Məhkəmə qərarları › İş №3(060)-3438/2025

Sumqayıt Şəhər Məhkəməsi Qərar — İş №3(060)-3438/2025

06.01.2026 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Sumqayıt şəhəri İş № 3(060)-3438/2025 06.01.2026 SUMQAYIT ŞƏHƏR MƏHKƏMƏSİ Hakim Nəsimiyev Fərid Aydın oğlunun sədrliyi, Aslanova İradə Allahverdi qızının katibliyi ilə, Barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs iştirakları ilə, xx.xx.1980-ci ildə Bakı şəhərində anadan olmuş, Azərbaycan Respublikasının vətəndaşı, evli, ali təhsilli, işləməyən, ünvan 1 ünvanında qeydiyyatda olan (FİN xxxxxxx) Şəxs barəsində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 327.8-ci maddəsi ilə tərtib edilmiş inzibati xəta haqqında protokola və ona əlavə edilmiş materiallara açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: Şəxs barəsində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin (bundan sonra İXM) 327.8-ci maddəsi ilə inzibati xəta haqqında xx.xx.2025-ci il tarixli İXP ******* nömrəli inzibati xəta haqqında protokol tərtib olunaraq baxılması üçün məhkəməyə göndərilmişdir. Məhkəmə iclaslarının vaxtı və yeri barədə xəbərdar edilmiş inzibati xəta haqqında protokol tərtib etmiş şəxs və zərərçəkmiş şəxs məhkəmə iclasına gəlməmişlər və gəlməmələrinin səbəbləri barədə məlumat verməmişdirlər. Zərərçəkmiş şəxs teleqramla məhkəmə müraciət edərək səhhəti ilə bağlı məhkəmə iclasında iştirak edə bilməyəcəyini, hər hansı şikayət və tələbinin olmadığını bilmirmişdir. Məhkəmə Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 62.4 və 112.1.4-cü maddələrinə əsasən işə protokol tərtib etmiş şəxsin və zərərçəkmiş şəxsin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Məhkəmə iclasında iştirak edən barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs bildirmişdir ki, iş üzrə özünü qismən təqsirli bilir. Avtomobilinə əyləşib 15-20 metr yol getdikdən sonra hadisə baş vermişdir. Belə ki, avtomobilin sağ tyaqası çıxmış və avtomobil idarəetməni itirmişdir. Beləliklə, onun avtomobilinin sağ ön hissəsi BYD markalı avtomobilin sol arxa hissəsinə sürtünmüşdür. Qeyd edir ki, sürtünmə nəticəsində kiminsə xəsarət alması mümkün deyil. Məhkəmədən ədalətli qərar qəbul edilməsini xahiş edir. Məhkəmə hesab edir ki, Şəxs Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 327.8-ci maddəsində nəzərdə tutulan əməli törətməsi inzibati xəta haqqında protokol, digər iş materialları ilə tam sübuta yetirilir. Belə ki, iş materiallarında olan xx.xx.2025-ci il tarixli İXP ******* nömrəli inzibati xəta haqqında protokoldan görünür ki, Şəxs əməli nəticəsində Zərərçəkmiş şəxs yüngül dərəcədə bədən xəsarəti almışdır. İş materiallarında olan xx.xx.2025-ci il tarixli ”cinayət işinin başlanmasının rədd edilməsi haqqında” qərardan görünür ki, material üzrə cinayət tərkibi olmadığından cinayət işinin başlanması rədd edilmişdir. İş materiallarında olan Şəxs xx.xx.2025-ci il tarixli izahatından görünür ki, xx.xx.2025ci il tarixdə təxminən saat 11:30 radələrində tanışı Talehə məxsus Mersedes Benz markalı **-ZJ-*** dövlət qeydiyyat nişanlı avtomobili idarə etməklə Sumqayıt şəhəri Bakı küçəsi ilə Avtovağzal istiqamətində təxminən 30-40 km/saat sürətlə düzünə hərəkətdə olduğu zaman, anidən avtomobilin sağ tiyaqası qırıldığından idarəetməni itirdi və avtomobilinin qabaq sağ qanadı yolun sağ kənarında dayanıqlı vəziyyətdə olan BYD markalı avtomobilin arxa sol qanadından sürtməklə toqquşdu və avtomobil həmin yerdə dayandı. Hadisə nəticəsində xəsarət alan olmadı. Hadisə vaxtı ayıq vəziyyətdə olmuş, spirtli içkinin və narkotik vasitənin təsiri altında olmamışdır. Hadisə vaxtı avtomobildə tək olmuşdur. İş materiallarında olan X1 xx.xx.2025-ci il tarixli izahatından görünür ki, xx.xx.2025-ci il tarixdə təxminən saat 11:30 radələrİndə özünə məxsus idarə etdiyi BYD markalı **-MQ- *** dövlət qeydiyyat nişanlı avtomobilini Sumqayıt şəhəri, Bakı küçəsi ilə Avtovağzal istiqamətində SDU ilə üzbəüz ərazidə yolun sağ kənarında saxlayıb mağazaya getdiyi zaman, həmin yolda düzünə hərəkət edən Mersedes Benz markalı avtomobilin sürücüsü idarəetməni itiərərək qabaq hissəsi ilə avtomobilinin arxa hissəsindən toqquşaraq yolnəqliyyat hadisəsi törətmişdir. Hadisə nəticəsində avtomobilində qabaq oturacaqda sərnişin qismində əyləşmiş, həyat yoldaşı Zərərçəkmiş şəxs xəsarət almış, bu səbəbdən hadisə yerinə təcili tibbi yardım çağırılmşdır. Hadisədən təxminən 10-15 dəqiqə sonra DİNin 102 xidmətinə zəng edib hadisə barədə məlumat vermişdir. Hadisə vaxtı avtomobildə olmadığı üçün özü xəsarət almamışdır. Hadisə nəticəsində avtomobilimin detal hissələri zədələnməklə ona təxminən 2.000 manat maddi ziyan dəymişdir. Hadisə vaxtı ayıq vəziyyətdə olmuş, spirtli içkinin və narkotik vasitənin təsiri altında olmamışdır. İş materiallarında olan Zərərçəkmiş şəxs xx.xx.2025-ci il tarixli izahatından görünür ki, xx.xx.2025-ci il tarixdə təxminən saat 11:30 radələrində həyat yoldaşı Səbuhi Nuriyevin idarə etdiyi BYD markalı **-MQ-*** dövlət qeydiyyat nişanlı avtomobilinin qabaq oturacağında sərnişin qismində əyləşməklə həyaat yoldaşı avtomobili Sumqayıt şəhəri, Bakı küçəsi ilə Avtovağzal istiqamətində SDU ilə üzbəüz ərazidə yolun sağ kənarında saxlayıb mağazaya getdiyi zaman, həmin yolda düzünə hərəkət edən Mersedes Benz markalı avtomobilin sürücüsü idarəetməni itiərərək qabaq hissəsi ilə əyləşdiyi avtomobilin arxa hissəsindən toqquşaraq yol-nəqliyyat hadisəsi törətmişdir. Hadisə nəticəsində kələbeyin travması xəsarəti aldığı üçün hadisə yerinə təcili tibbi yardım çağırılmışdır. Hadisə vaxtı həyat yoldaşı avtomobildə olmamışdır. İş üzrə təyin edilmiş məhkəmə-tibbi ekspertizasının xx.xx.2025-ci il tarixli 1753 №-li rəyindən aşağıdakı nəticəyə gəlinmişdir: Zərərçəkmiş şəxs bədəni üzərində aşağıdakı xəsarətlər vardır: Sol bazu oynağının şişkinlik və ağrı hesabına hərəkət məhdudluğu ilə müşayət olunan yumşaq toxumalarının şişkinlik fonunda əziyi, qançırı. Qeyd olunan xəsarət küt əşyanın təsirindən törənmişdir, törənmə müddəti zərərçəkənin müayinədən 1-2 gün əvvəl olmaqla qərarda göstərilən vaxtda və şəraitdə, yəni xx.xx.2025-ci il tarixdə YNHsi zamanı əmələ gələ bilərdi və dərəcəsinə görə sağlamlığın qısa müddətə pozulmasına səbəb olmuş sağlamlığa yüngül zərərvurmaya aiddir. Məhkəmə qeyd edir ki, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsin məhkəmə iclasında verdiyi izahatı özünümüdafiə xarakterlidir və işin digər halları ilə ziddiyyət təşkil edir. Məhkəmə hesab edir ki, zərərçəkmiş şəxsin məhkəməyədək icraat zamanı verdiyi izahata, məhkəmə-tibbi ekspertizasının rəyinə əsasən Şəxs İXM-in 327.8-ci maddəsi ilə təqsirli olması öz təsdiqini tapır. Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 3-cü maddəsinə əsasən, yalnız bu Məcəllə ilə nəzərdə tutulmuş inzibati xətanın törədilməsində təqsirli hesab edilən və inzibati xəta tərkibinin bütün digər əlamətlərini daşıyan əməli (hərəkət və ya hərəkətsizliyi) törətmiş şəxs inzibati məsuliyyətə cəlb olunur. Həmin Məcəllənin 9.1-ci maddəsinin tələbinə görə, inzibati xəta törətmiş şəxs haqqında tətbiq edilən tənbeh ədalətli olmalıdır, yəni inzibati xətaların xarakterinə, onun törədilməsi hallarına və inzibati xətanı törətməkdə təqsirli bilinənin şəxsiyyətinə uyğun olmalıdır. Həmin Məcəllənin 76.1-ci maddəsinə əsasən inzibati xətanın olub-olmamasını, inzibati xəta törədən şəxsin təqsirini və işin düzgün həlli üçün əhəmiyyətli olan digər halları müəyyən etmək üçün hakimin, səlahiyyətli orqanın (vəzifəli şəxsin) əsaslana bildiyi hər cür faktik məlumatlar inzibati xətalar haqqında işlər üzrə sübutlar sayılır. Bu məlumatlar maddi sübutlarla, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsin, zərər çəkmiş şəxsin, şahidlərin izahatları ilə, digər sənədlərlə, xüsusi texniki vasitələrin göstəriciləri ilə, ekspertin rəyi ilə, inzibati xəta haqqında protokolla, bu Məcəllə ilə müəyyən edilmiş digər protokollarla müəyyən edilir. Həmin Məcəllənin 84.1-ci maddəsinə əsasən inzibati xətalar haqqında işlərə baxan hakim, səlahiyyətli orqan (vəzifəli şəxs) işin bütün hallarının məcmusunun hərtərəfli, tam və obyektiv surətdə baxılmasına əsaslanan öz daxili inamı ilə sübutları qiymətləndirir. Həmin Məcəllənin 327.8-ci maddəsinə əsasən Bu Məcəllənin 327.1 - 327.6, 328 və 330-cu maddələrində nəzərdə tutulmuş xətalar nəticəsində zərər çəkmiş şəxsin sağlamlığına yüngül bədən xəsarətinin yetirilməsinə görə - üç yüz manat məbləğində cərimə edilir və ya nəqliyyat vasitəsini idarə etmək hüququ аltı аydаn bir ilədək müddətə məhdudlaşdırılır. Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 32-ci və 33-cü maddələrinə əsasən yüngülləşdirən və ağırlaşdıran hal müəyyən edilməmişdir. Məhkəmə inzibati tənbeh tətbiq edərkən məhkəmə xətanın xarakterini, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsin şəxsiyyətini, təqsirinin dərəcəsini nəzərə alır və hesab edir ki, onun barəsində Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 327.8-ci maddəsinin sanksiyasında nəzərdə tutulmuş cərimə növündə inzibati tənbeh tədbirinin tətbiq edilməsi məqsədə müvafiqdir. Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 22-ci maddəsinə əsasən inzibati tənbeh məsuliyyət tədbiridir və inzibati xəta törədən şəxsi qanunlara əməl edilməsi ruhunda tərbiyələndirmək, habelə həm inzibati xəta törətmiş şəxs, həm də başqa şəxslər tərəfindən yeni inzibati xəta törədilməsinin qarşısını almaq məqsədi daşıyır. Məhkəmə inzibati tənbeh tətbiq edərkən məhkəmə xətanın xarakterini, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsin şəxsiyyətini, təqsirinin dərəcəsini nəzərə alır və hesab edir ki, onun barəsində Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 327.8-ci maddəsinin sanksiyasında nəzərdə tutulmuş cərimə növündə inzibati tənbeh tədbirinin tətbiq edilməsi məqsədə müvafiqdir. Yuxarıdakılara əsasən və Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 40, 43, 114.1.4, 115, 128-130-cu maddələrini rəhbər tutaraq, məhkəmə QƏRARA ALDİ: Şəxs Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 327.8-ci maddəsində nəzərdə tutulmuş inzibati xətanı törətməkdə təqsirli bilinərək 300 (üç yüz) manat məbləğində inzibati cərimə edilsin. Qərarın surəti təqdim edildiyi və ya alındığı gündən 20 (iyirmi) gün müddətində Sumqayıt Şəhər Məhkəməsi vasitəsi ilə və ya birbaşa Sumqayıt Apellyasiya Məhkəməsinə şikayət verilə bilər. Hakim: Fərid Nəsimiyev

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar