Məhkəmə qərarları › İş №3(060)-3509/2025

Sumqayıt Şəhər Məhkəməsi Qərar — İş №3(060)-3509/2025

15.01.2026 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Sumqayıt şəhəri İş № 3(060)-3509/2025 15.01.2026 SUMQAYIT ŞƏHƏR MƏHKƏMƏSİ Hakim Nəsimiyev Fərid Aydın oğlunun sədrliyi, Aslanova İradə Allahverdi qızının katibliyi, Sumqayıt şəhər DYPŞ Yol patrul xidməti inspektoru X1, Barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs iştirakı ilə, xx.xx.1980-ci ildə Sumqayıt şəhərində anadan olmuş, Azərbaycan Respublikasının vətəndaşı, evli, ali təhsilli, icraçı-direktor işləyən, ünvan 1 ünvanda yaşayan FİN: (xxxxxxx) Şəxs barəsində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 333.1-ci maddəsi ilə tərtib edilmiş inzibati xəta haqqında protokola və ona əlavə edilmiş materiallara açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: Şəxs barəsində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 333.1-ci maddəsi ilə inzibati xəta haqqında 14 dekabr 2025-ci il tarixli İXP ******* nömrəli inzibati xəta haqqında protokol tərtib olunaraq baxılması üçün məhkəməyə göndərilmişdir. Məhkəmə iclasında iştirak edən protokolu tərtib etmiş Sumqayıt şəhər DYPŞ Yol patrul xidməti inspektoru X3 bildirmişdir ki, göstərilən vaxtda Səməd marketin yanında sürücü işıqforun qadağanedici işığında köməkçi yola daxil olduğu üçün saxlanılmış, saxlanılarkən ondan kəskin spirt qoxusu gəldiyi üçün aparatla yoxlamağa narazılıq etmiş, lakin sonra aparatla yoxlanılmışdır. Sürücü aparatın nəticəsi ilə tanış olmuş, narazılıq etdiyi üçün komandirini oraya çağırmış və müayinə olmaq üçün həkim müayinəsinə getmişlər. Sürücünün həkim komissiyasına da narazılıq etdiyi bildirilmişdir. Orada da spirtli içki qəbul etdiyi aşkarlanmışdır. Daha sonra sürücünün avtomobili duracağa təmin edilmişdir. Əlavə olaraq verilmiş suallara cavab olaraq bildirmişdir ki, YPX avtopatrulunda olan alkotesterdə sərxoşluq dərəcəsinin az müəyyən olunması mümkündür. Ola bilsin ki, cihaz sıfırlanmayıb. Lakin həkim müayinəsində də şəxsin alkoqol sərxoşluğu müəyyən edilmişdir. Protokolu müdafiə edir. Məhkəmə iclasında iştirak edən barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs izahatında göstərmişdir ki, 14 dekabr 2025-ci il tarixində axşam saat 10-11 radələrində övladı ilə birlikdə Sumqayıt şəhəri 12 və 11-ci mikrorayonların kəsişməsində 12-ci mikrorayon istiqamətində avtomobili ilə hərəkət edirdi. Bundan sonra yardımçı yolda avtomobilini saxladı. Bu vaxt aralığında YPX avtomobili ona yaxınlaşdı işıqforun qırmızı işığında keçdiyini bildirdi. O, isə qırmızı işıqda keçmədiyini, işıqforun qırmızı işığının yanmağını 3-4 saniyə qalmış keçdiyini bildirmişdir. Buna görə Yol polisi əməkdaşından videogörüntüyə baxmasını tələb etmiş, lakin sonuncu hər hansı görüntü təqdim etməmişdir. Bundan başqa yol polisi əməkdaşı onunla çox kobud danışmış, sonra o, DİN-in 102 xidmətinə zəng etmişdir. Daha sonra yol polisi əməkdaşı onu alkotesterlə yoxlamış, onda 325 faiz spirt qəbulu müəyyən olunmuş, lakin həmin gün spirtli içki qəbul etməmişdir. Bundan sonra oraya yol polisi əməkdaşı 160 nömrəli ypx avtomobili ilə gələn komandirini çağırmış, daha sonra həkim müayinəsinə getmişlər və onda 0.560 faiz spirtli qəbulu müəyyən olunmuşdur. Qeyd edir ki, aparatlar arasında fərq olduğu üçün onun istifadəyə yararlı olub-olmadığını təsdiq edən sənəd tələb etmiş, lakin sənədin mühasibdə olduğunu bildirmişlər. Bir daha qeyd edir ki, hadisə vaxtı içkili olmamışdır. Əlavə olaraq verilmiş suallara cavab olaraq bildirir ki, hadisə axşam 10-11 radələrində baş verib. Məhkəmədən ədalətli qərar qəbul edilməsini xahiş edir. Məhkəmə iclasında şahid qismində iştirak edən X2 bildirmişdir ki, 12-ci mikrorayonda atasını yol polisi əməkdaşları saxlamış və işıqforun sarı işığında keçdiyini bildirmişlər. Bundan sonra atası videogörüntü tələb etmiş, lakin görüntünün İdarədə olduğu bildirilmişdir. Daha sonra yol polisi əməkdaşı spirtli içki qəbulu üçün aparatla yoxlanılmış, atası həmin aparatın istifadəyı yararlı olub-olmaması barədə sertifikat tələb etsə də, verilməmişdir. Yol polisi əməkdaşının cihazından təxmini 0.300 faiz qədər spirtli içki qəbulu müəyyən olunmuşdur. Bundan sonra oraya başqa yol polisi əməkdaşı gəlmiş, narkoloji dispanserə yoxlanış üçün getmişlər. Orada da atası həmin aparatın istifadəyı yararlı olubolmaması barədə sertifikat tələb etsə də, verilməmişdir. Həmin aparatın nəticəsində isə 0.500 faiz qədər spirtli içki qəbulu müəyyən olunmuşdur. Bundan sonra atasının avtomobili duracağa təqdim edilmişdir. Əlavə olaraq verilmiş suallara cavab olaraq bildirmişdir ki, atası spirtli içki qəbul etməyib. İş materiallarında olan 14 dekabr 2025-ci il tarixli İXP ******* nömrəli inzibati xəta haqqında protokoldan görünür ki, Şəxs xx.xx.2025-ci ildə saat 23:28-də “BMW X-5 MİNİK” markalı **-DB-*** dövlət qeydiyyat nişanlı avtomobili idarə edərkən yol hərəkət qaydalarını pozduğu üçün saxlanılmış, daha sonra isə müayinə zamanı onun sərxoş olması müəyyən edilmişdir. İş materiallarında olan xx.xx.2025-ci il tarixli 8107 nömrəli sərxoşluq vəziyyətinin tibbi müayinəsi haqqında aktdan görünür ki, sürücüdə alkoqol sərxoşluq vəziyyəti vardır. İş materiallarında olan Alcovisor Jupiter X-in xx.xx.2025-ci il tarixli nəticəsindən görünür ki, sürücüdə 0.560 faiz alkoqol tərkibi müəyyən olunmuşdur. İş materiallarında olan Şəxs xx.xx.2025-ci il tarixli izahatından görünür ki, xx.xx.2025ci il tarixində **-DB-*** dövlət qeydiyyat nişanlı avtomobilini Koroğlu və Ü.Hacıbəyov küçəsinin kəsişməsində idarə edərkən yol polisi tərəfindən saxlanıldı. Yoxlama zamanı inspektor ondan şübhələndiyi üçün öncə özü alkotesterlə yoxlayıb 3,025 promil spirt qəbulu aşkarlandı. Daha sonra onu həkim müayinəsinə dəvət etdilər. Orada isə 5.60 promil olduğu iddia olundu. O, cihazın istifadəyə yararlı olub-olmadığı haqqında sənəd tələb etdi, lakin təqdim olunmadı. Əvəzində sənəd mühasibdə olur bildirildi. YPX inspektoru övladının yanında onunla kobud danışdı. İş materiallarında olan xx.xx.2025-ci il tarixli “Avtonəqliyyat vasitəsinin saxlanca qəbul edilməsi barədə” aktdan görünür ki, ““BMW X-5 MİNİK” minik markalı, **-DB-*** dövlət qeydiyyat nişanlı avtomobil duracağa qəbul edilmişdir. Məhkəmə hesab edir ki, Şəxs Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 333.1-ci maddəsində nəzərdə tutulan əməli törətməsi inzibati xəta haqqında protokol, həkim müayinəsi zamanı yoxlanılan alkotesterin nəticəsi, bu barədə tərtib olunmuş akt və digər iş materialları ilə tam sübuta yetirilir. Barəsində icraat aparılan şəxsin YPX-nin alkotestrində 0,300 faiz, həkim müayinəsi zamanı isə daha artıq alkoqol sərxoşluğunun müəyyən olunmasına münasibətdə məhkəmə qeyd edir ki, ziddiyyət təqsirlilik barədə hər hansı şübhə yaratmır. Belə ki, Şəxs YPX-nin tətbiq etdiyi xüsusi texniki vasitənin göstəricisinə etiraz etdiyi üçün YPX əməkdaşı haqlı olaraq sürücünü həkim müayinəsindən keçirmişdir. Hazırkı inzibati xəta haqqında protokol üzrə həkim müayinəsinin nəticəsi əsas götürülərək şəxs inzibati məsuliyyətə cəlb edilməlidir. Bundan başqa Şəxs barəsində tərtib edilmiş inzibati xəta haqqında protokolda Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 333.1-ci maddəsi ilə birgə həmin Məcəllənin 327.2-ci maddəsi də qeyd edilmişdir. Lakin, Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 327.2-ci maddəsi ilə olan inzibati xəta haqqında işlərə baxılması məhkəmənin səlahiyyətinə aid edilməmişdir, ona görə də məhkəmə indiki iş üzrə yalnız Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 333.1-ci maddəsi ilə nəzərdə tutulmuş inzibati xəta haqqında işə baxmalıdır. Belə ki, “Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin təsdiq edilməsi haqqında” Azərbaycan Respublikasının 2015-ci il 29 dekabr tarixli 96-VQ nömrəli Qanununun tətbiqi barədə Azərbaycan Respublikası Prezidentinin 15 fevral 2016-cı il tarixli 795 nömrəli Fərmanına əsasən həmin Məcəllənin 327.2-ci maddəsində nəzərdə tutulmuş inzibati xətalar haqqında işlərə Azərbaycan Respublikasının Daxili İşlər Nazirliyi baxır. Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 3-cü maddəsinə əsasən, yalnız bu Məcəllə ilə nəzərdə tutulmuş inzibati xətanın törədilməsində təqsirli hesab edilən və inzibati xəta tərkibinin bütün digər əlamətlərini daşıyan əməli (hərəkət və ya hərəkətsizliyi) törətmiş şəxs inzibati məsuliyyətə cəlb olunur. Həmin Məcəllənin 76.1-ci maddəsinə əsasən inzibati xətanın olub-olmamasını, inzibati xəta törədən şəxsin təqsirini və işin düzgün həlli üçün əhəmiyyətli olan digər halları müəyyən etmək üçün hakimin, səlahiyyətli orqanın (vəzifəli şəxsin) əsaslana bildiyi hər cür faktik məlumatlar inzibati xətalar haqqında işlər üzrə sübutlar sayılır. Bu məlumatlar maddi sübutlarla, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsin, zərər çəkmiş şəxsin, şahidlərin izahatları ilə, digər sənədlərlə, xüsusi texniki vasitələrin göstəriciləri ilə, ekspertin rəyi ilə, inzibati xəta haqqında protokolla, bu Məcəllə ilə müəyyən edilmiş digər protokollarla müəyyən edilir. Həmin Məcəllənin 84.1-ci maddəsinə əsasən inzibati xətalar haqqında işlərə baxan hakim, səlahiyyətli orqan (vəzifəli şəxs) işin bütün hallarının məcmusunun hərtərəfli, tam və obyektiv surətdə baxılmasına əsaslanan öz daxili inamı ilə sübutları qiymətləndirir. Həmin Məcəllənin 333.1-ci maddəsinə əsasən nəqliyyat vasitəsini idarə etmək hüququ olan şəxs tərəfindən nəqliyyat vasitəsinin alkoqoldan istifadə olunması nəticəsində sərxoş vəziyyətdə idarə edilməsinə görə - dörd yüz manat məbləğində cərimə edilir və ya nəqliyyat vasitəsini idarə etmək hüququ altı aydan bir ilədək müddətə məhdudlaşdırılır. Məhkəmə inzibati tənbeh tətbiq edərkən Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin aşağıdakı prinsip və müddəalarını nəzərə alır. Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 9.1-ci maddəsinin tələbinə görə, inzibati xəta törətmiş şəxs haqqında tətbiq edilən tənbeh ədalətli olmalıdır, yəni inzibati xətaların xarakterinə, onun törədilməsi hallarına və inzibati xətanı törətməkdə təqsirli bilinənin şəxsiyyətinə uyğun olmalıdır. Həmin Məcəllənin 22-ci maddəsinə əsasən inzibati tənbeh məsuliyyət tədbiridir və inzibati xəta törədən şəxsi qanunlara əməl edilməsi ruhunda tərbiyələndirmək, habelə həm inzibati xəta törətmiş şəxs, həm də başqa şəxslər tərəfindən yeni inzibati xəta törədilməsinin qarşısını almaq məqsədi daşıyır. Həmin Məcəllənin 31.2-ci maddəsinə əsasən fiziki və ya vəzifəli şəxslər barəsində inzibati tənbeh tətbiq edilərkən, xətanın xarakteri, inzibati xəta törədən şəxsin şəxsiyyətini xarakretizə edən hallar, onun təqsirinin dərəcəsi, əmlak vəziyyəti, habelə məsuliyyəti yüngülləşdirən və ağırlaşdıran hallar nəzərə alınır. Həmin Məcəllənin 96.3-cü maddəsinə əsasən nəqliyyat vasitəsini idarə etməkdən kənarlaşdırma barədə və sərxoşluq vəziyyətini müəyyən etmək üçün xüsusi texniki vasitələrdən istifadə etmək və ya tibbi müayinəyə göndərmək barədə protokol tərtib olunur və həmin sənədin surəti barəsində belə tədbir tətbiq edilən şəxsə verilir. Barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 32-ci maddəsinə və 33-cü maddəsinə əsasən Şəxs əməlində məsuliyyəti yüngülləşdirən və ağırlaşdıran hallar müəyyən edilməmişdir. Məhkəmə inzibati tənbeh tətbiq edərkən məhkəmə xətanın xarakterini, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsin şəxsiyyətini, təqsirinin dərəcəsini nəzərə alır və hesab edir ki, onun barəsində Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 333.1-ci maddəsinin sanksiyasında nəzrədə tutulmuş nəqliyyat vasitələrini idarə etmə hüququnun məhdudlaşdırılması növündə inzibati tənbeh tədbirinin tətbiq edilməsi məqsədə müvafiqdir. Yuxarıdakılara əsasən və Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 40, 43, 114-115, 128-130-cu maddələrini rəhbər tutaraq, məhkəmə QƏRARA ALDİ: Şəxs Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 333.1-ci maddəsində nəzərdə tutulmuş xətanı törətməkdə təqsirli bilinərək onun nəqliyyat vasitələrini idarə etmə hüququ 06 (altı) ay müddətə məhdudlaşdırılsın. Qərarın surəti təqdim edildiyi və ya alındığı gündən 20 (iyirmi) gün müddətində Sumqayıt Şəhər Məhkəməsi vasitəsi ilə və ya birbaşa Sumqayıt Apellyasiya Məhkəməsinə şikayət verilə bilər. Hakim: Fərid Nəsimiyev

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar