Məhkəmə qərarları › İş №3(060)-345/2023

Sumqayıt Şəhər Məhkəməsi Qərar — İş №3(060)-345/2023

03.02.2023 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Sumqayıt şəhəri İş № 3(060)-345/2023 03.02.2023 SUMQAYIT ŞƏHƏR MƏHKƏMƏSİ Hakim Hacıyev Zaur Arif oğlunun sədrliyi, Məhkəmə iclas katibi Şahbazov Abdulla Tofiq oğlunun katibliyi, Sumqayıt şəhəri Polis İdarəsi 1-ci PB-nin sahə rəisi, polis leytenantı Vüqar Sultanovun, Müdafiəçi - Şimal Vəkil Bürosunun vəkili Vəkil, Barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs - Şəxs iştirakları ilə, xx.xx.1989-cu ildə Sumqayıt şəhərində anadan olmuş, Azərbaycan Respublikası vətəndaşı, subay, ünvan 1 ünvanda qeydiyyatda olan Şəxs Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 535.1-ci maddəsində nəzərdə tutulmuş inzibati xətanı törətməsinə dair Sumqayıt şəhər Polis İdarəsinin 1-ci Polis Bölməsindən daxil olmuş inzibati xəta haqqında materiala açıq məhkəmə iclasında baxaraq, məhkəmə Müəyyənetdi: Sumqayıt şəhər Məhkəməsinə Sumqayıt ŞPİ-nin 1-ci Polis Bölməsindən Şəxs barəsində İXM-nin 535.1-ci maddəsi ilə inzibati xətaya dair MN ******* saylı, xx.xx.2023-cü il tarixli protokol daxil olmuşdur. Protokoldan görünür ki, Şəxs xx.xx.2023-cü il tarixdə saat 17:15-də Sumqayıt şəhəri, 8-ci mikrorayon, ərazisində ictimai yerdə söyüş söymüş, polis onu nizam intizama dəvət etsə də polisin qanuni göstərişlərinə tabe olmamışdır. Məhkəmə iclasında çıxış edən inzibati xəta haqqında protokolu tərtib etmiş şəxs Vüqar Sultanov bildirdi ki, Şəxs xx.xx.2023-cü il tarixdə saat 17:15-də Sumqayıt şəhəri, 8ci mikrorayon ərazisində ictimai yerdə söyüş söymüş, polis onu nizam intizama dəvət etsə də polisin qanuni göstərişlərinə tabe olmamışdır. Odur ki qanunauyğun qərar qəbul edilməsini Məhkəmədən xahiş etdi. Məhkəmədə verdiyi izahatında barəsində protokol tərtib olunmuş şəxs Şəxs özünü təqsirli bilərək bildirdi ki, xx.xx.2023-cü il tarixdə saat 17:15 radələrində Sumqayıt şəhəri, 8-ci mikrorayon ərazisində qardaşı və dostu küçədə dayanmış, o da dönər almağa getmişdir. Qayıdan zaman qardaşı və dostunun polis avtomobilində oturduğunu görmüş, onları hara apardıqlarını soruşmuş, ona cavab verməmişlər. O da məcburi olaraq avtomobilə əyləşmişdir. Gedəcəkləri yeri ona bildirmədiklərindən o, avtomobilə əyləşmək istəmişdir. Əməlindən peşmandır. Məhkəmədən qeyd edilənlərin nəzərə alınmasını xahiş edir. Məhkəmə iclasında çıxış edən müdafiəçi Vəkil bildirdi ki, barəsində inzibati xəta haqqında protokol tərtib edilmiş Şəxs əməlindən peşmandır, qardaşına görə narahat olmuşdur. Nəzərə alınmasını Məhkəmədən xahiş edir. Məhkəmə iclasında şahid Sumqayıt ŞPİ-nin post-patrul xidməti taboru, manqa komandiri, polis baş serjantı Şahid bildirdi ki, xx.xx.2023-cü il tarixdə saat 17:15 radələrində Sumqayıt şəhəri, 8-ci mikrorayon ərazisində xidməti fəaliyyətini yerinə yetirən zaman iki şəxsin bir-biri ilə ucadan mübahisə etdiklərini görmüş, onları nizam-intizama dəvət etmiş, onlardan biri özünü FHN-nin əməkdaşı kimi təqdim etmişdir. Bu zaman adını sonradan bildiyi Rəşad onların yanına gəlmiş, avtomobilə əyləşmək istəmişdir. O, yerin məhdud olduğunu bildirdikdə Rəşad buna məhəl qoymamışdır. Ona özünün 1-ci Polis Bölməsinə gələ biləcəyini izah etsələr də o, yenə də buna məhəl qoymamışdır. Məhkəmə iş materiallarını araşdıraraq, inzibati xəta törətmiş şəxsin, inzibati protokol tərtib etmiş şəxsin izahatlarını, müdafiəçinin çıxışını dinlərəyək və iş üzrə toplanmış sübutlara və işin bütün hallarının məcmusuna hərtərəfli, tam və obyektiv qiymət verərək hesab edir ki, Şəxs əməlində Azərbaycan Respublikası İXM-nin 535.1-ci maddəsində nəzərdə tutulan inzibati xətanın tərkibi vardır. Belə ki, məhkəmə araşdırması zamanı müəyyən olunmuşdur ki, Şəxs polis qanuni tələbinə tabe olmayaraq onların xidməti fəaliyyətinə maneçilik törətmişdir. Polis əməkdaşının onu nizam-intizama dəvət etməsinə baxmayaraq o, öz qanunsuz hərəkətlərinə davam etmişdir. Bununla da Şəxs hərəkətlərində İXM-nin 535.1-ci maddəsinin tərkibi olduğu təsdiq edilir. İş materiallarına əlavə edilmiş videogörüntülərdən də görünür ki, şəxs polis əməkdaşlarının xidməti fəaliyyətinə mane olaraq onların qanuni tələblərinə məhəl qoymamışdır. İş materiallarında olan inzibati qaydada tutma haqqında protokoldan görünür ki, Şəxs 02 fevral 2023-cü il tarixdə saat 19:45-də tutulmuş, 03 fevral 2023-cü il tarixdə azad edilmişdir. İş materiallarında olan A/173 saylı, xx.xx.2023-cü il tarixli “sərxoşluq hallarının bütün növlərinin təyini məqsədi ilə aparılan tibbi müayinə” aktından görünür ki, Şəxs orta dərəcəli alkoqol sərxoşluğu vəziyyətində olmuşdur. İş materiallarına əlavə edilmiş CD diskdə olan videogörüntüdən görünür ki, iki nəfər şəxsin mübahisə etməsini görən post patrul əməkdaşları onlara yanlaşır, intizama dəvət edir, lakin onlar polis əməkdaşları ilə mübahisə edir, həmin vaxt Şəxs yaxınlaşaraqr, xidməti avtomobilə əyləşmiş iki nəfərin aparılmasına maneə törədir, avtomobilin qarşısına keçərək hərəkəti məhdudlaşdırır və sürücü ilə mübahisə edir, sonra polis əməkdaşlarının razılığı olmadan avtomobilə daxil olur və daha sonra hər üç şəxs avtomobili tərk edir, bundan sonra polis əməkdaşları onları yenidən avtomobilə əyləşdirərək aparır. Azərbaycan Respublikası İXM-nin 535.1-ci maddəsinə əsasən polis işçisi və ya hərbi qulluqçu ictimai qaydanın mühafizə vəzifələrini icra edərkən, onların qanuni tələblərinə qəsdən tabe olmamağa görəfiziki şəxslər iki yüz manat məbləğində cərimə edilir və ya işin halları və pozuntu törədənin şəxsiyyəti nəzərə alınmaqla, bu tədbirlərin tətbiqi kifayət hesab edilmədikdə bir ayadək müddətə inzibati həbs tətbiq olunur. Qeyd olunan inzibati xətanın obyektiv cəhəti polisin və hərbi qulluqçuların normal idarəetmə fəaliyyəti ilə əlaqədar ictimai münasibətlərdir və həmin xətanın ictimai təhlükəliliyi onda təzahür edir, şəxs polis və ya hərbi qulluqçunun qanuni əmrinə tabe olmamaqla dövlət orqanlarının normal fəaliyyətinə mane olur, həmin orqanların əməkdaşlarının digər vətəndaşlara xidmət göstərməsinə və qanuni vəzifələrinin icrasına maneə yaradır Məhkəmə, hesab edir ki, inzibati xəta törətməkdə təqsirləndirilən Şəxs Azərbaycan Respublikası İXM-nin 535.1-ci maddəsi ilə təqsirli bilinib, həmin maddənin sanksiyası həddində inzibati məsuliyyətə cəlb edilməlidir. Belə ki, Şəxs tərəfindən polis qanuni tələbinə tabe olmayaraq, maneə yaratdığından düzgün olaraq barəsində Azərbaycan Respublikası İXM-nin 535.1-ci maddəsi ilə inzibati protokol tərtib edilmişdir. Azərbaycan Respublikası İXM-nin 31.2-ci maddəsinə əsasən, fiziki və ya vəzifəli şəxslər barəsində inzibati tənbeh tətbiq edilərkən xətanın xarakteri, inzibati xəta törədən şəxsin şəxsiyyəti, onun təqsirinin dərəcəsi, əmlak vəziyyəti, habelə məsuliyyəti yüngülləşdirən və ağırlaşdıran hallar nəzərə alınır. Şəxs məsuliyyətini yüngülləşdirən və ağırlaşdıran hallar müəyyən edilmədi. Beləliklə, məhkəmə, törədilmiş inzibati xətanın xarakterini və inzibati xəta törətmiş şəxsin şəxsiyyətini, onun hərəkətlərinin davamlılığını nəzərə alaraq hesab edir ki, Şəxs barəsində inzibati həbs növündə inzibati tənbeh tətbiq olunmalıdır. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 30.3-cü maddəsinə əsasən inzibati qaydada tutma müddəti inzibati həbs müddətinə daxil edilir. Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 21-ci maddəsindən görünür ki, inzibati tənbeh məsuliyyət tədbiridir və inzibati xəta törədən şəxsi qanunlara əməl edilməsi ruhunda tərbiyələndirmək, habelə həm inzibati xəta törətmiş şəxs, həm də başqa şəxslər tərəfindən yeni inzibati xəta törədilməsinin qarşısını almaq məqsədi daşıyır. Azərbaycan Respublikası İXM-nin 66.2-ci maddəsinə əsasən barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs tərəfindən seçilmiş vəkilin gəlməsi mümkün olmadıqda, hakim, səlahiyyətli orqan (vəzifəli şəxs) həmin şəxsi vəkil ilə təmin edir. Azərbaycan Respublikası İXM-nin 66.3-cü maddəsinə əsasən maddi vəziyyətinə görə öz hesabına vəkil tutmaq imkanı olmadıqda, inzibati qaydada tutulmuş şəxsə hüquqi yardım dövlətin vəsaiti hesabına göstərilir. Belə halda vəkil öz vəzifələrini yerinə yetirməkdən imtina edə bilməz. “Müdafiəçilərə, tərcüməçilərə, mütəxəssislərə və ekspertlərə ödənilməli olan məbləğlərin miqdarı haqqında” Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2001-ci il 1 fevral tarixli 31 nömrəli qərarında dəyişiklik edilməsi barədə 03 may 2018-ci il tarixli, 202 saylı qərarına əsasən Azərbaycan Respublikası CPM-nin 193.2-ci maddəsində nəzərdə tutulmuş hallarda hüquqi yardım göstərilməsinə görə müdafiəçiyə ödənilən haqq hər iş saatı üçün 6 manat məbləğində müəyyən edilmişdir. Yuxarıda göstərilənlərə əsasən və İXM-nin 43, 114,115 və 535.1-ci maddələrini rəhbər tutatarq, məhkəmə Qəraraaldı: Şəxs Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 535.1-ci maddəsi ilə təqsirli bilinib 08 (səkkiz) gün müddətinə inzibati qaydada həbs olunsun. Həbsdə saxlama müddətinin əvvəli xx.xx.2023-cü il tarixdən hesablansın. Qərarın icrası Sumqayıt şəhər Polis İdarəsinə həvalə edilsin. Qərar dərhal icra olunsun. Vəkil tərəfindən göstərilmiş 03 saat hüquqi yardıma görə cəmi 18 (on səkkiz) manat məbləğində pul vəsaitinin dövlət büdcəsinin vəsaiti hesabına Şimal Vəkil Bürosunun hesabına köçürülməsi Azərbaycan Respublikası Vəkilllər Kollegiyasına həvalə edilsin. Qərarın surəti təqdim edildiyi və ya alındığı gündən 10 gün müddətinə Sumqayıt Şəhər Məhkəməsi vasitəsi ilə Sumqayıt Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Hakim: Zaur Hacıyev

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar