonra hadisə yerinə gəlmişdir. Hadisə 15-ci məhəllə ərazisində avtoservisdə baş verib. Şəxs əsəbi olduğunu bildirərək ünvansız nalayiq ifadələr işlətmişdir. Polis əməkdaşları həmin yerə Vahid adlı şəxs barəsində məlumat almaq üçün gediblər. Protokolu müdafiə edir. Məhkəmə iclasında iştirak edən barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs izahatında bildirmişdir ki, saat təxminən 12-1 arası qardaşı ona zəng edərək avtomobil sexinə çağırmış və onu apardıqlarını bildirmişdir. Lakin orada polis əməkdaşlarının olduğunu bildirməmişdir. O, həmin yerə getdikdən sonra qardaşlarının polis əməkdaşları ilə mübahisə etdiyini görmüşdür, bu vaxt onun məsələdən xəbəri olmamışdır. Polis əməkdaşları ona avtomobilə oturmasını söyləmiş, lakin o oturmayaraq tabesizlik göstərmişdir. Həmçinin, əsəbi olduğu üçün ünvansız nalayiq ifadələr işlətmişdir. Hadisənin əvvəlində həmin şəxslərin polis əməkdaşı olduqlarını bilməmiş, hadisənin sonunda xəbəri olmuşdur. Həmçinin qardaşı ona telefon vasitəsi ilə zəng edəndə onu aparanların polis əməkdaşı olduğunu bildirmişdir. Əlavə olaraq verilmiş suallara cavab olaraq bildirmişdir ki, orada 2 qardaşı və 3 polis əməkdaşı olmuşdur. Hadisədən az müddət sonra həmin yerə digər polis əməkdaşları gəlmişdir. Məhkəmədən belə hadisənin ilk dəfə baş verdiyini, əməlindən peşman olmasının nəzərə alınmasını xahiş etmişdir. Məhkəmə iclasında şahid qismində iştirak edən X7 bildirmişdir ki, NMB-nin baş əməliyyat müvəkkilidir. 20 dekabr 2025-ci ildə polis əməkdaşı Şaiqlə birlikdə daxil olmuş əməliyyat sorğusu əsasında Sumqayıt şəhəri, 15-ci məhəllə ərazisindəki sexə yaxınlaşmış və Vahid adlı şəxs haqqında maraqlanmışlar. Məlum olmuşdur ki, orada olan 2 qardaş Vahid adlı şəxsin işçiləridir. Onlar Vahidin harada olduğunu deməmiş, məlumatı gizlədərək deməkdən yayınmışlar. Daha sonra qardaşlardan biri digər qardaşına zəng edərək onu çağırmışdır. Sabit hadisə yerinə gəldikdikdə onlar özünü təqdim etsə də, o, polis əməkdaşlarına məhəl qoymamış, nümayişkarcasına tabesizlik göstərmiş və ünvansız nalayiq ifadələr işlətmişdir. Həmin vaxt orada digər avtomobil sexlərinin işçiləri də olmuşdur. Bundan sonra onlar PPX əməkdaşlarını çağırmış və Sabit aidiyyəti üzrə PB-yə təhvil verilmişdir. Əlavə olaraq verilmiş suallara cavab olaraq bildirmişdir ki, Sabit aqressiv münasibət göstərmiş, PPX əməkdaşları gəldikdən və orada insan sayı çoxaldıqdan sonra bir az qorxaraq sakitləşsə də, yenidən əməllərinə davam etmişdir. Məhkəmə iclasında şahid qismində iştirak edən X5 bildirmişdir ki, NMB-nin əməliyyat müvəkkilidir. 20 dekabr 2025-ci ildə daxil olmuş əməliyyat sorğusu əsasında Sumqayıt şəhəri, 15-ci məhəllə ərazisindəki sexə yaxınlaşmış və Vahid adlı şəxs haqqında orada olan 2 nəfər şəxsdən maraqlanmışlar. Onlar Vahidin orada olmadığını, qardaşının gəlməsini gözləməyini bildirdilər. Bundan sonra həmin yerə Sabit gəldi. O gələn kimi ünvansız nalayiq ifadələr işlədərək tabesizlik göstərdi. Həmçinin, qardaşlarının və orada olan digər şəxslərin yanında təhqiramiz ifadələr işlətdi.Buna görə də hadisə yerinə PPX əməkdaşlarını çağırdılar və aidiyyəti üzrə PB-yə təhvil verdilər. Məhkəmə iclasında Sumqayıt şəhər 1 saylı Vəkil Bürosunun vəkili X2 bildirmişdir ki, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsin himayəsində 3 övladının olmasını, əməlindən peşman olmasını və qardaşının sağlamlığında ağır problem olmasının nəzərə alınmasını xahiş etmişdir. Məhkəmə proses iştirakçılarının izahatlarını dinləyərək və inzibati xəta haqqında işin materiallarını araşdıraraq hesab edir ki, Şəxs Azərbaycan Respublikasının İXM-nin 510 və 535.1-ci maddələrində nəzərdə tutulmuş inzibati xətaları törətməsi tam sübuta yetirilir. Belə ki, iş materiallarında olan 22 dekabr 2025-ci il tarixli MN ******* seriyalı inzibati xəta haqqında protokoldan görünür ki, Şəxs xx.xx.2025-ci il tarixdə saat 12:40 radələrində Sumqayıt şəhəri, 15-ci məhəllə ərazisində xidmətdə olan polis əməkdaşının qanuni tələblərinə əməl etməmişdir. İş materiallarında olan 22 dekabr 2025-ci il tarixli MN ******* seriyalı inzibati xəta haqqında protokoldan görünür ki, xx.xx.2025-ci il tarixdə saat 12:40 radələrində Sumqayıt şəhəri, 15-ci məhəllə ərazisində nalayiq ifadələr işlədərək xırda xuliqanlıq hərəkətləri etmişdir. İş materiallarında olan X4 xx.xx.2025-ci il tarixli izahatından görünür ki, xx.xx.2025-ci il tarixdə saat 12:40 radələrində NMB-nin ə/m polis mayoru Şaiq Qulamovla birlikdə əməliyyat marağı kəsb edən Vahid adlı şəxsin Sumqayıt şəhəri, 15-ci məhəllə ərazisində yerini müəyyənləşdirən zaman orada olan 3 nəfər şəxs onlara yaxınlaşdı. Onlar xidməti vəzifələrini təqdim edərək polis əməkdaşı olduqlarını bildirdilər və həmin şəxslərlə aralarında söz mübahisəsi yarandı, onlar polis əməkdaşlarının ünvanına nalayiq söyüşlər söyərək ətrafda olan vətəndaşları özlərinə cəlb etdilər. Onları dəfələrlə nizam-intizama dəvət etsələr də, onlar öz hərəkətlərini davam etdirərək polisin qanuni tələbinə tabe olmadılar. Orada olan Sabit adlı şəxs ünvansız küçə söyüşləri söyməyə başladı, tabesizlik göstərdi. İş materiallarında olan X3 xx.xx.2025-ci il tarixli izahatından görünür ki, xx.xx.2025-ci il tarixdə saat 12:40 radələrində NMB-nin baş əməliyyat müvəkkili polis polkovnik leytenantı Əli Hüseynovla birlikdə əməliyyat marağı kəsb edən Vahid adlı şəxsin Sumqayıt şəhəri, 15-ci məhəllə ərazisində yerini müəyyənləşdirən zaman orada olan 3 nəfər şəxs onlara yaxınlaşdı. Onlar xidməti vəzifələrini təqdim edərək polis əməkdaşı olduqlarını bildirdilər və həmin şəxslərlə aralarında söz mübahisəsi yarandı, onlar polis əməkdaşlarının ünvanına nalayiq söyüşlər söyərək ətrafda olan vətəndaşları özlərinə cəlb etdilər. Onları dəfələrlə nizam-intizama dəvət etsələr də, onlar öz hərəkətlərini davam etdirərək polisin qanuni tələbinə tabe olmadılar. Orada olan Sabit adlı şəxs ünvansız küçə söyüşləri söyməyə başladı, tabesizlik göstərdi. İş materiallarında olan Şəxs xx.xx.2025-ci il tarixli izahatından görünür ki, qardaşı ona zəng edərək 15-ci məhəllədə yerləşən avtoservisə gəlməyini istədi. O, həmin yerə gedən zaman qardaşlarının polis əməkdaşları ilə aralarında mübahisə olduğunu gördü və həmin vaxt əsəbiləşərək ünvansız nalayiq ifadələr işlətdi və polisin qanuni tələblərinə tabe olmayaraq tabesizlik göstərdi. İş materiallarında olan xx.xx.2025-ci il tarixli inzibati qaydada tutma haqqında protokoldan görünür ki, Şəxs xx.xx.2025-ci il tarixdə saat 15:20-də inzibati qaydada tutulmuşdur. Beləliklə, Şəxs polis işçiləri ictimai qaydanın mühafizə vəzifələrini icra edərkən onların qanuni tələblərinə qəsdən tabe olmaması, həmçinin xırda xuliqanlıq etməsi, yəni Azərbaycan Respublikasının İXM-nin 510 və 535.1-ci maddələrində nəzərdə tutulmuş inzibati xətaları törətməsi məhkəmə iclasında toplanmış və tədqiq edilmiş obyektiv sübutların məcmusu və digər iş materialları ilə tam sübuta yetirilmişdir. Qeyd edilən əməllərin inzibati xəta olmasını aradan qaldıran hallar, həmçinin inzibati məsuliyyətindən azad edilməsi üçün əsaslar yoxdur. Məhkəmə hesab edir ki, Şəxs İXM-nin 510 və 535.1-ci maddələrində nəzərdə tutulmuş inzibati xətaları törətməsi özünün etirafedici ifadəsi, şahid ifadələri və digər iş materialları ilə tam təsdiqini tapır. Buna görə də, onun barəsində həmin maddələrin sanksiyasında nəzərdə tutulmuş həddə inzibati tənbeh tədbiri tətbiq edilməlidir. Azərbaycan Respublikasının İXM-nin 510-cu maddəsinə əsasən xırda xuliqanlıq, yəni ictimai qaydanı pozan, lakin fiziki şəxslər üzərində zor tətbiq olunması ilə və ya belə zorun tətbiq edilməsi hədəsi ilə, yaxud özgənin əmlakının məhv edilməsi və ya zədələnməsi ilə müşayiət edilməyən hərəkətlərə görə - əlli manatdan yüz manatadək məbləğdə cərimə edilir, işin hallarına görə, pozuntunu törədənin şəxsiyyəti nəzərə alınmaqla, bu tədbirlərin tətbiqi kifayət sayılmadıqda, on beş günədək müddətə inzibati həbs tətbiq olunur. Həmin Məcəllənin 535.1-ci maddəsinə əsasən polis işçisi və ya hərbi qulluqçu ictimai qaydanın mühafizə vəzifələrini icra edərkən, onların qanuni tələblərinə qəsdən tabe olmamağa görə - fiziki şəxslər iki yüz manat məbləğində cərimə edilir və ya işin halları və pozuntu törədənin şəxsiyyəti nəzərə alınmaqla, bu tədbirlərin tətbiqi kifayət hesab edilmədikdə bir ayadək müddətə inzibati həbs tətbiq olunur. Həmin Məcəllənin 76.1-ci maddəsinə əsasən inzibati xətanın olub-olmamasını, inzibati xəta törədən şəxsin təqsirini və işin düzgün həlli üçün əhəmiyyətli olan digər halları müəyyən etmək üçün hakimin, səlahiyyətli orqanın (vəzifəli şəxsin) əsaslana bildiyi hər cür faktik məlumatlar inzibati xətalar haqqında işlər üzrə sübutlar sayılır. Bu məlumatlar maddi sübutlarla, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsin, zərər çəkmiş şəxsin, şahidlərin izahatları ilə, digər sənədlərlə, xüsusi texniki vasitələrin göstəriciləri ilə, müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqanın (qurumun) informasiya sistemində, habelə digər dövlət informasiya sistemlərində (ehtiyatlarında) aşkar olunan məlumatlarla, ekspertin rəyi ilə, inzibati xəta haqqında protokolla, bu Məcəllə ilə müəyyən edilmiş digər protokollarla müəyyən edilir. Həmin Məcəllənin 84.1-ci maddəsinə əsasən inzibati xətalar haqqında işlərə baxan hakim, səlahiyyətli orqan (vəzifəli şəxs) işin bütün hallarının məcmusunun hərtərəfli, tam və obyektiv surətdə baxılmasına əsaslanan öz daxili inamı ilə sübutları qiymətləndirir. Məhkəmə barəsində inzibati xəta haqqında iş üzrə icaat aparılan şəxsə inzibati tənbeh tətbiq edərkən Azərbaycan Respublikasının İXM-nin aşağıdakı prinsip və müddəalarını rəhbər tutur. Azərbaycan Respublikasının İXM-nin 4-cü maddəsinə əsasən, yalnız bu Məcəllə ilə nəzərdə tutulmuş inzibati xətanın törədilməsində təqsirli hesab edilən və inzibati xəta tərkibinin bütün digər əlamətlərini daşıyan əməli (hərəkət və ya hərəkətsizliyi) törətmiş şəxs inzibati məsuliyyətə cəlb olunur. Həmin Məcəllənin 9.1-ci maddəsinə əsasən inzibati xəta törətmiş şəxs haqqında tətbiq edilən tənbeh ədalətli olmalıdır, yəni inzibati xətaların xarakterinə, onun törədilməsi hallarına və inzibati xətanı törətməkdə təqsirli bilinənin şəxsiyyətinə uyğun olmalıdır. Həmin Məcəllənin 21-ci maddəsinə əsasən inzibati tənbeh məsuliyyət tədbiridir və inzibati xəta törədən şəxsi qanunlara əməl edilməsi ruhunda tərbiyələndirmək, habelə həm inzibati xəta törətmiş şəxs, həm də başqa şəxslər tərəfindən yeni inzibati xəta törədilməsinin qarşısını almaq məqsədi daşıyır. Həmin Məcəllənin 31.2-ci maddəsinə əsasən fiziki və ya vəzifəli şəxslər barəsində inzibati tənbeh tətbiq edilərkən, xətanın xarakteri, inzibati xəta törədən şəxsin şəxsiyyətini xarakretizə edən hallar, onun təqsirinin dərəcəsi, əmlak vəziyyəti, habelə məsuliyyəti yüngülləşdirən və ağırlaşdıran hallar nəzərə alınır. Həmin Məcəllənin 34.4-cü maddəsinə əsasən şəxsin eyni vaxtda öz hərəkətləri (hərəkətsizliyi) ilə törətdiyi bir neçə inzibati xətaya dair işlərə baxılması eyni orqanın səlahiyyətinə aiddirsə, həmin şəxs daha ciddi xətaya görə müəyyən edilmiş sanksiya çərçivəsində tənbeh edilir. Bu halda törədilmiş xətalardan hər hansı birinə görə nəzərdə tutulmuş əlavə tənbehlərdən biri əsas tənbehə əlavə edilə bilər. Məhkəmə barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsin himayəsində biri azyaşlı olmaqla, 2 yetkinlik yaşına çatmayan uşağının olmasını və əməlindən peşman olmasını yüngülləşdirən hallar kimi qiymətləndirir. Məhkəmə tərəfindən barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs məsuliyyətini ağırlaşdıran hallar müəyyən edilməmişdir. Beləliklə, məhkəmə törədilmiş inzibati xətanın xarakterini, Şəxs şəxsiyyətini və təqsirinin dərəcəsini, məsuliyyəti yüngülləşdirən halların olmamasını və ağırlaşdıran halın olmasını nəzərə alaraq hesab edir ki, onun barəsində təqsirli bildiyi İXM-in 510 və 535.1-ci maddələri üzrə daha ciddi sanksiyası olan İXM-in 535.1-ci maddəsinin sanksiyasında nəzərdə tutulmuş inzibati həbs növündə tənbeh tətbiq edilməli, inzibati həbs etmənin əvvəli 20 dekabr 2025-ci il tarix, saat 15:20-dən hesablanmalıdır. Məhkəmə həmçinin hesab edir ki, Sumqayıt şəhər 1 saylı Vəkil Bürosunun vəkili X2 barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsə hüquqi yardım göstərilməsinə cəmi 03 (üç) saat vaxt sərf etmişdir. “Müdafiəçilərə, tərcüməçilərə, mütəxəssislərə və ekspertlərə ödənilməli olan məbləğlərin miqdarı haqqında” Azərbaycan Respublikası Nazirlər Kabinetinin 01 fevral 2001-ci il tarixli 31 saylı qərarına müvafiq olaraq Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin 193.2-ci maddəsində nəzərdə tutulmuş hallarda hüquqi yardımın göstərilməsinə görə müdafiəçiyə ödənilən haqq hər iş saatı üçün 11 (on bir) manat miqdarında müəyyən edilmişdir. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikasının İXM-in 21, 40, 43, 114.1.1, 115.1, 117, 128-130-cu maddələrini rəhbər tutaraq, məhkəmə QƏRARA ALDİ: Şəxs Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 510-cu və 535.1-ci maddələrində nəzərdə tutulmuş inzibati xətanın törədilməsində təqsirli bilinərək 08 (səkkiz) gün müddətində inzibati həbs olunsun. Həbsdə saxlama müddətinin əvvəli xx.xx.2025-ci il tarixdən, saat 15:20-dən hesablansın. Qərarın icrası Sumqayıt Şəhər Polis İdarəsinə həvalə edilsin. Qərar dərhal icra edilsin. Vəkil X2 tərəfindən göstərilmiş 03 (üç) saat hüquqi yardıma görə cəmi 33 (otuz üç) manat məbləğində pul vəsaiti dövlət büdcəsinin vəsaiti hesabına Sumqayıt şəhər 1 saylı Vəkil Bürosunun hesabına köçürülsün. Qərarın surəti təqdim edildiyi və ya alındığı gündən 10 (on) gün müddətində Sumqayıt Şəhər Məhkəməsi vasitəsi ilə Sumqayıt Apellyasiya Məhkəməsinə şikayət verilə bilər. Hakim: Fərid Nəsimiyev

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar