Məhkəmə qərarları › İş №3(060)-3442/2025

Sumqayıt Şəhər Məhkəməsi Qərar — İş №3(060)-3442/2025

06.01.2026 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Sumqayıt şəhəri İş № 3(060)-3442/2025 06.01.2026 SUMQAYIT ŞƏHƏR MƏHKƏMƏSİ Hakim Nəsimiyev Fərid Aydın oğlunun sədrliyi, Aslanova İradə Allahverdi qızının katibliyi ilə, Şəxs MMC-nin nümayəndəsi və HGNS Kaunsilor Vəkil Bürosunun vəkili Vəkil iştirakı ilə, Şəxs (VÖEN:**********) barəsində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 490-cı maddəsi ilə tərtib edilmiş inzibati xəta haqqında protokola və ona əlavə edilmiş materiallara açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: Azərbaycan Respublikası Dövlət Gömrük Komitəsi Bakı Baş Gömrük İdarəsi tərəfindən Şəxs barəsində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 490-cı maddəsi ilə xx.xx.2025-ci il tarixli 00100-03790/25 nömrəli inzibati xəta haqqında protokol tərtib edərək baxılması üçün aidiyyəti üzrə Sumqayıt Şəhər Məhkəməsinə göndərmişdir. Məhkəmə iclasının yeri və vaxtı barədə qanunamüvafiq qaydada məlumat verilməsinə baxmayaraq, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan hüquqi şəxs Şəxs MMC-nin və protokol tərtib etmiş orqan Bakı Baş Gömrük İdarəsinin səlahiyyətli nümayəndələri gəlməmiş, gəlməmələrinin səbəbləri barədə məhkəməyə məlumat verməmişlər. Məhkəmə, Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 64.3 və 112.1.4-cü maddələrinə əsasən işə barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan hüquqi şəxs Şəxs MMC-nin və protokol tərtib etmiş orqan Bakı Baş Gömrük İdarəsinin səlahiyyətli nümayəndələrinin iştirakları olmadan baxılmasını mümkün hesab etmişdir. Məhkəmə iclasında iştirak edən Şəxs MMC-nin nümayəndəsi, Vəkil bildirmişdir ki, Şəxs MMC gömrük bəyannamələri işlərinin aparılması üçün başqa hüquqi şəxslə müqavilə bağlamışdır. Şəxs MMC-nin əməllərində inzibati xəta tərkibi yoxdur. Belə ki, Şəxs MMC-nin gömrük məsələlərini müqavilə bağladıqları digər hüquqi şəxs tərəfindən həyata keçirilir. Həmçinin, müqavilə bağladıqları hüquqi şəxs tərəfindən müddətin uzadılması ilə bağlı heç bir tədbir görülməmişdir. Məhkəmədən Şəxs MMC barəsində inzibati xəta haqqında iş üzrə icraata xitam verilməsini, xitam verilmə barədə qərar qəbul edilməsə, aşağı həddə tənbeh verilməsini xahiş edir. Məhkəmə iş materiallarını araşdırıb toplanmış sübutlara məcmu halda hüquqi qiymət verərək hesab edir ki, Şəxs MMC-nin Azərbaycan Respublikasının İXM-nin 490-cı maddəsində nəzərdə tutulan əməli törətməsi tam sübuta yetirilir. Müdafiə tərəfinin izahatına münasibətdə məhkəmə qeyd edir ki, hüquqi şəxsin həyata keçirməli olduğu hər hansı vəzifənin digər şəxsə müqavilə əsasında həvalə edilməsi inzibati məsuliyyətdən azad edən hal kimi qiymətləndirilməməlidir. Gömrük prosedurlarının həyata keçirilməsi həvalə edilmiş şəxsin öhdəliklərini yerinə yetirməməsi, hazırkı baxılan inzibati xəta haqqında iş üzrə icraatın predmetinə aid deyil. Belə ki, iş materiallarında olan xx.xx.2025-ci il tarixli 00100-03790/25 nömrəli protokoldan görünür ki, Bakı Baş Gömrük idarəsinin Rəsmiləşdirmə Mərkəzindən daxil olmuş 3-33-1100/012/033571 nömrəli xx.xx.2025-ci il tarixli raporta əsasən, "Giltex” MMC (VÖEN: **********) tərəfindən **********6752 sorğu nömrəli xx.xx.2025-ci il tarixli gömrük bəyannaməsi ilə xaricdə emal xüsusi gömrük proseduru altında rəsmiləşdirilmiş yükün öhdəlik müddəti xx.xx.2025-ci il tarixində bitmişdir. Lakin yükün digər gömrük proseduru altında yerləşdirilməsi üçün müraciət edilməmişdir. İş üzrə Dövlət Gömrük Komitəsinin “Vahid Avtomatlaşdırılmış idarəetmə Sistemi” informasiya resursuna baxış zamanı müəyyən olunmuşdur ki, **********6752 sorğu nömrəli xx.xx.2025-ci il tarixli gömrük bəyannaməsi ilə bəyan edilən malların öhdəlik müddəti xx.xx.2025-ci il tarixdə bitmişdir, lakin "Giltex” MMC (VÖEN: **********) tərəfindən müddətin uzadılması ilə bağlı heç bir tədbir görülməmişdir. İş materiallarına əlavə edilmiş Bakı Baş Gömrük İdarəsi Rəmiləsdirmə mərkəzinin xx.xx.2025-ci il tarixli 3-33-1100/012/033571 nömrəli raportundan görünür ki, Şəxs MMC (VÖEN: **********) tərəfindən **********6752 sorğu nömrəli gömrük bəyannaməsi ilə xaricdə emal xüsusi gömrük proseduru altında rəsmiləşdirilmiş yükün öhdəlik müddəti xx.xx.2025ci il tarixində bitmişdir. Lakin yükün digər gömrük proseduru altında yerləşdirilməsi üçün müraciət ediİməmişdir. Azərbaycan Respublikasının İXM-nin 3-cü maddəsinə əsasən, yalnız bu Məcəllə ilə nəzərdə tutulmuş inzibati xətanın törədilməsində təqsirli hesab edilən və inzibati xəta tərkibinin bütün digər əlamətlərini daşıyan əməli (hərəkət və ya hərəkətsizliyi) törətmiş şəxs inzibati məsuliyyətə cəlb olunur. Həmin Məcəllənin 9.1-ci maddəsinə əsasən inzibati xəta törətmiş şəxs haqqında tətbiq edilən tənbeh ədalətli olmalıdır, yəni inzibati xətaların xarakterinə, onun törədilməsi hallarına və inzibati xətanı törətməkdə təqsirli bilinənin şəxsiyyətinə uyğun olmalıdır. Həmin Məcəllənin 76.1-ci maddəsinə əsasən inzibati xətanın olub-olmamasını, inzibati xəta törədən şəxsin təqsirini və işin düzgün həlli üçün əhəmiyyətli olan digər halları müəyyən etmək üçün hakimin, səlahiyyətli orqanın (vəzifəli şəxsin) əsaslana bildiyi hər cür faktik məlumatlar inzibati xətalar haqqında işlər üzrə sübutlar sayılır. Bu məlumatlar maddi sübutlarla, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsin, zərər çəkmiş şəxsin, şahidlərin izahatları ilə, digər sənədlərlə, xüsusi texniki vasitələrin göstəriciləri ilə, ekspertin rəyi ilə, inzibati xəta haqqında protokolla, bu Məcəllə ilə müəyyən edilmiş digər protokollarla müəyyən edilir. Həmin Məcəllənin 84.1-ci maddəsinə əsasən inzibati xətalar haqqında işlərə baxan hakim, səlahiyyətli orqan (vəzifəli şəxs) işin bütün hallarının məcmusunun hərtərəfli, tam və obyektiv surətdə baxılmasına əsaslanan öz daxili inamı ilə sübutları qiymətləndirir. Həmin Məcəllənin 31.3-cü maddəsinə əsasən hüquqi şəxslər barəsində inzibati tənbeh tətbiq edilərkən, inzibati xətanın xarakteri, inzibati xəta nəticəsində hüquqi şəxsin əldə etdiyi xeyrin həcmi və ya onun maraqlarının təmin edilməsinin xarakteri və dərəcəsi, hüquqi şəxsi xarakterizə edən hallar, o cümlədən onun maliyyə və əmlak vəziyyəti, xeyriyyəçilik və ya digər ictimai faydalı fəaliyyətlə məşğul olması, habelə məsuliyyəti yüngülləşdirən və ağırlaşdıran hallar nəzərə alınır. Həmin Məcəllənin 490-cı maddəsinə əsasən gömrük rəsmiləşdirilməsi qaydasının pozulmasına, yəni gömrük rəsmiləşdirilməsinin başlanması və başa çatması, onun keçirilmə yeri, vaxtı və üsulu barədə müəyyən olunmuş tələblərə riayət edilməməsinə və ya gömrük rəsmiləşdirilməsinin sadələşdirilmiş qaydasının tətbiqi şərtlərinə əməl edilməməsinə görə -fiziki şəxslərə xəbərdarlıq edilir və ya onlar iyirmi manatdan əlli manatadək məbləğdə cərimə edilir, vəzifəli şəxslərə xəbərdarlıq edilir və ya onlar yetmiş beş manatdan yüz əlli manatadək məbləğdə cərimə edilir, hüquqi şəxslər iki yüz əlli manatdan beş yüz manatadək məbləğdə cərimə edilir. Azərbaycan Respublikasının İXM-nin 32 və 33-cü maddələrinə əsasən məsuliyyəti yüngülləşdirən və ağırlaşdıran hallar müəyyən edilməmişdir. Məhkəmə törədilmiş inzibati xətanın hallarını nəzərə alaraq hesab edir ki, Şəxs MMC Azərbaycan Respublikasının İXM-nin 490-cı maddəsi ilə təqsirli bilinərək ona həmin maddənin sanksiyasında nəzərdə tutulmuş qaydada cərimə tənbeh növü tətbiq olunmalıdır. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikasının İXM-nin 40, 43, 48- 51, 114-117, 128-130 və 490-cı maddələrini rəhbər tutaraq, məhkəmə QƏRARA ALDİ: Şəxs (VÖEN: **********) Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 490-cı maddəsində nəzərdə tutulmuş inzibati xətanı törətməkdə təqsirli bilinərək 250 (iki yüz əlli) manat məbləğində inzibati cərimə edilsin. Qərardan rəsmi qaydada verildiyi vaxtdan 10 (on) gün müddətində Sumqayıt Şəhər Məhkəməsi vasitəsi ilə və ya birbaşa Sumqayıt Apelyasiya Məhkəməsinə şikayət verilə bilər. Hakim: Fərid Nəsimiyev

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar