Məhkəmə qərarları › İş №3(060)-3512/2021

Sumqayıt Şəhər Məhkəməsi Qərar — İş №3(060)-3512/2021

28.10.2021 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Sumqayıt şəhəri İş № 3(060)-3512/2021 28.10.2021 SUMQAYIT ŞƏHƏR MƏHKƏMƏSİ Hakim Xəlilov Rövşən Elbrus oğlunun sədrliyi, İslamova Süsənbər Fariz qızının katibliyi, Barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs, Onun müdafiəçisi Sumqayıt Regional Vəkil Bürosunun vəkili X1 iştirakları ilə, xx.xx.1998-ci ildə Sumqayıt şəhərində anadan olmuş, Azərbaycan Respublikasının vətəndaşı, ünvan 1 ünvanında qeydiyyatda olan və yaşayan Şəxs Azərbaycan Respublikası İXM-nin 227-ci maddəsində nəzərdə tutulmuş inzibati xətanı törətməsinə dair Sumqayıt şəhəri Pİ-nin 1-ci PB-dən daxil olmuş inzibati xəta haqqında materiallara açıq məhkəmə iclasında baxaraq, məhkəmə Müəyyən etdi : Şəxs barəsində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 227-ci maddəsi ilə 28.10.2021-ci il tarixli, MN № ******* saylı, 28.10.2021-ci il tarixli, MN № ******* saylı inzibati xəta haqqında protokollar tərtib olunmuşdur ona görə ki, 23.09.2021-ci il tarixdə Sumqayıt şəhəri, 12-ci mikrorayon, ev 2 ünvanının qarşısında dayanan “Mercedes” markalı, **-CU-*** dövlət qeydiyyat nişanlı avtomobilin salonundan maqnitofonu oğurlayaraq X3 300 (üç yüz) manat məbləğində, 07.10.2021-ci il tarixdə ünvan 2 ünvanının qarşısında dayanan “Niva” markalı, **-RV-*** dövlət qeydiyyat nişanlı avtomobilin salonundan maqnitofonu oğurlayaraq X2 100 (yüz) manat məbləğində ziyan vurmuşdur. İnzibati xəta törətmiş Şəxs məhkəmə iclasında özünü tam təqsirli bilərək bildirdi ki, 23.09.2021-ci il tarixdə Sumqayıt şəhəri, 12-ci mikrorayon, ev 2 ünvanının qarşısında dayanan X3 məxsus “Mercedes” markalı, **-CU-*** dövlət qeydiyyat nişanlı avtomobilin, 07.10.2021-ci il tarixdə ünvan 2 ünvanının qarşısında dayanan X2 məxsus “Niva” markalı, **-RV-*** dövlət qeydiyyat nişanlı avtomobilin salonundan maqnitofonu oğurlamışdır. Dəymiş zərərləri ödəməmişdir. O, hal-hazırda törətdiyi əməldən səmimi olaraq peşmandır və bir daha oğurluq edib belə hallara yol verməyəcəkdir. Qeyd edilənləri nəzərə alaraq barəsində yüngül cəza təyin edilməsini məhkəmədən xahiş etdi. İş materiallarında olan 27.10.2021-ci il tarixli “inzibati qaydada tutma haqqında” protokoldan müəyyən olunur ki, Şəxs 27.10.2021-ci il tarixdə saat 16:05-də inzibati qaydada tutulmuş, 28.10.2021-ci il tarixdə saat 10:00-da azad edilmişdir. Məhkəmə iş materiallarını araşdırıb, iş üzrə toplanmış sübutlara hüquqi qiymət verərək hesab edir ki, Şəxs izahatını, vəkilin çıxışını dinləyərək Sumqayıt şəhər Polis İdarəsinin 1-ci Polis Bölməsi tərəfindən tərtib edilmiş inzibati xəta haqqında 28.10.2021-ci il tarixli, MN № ******* saylı, 28.10.2021-ci il tarixli, MN № ******* saylı inzibati xəta haqqında protokollarla və iş materiallarına əlavə edilmiş digər sənədlərlə tam sübuta yetirilir. İnzibati tənbeh tətbiq edərkən məhkəmə xətanın xarakterini, inzibati xəta törədən şəxsin şəxsiyyətini, təqsirinin dərəcəsini, habelə məsuliyyəti yüngülləşdirən və ağırlaşdıran halları nəzərə alır. Məhkəmə barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs səmimi peşmançılığını onun məsuliyyətini yüngülləşdirən hal kimi nəzərə almışdır. İnzibati xəta haqqında işə baxılarkən Şəxs tərəfindən əməlin təkrar törədilməsi məsuliyyəti ağırlaşdıran hal kimi müəyyən olundu. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 227-ci maddəsinə əsasən xırda talama, yəni oğurlama, mənimsəmə, israfçılıq, qulluq mövqeyindən sui-istifadə və ya dələduzluq yolu ilə özgəsinin əmlakını talamağa görə - yüz altmış saatdan iki yüz qırx saatadək ictimai işlər və ya işin hallarına görə, xətanı törədənin şəxsiyyəti nəzərə alınmaqla, bu tədbirlərin tətbiqi kifayət sayılmadıqda isə üç ayadək müddətə inzibati həbs tətbiq edilir. Məhkəmə, göstərilənlərə əsasən hesab edir ki, Şəxs Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 227-ci maddəsinin sanksiyası həddində müəyyən edilmiş həbs növündə inzibati tənbeh tətbiq edilməlidir. Belə ki, Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 21-ci maddəsindən görünür ki, inzibati tənbeh məsuliyyət tədbiridir və inzibati xəta törədən şəxsi qanunlara əməl edilməsi ruhunda tərbiyələndirmək, habelə həm inzibati xəta törətmiş şəxs, həm də başqa şəxslər tərəfindən yeni inzibati xəta törədilməsinin qarşısını almaq məqsədi daşıyır. “Müdafiəçilərə, tərcüməçilərə, mütəxəssislərə və ekspertlərə ödənilməli olan məbləğlərin miqdarı haqqında” Azərbaycan Respublikası Nazirlər Kabinetinin 01 fevral 2001-ci il tarixli 31 saylı qərarına (03.05.2018-ci il tarixli 202 saylı qərarı ilə edilmiş dəyişikliklərlə) müvafiq olaraq Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin 193.2-ci maddələri ndə nəzərdə tutulmuş hallarda hüquqi yardımın göstərilməsinə görə müdafiəçiyə ödənilən haqq hər iş saatı üçün 6 (altı) manat miqdarında müəyyən edilmişdir. Göstərilən hüquqi yardıma görə cəmi 36 manat pul dövlət büdcəsindən tutularaq Sumqayıt Regional Vəkil Bürosunun hesabına köçürülməlidir. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 43, 114, 115 və 130-cu maddələrini rəhbər tutaraq, məhkəmə Qərara aldı : Şəxs Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 227-ci maddəsi ilə təqsirli bilinib 30 (otuz) gün müddətinə inzibati həbs olunsun. Cəzanın əvvəli 27.10.2021-ci il saat 16:05 tarixindən hesablansın. Qərarın icrası Sumqayıt şəhər Polis İdarəsinə həvalə edilsin. Zərərçəkmiş şəxslər X3 və X2 vurulmuş əmlak zərərinin əvəzinin ödənilməsi üçün mülki məhkəmə icraatı qaydasında iddia ərizəsi ilə məhkəməyə müraciət etmək hüquqları izah olunsun. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 227-ci maddəsi ilə təqsirləndirilən Şəxs Sumqayıt Regional Vəkil Bürosunun vəkili X1 göstərdiyi 6 saat hüquqi yardımın ödənilməsi Azərbaycan Respublikası dövlət büdcəsi vəsaiti hesabına həyata keçirilsin. Göstərilən hüquqi yardıma görə cəmi 36 manat dövlət büdcəsindən tutularaq Sumqayıt Regional Vəkil Bürosunun hesabına köçürülsün. Qərarın surəti təqdim edildiyi və ya alındığı gündən 10 gün müddətinə Sumqayıt Şəhər Məhkəməsi vasitəsi ilə Sumqayıt Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti və ya protest verilə bilər. HAKİM RÖVŞƏN XƏLİLOV

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar