Azərbaycan Respublikası adından QƏRAR Sumqayıt şəhəri İş № 3(060)-3490/2025 19.01.2026 SUMQAYIT ŞƏHƏR MƏHKƏMƏSİ Hakim Nəsimiyev Fərid Aydın oğlunun, Aslanova İradə Allahverdi qızının katibliyi, Qərardan şikayət verən şəxs X1 iştirakı ilə , FHN-nin Sumqayıt Regional Dövlət Yanğın Nəzarəti Xidmətinin xx.xx.2025-ci il tarixli, MN ******* saylı qərarından X2 tərəfindən verilmiş şikayətə açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: FHN-nin Sumqayıt Regional Dövlət Yanğın Nəzarəti Xidmətinin xx.xx.2025-ci il tarixli, MN serıyalı ******* saylı qərarı ilə X2 Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin (bundan sonra İXM-nin) 518.1-ci maddəsində nəzərdə tutulmuş inzibati xətanı törətdiyinə görə 30 gün müddət təyin edilməklə şərti olaraq 150 manat məbləğində cərimə edilmişdir. Qeyd edilən qərardan narazı qalan X2 şikayətlə məhkəməyə müraciət edərək tərtib olunan inzibati tənbeh vermə haqqında MN seriyalı ******* saylı, xx.xx.2025-cü il tarixli qərarın ləğv edilməsini xahiş etmişdir. X2 şikayətini onunla əsaslandırmışdır ki, FHN-nin Sumqayıt Regional Dövlət Yanğın Nəzarəti Xidmətinin barəsində Azərbaycan Respublikası İXM-nin 518.1-ci maddəsi ilə tərtib edilmiş inzibati xəta haqqında və onun əsasında tətbiq olunmuş inzibati cərimə ilə razı deyil. xx.xx.2025-ci il tarixdə keçirilmiş yoxlama zamanı təhlükəsizliyi qaydalarının pozulması iddia edilərək barəsində 150 manat məbləğində cərimə tətbiq edilmişdir. Lakin bildirir ki, xx.xx.2025-ci il tarixdə qonşusu Rüxsarə xanım bələdiyyə sənədi ilə mülkiyyətində olan Sumqayıt şəhər 18-ci mkr, 35 №-li məktəbin qarşısında olan Məktəbli dükanına FHN-nin əməkdaşlarının gəldiyini bildirdi. Qonşusu Rüxsarə xanım yaşlı olmasını və anlayışının olmamasını əsas gətirərək ondan məktəbli mağazasına yaxınlaşmağını və FHN-nin əməkdaşların hansı səbəbdən gəlməyini soruşub ona bildirməyimi xahiş elədi. O adı gedən məkana yaxınlaşdığı zaman adını bilmədiyi FHN-nin əməkdaşına mövcud vəziyyəti izah etdi, o da cavab olaraq ona prosedur qaydası olduğunu və obyekt sahibinin adından protokola imza etməyini bildirdi. Əlavə olaraq FHNnin əməkdaşı “onsuzda ilk dəfə protokol tərtib olunanda fiziki şəxslərə xəbərdarlıq elan edilir” məlumatını obyekt sahibinə çatdırmağını söylədi. Sonradan ona məlum oldu ki, keçirilmiş yoxlama zamanı təhlükəsizliyi qaydalarının pozulması ilə bağlı barəsində inzibati cərimə tətbiq olunub. Halbuki o nə qeyd olunan obyektin sahibi, nə icarədar, nə də hər hansı bir bir kommersiya və ya qeyri-kommersiya təşkilatının rəhbəridir. Hətta həmin mağazada işləyən satıcıda bu faktı təsdiq edə bilər. Azərbaycan Respublikası İXM-nə əsasən, inzibati məsuliyyət üçün şəxsin təqsiri və səlahiyyəti sübuta yetrilməlidir. İXM-nin 53.2-ci maddəsinə əsasən hər hansı şəxs barəsində başlanılmış inzibati xətalar haqqında işlər üzrə icraata, həmçinin onun inzibati xəta törədilməsinə aidiyyəti olmadıqda və ya təqsirliliyi sübuta yetirilmədikdə, o cümlədən təqsirliliyin sübuta yetirilməsində qanuna zidd olaraq əldə edilmiş sübutlardan istifadə edildikdə xitam verilir. Yuxarıda göstərilənləri nəzərə alaraq əsasən FHN-nin Sumqayıt Regional Dövlət Yanğın Nəzarəti Xidmətinin barəsində Azərbaycan Respublikası İXM-nin 518.1-ci maddəsi ilə tərtib edilmiş İnzibati xətta haqqında MN ******* saylı qəbul edilmiş qərarın ləğv edilməsini xahiş edir. Məhkəmə iclasında qərardan şikayət vermiş şəxs X2 şikayəti müdafiə edərək bildirmişdir ki, yaşadığı məhəllədə qonşu qadına məxsus məktəbli mağazasına FHN işçiləri gəldiyi üçün sonuncu ondan nə üçün gəldiklərini öyrənməyi xahiş edib. O, özünü FHN işçilərinə təqdim edib və ona bildirilib ki, bu mağaza nümunəvidir, heç vaxt cərimə olunmayıb. Lakin prosedur qayda olduğundan boş protokola imza etməsi xahiş edilib. O da öz növbəsində protokola imza edib, bundan sonra cərimə olduğunu bilmişdir. Əlavə olaraq verilmiş suallara cavab olaraq bildirmişdir ki, sahibkarlıq fəaliyyəti ilə məşğul deyil. Nə həmin ərazinin sahə rəisini, nə də mağazanın satıcısını tanıyır. Həmçinin, onun adı protokolda vəzifəli şəxs kimi qeyd olunub. Məhkəmədən barəsində Azərbaycan Respublikası İXM-nin 518.1-ci maddəsi ilə tərtib edilmiş İnzibati xətta haqqında MN ******* saylı qəbul edilmiş qərarın qanunsuz və əsassız olmağını nəzərə alaraq ləğv edilməsini xahiş edir. Məhkəmə iclasının yeri və vaxtı barədə lazımı qaydada məlumatlandırılmasına baxmayaraq FHN-nin Sumqayıt Regional Dövlət Yanğın Nəzarəti Xidmətinin nümayəndəsi məhkəmə iclaslarına gəlməmiş, məhkəmə onun iştirakı olmadan işə baxılmasını mümkün hesab etmişdir. İş materiallarında olan FHN-nin Sumqayıt Regional Dövlət Yanğın Nəzarəti Xidmətinin xx.xx.2025-ci il tarixli, MN seriyalı ******* saylı qərarından görünür ki, X2 Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin (bundan sonra İXM-nin) 518.1-ci maddəsində nəzərdə tutulmuş inzibati xətanı törətdiyinə görə 30 gün müddət təyin edilməklə şərti olaraq 150 manat məbləğində cərimə edilmişdir. Məhkəmə şikayətin dəlillərini nəzərdən keçirib hesab edir ki, şikayət qismən təmin edilməli, FHN-nin Sumqayıt Regional Dövlət Yanğın Nəzarəti Xidməti tərəfindən tərtib olunmuş MN seriyalı ******* saylı, xx.xx.2025-ci il tarixli qərar ləğv edilməli, inzibati xəta haqqında iş yenidən araşdırılması üçün FHN-nin Sumqayıt Regional Dövlət Yanğın Nəzarəti Xidmətinə göndərilməlidir. Müəyyən edilmişdir ki, inzibati tənbeh vermə haqqında qərar ilə E.Məcidov barəsində İXM-in 518.1-ci maddəsinin vəzifəli şəxslər üçün tətbiq edilməsi nəzərdə tutulan 150 manat məbləğində cərimə şərti olaraq tətbiq edilmişdir. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 133.2.8-ci maddəsinə əsasən inzibati xəta haqqında iş üzrə qərardan verilən şikayətə və ya protestə baxılarkən qəbul edilmiş qərarın qanuniliyi və əsaslılığı iş üzrə olan və əlavə təqdim edilmiş materiallar əsasında yoxlanılır. Məhkəmə tərəfindən X1 şikayəti üzrə məhkəmə iclasının vaxtı və yeri barədə lazımı qaydada məlumatlandırılmasına baxmayaraq FHN-nin Sumqayıt Regional Dövlət Yanğın Nəzarəti Xidmətinin nümayəndəsi məhkəmə iclaslarında iştirak etməmiş, hər hansı sübut təqdim etməmiş, bununla da, inzibati xəta hadisəsinin törədilib-törədilməməsi, həmçinin E.Məcidovun həmin mağazanın sahibi olmasının araşdırılması mümkünsüz olmuşdur. Qeyd olunan xüsusatlar məhkəmə tərəfindən iş üzrə mühüm əhəmiyyət kəsb edən faktiki hallar kimi qiymətləndirilir. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 135.1.1-ci və 135.1.6-cı maddələrinə əsasən hakimin, səlahiyyətli orqanın (vəzifəli şəxsin) gəldiyi nəticələr üzrə mühüm əhəmiyyət kəsb edən bütün faktiki halların araşdırılmaması, bu Məcəllə ilə müəyyən edilmiş tələblərin işin hallarının hərtərəfli, tam və obyektiv araşdırılmasına maneə törədəcək dərəcədə pozulması inzibati xəta haqqında iş üzrə qərarın ləğv edilməsi və ya dəyişdirilməsi üçün əsasdır. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 518.1-ci maddəsinə görə mülkiyyət formasından asılı olmayaraq müəssisə, idarə və təşkilatlarda, ictimai yerlərdə, anbarlarda, yataqxanalarda və ya digər yaşayış sahələrində, meşələrdə və nəqliyyatda yanğın təhlükəsizliyi standartlarının, normalarının və qaydalarının tələblərinin pozulmasına və ya yerinə yetirilməməsinə görə -fiziki şəxslərə xəbərdarlıq edilir və ya onlar iyirmi manatdan otuz manatadək məbləğdə cərimə edilir, vəzifəli şəxslərə xəbərdarlıq edilir və ya onlar yüz manatdan yüz əlli manatadək məbləğdə, hüquqi şəxslər üç yüz əlli manatdan beş yüz manatadək məbləğdə cərimə edilir. Həmin Məcəllənin 134.1.4-cü maddəsinə əsasən inzibati xəta haqqında iş üzrə qərardan verilən şikayətə və ya protestə baxılaraq bu Məcəllənin 135.1.1 və 135.1.6-cı maddələri ilə müəyyən edilmiş hallarda qərarın ləğv edilməsi və inzibati xəta haqqında işin yenidən baxılmaq üçün hakimə, səlahiyyətli orqana (vəzifəli şəxsə) göndərilməsi haqqında qəbul edilir. Beləliklə, məhkəmə hesab edir ki, şikayət qismən təmin edilməli, Azərbaycan Respublikası FHN-nin Sumqayıt Regional Dövlət Yanğın Nəzarəti Xidmətinin xx.xx.2025-ci il tarixli, MN seriyalı ******* saylı qərarı ləğv edilərək FHN-nin Sumqayıt Regional Dövlət Yanğın Nəzarəti Xidmətinə qaytarılmalıdır. Yuxarıdakılara əsasən və Azərbaycan Respublikası İXM-nin 115, 134.1.4, 124.2, 124.3 və 135-ci maddələrinin tələblərini rəhbər tutaraq, məhkəm qərara aldı: Şikayət qismən təmin edilsin. X1 tənbeh edilməsinə dair FHN-nin Sumqayıt Regional Dövlət Yanğın Nəzarəti Xidmətinin xx.xx.2025-ci il tarixli, MN seriyalı ******* saylı qərarı ləğv edilsin və inzibati xəta haqqında iş yenidən baxılmaq üçün FHN-nin Sumqayıt Regional Dövlət Yanğın Nəzarəti Xidmətinə göndərilsin. Qərarın surəti təqdim edildiyi və ya alındığı gündən 20 gün müddətində Sumqayıt Şəhər Məhkəməsi vasitəsi ilə və ya birbaşa Sumqayıt Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Hakim Fərid Nəsimiyev
Məhkəmə qərarları › İş №3(060)-3490/2025
Sumqayıt Şəhər Məhkəməsi Qərar — İş №3(060)-3490/2025
19.01.2026 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver