Azərbaycan Respublikası adından QƏRAR Sumqayıt şəhəri İş № 3(060)-348/2024 02.02.2024 SUMQAYIT ŞƏHƏR MƏHKƏMƏSİ Hakim İsmayılov Samir Bəyistan oğlunun sədrliyi, İsgəndərov Aslan Haqverdi oğlunun katibliyi, İnzibati xəta haqqında protokolu tətib etmiş Sumqayıt şəhəri üzrə İcra İdarəsinin icra məmuru X1, Zərərçəkmiş şəxs X2, Müdafiəçi “Şimal” Vəkil Bürosunun vəkili Vəkil, Barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Qədimova (Qurbanova) Nairə Rasim qızının iştirakı ilə, xx.xx.1987-ci ildə Sumqayıt şəhərində anadan olmuş, Azərbaycan Respublikasının vətəndaşı, subay, ali təhsilli, himayəsində bir azyaşlı uşağı olan, ünvan 1 ünvanında qeydiyyatda olan və ünvan 2 ünvanında yaşayan Qədimova (Qurbanova) Nairə Rasim qızının barəsində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 528.1-ci maddəsi ilə tərtib edilmiş inzibati xəta haqqında protokola və olan əlavə edilmiş materiallara açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: Sumqayıt şəhəri üzrə İcra idarəsinin icra məmuru X4 tərəfindən xx.xx.2024-cü il tarixdə Qurbanova Nairə Rasim qızı barəsində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 528.1-ci maddəsi ilə inzibati xəta haqqında protokol tərtib olunaraq baxılması üçün məhkəməyə təqdim edilmişdir. Protokoldan görünür ki, Qurbanova Nairə Rasim qızı Sumqayıt şəhər Məhkəməsinin xx.xx.2022-ci il tarixli, 2(060)-5493/2022 saylı icra sənədini üzrsüz səbəbdən icra etməmişdir. X6 Rasim qızı tərəfindən Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 528.1-ci maddəsində nəzərdə tutulmuş inzibati xəta törədilmişdir. Məhkəmə iclasında iştirak edən Sumqayıt şəhəri üzrə İcra idarəsinin icra məmuru X4 bildirmişdir ki, Qurbanova Nairə Rasim qızı Sumqayıt şəhər Məhkəməsinin xx.xx.2022-ci il tarixli, 2(060)-5493/2022 saylı icra qeydini üzrsüz səbəbdən icra etməmişdir. Hal-hazırda borclunun zərərçəkmiş şəxsə 86824.50 manat borcu var. Göstərilən halları nəzərə alaraq Qurbanova Nairə Rasim qızı barəsində ədalətli qərar qəbul edilməsini xahiş etmişdir. Bundan əlavə icra məmuru ona verilmiş sullara cavab olaraq bildirmişdir ki, borcluya icraata başlamaq haqqında qərar, icra sənədi üzrə bildiriş və sms bildiriş göndərimişdir. Borclunun sms bildiriş göndərilən nömrəni işlədib-işlətməməyi ona məlum deyil. Borcluya bildirişlər çatmadığı üçün xx.xx.2024-cü ildə borclu barəsində axtarış elan olunaraq icraya yönəlmişdir. Mülki mübahisə üzrə Azərbaycan Respublikası Ali Məhkəməsinin 2(060)-168/2023 saylı, xx.xx.2023-cü il tarixli qərarı ilə Sumqayıt Apellyasiya Məhkəməsinin xx.xx.2022-ci il tarixli qərarı dəyişdirilmədən saxlanılmış, Suqmayıt şəhər Məhkəməsinin xx.xx.2023-cü il tarixli məktubu ilə icra hərəkətləri davam etdirilmişdir. Borclu icra şöbəsinə axtarış qərarı əsasında gətirilib, borclu tərəfindən borc üzrə ibtidai istintaq orqanın icraatında cinayət işi var. Borclunun adına hər hansı əmlak aşkar olunmamışdır. Borclunun barəsində icra şöbəsində başqa iş də olmuşdur və həmin vaxtdan hazırki iş üzrə də məlumatlı olmuşdur. Məhkəmə iclasında iştirak edən barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Qədimova (Qurbanova) Nairə Rasim qızı bildirmişdir ki, barəsində olan icra işindən öncədən məlumatlı olmuşdur, himayəsində olan 11 yaşlı uşaqla kirayədə yaşayır. Xərcləri çox olduğu üçün icra sənədi üzrə ödəniş apara bilmir. 1-2 aydan sonra hissəhissə ödəyəcəyinə söz verir. Göstərilən halları nəzərə alaraq ona vaxt verilməsini xahiş etmişdir. Məhkəmə iclasında iştirak edən zərərçəkmiş şəxs X5 bildirmişdir ki, borclu icra qeydi üzrə heç bir ödəniş etməmişdir. İcra sənədi üzrə borcun tam ödənilməsini tələb edir. Göstərilən halların nəzərə alınmasını xahiş etmişdir. Məhkəmə iclasında iştirak edən barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsin müdafiəçisi Vəkil bildirmişdir ki, şəxsin ödənişi tam icra etməməsi qərəzli yanaşma deyil, onun maddi vəziyyəti ilə bağlıdır. Borclunun himayəsində azyaşlı uşağının olmasını nəzərə alaraq həbslə bağlı olmayan inzibati tənbeh tədbiri tətbiq edilməsini xahiş etmişdir. Məhkəmə proses iştirakçılarını dinləyib, iş materiallarını araşdırıb hesab edir ki, Qədimova (Qurbanova) Nairə Rasim qızının Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 528.1-ci maddəsi ilə nəzərdə tutulmuş inzibati xətanı törətməsi tam sübuta yetirilir. Belə ki, iş materiallarında olan xx.xx.2023-cü il tarixli icraata başlama barədə qərardan görünür ki, Sumqayıt şəhər Məhkəməsinin xx.xx.2022-ci il tarixli, 2(060)- 5493/2022 saylı icra sənədi üzrə icraata başlanmışdır. İş materiallarında olan tələbin könüllü icrası barədə bildirişdən görünür ki, həmin bildirişi Qurbanova Nairə Rasim qızı rəsmi qaydada imzalamaqla qəbul etmişdir. İş materiallarında olan xx.xx.2024-cü il tarixli borclunun axtarışı haqqında qərardan görünür ki, borclu barəsində axtarış elan olunmuşdur. Elektron məhkəmə sistemində Qurbanova Nairə Rasim qızının qohumluq məlumatları barədə çıxarışdan görünür ki, Qurbanova Nairə Rasim qızının himayəsində xx.xx.2012-ci il təvəllüdlü bir uşağı var. Beləliklə məhkəmə iclasında müəyyən edilmişdir ki, Sumqayıt şəhər Məhkəməsinin xx.xx.2022-ci il tarixli, 2(060)-5493/2022 saylı icra sənədinə əsasən borclu Qədimova (Qurbanova) Nairə Rasim qızından 86.500 manat məbləğində pul, ödənilmiş 299.5 manat dövlət rüsumu və 25 manat mediasiya xərci tutularaq tələbkar X3 ödənilməlidir. İş üzrə xx.xx.2024-cü ildə icraata başlama barədə qərar qəbul edilmiş, borclu tələbin könüllü icrası barədə bildirişi rəsmi qaydada qəbul etmiş, lakin icra sənədi üzrə borcunu ödəməmiş, axtarış qərarı əsasında icra idarəsinə gətirilmişdir. Həm icra idarəsində, həm də məhkəmədə verdiyi izahatında hazırda ödəniş edə bilmədiyini, yalnız bir müddət sonra işləyəcəyi halda hissə-hissə ödənişlər edə biləcəyini bildirmişdir. Göstərilən səbəblərdən də məhkəmə hesab edir ki, Qədimova (Qurbanova) Nairə Rasim qızının qeyd edilən hərəkətləri, yəni indiyədək tələbi icra etməməsi, hazırda da ödəniş etməməsi və gələcəkdə ödənişlər etməsini isə yalnız işlədiyi halda edə biləcəyini bildirməklə ehtimallara əsasən bildirməsi icra məmurunun qanuni tələblərinin yerinə yetirilməməsi və icra sənədinin üzrsüz səbəbdən icra edilməməsi kimi qiymətləndirilməldir. Onun əməlində Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 528.1-ci maddəsində nəzərdə tutulmuş inzibati xətanın tərkibi vardır. Qədimova (Qurbanova) Nairə Rasim qızının barəsində başlanmış inzibati xəta haqqında iş üzrə icraata xitam verilməsi üçün və məsuliyyətdən azad edilməsi üçün əsaslar yoxdur. Azərbaycan Respublikasının Konstitusiyasının 129-cu maddəsinə əsasən məhkəmənin qəbul etdiyi qərarlar dövlətin adından çıxarılır və onların icrası məcburidir. Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 15.2-ci maddəsinə əsasən məhkəmələrin qanuni qüvvəyə minmiş qətnaməsi, qərardadı, qərarı, əmri bütün dövlət hakimiyyəti, yerli özünüidarə orqanları, onların vəzifəli şəxsləri, ictimai birliklər, siyasi partiyalar, həmkarlar ittifaqları, onların vəzifəli şəxsləri, həmçinin fiziki və hüquqi şəxslər üçün məcburidir və Azərbaycan Respublikasının bütün ərazisində hökmən icra olunmalıdır. “İcra Haqqında” Azərbaycan Respublikasının Qanununun 3-cü maddəsindən görünür ki, məhkəmə və digər orqanların qərarlarının icrası ilə əlaqədar icra məmurunun tələbləri Azərbaycan Respublikasının ərazisində bütün orqanlar, hüquqi şəxslər, onların vəzifəli şəxsləri və fiziki şəxslər üçün məcburidir. Məhkəmə və digər orqanların qərarlarının icrası ilə əlaqədar icra məmurlarının tələblərini yerinə yetirməyən, onlara həvalə edilmiş vəzifələrin icrasına mane olan şəxslər Azərbaycan Respublikasının qanunvericiliyi ilə nəzərdə tutulmuş qaydada məsuliyyət daşıyırlar. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 528.1-ci maddəsinə əsasən məhkəmə və digər orqanların qərarlarının icrası ilə əlaqədar icra məmurunun qanuni tələblərinin yerinə yetirilməməsinə və ya icra məmuru tərəfindən müəyyən olunmuş müddətdə borclunu müəyyən hərəkətləri etməyə və ya müəyyən hərəkətləri etməkdən çəkinməyə məcbur edən icra sənədinin üzrsüz səbəbdən icra edilməməsinə görə-fiziki şəxslər beş yüz manatdan min manatadək miqdarda cərimə edilir və ya işin hallarına görə, pozuntunu törədənin şəxsiyyəti nəzərə alınmaqla bir ayadək inzibati həbs tətbiq olunur, vəzifəli şəxslər min iki yüz manatdan iki min beş yüz manatadək məbləğdə, hüquqi şəxslər üç min manatdan beş min manatadək məbləğdə cərimə edilir. Həmin Məcəllənin 3-cü maddəsinə əsasən, yalnız bu Məcəllə ilə nəzərdə tutulmuş inzibati xətaların törədilməsində təqsirli hesab edilən və inzibati xəta tərkibinin bütün digər əlamətlərini daşıyan əməli (hərəkət və ya hərəkətsizlik) törətmiş şəxs inzibati məsuliyyətə cəlb olunur və tənbeh edilir. Həmin Məcəllənin 12-ci maddəsinə görə bu Məcəllə ilə qorunan ictimai münasibətlərə qəsd edən, hüquqazidd olan, təqsirli sayılan (qəsdən və ehtiyatsızlıqdan törədilən) və inzibati məsuliyyətə səbəb olan əməl (hərəkət və hərəkətsizlik) inzibati xəta hesab olunur. Bu Məcəllənin Xüsusi hissəsində nəzərdə tutulan əməllərə görə inzibati məsuliyyət o halda yaranır ki, bu əməllər cinayət məsuliyyətinə səbəb olmasın. Həmin Məcəllənin 22-ci maddəsinə əsasən inzibati tənbeh məsuliyyət tədbiridir və inzibati xəta törədən şəxsi qanunlara əməl edilməsi ruhunda tərbiyələndirmək, habelə həm inzibati xəta törətmiş şəxs, həm də başqa şəxslər tərəfindən yeni inzibati xəta törədilməsinin qarşısını almaq məqsədi daşıyır. Həmin Məcəllənin 30.2-ci maddəsinə əsasən hamilə qadınlar və ya himayəsində on dörd yaşınadək uşağı olan qadınlar, on dörd yaşına çatmamış uşağını təkbaşına böyüdən kişilər, on səkkiz yaşına çatmayan şəxslər, orqanizmin funksiyalarının 61-80 faiz və ya 81-100 faiz pozulmasına görə əlilliyi müəyyən edilmiş şəxslər, 18 yaşınadək əlilliyi müəyyən edilmiş şəxslər, altmış yaşına çatmış qadınlar və altmış beş yaşına çatmış kişilər, habelə bu Məcəllənin 41-ci fəslində nəzərdə tutulmuş inzibati xətalar istisna olmaqla digər inzibati xətalara görə hərbi qulluqçular barəsində inzibati həbs tətbiq edilə bilməz. Məhkəmə Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 32-ci maddəsinə əsasən Qədimova (Qurbanova) Nairə Rasim qızının himayəsində bir azyaşlı uşağının olmasını məsuliyyətini yüngülləşdirən hal kimi nəzərə alır. Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 33-cü maddəsinə əsasən işdə Qurbanova Nairə Rasim qızının məsuliyyətini ağırlaşdıran hallar müəyyən olunmamışdır. İnzibati tənbeh tətbiq edərkən məhkəmə xətanın xarakterini, Qurbanova Nairə Rasim qızının şəxsiyyətini, təqsirinin dərəcəsini, məsuliyyətini yüngülləşdirən halın olmasını, ağırlaşdırıcı halın isə olmamasını, həmçinin himayəsində 12 yaşlı uşağının olması səbəbindən qanunvericiyin ona inzibati həbs tətbiq edilməsini istisna etməsini nəzərə alır və hesab edir ki, onun barəsində Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 528.1-ci maddəsinin sanksiyasında nəzərdə tutulmuş cərimə növündə inzibati tənbeh tədbiri tətbiq edilməlidir. Məhkəmə həmçinin hesab edir ki, Vəkil tərəfindən göstərilmiş hüquqi yardım üzrə sərf edilmiş 3 saat görə 18 (on səkkiz) manat məbləğində pul vəsaiti dövlət büdcəsinin vəsaiti hesabına “Şimal” Vəkil Bürosunun hesabına köçürülsün. “Müdafiəçilərə, tərcüməçilərə, mütəxəssislərə və ekspertlərə ödənilməli olan məbləğlərin miqdarı haqqında” Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2001-ci il 1 fevral tarixli 31 nömrəli qərarının 1-ci, 4-cü və 5-ci hissələrinə əsasən hüquqi yardım göstərilməsinə görə müdafiəçiyə ödənilən haqq hər iş saatı üçün 6 manat məbləğində müəyyən edilmişdir. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 40, 43, 114-115, 117, 128-130-cu maddələrini rəhbər tutaraq, məhkəmə QƏRARA ALDİ: Qədimova (Qurbanova) Nairə Rasim qızı Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 528.1-ci maddəsi ilə nəzərdə tutulmuş inzibati xətanın törədilməsində təqsirli bilinərək 500 (beş yüz) manat məbləğində inzibati cərimə edilsin. Vəkil tərəfindən göstərilmiş hüquqi yardıma görə cəmi 18 (on səkkiz) manat məbləğində pul vəsaiti dövlət büdcəsinin vəsaiti hesabına “Şimal” Vəkil Bürosunun hesabına köçürülsün. Qərarın surəti təqdim edildiyi və ya alındığı gündən 10 (on) gün müddətində Sumqayıt şəhər Məhkəməsi vasitəsi ilə və ya birbaşa Sumqayıt Apellyasiya Məhkəməsinə şikayət verilə bilər. Hakim:Samir İsmayılov
Məhkəmə qərarları › İş №3(060)-348/2024
Sumqayıt Şəhər Məhkəməsi Qərar — İş №3(060)-348/2024
02.02.2024 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver