Məhkəmə qərarları › İş №3(060)-3482/2025

Sumqayıt Şəhər Məhkəməsi Qərar — İş №3(060)-3482/2025

24.12.2025 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Sumqayıt şəhəri İş № 3(060)-3482/2025 24.12.2025 SUMQAYIT ŞƏHƏR MƏHKƏMƏSİ Hakim İsmayılov Samir Bəyistan oğlunun sədrliyi, Əkəbrli Nicat Mais oğlunun katibliyi, İnzibati xəta haqqında protokol tərtib etmiş şəxs Sumqayıt şəhəri üzrə İcra İdarəsinin icra məmuru X1, Barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs və onun müdafiəçisi Sumqayıt şəhəri 1 saylı Vəkil bürosunun vəkili Vəkil iştirakları ilə, xx.xx.1991-ci ildə Sumqayıt şəhərində anadan olmuş, Azərbaycan Respublikasının vətəndaşı, evli, ali təhsilli, işləməyən, ünvan 1 ünvanında qeydiyyatda olan və yaşayan (FİN: xxxxxxx) Şəxs barəsində Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 528.1-ci maddəsi ilə tərtib edilmiş inzibati xəta haqqında protokola və ona əlavə olunmuş materiallara açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: Sumqayıt şəhəri üzrə İcra İdarəsinin icra məmuru X2 tərəfindən Şəxs barəsində Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 528.1-ci maddəsi ilə inzibati xəta haqqında protokol tərtib edilərək baxılması üçün məhkəməyə təqdim edilmişdir. Məhkəmə iclasında iştirak edən Sumqayıt şəhəri üzrə İcra İdarəsinin icra məmuru X2 bildirmişdir ki, Sumqayıt Şəhər Məhkəməsinin xx.xx.2025-ci il tarixli, 2(060)-2424/2025 saylı icra vərəqəsinə əsasən Şəxs 2888,4 manat pulu tutularaq Zərərçəkmiş şəxs oğluna ödənilməlidir. Qeyd edilən icra sənədi üzrə tələb icra edilmədiyi üçün tərəfindən Şəxs barəsində inzibati xəta haqqında protokol tərtib edilmişdir. Protokol tərtib edildikdən sonra icra sənədi üzrə tələb tam icra edilmişdir. Bununla bağlı tələbkar müvafiq ərizə də vermişdir. Göstərilənləri nəzərə alaraq iş üzrə qanuna müvafiq qərar qəbul edilməsini xahiş etmişdir. Məhkəmə iclasında iştirak edən barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs izahatında bildirmişdir ki, o, maddi vəziyyəti ilə əlaqədar ödəniş edə bilməmiş, lakin bu gün borc taparaq icra sənədi üzrə 2888,4 manat borcu tam ödəmişdir. Göstərilən halları nəzərə alaraq iş üzrə icraata xitam verilməsini xahiş etmişdir. Məhkəmə iclasında iştirak edən müdafiəçi Sumqayıt şəhəri 1 saylı Vəkil bürosunun vəkili Vəkil icra sənədi yaranmış borcların tam ödənilməsini nəzərə alaraq iş hüquqlarını müdafiə etdiyi şəxs barəsində başlanmış inzibati xəta haqqında iş üzrə icraata xitam verilməsini xahiş etmişdir. Məhkəmə proses iştirakçılarını dinləyib, toplanmış sübutlara məcmu halda hüquqi qiymət verərək hesab edir ki, Şəxs barəsində Azərbaycan Respublikası İXM-in 528.1-ci maddəsi ilə başlanmış inzibati xəta haqqında iş üzrə icraata xitam verilməlidir. Belə ki, İş materiallarında olan Sumqayıt Şəhər Məhkəməsinin xx.xx.2025-ci il tarixli, 2(060)-2424/2025 saylı saylı icra vərəqəsindən görünür ki, Şəxs 2888,4 manat pulu tutularaq Zərərçəkmiş şəxs oğluna ödənilməlidir. İş materiallarında olan Zərərçəkmiş şəxs oğlunun ərizəsindən görünür ki, borclu Şəxs Sumqayıt Şəhər Məhkəməsinin xx.xx.2025-ci il tarixli, 2(060)-2424/2025 saylı ica sənədi üzrə borcu tam ödəmişdir. Ona görə də iş üzrə icraata xitam verilməsini xahiş etmişdir. Beləliklə, məhkəmə iclasında müəyyən edilmişdir ki, Sumqayıt Şəhər Məhkəməsinin xx.xx.2025-ci il tarixli, 2(060)-2424/2025 saylı icra vərəqəsinə əsasən Şəxs 2888,4 manat pulu tutularaq Zərərçəkmiş şəxs oğluna ödənilməlidir. Qeyd edilən icra sənədi üzrə tələb icra edilmədiyi üçün borclu Şəxs barəsində İXM-in 528.1-ci maddəsi ilə inzibati xəta haqqında protokol tərtib edilmişdir. Lakin, iş məhkəmənin icraatında olan zaman Şəxs icra sənədi üzrə borcunu tam şəkildə ödəmişdir. Məhkəmə hesab edir ki, icra sənədi üzrə borc tam ödənildidiyi üçün Şəxs Ural oğlunun inzibati məsuliyyətdən azad edilməsi və onun barəsində başlanmış inzibati xəta haqqında iş üzrə icraata xitam verilməsi üçün əsas yaranmışdır. Belə ki, Azərbaycan Respublikası İXM-in 528.1-ci maddəsinə əsasən icra sənədindəki tələbin üzrsüz səbəbdən icra məmuru tərəfindən müəyyən olunmuş müddətdə icra edilməməsinə və ya icra məmurunun məhkəmə və ya başqa dövlət orqanlarının qərarlarının icrası ilə əlaqədar digər qanuni tələblərinin yerinə yetirilməməsinə görə - fiziki şəxslər beş yüz manatdan min manatadək məbləğdə cərimə edilir və ya işin hallarına görə, pozuntunu törədənin şəxsiyyəti nəzərə alınmaqla, bir ayadək müddətə inzibati həbs tətbiq olunur, vəzifəli şəxslər min iki yüz manatdan iki min beş yüz manatadək məbləğdə, hüquqi şəxslər üç min manatdan beş min manatadək məbləğdə cərimə edilir. Həmin maddənin Qeydinə əsasən bu Məcəllənin 528.1-ci maddəsində nəzərdə tutulmuş inzibati xətanı törətmiş borclu müvafiq icra sənədini həmin inzibati xəta haqqında iş üzrə məhkəmə qərar qəbul edənədək icra etdikdə inzibati məsuliyyətdən azad olunur.https://e-qanun.az/framework/46960 Azərbaycan Respublikası İXM-in 3-cü maddəsinə əsasən, yalnız bu Məcəllə ilə nəzərdə tutulmuş inzibati xətanın törədilməsində təqsirli hesab edilən və inzibati xəta tərkibinin bütün digər əlamətlərini daşıyan əməli (hərəkət və ya hərəkətsizliyi) törətmiş şəxs inzibati məsuliyyətə cəlb olunur. Həmin Məcəllənin 53.1.10-cu maddəsinə əsasən, bu Məcəllənin Xüsusi hissəsinin müvafiq maddələrinin Qeyd hissələrində bilavasitə müəyyən edilmiş hallarda inzibati xətanı törətmiş şəxs vurulmuş ziyanı tamamilə ödədikdə və zərərçəkmiş şəxslə barışdıqda inzibati xətalar haqqında işlər üzrə icraat başlanıla bilməz, başlanmış icraata isə xitam verilir. Həmin Məcəllənin 105.1-ci maddəsinə əsasən bu Məcəllənin 53-cü maddəsində nəzərdə tutulmuş hallardan hər hansı biri olduqda, icraatında inzibati xəta haqqında iş olan hakim və ya səlahiyyətli orqan (vəzifəli şəxs) inzibati xəta haqqında işin icraatına xitam verilməsi haqqında qərar qəbul edir. Həmin Məcəllənin 109.2-ci maddəsinə əsasən, bu Məcəllənin 53 və 104.1-ci maddələrində nəzərdə tutulmuş hallar olduqda inzibati xəta haqqında iş üzrə icraata xitam verilməsi və ya inzibati xəta haqqında iş üzrə icraatın dayandırılması barədə qərar qəbul edilir. Məhkəmə həmçinin hesab edir ki, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsə göstərilmiş hüquqi xidmətə görə Vəkil təqdim etdiyi hesabata əsasən onun iş materialları ilə tanış olması və məhkəmədə iştirak etdiyi 03 saata görə 33 (otuz üç) manat məbləğində pul vəsaiti Dövlət büdcəsi hesabından Sumqayıt şəhəri 1 saylı Vəkil Bürosunun hesabına köçürülməlidir. Belə ki, “Müdafiəçilərə (vəkillərə), tərcüməçilərə, mütəxəssislərə və ekspertlərə ödənilməli olan məbləğlərin miqdarı haqqında” Azərbaycan Respublikası Nazirlər Kabinetinin 01 fevral 2001-ci il tarixli 31 saylı qərarının 1-ci bəndinə əsasən Azərbaycan Respublikası CPM-in 193.2, 193.4-cü və 194-cü maddələrində və Azərbaycan Respublikası MPM-in 67-1.1-ci və 67-1.2-ci maddələrində nəzərdə tutulmuş hallarda hüquqi yardımın göstərilməsinə görə müdafiəçiyə (vəkilə) ödənilən haqq hər iş saatı üçün 11 (on bir) manat məbləğində müəyyən edilmişdir. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 43, 48-50, 53, 114-117 və 128-130-cu maddələrini rəhbər tutaraq, məhkəmə QƏRARA ALDİ: Şəxs barəsində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 528.1-ci maddəsi ilə başlanmış inzibati xəta haqqında iş üzrə icraata xitam verilsin. Barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsə göstərilmiş hüquqi xidmətə görə Vəkil məhkəmədə iştirak etdiyi və işlə tanış olduğu 03 saata görə 33 (otuz üç) manat Azərbaycan Respublikası Dövlət büdcəsi hesabından Sumqayıt şəhəri 1 saylı Vəkil Bürosunun hesabına köçürülsün. Qərarın surəti tərəfə təqdim edildiyi və ya alındığı gündən 10 gün müddətində Sumqayıt Şəhər Məhkəməsi vasitəsi ilə və ya birbaşa Sumqayıt Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Hakim: Samir İsmayılov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar