Məhkəmə qərarları › İş №3(060)-351/2024

Sumqayıt Şəhər Məhkəməsi Qərar — İş №3(060)-351/2024

05.02.2024 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Sumqayıt şəhəri İş № 3(060)-351/2024 05.02.2024 SUMQAYIT ŞƏHƏR MƏHKƏMƏSİ Hakim İsmayılov Samir Bəyistan oğlunun sədrliyi, İsgəndərov Aslan Haqverdi oğlunun katibliyi, Sumqayıt şəhəri üzrə İcra İdarəsinin icra məmuru X1, zərərçəkmiş şəxs Əsədi-X8, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs və onun müdafiəçisi “Şimal” Vəkil Bürosunun vəkili Vəkil iştirakı ilə, xx.xx.1982-ci ildə Sumqayıt şəhərində anadan olmuş, Azərbaycan Respublikasının vətəndaşı, evli, orta təhsilli, fəhlə işləyən, ünvan 1 ünvanında qeydiyyatda olmaqla yaşayan Şəxs barəsində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 528.1-ci maddəsi ilə tərtib edilmiş inzibati xəta haqqında protokola və olan əlavə edilmiş materiallara açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: Sumqayıt şəhəri üzrə İcra idarəsinin icra məmuru X5 tərəfindən Şəxs barəsində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 528.1-ci maddəsi ilə xx.xx.2024-cü il tarixli MN1746424 nömrəli inzibati xəta haqqında protokol tərtib olunaraq baxılması üçün məhkəməyə təqdim edilmişdir. Protokoldan görünür ki, borclu Şəxs Sumqayıt Şəhər Məhkəməsinin xx.xx.2016-cı il tarixli, 2(060)-3520/2016 saylı, xx.xx.2023-cü il tarixli, 2(060)-1772/2023 saylı, xx.xx.2023cü il tarixli, 2(060)-1772/2023 saylı icra sənədləri üzrsüz səbəbdən yerinə yetirilmir. İcra sənədi üzrə borclunun 7.387 manat ödənilməmiş borcu mövcuddur. Nəticədə Şəxs tərəfindən Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 528.1-ci maddəsində nəzərdə tutulmuş inzibati xəta törədilmişdir. Məhkəmə iclasında iştirak edən Sumqayıt şəhəri üzrə İcra idarəsinin icra məmuru X5 bildirmişdir ki, Sumqayıt Şəhər Məhkəməsinin xx.xx.2016-cı il tarixli, 2(060)-3520/2016 saylı icra sənədinə əsasən borclu Şəxs xx.xx.2016-cı il tarixdən başlayaraq xx.xx.2021-ci il təvəllüdlü X2 yetkinlik yaşına çatana qədər saxlanması üçün hər ay 180 manat sabit pul məbləğində aliment tutularaq tələbkar X6 ödənilməlidir. Daha sonra Sumqayıt Şəhər Məhkəməsinin xx.xx.2023-cü il tarixli, 2(060)-1772/2023 saylı icra sənədinə əsasən borclu Şəxs xx.xx.2023-cü il tarixindən başlayaraq xx.xx.2021-ci il təvəllüdlü X2 yetkinlik yaşına çatana qədər saxlanması üçün hər ay 180 manat sabit pul məbləğində aliment tutularaq tələbkar Əsədi-X9 ödənilməlidir. Sumqayıt Şəhər Məhkəməsinin xx.xx.2023-cü il tarixli, 2(060)-1772/2023 icra sənədinə əsasən borclu Şəxs xx.xx.2010-cu il təvəllüdlü X3 yetkinlik yaşına çatana qədər saxlanması üçün hər ay 180 manat sabit pul məbləğində aliment və 49.16 manat dövlət rüsumu tutularaq tələbkar Əsədi-X9 ödənilməlidir. İcra sənədləri Sumqayıt İcra İdarəsinin xx.xx.2024-cü il tarixli qərarı ilə ümumi icraatda birləşdirilmişdir. İcra sənədləri üzrə borclunun 7.387 manat ödənilməmiş borcu mövcuddur. Şəxs ödənişləri etməmiş, nəticədə borc yaranmışdır. Göstərilənləri nəzərə alaraq qanunamüvafiq qaydada qərar qəbul edilməsini xahiş etmişdir. Bundan əlavə icra məmuru məhkəmə iclasında ona verilmiş suallara cavab olaraq bildirmişdir ki, borclu ilə əlaqə saxlamaq mümkün olmamış, o, borclunun qeydiyyatda olduğu ünvanda yaşamaması barədə arayış almışdır. Buna görə də borclu barəsində axtarış elan olunmuşdur. Bugün borclu polis əməkdaşları tərəfindən tutularaq icra idarəsinə gətirilmişdir. Borclunun adına hər hansı əmlak aşkar edilməmişdir. Sumqayıt Şəhər Məhkəməsinin xx.xx.2023-cü il tarixli, 2(060)-1772/2023 icra sənədində tələbkarın adı nəticə hissəsində “X10 qızı” əvəzinə “X7” qeyd olunmuşdur. xx.xx.2022-ci il tarixdə borclu barəsində inzibati həbs növündə tənbeh tədbiri tətbiq edilmişdir. Borclu sonuncu dəfə xx.xx.2022-ci il tarixdə 500 manat ödəniş etmişdir. Tələbkarla borclu arasında ödəniş olunması ilə bağlı razılıq əldə olunmuş, lakin borclu vədini yerinə yetirməyərək ödəniş etməmişdir. Borclunun adına əmlak əldə edilməmiş və onun rəsmi gəliri yoxdur. Barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs məhkəmə iclasında bildirmişdir ki, onun işi olanda hər ay müəyyən məbləğdə ödəniş etmişdir. Onun hesablamasına əsasən köhnə 3000 borcu yoxdur. İşi olan zaman aliment borcundan ödəniş etmişdir. Göstərilən halların nəzərə alınmasını və barəsində qanunamüvafiq qərar qəbul edilməsini xahiş etmişdir. Bundan əlavə barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs məhkəmə iclasında ona verilmiş suallara cavab olaraq bildirmişdir ki, o, xx.xx.2022-ci ildə 500 manat ödəniş etmişdir. Daha sonra zərərçəkmiş şəxslə hər ay 300 manat ödənilməklə razılıq əldə olunmuşdur. O, 2023-cü ilin iyun, iyul və avqust aylarında ödəniş etmiş, sonra ayağı sındığı və işi olmadığı üçün ödəniş etməmişdir. Ödəniş qəbzləri də var. İcra məmuru onu 1 dəfə icra idarəsinə dəvət etmiş, lakin işi olduğu üçün getməmişdir. Məhkəmə iclasında iştirak edən zərərçəkmiş şəxs X10 qızı bildirmişdir ki, o, borclu ilə hal-hazırda rəsmi nigahdadırlar. 2 ilə yaxın birlikdə yaşamışlar. Birlikdə yaşadıqları müddətdə evə verdiyi pulları icra məmuruna təqdim etmişdir. 2023-cü ilin avqust ayında 200 manat pul ödəyib, onun heç bir xəstəliyi yoxdur. Zərərçəkmiş şəxs ya borcun qismən ödənilməsini, ya da borclunun həbs olunmasını xahiş etmişdir. Məhkəmə iclasında müdafiəçi “Şimal” Vəkil Bürosunun vəkili Vəkil bildirmişdir ki, hüquqlarını müdafiə etdiyi şəxs icra sənədininin icrasında qərəzli yayınmır, maddi vəziyyəti imkan vermədiyi üçün ödənişlər edə bilmir. Ona görə də iş üzrə qanunamüvafiq qərar qəbul edilməsini xahiş etmişdir. Məhkəmə proses iştirakçılarını dinləyərək və iş materiallarını araşdıraraq hesab edir ki, Şəxs Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 528.1-ci maddəsi ilə nəzərdə tutulan inzibati xətanı törətməsi tam sübuta yetirilir. Belə ki, iş materiallarında olan Sumqayıt Şəhər Məhkəməsinin xx.xx.2016-cı il tarixli, 2(060)-3520/2016 saylı icra sənədinə əsasən borclu Şəxs xx.xx.2016-cı il tarixdən başlayaraq xx.xx.2021-ci il təvəllüdlü X4 yetkinlik yaşına çatana qədər saxlanması üçün hər ay 180 manat sabit pul məbləğində aliment tutularaq tələbkar X6 ödənilməlidir.Daha sonra Sumqayıt Şəhər Məhkəməsinin xx.xx.2023-cü il tarixli, 2(060)-1772/2023 saylı icra sənədinə əsasən borclu Şəxs xx.xx.2023-cü il tarixindən başlayaraq xx.xx.2021-ci il təvəllüdlü X2 yetkinlik yaşına çatana qədər saxlanması üçün hər ay 180 manat sabit pul məbləğində aliment tutularaq tələbkar X6 ödənilməlidir. Sumqayıt Şəhər Məhkəməsinin xx.xx.2023-cü il tarixli, 2(060)-1772/2023 icra sənədinə əsasən borclu Şəxs xx.xx.2010-cu il təvəllüdlü X3 yetkinlik yaşına çatana qədər saxlanması üçün hər ay 180 manat sabit pul məbləğində aliment və 49.16 manat dövlət rüsumu tutularaq tələbkar Əsədi-X9 ödənilməlidir. İş materiallarında olan xx.xx.2023-cü il tarixli borclunun axtarışı haqqında qərardan görünür ki, Şəxs barəsində axtarışı elan edilmişdir. Beləliklə məhkəmə iclasında müəyyən edilmişdir ki, Şəxs icra sənəsi üzrə ödənişləri etməmiş, həmçinin icra məmurunun çağrışları üzrə icra idarəsinə gəlməkdən yayınmış və yalnız axtarış qərarı əsasında onun icra idarəsinə gətirilməsi mümkün olmuşdur. Hazırda onun icra sənədi üzrə indiki məzənnə üzrə 7.187 manat borcu mövcuddur (protokolda 7387 manat qeyd edilsə də, tələbkar 200 manat əlavə ödənişin olmasını məhkəmə iclasında təsdiq etmişdir). Həmçinin icra sənədinin icrası ilə əlaqədar tərəflər arasında hər hansı qaydada razılıq da əldə edilməmiş, zərərçəkmiş şəxs (icra işi üzrə tələbkar) borcun ödənilməsini tələb edir. Məhkəmə işin bütün hallarının məcmusuna hərtərəfli, tam, obyektiv şəkildə baxaraq, iş üzrə sübutları və işin hallarını nəzərə alaraq məhkəmə hesab edir ki, Şəxs məhkəmə qərarının icrası ilə əlaqədar icra məmurunun qanuni tələblərinin yerinə yetirməməsi və icra məmuru tərəfindən müəyyən olunmuş müddətdə icra sənədinin üzrsüz səbəbdən icra etməməsi tam sübuta yetirildi. Onun əməlində Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 528.1-ci maddəsində nəzərdə tutulmuş inzibati xətanın tərkibi vardır. İş üzrə icraata xitam verilməsi və şəxsin inzibati məsuliyyətdən azad edilməsi üçün əsaslar müəyən edilməmişdir. Azərbaycan Respublikasının Konstitusiyasının 129-cu maddəsinə əsasən məhkəmənin qəbul etdiyi qərarlar dövlətin adından çıxarılır və onların icrası məcburidir. Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 15.2-ci maddəsinə əsasən məhkəmələrin qanuni qüvvəyə minmiş qətnaməsi, qərardadı, qərarı, əmri bütün dövlət hakimiyyəti, yerli özünüidarə orqanları, onların vəzifəli şəxsləri, ictimai birliklər, siyasi partiyalar, həmkarlar ittifaqları, onların vəzifəli şəxsləri, həmçinin fiziki və hüquqi şəxslər üçün məcburidir və Azərbaycan Respublikasının bütün ərazisində hökmən icra olunmalıdır. “İcra Haqqında” Azərbaycan Respublikasının Qanununun 3-cü maddəsindən görünür ki, məhkəmə və digər orqanların qərarlarının icrası ilə əlaqədar icra məmurunun tələbləri Azərbaycan Respublikasının ərazisində bütün orqanlar, hüquqi şəxslər, onların vəzifəli şəxsləri və fiziki şəxslər üçün məcburidir. Məhkəmə və digər orqanların qərarlarının icrası ilə əlaqədar icra məmurlarının tələblərini yerinə yetirməyən, onlara həvalə edilmiş vəzifələrin icrasına mane olan şəxslər Azərbaycan Respublikasının qanunvericiliyi ilə nəzərdə tutulmuş qaydada məsuliyyət daşıyırlar. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 528.1-ci maddəsinə əsasən məhkəmə və digər orqanların qərarlarının icrası ilə əlaqədar icra məmurunun qanuni tələblərinin yerinə yetirilməməsinə və ya icra məmuru tərəfindən müəyyən olunmuş müddətdə borclunu müəyyən hərəkətləri etməyə və ya müəyyən hərəkətləri etməkdən çəkinməyə məcbur edən icra sənədinin üzrsüz səbəbdən icra edilməməsinə görə-fiziki şəxslər beş yüz manatdan min manatadək miqdarda cərimə edilir və ya işin hallarına görə, pozuntunu törədənin şəxsiyyəti nəzərə alınmaqla bir ayadək inzibati həbs tətbiq olunur, vəzifəli şəxslər min iki yüz manatdan iki min beş yüz manatadək məbləğdə, hüquqi şəxslər üç min manatdan beş min manatadək məbləğdə cərimə edilir. Həmin Məcəllənin 3-cü maddəsinə əsasən, yalnız bu Məcəllə ilə nəzərdə tutulmuş inzibati xətaların törədilməsində təqsirli hesab edilən və inzibati xəta tərkibinin bütün digər əlamətlərini daşıyan əməli (hərəkət və ya hərəkətsizlik) törətmiş şəxs inzibati məsuliyyətə cəlb olunur və tənbeh edilir. Həmin Məcəllənin 12-ci maddəsinə görə bu Məcəllə ilə qorunan ictimai münasibətlərə qəsd edən, hüquqazidd olan, təqsirli sayılan (qəsdən və ehtiyatsızlıqdan törədilən) və inzibati məsuliyyətə səbəb olan əməl (hərəkət və hərəkətsizlik) inzibati xəta hesab olunur. Bu Məcəllənin Xüsusi hissəsində nəzərdə tutulan əməllərə görə inzibati məsuliyyət o halda yaranır ki, bu əməllər cinayət məsuliyyətinə səbəb olmasın. Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 32 və 33-cü maddələrinə işdə Şəxs məsuliyyətini yüngülləşdirən və ağırlaşdıran hallar müəyyən olunmadı. İnzibati tənbeh tətbiq edərkən məhkəmə xətanın xarakterini, Şəxs şəxsiyyətini, təqsirinin dərəcəsini, həmçinin daha öncə barəsində tətbiq edilmiş cərimə növündə inzibati tənbehdən nəticə çıxarmamasını nəzərə alır və hesab edir ki, onun barəsində Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 528.1-ci maddəsinin sanksiyası həddində inzibati həbs növündə inzibati tənbeh tətbiq edilməli, inzibati həbsin əvvəli 05 fevral 2024cü il tarixdən, saat 17:25-dən hesablanmalıdır. Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 22-ci maddəsinə əsasən inzibati tənbeh məsuliyyət tədbiridir və inzibati xəta törədən şəxsi qanunlara əməl edilməsi ruhunda tərbiyələndirmək, habelə həm inzibati xəta törətmiş şəxs, həm də başqa şəxslər tərəfindən yeni inzibati xəta törədilməsinin qarşısını almaq məqsədi daşıyır. Məhkəmə həmçinin hesab edir ki, Vəkil tərəfindən göstərilmiş hüquqi yardıma görə vəkilin təqdim etdiyi hesabata əsasən məhkəmə iclaslarında iştirak etməyə və barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsə hüquqi yardım göstərilməsinə cəmi 03 (üç) saat vaxt sərf etmişdir. “Müdafiəçilərə, tərcüməçilərə, mütəxəssislərə və ekspertlərə ödənilməli olan məbləğlərin miqdarı haqqında” Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2001-ci il 1 fevral tarixli 31 nömrəli qərarının 1-ci, 4-cü və 5-ci hissələrinə əsasən hüquqi yardım göstərilməsinə görə müdafiəçiyə ödənilən haqq hər iş saatı üçün 6 manat məbləğində müəyyən edilmişdir. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 40, 43, 114-115, 117, 128-130-cu maddələrini rəhbər tutaraq, məhkəmə QƏRARA ALDİ: Şəxs Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 528.1-ci maddəsi ilə nəzərdə tutulmuş inzibati xətanın törədilməsində təqsirli bilinərək 10 (on) gün müddətinə inzibati qaydada həbs edilsin. İnzibati həbsdə saxlama müddətinin əvvəli 05 fevral 2024-cü il tarixdən saat 17:25dən hesablansın. Qərarın icrası Sumqayıt Şəhər Polis İdarəsinə həvalə edilsin. Qərar dərhal icra edilsin. Vəkil tərəfindən göstərilmiş hüquqi yardıma görə cəmi 18 (on səəkiz) manat məbləğində pul vəsaiti dövlət büdcəsinin vəsaiti hesabına “Şimal” Vəkil Bürosunun hesabına köçürülsün. Qərarın surəti təqdim edildiyi və ya alındığı gündən 10 (on) gün müddətində Sumqayıt şəhər Məhkəməsi vasitəsi ilə və ya birbaşa Sumqayıt Apellyasiya Məhkəməsinə şikayət verilə bilər. Hakim: Samir İsmayılov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar