Məhkəmə qərarları › İş №3(060)-3440/2025

Sumqayıt Şəhər Məhkəməsi Qərardad — İş №3(060)-3440/2025

22.12.2025 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRARDAD Sumqayıt şəhəri İş № 3(060)-3440/2025 22.12.2025 SUMQAYIT ŞƏHƏR MƏHKƏMƏSİ Hakim İsmayılov Samir Bəyistan oğlu, Şəxs barəsində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 327.8 və 332.4-cü maddələri ilə Sumqayıt ŞPİ-nin X1 Şöbəsindən daxil olmuş inzibati xəta haqqında materiala baxaraq, MÜƏYYƏN ETDİ: Şəxs barəsində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 327.8 və 332.4-cü maddələri ilə tərtib edilmiş inzibati xəta haqqında material baxılması üçün məhkəməyə göndərilmişdir. Müəyyən edilmişdir ki, Azərbaycan Respublikası İXM-in 332.4-cü maddəsinin sanksiyasında inzibati həbs nəzərdə tutulmasına baxmayaraq, bu növ işlərdə iştirakı məcburi hesab edilən inzibati xətanı törətməkdə təqsirləndirilən şəxsin iştirakı təmin olunmamışdır. Bundan əlavə müəyyən edilmişdir ki, inzibati xəta haqqında protokol düzgün tərtib edilməmiş, işə mahiyyəti üzrə baxılması üçün işdə kifayət qədər sübutlar toplanmamış, inzibati xəta haqqında materiallar natamamdır və işə baxılarkən tamamlamaq mümkün deyil. Belə ki, inzibati xəta haqqında protokolda zərərçəkmiş şəxslə barədə məlumat qeyd edilməmiş, zərərçəkmiş şəxsin səhhətinə yetirilmiş xəsarətin dərəcəsinin müəyyən edilməsi ilə bağlı məhkəmə-tibbi ekspertizasının rəyi, yol-nəqliyyat hadisəsinin sxemi, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsin və zərərçəkmiş şəxsin izahatları, həmçinin yol-nəqliyyat hadisəsinin video görüntüləri (cinayət işinin başlanmasının rədd edilməsi barədə qərarda yol-nəqliyyat hadisəsinin video görüntülərinin də olması qeyd edilmişdir) məhkəməyə göndərilmiş iş materiallarına əlavə edilməmişdir. Göstərilən səbəbdən də məhkəmə hesab edir ki, iş üzrə yekun nəticəyə gəlinməsi üçün yetərli sübutlar məhkəməyə təqdim edilməmişdir. Azərbaycan Respublikası İXM-in 332.4-cü maddəsinə əsasən Bu Məcəllənin 332.2ci maddəsində nəzərdə tutulmuş xəta nəticəsində zərər çəkmiş şəxsin sağlamlığına yüngül bədən xəsarətinin yetirilməsinə və ya zərər çəkmiş şəxsə maddi zərər vurulmasına görə beş yüz manat məbləğində cərimə edilir və ya işin hallarına görə, pozuntunu törədənin şəxsiyyəti nəzərə alınmaqla, bir ayadək müddətə inzibati həbs tətbiq olunur. Həmin Məcəllənin 61.5-ci maddəsinə əsasən inzibati həbs, Azərbaycan Respublikasının hüdudlarından kənara əcnəbiləri və vətəndaşlığı olmayan şəxsləri inzibati qaydada çıxarma və ya ictimai işlər nəzərdə tutan inzibati xətalar haqqında işlərə baxılarkən barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsin iştirakı məcburidir. Həmin Məcəllənin 111.3-cü maddəsinə əsasən inzibati həbs tənbeh növü nəzərdə tutan inzibati xətalar haqqında işlərə inzibati xəta haqqında protokol daxil olduğu gün, inzibati qaydada tutulan şəxslər barəsində isə onların tutulduğu vaxtdan ən geci 48 saat keçənədək baxılır. Həmin Məcəllənin 106.0.5-ci maddəsinə əsasən hakim, səlahiyyətli orqan (vəzifəli şəxs) inzibati xətalar haqqında işlərə baxılmağa hazırlanması zamanı işə mahiyyəti üzrə baxılması üçün işdə kifayət qədər sübutlar toplanıb-toplanmaması məsələsini həll edir. Həmin Məcəllənin 109.1.6-cı maddəsinə əsasən protokol və digər materiallar səlahiyyəti olmayan şəxslər tərəfindən tərtib olunduqda, protokol və digər sənədlər düzgün tərtib olunmadıqda, yaxud təqdim edilmiş materiallar natamam olduqda, işə baxılarkən tamamlamaq mümkün olmadıqda, inzibati xətalar haqqında protokolun və ya digər sənədlərin onu tərtib etmiş orqana, vəzifəli şəxsə geri qaytarılması haqqında qərardad qəbul edilir. Beləliklə, məhkəmə hesab edir ki, sanksiyasında inzibati həbs növü nəzərdə tutulan inzibati xəta haqqında hazırkı işə inzibati xətanı törətməkdə təqsirləndirilən şəxsin iştirakı ilə protokol tərtib olunduqdan dərhal sonra və protokol daxil olan gün baxılmalı olduğundan, inzibati xəta haqqında protokolu tərtib edən orqan tərəfindən barəsində icraat başlanmış şəxsin məhkəmə iclasında iştirakı təmin edilmədiyindən, həmçinin iş materialların üzrə hazırki qərarın təsviri-əsaslandırıcı hissəsinin 4-cü abzasında olan digər natamamlıqlar olduğundan, mövcud natamamlıqları işə baxılarkən tamamlamaq mümkün olmadığından inzibati xəta haqqında protokol və ona əlavə edilmiş sənədlər Sumqayıt ŞPİ-nin X1 Şöbəsinə geri qaytarılmalıdır. Qeyd olunanları və Azərbaycan Respublikası İXM-in 106 və 109-cu maddələrini rəhbər tutaraq, məhkəmə QƏRARA ALDİ: Şəxs barəsində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 327.8 və 332.4-cü maddələri ilə Sumqayıt ŞPİ-nin X1 Şöbəsindən daxil olmuş inzibati xəta haqqında material geri qaytarılsın. Hakim: Samir İsmayılov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar