Məhkəmə qərarları › İş №3(060)-3459/2025

Sumqayıt Şəhər Məhkəməsi Qərar — İş №3(060)-3459/2025

23.12.2025 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Sumqayıt şəhəri İş № 3(060)-3459/2025 23.12.2025 SUMQAYIT ŞƏHƏR MƏHKƏMƏSİ Hakim Nəsimiyev Fərid Aydın oğlunun sədrliyi, Aslanova İradə Allahverdi qızının katibliyi, Sumqayıt şəhəri üzrə icra idarəsinin icra məmuru X3, Tələbkar Zərərçəkmiş şəxs, Barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs və onun müdafiəçisi Sumqayıt Şəhər 1 saylı Vəkil Bürosunun vəkili X2 iştirakları ilə, xx.xx.1991-ci ildə Laçın rayonu, Suarası kəndində anadan olmuş, orta təhsilli, işləyən, evli, Şabran rayonu, Laçın rayonu, Səfiyan ərazi dairəsi, Suarası kəndində qeydiyyatda olan və ünvan 1 ünvanında yaşayan (FİN xxxxxxx) Şəxs Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 528.1-ci maddəsi ilə nəzərdə tutulan inzibati xətanı törətməsinə dair inzibati xəta haqqında materiala açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: Sumqayıt şəhəri üzrə İcra İdarəsinin icra məmuru Qönçə Süleymanlı tərəfindən Şəxs barəsində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 528.1-ci maddəsinə uyğun olaraq inzibati xəta haqqında xx.xx.2025-ci il tarixli, MN seriyalı ******* nömrəli protokol tərtib olunmuş, baxılması üçün Sumqayıt Şəhər Məhkəməsinə təqdim edilmişdir. Protokolda göstərilənlərə əsasən Şəxs Şabran rayon Məhkəməsinin 2(031)- 246/2025 saylı, xx.xx.2025-ci il tarixli icra sənədi üzrə 2974 manat aliment borcu yaranmışdır. Bununla da, Şəxs Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 528.1-ci maddəsində nəzərdə tutulmuş inzibati xətanı törətmişdir. Protokolu tərtib etmiş icra məmuru Qönçə Süleymanlı izahatında bildirdi ki, Şabran rayon Məhkəməsinin 2(031)-246/2025 saylı, xx.xx.2025-ci il tarixli icra sənədi xx.xx.2025ci ildə icraatına daxil olmuşdur. İcra sənədinin icrasını təmin etmək məqsədi ilə aliment məbləği borclunun əməkhaqqısına yönəldilmişdir. Borclunun ödəməli olduğu sabit aylıq ödəniş 376 manat olsa da, borclunun əməkhaqqısından hər ay sabit məbləğdə aliment tutulmamışdır. Sonuncu dəfə əməkhaqqısından 263 manat tutulub. Hal-hazırda cəmi 2974 manat aliment borcu yaranmışdır və tələbkar borcunu tələb edir. Şəxsla telefon vasitəsilə əlaqə yaradılmış, tələbkar 2 həftə əvvəl şikayətini İcra İdarəsinə bildirmiş və borclunun izahatı alınmışdır. Borclu barəsində İnzibati Xətalar Məcəlləsinin 528.1-ci maddəsi ilə protokol tərtib olunaraq məhkəməyə göndərilmişdir. Protokolu müdafiə edir. Məhkəmə iclasında barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan Şəxs izahatında göstərdi ki, "xxxx" MMC-də operator işləyir və 500 manat əməkhaqqı alır. Həmin əməkhaqqından başqa gəlir yeri yoxdur. Hazırki iş üzrə özünü təqsirli bilmir. Aylıq 500 manat əməkhaqqı alır, lakin onun 40-50 manatı çıxılır, yerdə qalan hissə isə aliment ödənişinə görə tutulur. Həmçinin, işə getmədiyi günlərin ödənişi əməkhaqqısından tutulur. Əlavə olaraq verilmiş suallara cavab olaraq bildirmişdir ki, hal-hazırda borcundan 40 manat ödəniş edə bilər. 2 övladı var. Aliment borcunun olduğundan əməkhaqqısından alimentə görə pul tutulanda xəbəri olmuşdur. Qeyd edir ki, aliment borcunun ödənilməsindən yayınmır və əməkhaqqısından hər ay olmaqla tutulur. Epilepsiya xəstəsidir, hazırda müalicə alır. Əvvəllər 2-ci qrup əlil olmuş və müavinət almışdır. Əlilliyi ləğv edilməsinə baxmayaraq faktiki olaraq epilepsiya xəstəsidir. Məhkəmə iclasında iştirak edən tələbkar Zərərçəkmiş şəxs izahatında göstərdi ki, heç bir yerdə işləmir, kirayədə yaşayır və 1 övladı məktəbə gedir. Tələbkarın atası ilə danışmış və ona borcunun tam şəkildə ödənilməsini bildirmişdir. Hal-hazırda aliment borcunun hər ay müntəzəm olaraq ödənilməsini istəyir. Borclu aliment borcundan indiyə qədər 168 manat, 305 manat, 327 manat, sonuncu dəfə isə 263 manat olmaqla əməkhaqqısından tutulmaqla ödəmişdir. Məhkəmədən borcunun ödənilməsini xahiş edir. Məhkəmə iclasında müdafiəçi qismində iştirak edən Sumqayıt Şəhər 1 saylı Vəkil Bürosunun vəkili X4 bildirmişdir ki, borclunun 500 manat əməkhaqqı alması və aliment borcuna görə tutulmalarla birlikdə öz şəxsi ehtiyaclarını ödəyə bilməməsini, həmçinin aliment borcunun ödənilməsindən yayınmadığının nəzərə alınmasını xahiş etmişdir. İş materiallarında olan xx.xx.2025-ci il tarixli, MN seriyalı ******* nömrəli inzibati xəta haqqında protokoldan görünür ki, Şəxs Şabran rayon Məhkəməsinin 2(031)-246/2025 saylı, xx.xx.2025-ci il tarixli icra sənədi üzrə 2974 manat aliment borcu yaranmışdır. İş materiallarında olan Şabran rayon Məhkəməsinin xx.xx.2025-ci il tarixli icra vərəqəsindən görünür ki, xx.xx.2025-ci il tarixdən başlayaraq xx.xx.2019-cu il təvəllüdlü X7 və xx.xx.2022-ci il təvəllüdlü X5 yetkinlik yaşına çatanadək saxlanılması üçün cavabdeh Şəxs iddiaçı Zərərçəkmiş şəxs xeyrinə sonrakı artımlar nəzərə alınmaqla, hər ay hər uşaq üçün ölkə üzrə müəyyən olunmuş minimum əmək haqqının 0,47 misli həddində sabit pul məbləğində tutulsun. İş materiallarında olan xx.xx.2025-ci il tarixli qərardan görünür ki, Şabran rayon Məhkəməsinin xx.xx.2025-ci il tarixli, 2(031)-246/2025 saylı icra vərəqəsi icra olunması üçün aidiyyəti üzrə Sumqayıt şəhəri üzrə İcra İdarəsinə göndərilmişdir. İş materiallarında olan xx.xx.2025-ci il tarixli icraata başlamaq haqqında qərardan görünür ki, Şabran rayon Məhkəməsinin xx.xx.2025-ci il tarixli 2(031)-246/2025 saylı nömrəli icra sənədi üzrə icraata başlanılmışdır. İş materiallarında olan xx.xx.2025-ci il tarixli tələbin könüllü icrası haqqında bildirişlə borcluya icra sənədi üzrə tələbi 10 gün ərzində könüllü icra etməyi xahiş olunmuşdur. İş materiallarında olan Zərərçəkmiş şəxs 2025-ci il iyul tarixli ərizəsindən görünür ki, qarşı tərəf aliment ödənişini etmir. Yaranmış borcun ödənilməsi istiqamətində müvafiq tədbir görülməsini xahiş edir. İş materiallarında olan Zərərçəkmiş şəxs xx.xx.2025-ci il tarixli ərizəsindən görünür ki, icra sənədi borclunun əməkhaqqısına yönəldilməsinə baxmayaraq hesabına aylıq alimentdən aşağı məbləğdə pul köçür. Sentyabr ayından bu günə kimi 793 manat aliment məbləği köçmüşdür. Hazırda 3387 manat qalıq borcu var. Qanunamüvafiq tədbir görülməsini xahiş edir. İş materiallarında olan xx.xx.2025-ci il tarixli borclunun gəlirindən tutulma ilə bağlı müraciətdən görünür ki, borclu Şəxs hazırda 2300 manat aliment borcu var. Göstərilən icra sənədi "xxxx" MMC-ə göndərilərək təklif olunur ki, borclu Şəxs əməkhaqqısından hər ay 70% həcmdə tutulma aparılaraq, borc bitdikdən sonra isə icra sənədində qeyd olunan qaydada aliment məbləğinin tutulub tələbkarın hesabıan ödənilməsi tələb edilmişdir. İş materiallarında olan “Elektron İcra” informasiya sistemindən əldə edilmiş çıxarışdan görünür ki, xx.xx.2022-ci il təvəllüdlü X8 və xx.xx.2019-cu il təvəllüdlü X1 Natiq Mehman oğlunun uşaqlarıdır. Şəxs "xxxx" MMC-də operator vəzifəsində işləyir. Aylıq əməkhaqqısı 500 manatdır. İş materiallarında olan Şəxs ərizəsindən görünür ki, icra sənədi hazırda əmək haqqısına yönəldilməsinə baxmayaraq hazırda borcu 3387 manat təşkil edir. Yaranmış borcu tam şəkildə ödəməyə imkanı yoxdur. İş materiallarında olan Şəxs xx.xx.2025-ci il tarixli ərizəsindən görünür ki, icra sənədi hazırda əməkhaqqısına yönəldilməsinə baxmayaraq aylıq alimentdən az miqdarda tutulur. Yaranmış borcu tam şəkildə ödəməyə imkanı yoxdur. Məhkəmə toplanmış sübutlara məcmu halda hüquqi qiymət verərək hesab edir ki, Şəxs Azərbaycan Respublikasının İXM-in 528.1-ci maddəsində nəzərdə tutulmuş inzibati xətanı törətmişdir. Belə ki, Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 528.1-ci maddəsinə əsasən icra sənədindəki tələbin üzrsüz səbəbdən icra məmuru tərəfindən müəyyən olunmuş müddətdə icra edilməməsinə və ya icra məmurunun məhkəmə və ya başqa dövlət orqanlarının qərarlarının icrası ilə əlaqədar digər qanuni tələblərinin yerinə yetirilməməsinə görə inzibati məsuliyyət nəzərdə tutulmuşdur. Məhkəmə araşdırması nəticəsində məlum olmuşdur ki, protokol tərtib olunduğu müddətədək borclu Şəxs müəyyən miqdarda ödənişlər etsə də, 2974 manat aliment borcunun yaranmış, icra sənədinin vaxtında və tam icra edilməsi üçün hər hansı üzrlü səbəb müəyyən olunmamışdır. Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 15.2-ci maddəsinə əsasən məhkəmələrin qanuni qüvvəyə minmiş qətnaməsi, qərardadı, qərarı, əmri bütün dövlət hakimiyyəti, yerli özünüidarə orqanları, onların vəzifəli şəxsləri, ictimai birliklər, siyasi partiyalar, həmkarlar ittifaqları, onların vəzifəli şəxsləri, həmçinin fiziki və hüquqi şəxslər üçün məcburidir və Azərbaycan Respublikasının bütün ərazisində hökmən icra olunmalıdır. Azərbaycan Respublikasında məhkəmə və digər orqanların qərarlarının məcburi icrası qaydaları və şərtləri “İcra haqqında” Qanun ilə tənzimlənir. İcra haqqında qanunvericilikdə məhkəmə və digər orqanların qərarlarının məcburi icrası vəzifəsi icra məmurunun üzərinə qoyulmuş və sonuncunun bununla əlaqədar tələblərinin Azərbaycan Respublikasının ərazisində bütün orqanlar, hüquqi şəxslər, onların vəzifəli şəxsləri və fiziki şəxslər üçün məcburi olduğu təsbit edilmişdir. “İcra haqqında” Qanunun 3.2-ci maddəsinə əsasən, məhkəmə və digər orqanların qərarlarının icrası ilə əlaqədar icra məmurlarının tələblərini yerinə yetirməyən, onlara həvalə edilmiş vəzifələrin icrasına mane olan şəxslər Azərbaycan Respublikasının qanunvericiliyi ilə nəzərdə tutulmuş qaydada məsuliyyət daşıyırlar. Qeyd edilən Qanunda, həmçinin məhkəmə və digər orqanların qərarlarının icrası ilə bağlı icra məmurları tərəfindən edilməli olan hərəkətlərin, görülə biləcək tədbirlərin, o cümlədən məcburi icra tədbirlərinin dairəsi və müddətləri müəyyən edilmişdir. “İcra haqqında” AR qanunun 82.1-ci maddəsinə əsasən borclunu müəyyən hərəkətləri etməyə və ya müəyyən hərəkətləri etməkdən çəkinməyə məcbur edən icra sənədi icra məmuru tərəfindən müəyyən olunmuş müddətdə üzrsüz səbəbdən icra olunmadıqda, icra məmuru borclunun Azərbaycan Respublikasının qanunvericiliyi ilə nəzərdə tutulmuş qaydada inzibati məsuliyyətə cəlb olunması üçün inzibati xəta haqqında protokol tərtib edir və onu işin digər materialları ilə birlikdə müvafiq məhkəməyə göndərir (vergilər, faizlər və maliyyə sanksiyaları üzrə borcların alınması (vergilərin ödənilməməsi) ilə əlaqədar qanuni qüvvəyə minmiş məhkəmə qərarları ilə bağlı verilmiş icra sənədləri istisna olmaqla). Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 3-cü maddəsinə əsasən, yalnız bu Məcəllə ilə nəzərdə tutulmuş inzibati xətanın törədilməsində təqsirli hesab edilən və inzibati xəta tərkibinin bütün digər əlamətlərini daşıyan əməli (hərəkət və ya hərəkətsizliyi) törətmiş şəxs inzibati məsuliyyətə cəlb olunur. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 528.1-ci maddəsindən görünür ki, həmin xətanın törədilməsinə görə fiziki şəxslər beş yüz manatdan min manatadək miqdarda cərimə edilir və ya işin hallarına görə, pozuntunu törədənin şəxsiyyəti nəzərə alınmaqla bir ayadək inzibati həbs tətbiq olunur. Həmin Məcəllənin 21-ci maddəsinə əsasən inzibati tənbeh məsuliyyət tədbiridir və inzibati xəta törədən şəxsi qanunlara əməl edilməsi ruhunda tərbiyələndirmək, habelə həm inzibati xəta törətmiş şəxs, həm də başqa şəxslər tərəfindən yeni inzibati xəta törədilməsinin qarşısını almaq məqsədi daşıyır. Məhkəmə inzibati xətaya görə tənbeh tətbiq edərkən Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 31.2-ci maddəsinin tələblərinə uyğun olaraq xətanın xarakteri, inzibati xəta törədən şəxsin şəxsiyyətini xarakterizə edən hallar, onun təqsirinin dərəcəsi, əmlak vəziyyəti, habelə məsuliyyəti yüngülləşdirən və ağırlaşdıran hallar nəzərə alınır. İXM-in 32-ci maddəsinə əsasən borclunun məsuliyyətini yüngülləşdirən hallar müəyyən edilməmişdir. İXM-in 33-cü maddəsinə əsasən Şəxs məsuliyyətini ağırlaşdıran hallar müəyyən edilməmişdir. Məhkəmə törədilmiş inzibati xətanın xarakterini, Şəxs şəxsiyyətini xarakterizə edən halları, təqsirinin dərəcəsini nəzərə alaraq hesab edir ki, Şəxs inzibati cərimə növündə inzibati tənbeh tətbiq edilməlidir. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 114.1.1-ci maddəsinə əsasən inzibati xəta haqqında işə baxılarkən inzibati tənbeh vermə haqqında qərar çıxarılır. Məhkəmə həmçinin hesab edir ki, vəkil X2 məhkəmədə iştirak etdiyi 03 (üç) saat hüquqi yardıma görə 33 (otuz üç) manat məbləğində pul vəsaiti Dövlət büdcəsi hesabından Sumqayıt Şəhər 1 saylı Vəkil Bürosunun hesabına köçürülməlidir. Belə ki, “Müdafiəçilərə, tərcüməçilərə, mütəxəssislərə və ekspertlərə ödənilməli olan məbləğlərin miqdarı haqqında” Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2001-ci il 1 fevral tarixli 31 nömrəli qərarının 1-ci, 4-cü və 5-ci hissələrinə əsasən hüquqi yardım göstərilməsinə görə müdafiəçiyə ödənilən haqq hər iş saatı üçün 11 manat məbləğində müəyyən edilmişdir. Yuxarıdakılara əsasən və Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 114.1-ci maddəsini rəhbər tutaraq məhkəmə, QƏRARA ALDİ: Şəxs Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 528.1-ci maddəsi ilə nəzərdə tutulmuş inzibati xətanın törədilməsində təqsirli bilinərək 500 (beş yüz) manat məbləğində inzibati cərimə edilsin. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 528.1-ci maddəsi ilə təqsirləndirilən Şəxs Sumqayıt Şəhər 1 saylı Vəkil Bürosunun vəkili X2 göstərdiyi 03 (üç) saat hüquqi yardımın ödənilməsi Azərbaycan Respublikası dövlət büdcəsi vəsaiti hesabına həyata keçirilsin. Göstərilən hüquqi yardıma görə cəmi 33 (otuz üç) manat dövlət büdcəsindən tutularaq Sumqayıt Şəhər 1 saylı Vəkil Bürosunun hesabına köçürülsün. Qərarın surəti təqdim edildiyi və ya alındığı gündən 10 (on) gün müddətində Sumqayıt şəhər Məhkəməsi vasitəsi ilə və ya birbaşa Sumqayıt Apellyasiya Məhkəməsinə şikayət verilə bilər. Hakim: Fərid Nəsimiyev

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar