Məhkəmə qərarları › İş №3(060)-3455/2025

Sumqayıt Şəhər Məhkəməsi Qərar — İş №3(060)-3455/2025

22.01.2026 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Sumqayıt şəhəri İş № 3(060)-3455/2025 22.01.2026 SUMQAYIT ŞƏHƏR MƏHKƏMƏSİ Hakim Nəsimiyev Fərid Aydın oğlunun sədrliyi, Aslanova İradə Allahverdi qızının katibliyi ilə, Hüquqi şəxs Şəxs (VÖEN: **********) barəsində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 483-cü maddəsi ilə tərtib edilmiş inzibati xəta haqqında protokola və ona əlavə edilmiş materiallara məhkəmənin binasında açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: Azərbaycan Respublikasının Mərkəzi Bankı hüquqi ünvanı Sumqayıt şəhəri, 18-ci mikrorayon, ev 31, mənzil 28 ünvanında olan hüquqi şəxs Şəxs MMC (VÖEN: **********) barəsində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 483-cü maddəsi ilə 16 dekabr 2025-ci il tarixli, EP ******* nömrəli inzibati xəta haqqında protokol tərtib edərək baxılması üçün aidiyyəti üzrə Sumqayıt Şəhər Məhkəməsinə göndərmişdir. İnzibati xəta haqqında protokoldan görünür ki, Sumqayıt Gömrük İdarəsinin Rəsmiləşdirmə mərkəzindən daxil olmuş xx.xx.2025-ci il tarixli 3-33-1800/012/002295 nömrəli raportda qeyd edilmişdir ki, Şəxs MMC tərəfindən alqı-satqı yolu ilə xx.xx.2024-cü il tarixli **********7566 sorğu nömrəli gömrük bəyannaməsi üzrə ixrac edilən malların mügabilində ******* rubl məbləğində xarici valyutada pul vəsaiti ixracatçının müvəkkil bankdakı hesabına köçürülməmişdir. DGK X1 Sistemi- konsiqanasiya nəzarət bölməsi informasiya sisteminə xx.xx.2025-ci il tarixində həyata keçirilmiş baxış zamanı müəyyən edilmişdir ki, 420000 rubl və 500000 rubl olmaqla həmin bəyənnamə üzrə xarici valyuta vəsaiti müvəkkil bankın hesabına köçürülmüş, xx.xx.2025-ci il tarixində portala daxil edilsə də, 691900 rubl məbləğində vəsait isə müvəkkil bank hesabına qaytarılmamışdır. Məhkəmə iclasının yeri və vaxtı barədə qanunamüvafiq qaydada məlumat verilməsinə baxmayaraq, Azərbaycan Respublikasının Mərkəzi Bankının səlahiyyətli nümayəndəsi məhkəməyə gəlməmiş, gəlməməsinin səbəbləri barədə məhkəməyə məlumat verməmişdir. Məhkəmə, işə Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 112.1.4-cü maddəsinə əsasən Azərbaycan Respublikasının Mərkəzi Bankının nümayəndəsinin iştirakları olmadan baxılmasını mümkün hesab etmişdir. Məhkəmə iclasında xx.xx.2026-cı il tarixdə iştirak edən Şəxs təsisçisi və direktoru X2 bildirmişdir ki, indiyə qədər təsisçisi olduğu MMC-də gömrüklə bağlı heç bir problem yaşamamışdır. Lakin xx.xx.2024-cü il tarixdə Mahaçqalada yerləşən və əvvəlcədən müqaviləsi olan “Niva Greentek OOO” şirkətinə 1.611.900 rubl məbləğində mal göndərmişdir. Belə ki, xx.xx.2024-cü il tarixində 500.000 rublu, xx.xx.2024-cü il tarixində isə 420.000 rublu ixracatçının müvəkkil bankdakı hesabına köçürmüşdür. Köçürülmələr Rusiyaya aid olan VTB bank vasitəsi ilə həyata keçirilirdi, məlum səbəblərə görə tətbiq edilmiş sanksiyalara görə köçürülmə baş tutmamış, həmçinin bununla bağlı kommersiya mübahisəsi də yaranmışdır. Ümumi məbləğdən yerdə qalan 611.900 rubl məbləği isə 2 gün əvvəl göndərmişdir. Bundan başqa L.Əhmədova bildirmişdir ki, Rusiya ərazisindəki şirkət məktub göndərərək maliyyə çətinlikləri ilə əlaqədar olaraq 691900 rubl məbləği ödəyə bilmədiyini qeyd etmişdir. Məhkəmədən inzibati xəta haqqında iş üzrə icraata xitam verilməsini xahiş etmişdir. İş materiallarında olan və məhkəmə baxışında tədqiq edilmiş; - inzibati xəta haqqında protokoldan görünür ki, Sumqayıt Gömrük İdarəsinin Rəsmiləşdirmə mərkəzindən daxil olmuş xx.xx.2025-ci il tarixli 3-33-1800/012/002295 nömrəli raportda qeyd edilmişdir ki, Şəxs MMC tərəfindən alqı-satqı yolu ilə 29.11,2024-cü il tarixli **********7566 sorğu nömrəli gömrük bəyannaməsi üzrə ixrac edilən malların müqabilində ******* rubl məbləğində xarici valyutada pul vəsaiti ixracatçının müvəkkil bankdakı hesabına köçürülməmişdir. - Sumqayıt Gömrük İdarəsinin xx.xx.2025-ci il tarixli 3-33-1800/012/002295 nömrəli raportundan görünür ki, “AYLA PLASTİK" Məhdud Məsuliyyətli Cəmiyyəti (VÖEN: **********) tərəfindən xarici valyuta vəsaitlərinin qaytarılmaması ilə əlaqədar müəssisənin ünvanına müvafiq bildiriş göndərilmişdir. Bununla yanaşı Gömrük Xidmətinin X1 Sistemində (VAİS) banklarla gömrük orqanları arasında olan elektron hesabat formasından (FORMA 3.9.2.1) əldə edilmiş məlumata əsasən Şəxs tərəfindən rəsmiləşdirilən **********7566 sorğu nömrəli gömrük bəyannaməsi üzrə (GB) 1611900,00 RUB məbləğində olan vəsait sözügedən hesabatda bu günədək öz əksini tapmamışdır. - Xarici valyuta vəsaitləinin xaricdən qaytarılmamasına dair xx.xx.2025-ci il tarixli bildirişdən görünür ki, **********7566 sorğu nömrəli gömrük bəyannaməsi üzrə ixrac etdiyiniz malların müqabilində 1611900,00 RUB ekvivalentində olan vəsaitin bankda olan hesabınıza köçürülməsi təmin edilməmişdir - X1 Sistemi informasiya resursuna baxış keçirilməsi haqqında xx.xx.2025-ci il tarixli protokoldan görünür ki, DGK X1 Sistemi - konsiqnasiya nəzarət bölməsi informasiya resursuna həyata keçirilmiş baxış zamanı müəyyən olundu ki, Şəxs MMC ilə Rusiya Federativ Respublikasında yerləşən “Niva Greentek ООО” şirkəti arasında bağlanılmış xx.xx.2024- cü il tarixli 08 nömrəli alqı-satqı müqaviləsinə istinad etməklə xx.xx.2024-cü il tarixli **********7566 sorğu nömrəli gömrük bəyannaməsi üzrə ixrac edilən malların müqabilində 420000 rubl xx.xx.2024-cü il tarixində, 500000 rubl isə xx.xx.2024-cü il tarixində müvəkkil bank hesabına köçürülmüş və xx.xx.2025-ci il tarixində müvəkkil bank tərəfindən portala daxil edilmişdir. Lakin 691900 rubl məbləğində xarici valyuta vəsaiti bugünədək müvəkkil bank hesabına qaytarılmamışdır. -Niva Greentech şirkətinin zəmanət məktubundan görünür ki, MMC «Niva Grintek» 26.11,2024 - xx.xx.2024 tarixli ödəniş hesabı üzrə məbləğin bir hissəsini ödəmişdir: 420 000,00 rubl və xx.xx.2024 tarixində - 500 000,00 rubl. Şirkətin maliyyə çətinlikləri ilə əlaqədar olaraq qalan məbləği 691 900,00 rubl həcmində ödəyə bilməmişdir. MMC «Niva Grintek» qalan məbləğin 691 900,00 rubl həcmində ödənişini 25 dekabr 2025- ci il tarixinədək həyata keçirməyi zəmanət verir. Məhkəmə qeyd edir ki, inzibati xəta haqqında protokol üzrə formal olaraq inzibati xəta tərkibi mövcud olsa da, fakt üzrə hüquqi şəxsin təqsirliliyi sübuta yetirilmir. İşin hallarından göründüyü kimi xx.xx.2024-cü il tarixli **********7566 sorğu nömrəli gömrük bəyənnaməsi üzrə ******* rubl dəyərində mal ixrac edilmiş, həmin ixrac üzrə 920000 rubl məbləğində vəsait vaxtında müvəkkil banka köçürülmüş, qalıq 691900 rubl məbləğində vəsait isə qanunvericiliklə nəzərdə tutulmuş 180 gündən sonra köçürülmüşdür. 17 may 2021-ci il tarixli Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 483cü maddəsinin şərh edilməsinə dair Azərbaycan Respublikasının Konstitusiya Məhkəməsinin Plenum qərarının nəticə hissəsinə əsasən Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 3 və 12-ci maddələrinin tələblərinə müvafiq olaraq məhkəmələr həmin Məcəllənin 483-cü maddəsində nəzərdə tutulmuş məsuliyyət tədbirini tətbiq edərkən inzibati xətanı törədən şəxsin təqsirini müəyyən etməlidir. Hər kəsə məlum olan haldır ki, Rusiya Federasiyasının ərazisində olan bank və digər hüquqi şəxslərə tətbiq edilmiş beynəlxalq sanksiyalara əsasən pul köçürülmələrində müəyyən problemlər mövcuddur. Aşağıda göstərilən hallar Şəxs MMC-nin təqsirliliyini şübhə altına alır: malların Rusiya ərazisinə ixrac edilməsi; müvəkkil bankın da “Bank VTB” olması; mallar ixrac edilən "xxxx"MMC-nin maliyyət çətinlikləri ilə bağlı ******* rubl vəsaiti vaxtında göndərə bilməməsi barədə zəmanət məktubu yazması; Bundan başqa, ixrac edilən malların dəyərinin böyük qismi, yəni ******* rubl məbləğindən 920000 rubl vəsaitin 180 gün ərazində müvəkkil bankın hesabına köçürülməsi, digər məbləğin də köçürülməsinin xx.xx.2026-cı il tarixində həyata keçirilməsi hüquqi şəxsin təqsirsizliyini göstərir. Bununla da, yuxarıda göstərilən şübhələr barəsində icraat aparılan hüquqi şəxsin xeyrinə həll olunmalı, Plenum qərarının tələblərinə əsasən İXM-in 3-cü və 12-ci maddələrinin müddəalarına uyğun inzibati xəta hadisəsinə qiymət verilməli, İXM-in 53.2ci maddəsinə əsasən icraata xitam verilməlidir. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 3-cü maddəsinə əsasən yalnız bu Məcəllə ilə nəzərdə tutulmuş inzibati xətanın törədilməsində təqsirli hesab edilən və inzibati xəta tərkibinin bütün digər əlamətlərini daşıyan əməli (hərəkət və ya hərəkətsizliyi) törətmiş şəxs inzibati məsuliyyətə cəlb olunur. Həmin Məcəllənin 12.1-ci maddəsinə əsasən bu Məcəllə ilə qorunan ictimai münasibətlərə qəsd edən, hüquqazidd olan, təqsirli sayılan (qəsdən və ya ehtiyatsızlıqdan törədilən) və inzibati məsuliyyətə səbəb olan əməl (hərəkət və ya hərəkətsizlik) inzibati xəta hesab olunur. Həmin Məcəllənin 8-ci maddəsinə əsasən barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsin təqsiri bu Məcəllədə nəzərdə tutulmuş qaydada sübuta yetmədikdə və bu, inzibati xəta haqqında iş üzrə icraata baxmış hakimin, səlahiyyətli orqanın (vəzifəli şəxsin) qüvvəyə minmiş qərarı ilə müəyyən edilmədikdə o, təqsirsiz hesab edilir. İnzibati məsuliyyətə cəlb olunmuş şəxs öz təqsirsizliyini sübut etməyə borclu deyildir. İnzibati məsuliyyətə cəlb olunan şəxsin təqsirli olması barəsində şübhələr onun xeyrinə həll edilir. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 483-cü maddəsinə əsasən avans yolu ilə ödənilmiş valyuta vəsaitinin müqabilində müəyyən edilmiş müddətlərdə müvafiq mallar idxal edilmədikdə, işlər görülmədikdə və ya xidmətlər göstərilmədikdə ödənilmiş valyuta vəsaitinin xaricdən geri qaytarılmamasına görə-vəzifəli şəxslər inzibati xətanın bilavasitə obyekti olmuş valyuta vəsaiti məbləğinin on faizindən iyirmi faizinədək məbləğdə, hüquqi şəxslər inzibati xətanın obyekti olmuş valyuta vəsaiti məbləğinin iyirmi faizindən otuz faizinədək məbləğdə cərimə edilir. Həmin Məcəllənin 53.2-ci maddəsinə əsasən hər hansı şəxs barəsində başlanılmış inzibati xətalar haqqında işlər üzrə icraata, həmçinin onun inzibati xəta törədilməsinə aidiyyəti olmadıqda və ya təqsirliliyi sübuta yetirilmədikdə, o cümlədən təqsirliliyin sübuta yetirilməsində qanuna zidd olaraq əldə edilmiş sübutlardan istifadə edildikdə xitam verilir. Həmin Məcəllənin 114.2.1-ci maddəsinə əsasən, bu Məcəllənin 53-cü maddəsində nəzərdə tutulan hallardan biri mövcud olduqda inzibati xəta haqqında iş üzrə icraata xitam verilməsi haqqında qərar çıxarılır. Azərbaycan Respublikası İXM-nin 114.1.4-cü maddəsinə əsasən inzibati xəta haqqında iş üzrə icraata xitam verilməsi haqqında inzibati xəta haqqında işə baxılarkən qərar çıxarılır. Qeyd edilən səbəbdən də məhkəmə hesab edir ki, əməldə inzibati xəta tərkibi olmadığından Şəxs MMC barəsində Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 483-cü maddəsində nəzərdə tutulmuş inzibati xəta hadisəsi üzrə təqsirliliyi sübuta yetirilmədiyinə görə icraata xitam verilməlidir. Yuxarıdakılara əsasən və Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 18,4, 40, 43, 53.1.1, 114-115, 128-130-cu maddələrini rəhbər tutaraq, məhkəmə QƏRARA ALDİ: Hüquqi şəxs Şəxs MMC-nin barəsində Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 483-cü maddəsində nəzərdə tutulmuş inzibati xəta hadisəsi üzrə təqsirliliyi sübuta yetirilmədiyindən onun barəsində başlanmış inzibati xəta haqqında iş üzrə icraata xitam verilsin. Qərarın surəti rəsmi qaydada verildiyi gündən 10 gün müddətində qərardan Sumqayıt Şəhər Məhkəməsi vasitəsi ilə və ya birbaşa Sumqayıt Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Hakim: Fərid Nəsimiyev

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar