Azərbaycan Respublikası adından QƏRAR Sumqayıt şəhəri İş № 3(060)-3479/2025 08.01.2026 SUMQAYIT ŞƏHƏR MƏHKƏMƏSİ Hakim İsmayılov Samir Bəyistan oğlunun sədrliyi, Əkbərli Nicat Mais oğlunun katibliyi, X1 iştirakları ilə, Sumqayıt ŞPİ-nin X6 Şöbəsinin 15 noyabr 2025-ci il tarixli, TP seriyalı ******* nömrəli inzibati tənbeh vermə haqqında qərarından X3 tərəfindən verilmiş şikayətə açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: X3 şikayətlə məhkəməyə müraciət edərək Sumqayıt ŞPİ-nin X6 Şöbəsinin 15 noyabr 2025-ci il tarixli, TP seriyalı ******* nömrəli inzibati tənbeh vermə haqqında qərarının ləğv edilməsini və iş üzrə icraata xitam verilməsini xahiş etmişdir. Şikayətçi ərizəsini onunla əsaslandırmışdır ki, inspektor ona dairədə olan digər nəqliyyat vasitəsinə yol vermədiyi üçün protokol tərtib ediləcəyini bildirmişdir. Lakin, o dairəyə daxil olduğu zaman orada hərəkətdə olan sürücü ona görə istiqamətini və ya sürətini dəyişməmişdir. Cərimə gəldikdən sonra e-Polis tətbiqi vasitəsilə şikayət göndərmişdir. Bir müddət sonra Sumqayıt ŞPİ-nin X6 şöbəsinə dəvət olunmuş və qanunvericiliyə əsaslanaraq öz mövqeyini bir daha bildirmişdir. Görüntülərdən aydın görünür ki, o hərəkətdə olan nəqliyyat vasitəsinə heç bir maneə yaratmamışdır, onun sürəti və istiqaməti dəyişməmişdir. Həmçinin, dairəyə daxil olmamışdan əvvəl dayanaraq dairədəki nəqliyyat vasitəsinə mane olmayacağına əmin olduqdan sonra hərəkətə davam etmişəmdir. Məhkəmə iclasında iştirak edən X3 ərizəsinin məzmununa uyğun izahat verərək şikayətin təmin edilməsini xahiş etmişdir. Məhkəmə iclasının vaxtı və yeri barədə məlumat verilməsinə baxmayaraq qərar qəbul etmiş şəxs Sumqayıt ŞPİ-nin X6 Şöbəsinin nümayəndəsi məhkəmə iclasında iştirak etməmiş və iştirak etməməsinin səbəbləri barədə məlumat verməmişdir. Məhkəmə Azərbaycan Respublikası İXM-in 133.2.4-cü maddəsinə əsasən işə Sumqayıt ŞPİ-nin X6 Şöbəsinin nümayəndəsinin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Məhkəmə şikayətçinin izahatını dinləyərək və iş materiallarını araşdıraraq hesab edir ki, şikayət əsassız olduğu üçün təmin edilməməlidir. Belə ki, iş materiallarında olan Sumqayıt ŞPİ-nin X6 Şöbəsinin 15 noyabr 2025-ci il tarixli, TP seriyalı ******* nömrəli inzibati tənbeh vermə haqqında qərarından görünür ki, X3 xx.xx.2025-ci il tarixdə saat 09:54-də “BMW 520D” minik markalı, **-LA-*** dövlət nişanlı avtomobili idarə edərkən yol ayrıcını keçmə qaydalarını pozduğuna görə Azərbaycan Respublikası İXM-in 327.2-ci maddəsi ilə təqsirli bilinərək 100 manat məbləğində inzibati cərimə edilmişdir. İş materiallarına əlavə edilmiş CD diskdə olan video görüntülərə məhkəmə iclasında baxış keçirilərkən müəyyən edilmişdir ki, “BMW 520D” minik markalı, **-LA-*** dövlət nişanlı avtomobilin sürücüsü dairəvi yolda hərəkət edən digər nəqliyyat vasitəsinin çox yaxında olmasına diqqət yetirmədən dairəvi yola daxil olmuş və dairəvi yolda olan nəqliyyat vasitəsinə çox yaxın məsafədə onun qarşısından keçmişdir. Dairəvi yolda hərəkət edən digər nəqliyyat vasitəsi sürətini və istiqamətini dəyişməsə də, “BMW 520D” minik markalı, **-LA-*** dövlət nişanlı avtomobilin dairəvi yola daxil olması yolda təhlükəli vəziyyət yaratmışdır. Məhkəmə qeyd edir ki, indiki vəziyyətdə dairəvi yolda olan digər nəqliyyat vasitəsinin sürətini və istiqamətini dəyişməməsi həmin yola daxil olan “BMW 520D” minik markalı, **- LA-*** dövlət nişanlı avtomobilin ona yol verməsi kimi qiymətləndirilə bilməz. Belə ki, qüvvədə olan qanunvericiliyin tələbinə əsasən sürücünün hər hansı manevr etməsi digər hərəkət iştirakçılarının hərəkət istiqamətini və ya sürəti dəyişdirməyə məcbur etməsi yol verməmə kimi qiymətləndirilir. İndiki halda “BMW 520D” minik markalı, **-LA-*** dövlət nişanlı avtomobilin dairəvi yolda daxil olması normal və təhlükəsiz hərəkət baxımından dairəvi yolda həərəkətdə olan digər nəqliyyat vasitəsinin sürətini dəyişdirməyə məcbur etmişdir, lakin sonuncu nəqliyyat vasitəsinin sürətini dəyişdirməməsi dairəvi yolda təhlükəli vəziyyət yaratmışdır. Nəticə etibarı ilə “BMW 520D” minik markalı, **-LA-*** dövlət nişanlı avtomobilin dairəvi yolda daxil olması dairəvi yolda hərəkət edən və üstün keçid hüququ olan nəqliyyat vasitəsi üçün təhlükə yaratmışdır. Qeyd edilməlidir ki, qanunvericilikdə müəyyən edilmiş “yol vermə” anlayışı hər hansı manevr edən hərəkət iştirakçısının mütləq şəkildə digər hərəkət iştirakçılarının hərəkət istiqamətini və ya sürətini dəyişdirməsini deyil, buna məcbur etməsini ehtiva edir. Yəni, ola bilər ki, digər hərəkət iştirakçıları təhlükəsiz hərəkət baxımından hərəkət istiqamətini və ya sürətini dəyişdirməyə məcbur olsun, lakin hərəkət istiqamətini və ya sürətini dəyişdirməsin və nəticədə təhlükəli vəziyyət yaranmış olsun. Qeyd edilən sonuncu hal da yolda hərəkət təhlükəsizliyinin və yol-hərəkəti qaydalarının pozulması kimi qiymətləndirilməlidir. Beləliklə də, işin məhkəmə araşdırması zamanı X2 “BMW 520D” minik markalı, **- LA-*** dövlət nişanlı avtomobili idarə edərkən yol ayrıcını keçmə qaydalarını pozması və beləliklə də Azərbaycan Respublikası İXM-in 327.2-ci maddəsində nəzərdə tutulmuş inzibati xətanı törətməsi öz təsdiqini tapmışdır. Göstərilənlərə əsasən məhkəmə hesab edir ki, Sumqayıt ŞPİ-nin X6 Şöbəsinin 15 noyabr 2025-ci il tarixli, TP seriyalı ******* nömrəli inzibati tənbeh vermə haqqında qərarı qanuni və əsaslıdır, həmin qərarın ləğv edilməsi və dəyişdirilməsi üçün əsaslar yoxdur. Belə ki, “Yol hərəkəti haqqında” Azərbaycan Respublikası Qanununun 1-ci maddəsinin 41-ci bəndinə əsasən yol vermək – sürücünün hərəkəti davam etdirməsi və ya yenidən hərəkətə başlaması, hər hansı manevr etməsi başqa nəqliyyat vasitələrinin sürücülərini və piyadaları qəflətən hərəkət istiqamətini və ya sürəti dəyişdirməyə məcbur edə biləcəyi halda, onun hərəkəti davam etdirməməsi və ya yenidən hərəkətə başlamaması, manevr etməməsidir. Azərbaycan Respublikası İXM-in 327.2-ci maddəsinə əsasən svetoforun və ya nizamlayıcının qadağanedici işarəsi verilərkən hərəkətin davam etdirilməsinə, 3.1 “Giriş qadağandır” yol nişanının tələblərinin və ya sərnişin daşıma, əks istiqamətli hərəkət zolağına çıxmaqla ötmə və ya manevr etmə, yolayrıcını keçmə qaydalarının pozulmasına, ümumi istifadədə olan nəqliyyat vasitələrinin, yaxud adamlar daşınan yük avtomobillərinin sərnişinlərlə yanacaqdoldurma məntəqəsinə daxil olmasına, 1.1, 1.3 və 1.11 üfüqi nişanlanma xətlərinin tələblərinə riayət etməyərək sola və ya geriyə dönməyə, yaxud maneəni kənardan keçməyə görə - yüz manat məbləğində cərimə edilir. Həmin Məcəllənin 48-ci maddəsinə əsasən inzibati xətalar haqqında işlər üzrə icraatın vəzifələri şəxslərin hüquqlarını və azadlıqlarını, onların qanuni mənafelərini qorumaqdan, inzibati xəta haqqında hər bir işin hallarını vaxtında, hərtərəfli, tam və obyektiv surətdə aydınlaşdırmaqdan, inzibati xəta törətmiş şəxsi aşkar etməkdən və onu inzibati məsuliyyətə cəlb etməkdən, çıxarılmış qərarın icrasını təmin etməkdən, habelə inzibati xətanın törədilməsinə kömək edən səbəbləri və şəraiti aşkar etməkdən və inzibati xətaların qarşısını almaqdan ibarətdir. Həmin Məcəllənin 76.1-ci maddəsinə əsasən İnzibati xətanın olub-olmamasını, inzibati xəta törədən şəxsin təqsirini və işin düzgün həlli üçün əhəmiyyətli olan digər halları müəyyən etmək üçün hakimin, səlahiyyətli orqanın (vəzifəli şəxsin) əsaslana bildiyi hər cür faktik məlumatlar inzibati xətalar haqqında işlər üzrə sübutlar sayılır. Bu məlumatlar maddi sübutlarla, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsin, zərər çəkmiş şəxsin, şahidlərin izahatları ilə, digər sənədlərlə, xüsusi texniki vasitələrin göstəriciləri ilə, dövlət informasiya sistemlərində (ehtiyatlarında) aşkar olunan məlumatlarla, ekspertin rəyi ilə, inzibati xəta haqqında protokolla, bu Məcəllə ilə müəyyən edilmiş digər protokollarla müəyyən edilir. Həmin Məcəllənin 84.1-ci maddəsinə əsasən inzibati xətalar haqqında işlərə baxan hakim, səlahiyyətli orqan (vəzifəli şəxs) işin bütün hallarının məcmusunun hərtərəfli, tam və obyektiv surətdə baxılmasına əsaslanan öz daxili inamı ilə sübutları qiymətləndirir. Həmin Məcəllənin 99.1-ci maddəsinə əsasən inzibati xəta hadisəsinin mövcudluğunu göstərən kifayət qədər halların səlahiyyətli vəzifəli şəxs tərəfindən bilavasitə və ya xüsusi texniki vasitələrin köməyi ilə aşkar edilməsi inzibati xətalar haqqında işlər üzrə icraata başlamağa səbəb ola bilər. Həmin Məcəllənin 133.2.8-ci maddəsinə əsasən inzibati xəta haqqında iş üzrə qərardan verilən şikayətə və ya protestə baxılarkən qəbul edilmiş qərarın qanuniliyi və əsaslılığı iş üzrə olan və əlavə təqdim edilmiş materiallar əsasında yoxlanılır. Beləliklə, məhkəmə hesab edir ki, Sumqayıt ŞPİ-nin X6 Şöbəsinin 15 noyabr 2025-ci il tarixli, TP seriyalı ******* nömrəli inzibati tənbeh vermə haqqında qərarı qanuni və əsaslı olduğundan X2 verdiyi şikayət təmin edilməməli və qeyd edilən qərar dəyişdirilmədən saxlanılmalıdır. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası İXM-in 133-137-ci maddələrini rəhbər tutaraq, məhkəmə QƏRARAALDİ: X2 şikayəti təmin edilməsin. Sumqayıt ŞPİ-nin X6 Şöbəsinin 15 noyabr 2025-ci il tarixli, TP seriyalı ******* nömrəli inzibati tənbeh vermə haqqında qərarı dəyişdirilmədən saxlanılsın. Qərarın surəti rəsmi qaydada təqdim edildiyi və ya alındığı gündən 20 gün müddətində Sumqayıt Şəhər Məhkəməsi vasitəsi ilə və ya bilavasitə Sumqayıt Apelyasiya Məhkəməsinə şikayət verilə bilər. Hakim: Samir İsmayılov
Məhkəmə qərarları › İş №3(060)-3479/2025
Sumqayıt Şəhər Məhkəməsi Qərar — İş №3(060)-3479/2025
08.01.2026 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver