Azərbaycan Respublikası adından QƏRAR Sumqayıt şəhəri İş № 3(060)-344/2022 10.02.2022 SUMQAYIT ŞƏHƏR MƏHKƏMƏSİ Hakim Xəlilov Rövşən Elbrus oğlunun sədrliyi, Kərimov Fuad Tofiq oğlunun katibliyi, Qərardan şikayət vermiş "xxxx" MMC-nin etibarnamə üzrə nümayəndəsi X3 iştirakları ilə, Sumqayıt Şəhər Polis İdarəsinin 1-ci Polis Bölməsi tərəfindən tərtib olunmuş 23.09.2021-ci il tarixli, MN № ******* saylı inzibati tənbeh vermə haqqında qərarın ləğv edilməsi barədə verilmiş "xxxx" MMC-nin şikayətinə baxaraq, məhkəmə müəyyən etdi: Qərardan şikayət vermiş şəxs "xxxx" MMC şikayətlə Sumqayıt Şəhər Məhkəməsinə müraciət edərək, Sumqayıt Şəhər Polis İdarəsinin 1-ci Polis Bölməsi tərəfindən tərtib olunmuş 23.09.2021-ci il tarixli, MN № ******* saylı inzibati tənbeh vermə haqqında qərarın ləğv edilməsini xahiş etmişdir. Məhkəmə iclasının yeri və vaxtı barədə lazımi qaydada xəbərdar edilməsinə baxmayaraq, Sumqayıt Şəhər Polis İdarəsinin 1-ci Polis Bölməsinin nümayəndəsi məhkəmə iclasına gəlməmiş və gəlməməsinin üzrlü səbəbləri barədə məhkəməyə heç bir məlumat verməmişdir. Məhkəmə işə onun iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Məhkəmə iclasında qərardan şikayət vermiş "xxxx" MMC-nin etibarnamə üzrə nümayəndəsi X4 şikayəti müdafiə edərək bildirdi ki, 23.09.2021-ci il tarixdə təxminən saat 18:15 radələrində "xxxx" MMC-nin Sumqayıt şəhəri 17-ci mkr., M.Əsədovla Z.Hacıyev küçələrinin kəsişməsində yerləşən filial mağazasında, Sumqayıt ŞPİ-nin 1-ci PB-nin sahə rəisi polis leytenantı X6 tərəfindən İXM-nin 211.1-ci maddəsi ilə "xxxx" MMC barəsində MN № ******* saylı Protokol tərtib edilmiş, müvafiq Protokola dair inzibati tənbeh vermə haqqında MN № ******* saylı Qərar da məhz həmin tarixdə tərtib edilmişdir. Hesab edir ki, müvafiq Qərar qərəzli şəkildə tərtib edilmiş, əsassız və qanunaziddir. Belə ki, 23 sentyabr 2021 -ci il tarixdə, yəni həftənin şənbə günü təxminən saat 18:15 radələrində Sumqayıt şəhəri 17-ci mkr., M.Əsədovla Z.Hacıyev küçələrinin kəsişməsində yerləşən "xxxx" MMC-nin filial mağazasına mülki geyimdə çəkilişlə polis əməkdaşları daxil olmuş, mağazada alış-veriş edən 1 (bir) müştəri həmçinin mağazanın 2 (iki) işçisi barəsində fərdi qoruyucu vasitədən düzgün istifadə etmədiklərinə görə protokol tərtib etmişdir. Polis əməkdaşları eyni inzibati xətaya görə mağazaya rəhbərlik edən şəxs barəsində məlumat istəmiş, sonradan mağazada koordinator vəzifəsində çalışan əslində isə mağaza rəhbəri olmayan (bu barədə şirkətin İnsan Resursları Departamentindən müvafiq şəxsin vəzifəsinə dair Dövlət Portalından çıxarış təqdim edilə bilər) X1 təsərrüfat obyektində dezinfeksiya məhlulunun harada yerləşdirilməli olması barədə əsassız iradlar bildirilmiş, mağazanın giriş hissəsində xüsusi işçinin olmasını əsas gətirərək, müvafiq giriş hissəsində vətəndaşların Covid-19 əleyhinə vaksin sertifikatlarının olub olmamasının yoxlanması (Qeyd: müvafiq mağaza iri ticarət mərkəzi sayılmadığına görə polis əməkdaşının tələbi tamamilə əsassız və qanunaziddir, Azərbaycan Respublikası Nazirlər Kabinetinin 26 iyul 2021-ci il tarixli 229 nömrəli Qərarına əsasən Covid 19-a qarşı immunitet sertifikatı iri ticarət mərkəzlərində tələb edilir) və daha sonra mağazaya buraxılması barədə absurd tövsiyyələr vermiş və bu kimi özbaşına hərəkətlər edərək "xxxx" MMC barəsində protokol sonradan isə inzibati tənbeh vermə haqqında Qərar tərtib etmişlər. 23 sentyabr 2021ci il tarixdə təxminən saat 20:00 radələrində protokol tərtib etmiş polis əməkdaşları yenidən mağazaya gələrək, şirkətdə koordinator vəzifəsində çalışan X5 ilə söhbət etmək məqsədilə onu küçəyə çıxarmış, daha sonra Quliyev Etibar şirkətin hüquqşünası ilə əlaqə yaradaraq telefonu polis əməkdaşına vermiş, hüquqşünas polis əməkdaşına öncəliklə vətəndaşla kobud rəftar qaydasını həmçinin qanunsuz protokol tərtib etmələrini irad tutmuş, bundan qəzəblənən mülki geyimdə olan polis işçiləri isə mağazanın çöl hissəsində onları gözləyən mülki maşına E.Quliyevi onun iradəsinə zidd olaraq otuzduraraq onu Sumqayıt şəhəri 1-ci Polis Bölməsinə aparmış və orada "xxxx" barəsində tərtib edilmiş inzibati tənbeh vermə haqqında Qərarın məzmunu ilə razılaşaraq imzalamasını tələb etmişlər. "xxxx" MMC X1 MMC-ni təmsil etmək, hüquqi şəxsin adından qərarlar qəbul etmək, hüquqi şəxsin fəaliyyətinə nəzarət etmək səlahiyyətləri verməyib (AR İXM - maddə 18 Hüquqi şəxslərin inzibati məsuliyyəti). X2 "xxxx" MMC-də koordinator vəzifəsində çalışır, vəzifə təlimatlarına əsasən təşkilati-sərəncamverici və ya inzibati-təsərrüfat funksiyasını yerinə yetirmək səlahiyyətinə malik deyil. Şəxsə müvafiq funksiyaların verilməsinin hüquqi əsası qismində Konstitusiya, qanun, nizamnamə, təlimat, əmr və ya konkret vəzifə tutan şəxsin hüquq və vəzifələrinin müəyyən edildiyi vəzifəyə təyin edilməyə dair digər hüquqi akt çıxış edir. Sadalanan funksiyalara dair E.Quliyevə hər-hansı vəzifə təlimatı və ya səlahiyyət müəssisənin rəhbər şəxsi tərəfindən verilməyib. Faktiki olaraq tərtib edilən protokol və ona dair X7 müəssisənin məsul şəxsi kimi qələmə verilərək şirkət barəsində 5000 azn məbləğində (beş min) inzibati tənbeh vermə haqqında Qərar verilmişdir. AR İXM-nin 18.5-ci maddəsinə əsasən hüquqi şəxs barəsində inzibati tənbeh yalnız hakim tərəfindən tətbiq edilir: 18.5 Bu Məcəllənin 127-4.5-ci maddəsində nəzərdə tutulmuş hal istisna olmaqla, hüquqi şəxs barəsində inzibati tənbeh yalnız hakim tərəfindən tətbiq edilir. Müvafiq protokol və protokola dair Qərar tərtib edildiyi zaman protokolda ciddi nöqsanlara yol verilmiş, işin halları tam, hərtərəfli və obyektiv araşdırılmamışdır. Polisin barəsində tərtib etdiyi protokol heç şübhəsiz onun üçün hesabat xarakteri daşıyır. Protokol və ona dair inzibati tənbeh vermə haqqında Qərar 23.09.2021-ci il tarixdə tərtib edilsə də, bu barədə inzibati tənbeh tətbiq edilən şəxsə məlumat rəsmi qaydada verilməmiş, protokolun surəti protokol tərtib edildiyi zaman verilməmişdir, şirkətin əməkdaşı yazılı ərizə əsasında Sumqayıt ŞPİ-nin 1-ci PB-nə müraciət edərək orada protokol və ona dair Qərarı rəsmi qaydada 25.01.2022-ci il tarixdə əldə etmişdir. İXM-nin 38-ci maddəsinə əsasən İnzibati tənbeh inzibati xətanın törədildiyi gündən ən geci üç ay keçənədək verilə bilər. Protokol tərtib edildiyi tarixdən artıq 4 ay vaxt ötüb. Bütün bunları nəzərə alaraq Sumqayıt Şəhər Polis İdarəsinin 1-ci Polis Bölməsi tərəfindən tərtib olunmuş 23.09.2021-ci il tarixli, MN № ******* saylı inzibati tənbeh vermə haqqında qərarın ləğv edilməsini məhkəmədən xahiş etdi. Məhkəmə iş materiallarını araşdıraraq hesab edir ki, şikayət təmin edilməlidir. Azərbaycan Respublikası İXM-nin 18.5-ci maddəsinə əsasən Bu Məcəllənin 127-4.5-ci maddəsində nəzərdə tutulmuş hal istisna olmaqla, hüquqi şəxs barəsində inzibati tənbeh yalnız hakim tərəfindən tətbiq edilir. Həmin Məcəllənin 211.1-ci maddəsinə əsasən Epidemiya əleyhinə rejimin, sanitariyagigiyena və karantin rejimlərinin pozulmasına görə fiziki şəxslər iki yüz manatdan dörd yüz manatadək məbləğdə, vəzifəli şəxslər dörd min manatdan beş min manatadək məbləğdə cərimə edilir, yaxud işin hallarına görə, xətanı törədənin şəxsiyyəti nəzərə alınmaqla, bir ayadək müddətə inzibati həbs tətbiq olunur, hüquqi şəxslər beş min manatdan on bir min manatadək məbləğdə cərimə edilir. Azərbaycan Respublikası İXM-nin 100.1-ci maddəsinə əsasən bu Məcəllənin 54-cü maddəsində nəzərdə tutulmuş hallar istisna olmaqla, inzibati xətanın törədilməsi haqqında protokol tərtib edilir. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 3-cü maddəsinə əsasən, yalnız bu Məcəllə ilə nəzərdə tutulmuş inzibati xətanın törədilməsində təqsirli hesab edilən və inzibati xəta tərkibinin bütün digər əlamətlərini daşıyan əməli (hərəkət və ya hərəkətsizliyi) törətmiş şəxs inzibati məsuliyyətə cəlb olunur. 1 mart 2016-cı il tarixdən qüvvəyə minmiş Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 8.2-ci maddəsinə əsasən inzibati məsuliyyətə cəlb olunmuş şəxs öz təqsirsizliyini sübut etməyə borclu deyildir. Həmin Məcəllənin 8.3-cü maddəsinə əsasən inzibati məsuliyyətə cəlb olunan şəxsin təqsirli olması barəsində olan şübhələr onun xeyrinə həll olunur. Həmin Məcəllənin 105.1-ci maddəsinə əsasən Bu Məcəllənin 53-cü maddəsində nəzərdə tutulmuş hallardan hər hansı biri olduqda, icraatında inzibati xəta haqqında iş olan hakim və ya səlahiyyətli orqan (vəzifəli şəxs) inzibati xəta haqqında işin icraatına xitam verilməsi haqqında qərar qəbul edir. Həmin Məcəllənin 53.2-ci maddəsinə əsasən inzibati xəta tərkibi olmadıqda inzibati xətalar haqqında işlər üzrə icraat başlanıla bilməz, başlanmış icraata isə xitam verilir. Həmin Məcəllənin 134.1.3-cü maddəsinə əsasən bu Məcəllənin 135.1.5-1ci maddəsində nəzərdə tutulduğu hallarda qərarı ləğv edərək inzibati xəta haqqında iş üzrə icraata xitam verilməsi haqqında inzibati xəta haqqında iş üzrə qərardan verilən şikayətə və ya protestə baxılaraq qərar qəbul edilir. Məhkəmə tərəfindən "xxxx" MMC-nin şikayəti üzrə inzibati tənbeh vermə haqqında qərarın qanuniliyi yoxlanılarkən müəyyən edilmişdir ki, Sumqayıt Şəhər Polis İdarəsinin 1-ci Polis Bölməsi tərəfindən 23.09.2021-ci il tarixli, MN № ******* saylı inzibati xəta haqqında protokolun X2 barəsində tərtib edilməsinə baxmayaraq, həmin protokol əsasında qəbul edilmiş 23.09.2021-ci il tarixli MN № ******* saylı qərar hüquqi şəxs "xxxx" MMC barəsindədir. Beləliklə 23.09.2021-ci il tarixli, MN № ******* saylı inzibati xəta haqqında protokol ilə 23.09.2021-ci il tarixli MN № ******* saylı inzibati tənbeh vermə haqqında qərar arasında uyğunsuzluq vardır. Bununla yanaşı "xxxx" MMC-nin hüquqi şəxs olduğunu nəzərə alaraq onun barəsində inzibati tənbeh növü tətbiq etmək Sumqayıt Şəhər Polis İdarəsinin səlahiyyətlərinə aid deyil. Azərbaycan Respublikası İXM-nin 18.5-ci maddəsinə əsasən hüquqi şəxs barəsində inzibati tənbeh yalnız hakim tərəfindən tətbiq edilə bilər. Beləliklə, məhkəmə hesab edir ki, şikayət əsaslı olduğundan təmin edilməli, Sumqayıt Şəhər Polis İdarəsinin 1-ci Polis Bölməsinin inzibati xəta haqqında 23.09.2021-ci il tarixli, MN № ******* saylı inzibati tənbeh vermə haqqında qərarı Azərbaycan Respublikası İXM-nin 18.5ci maddəsinə əsasən ləğv edilməli və iş üzrə icraata xitam verilməlidir. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 43, 114, 115 və 130-cu maddələrini rəhbər tutaraq, məhkəmə qərara aldı: Şikayət təmin edilsin. "xxxx" MMC-nin barəsində Sumqayıt Şəhər Polis İdarəsinin 1-ci Polis Bölməsi tərəfindən tərtib edilmiş inzibati xəta haqqında 23.09.2021-ci il tarixli, MN № ******* saylı inzibati tənbeh vermə haqqında qərarı Azərbaycan Respublikası İXM-nin 18.5-ci maddəsinə əsasən ləğv edilərək iş üzrə icraata xitam verilsin. Qərardan şikayət qərarın surəti təqdim edildiyi və ya alındığı gündən 10 gün müddətində Sumqayıt şəhər Məhkəməsi vasitəsilə Sumqayıt Apellyasiya Məhkəməsinə verilə bilər. Hakim: Rövşən Xəlilov
Məhkəmə qərarları › İş №3(060)-344/2022
Sumqayıt Şəhər Məhkəməsi Qərar — İş №3(060)-344/2022
10.02.2022 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver